29
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Aysel Əsgərova
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Hüquq və insan resursları şöbəsinin böyük
məsləhətçisi, hüquqşünas
FƏRDİ MƏLUMATLARIN MÜHAFİZƏSİ ÜZRƏ
NƏZARƏT QURUMLARI: BEYNƏLXALQ
TƏCRÜBƏ, AZƏRBAYCAN RESPUBLİKASI ÜÇÜN
PERSPEKTİVLƏR
Xülasə
Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasının “Nəzarət qurumları və trans‐sərhəd məlumat axını
haqqında Əlavə Protokol”a qoşulacağı təqdirdə ölkədə fərdi məlumatların mühafizəsi üzrə nəzarət
qurumunun yaradılması perspektivlərini və bu sahədə qabaqcıl beynəlxalq təcrübəni təhlil etməkdən
ibarətdir. Araşdırma nəticəsində icitmaiyyətin etimad göstərəcəyi və fərdi məlumatların effektiv
mühafizəsini həyata keçirərək fərdlərin mühüm konstitusion hüquqlarından birini təmin edə biləcək
nəzarət qurumunun yaradılması ilə bağlı tövsiyələr irəli sürülmüşdür. Əlavə Protokolun digər və daha
geniş tənzimləmə predmeti olan fərdi məlumatların trans‐sərhəd ötürülməsi problemi bu tədqiqat
işində araşdırılmamışdır.
Açar sözlər: fərdi məlumatların mühafizəsi, nəzarət qurumları, “Nəzarət qurumları və trans‐sərhəd
məlumat axını haqqında Əlavə Protokol”.
Giriş
Azərbaycan Respublikası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar
şəxslərin qorunması haqqında” Avropa Şurası (AŞ) Konvensiyasını (bundan sonra Konvensiya)
2010‐cu ildə imzalamış və ratifikasiya etmişdir. Lakin ölkəmiz Konvensiyanın “Nəzarət qurumları
və trans‐sərhəd məlumat axını haqqında Əlavə Protokol”una (bundan sonra “Əlavə Protokol”)
qoşulmamış bir neçə AŞ üzvündən biridir. Əlavə Protokola qoşulmanın zəruriliyi Azərbaycan
Respublikasının Avropa İttifaqına (Aİ) inteqrasiyası, fərdi məlumatların mühafizəsi üzrə milli
qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Azərbaycan Respublikası və Aİ arasında
Assosiasiya Sazişinin razılaşdırılması istiqamətində əsas tələblərdən biri kimi Aİ tərəfindən dəfələrlə
vurğulanmış və ölkəmiz Əlavə Protokola qoşulmağa dəvət olunmuşdur.
Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində vahid müstəqil qurum yoxdur və bu sahədə
fəaliyyətin tənzimlənməsi bir neçə dövlət qurumu tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata
keçirilsə də bu sahədə əlaqələndirmənin aparılması ilə bağlı səlahiyyətlərin olmaması fərdi
məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması hallarına qarşı kompleks mübarizənin
aparılmasında çətinliklər yaratmaqdadır.
Milli sərhədlərdən mübadilə edilən fərdi məlumatların həcminin həmişəkindən daha böyük olduğu
indiki dövrdə insan hüquq və əsas azadlıqlarının, xüsusilə bu cür fərdi məlumat mübadiləsi ilə
əlaqədar şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizəsini effektiv təmin etməyin
zəruriliyi getdikcə artmaqdadır. Azərbaycan Respublikası üçün Avropaya inteqrasiyanın, insan
hüquqları və əsas azadlıqlarının təmin edilməsinin əhəmiyyətli məsələ olduğunu nəzərə alsaq,
30
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
ölkəmizin Əlavə Protokola qoşularaq ondan irəli gələn öhdəlik kimi ölkədə fərdi məlumatların
mühafizəsi üzrə nəzarət qurumunu təsis etməsi, bununla da vətəndaşların vacib konstitusion
hüququnun həyata keçirilməsinə şərait yaratması zəruri və aktual məsələ kimi görünür.
Nəzarət qurumunun yaradılması ilə əlaqədar Əlavə Protokolun tələblərinin təhlili və bu sahədə
Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi gələcəkdə Azərbaycan Respublikasında yaradılacaq
bu cür qurumun fərdi məlumatların mühafizəsi sahəsində daha effektiv fəaliyyət göstərməsinə və
ölkəmizdə insan hüquq və əsas azadlıqlarının müdafiəsinə töhvə verəcəyi gözlənilir. Nəzarət
qurumunun ölkəmizin hüquq sisteminin xüsusiyyətləri, Aİ ölkələrində fəaliyyət göstərən nəzarət
qurumlarının üstünlük və çatışmazlıqları nəzərə alınmaqla formalaşdırılması, yaradılarkən
müstəqilliyini şərtləndirən cəhətlər kimi onun tərkibi, rəhbərinin təyin edilməsi proseduru,
səlahiyyətləri, fəaliyyət üsulları və maliyyə müstəqilliyi barədə düzgün qərarın verilməsi həm də
icitmaiyyət tərəfindən gələcəkdə bu nəzarət qurumuna etimad göstərilməsi üçün vacib amillərdir.
Əlavə Protokolda nəzarət qurumları ilə əlaqədar tələblər
Əlavə Protokol 8 noyabr 2001‐ci ildə Strasburqda AŞ Nazirlər Komitəsinin 109‐cu Sessiyası
münasibətilə imzalanma üçün açıq elan olunmuşdur. Protokolun məqsədi Konvensiyada təsbit
olunmuş prinsiplərin tətbiqini iki yeni maddi‐hüquqi müddəa əlavə etməklə təkmilləşdirməkdən
ibarətdir. Müdəalardan biri Tərəflərin fərdi məlumatların mühafizəsi üzrə bir və ya daha çox nəzarət
qurumu təyin etməsi, digəri isə Konvensiyaya qoşulmamış ölkə və təşkilatlara şəxsi məlumatların
transsərhəd ötürülməsi ilə bağlıdır.
Konvensiyanın 10‐cu maddəsi hər bir Tərəfin müvafiq qanunvericiliyində Konvensiyanın
prinsiplərini reallaşdıran müddəaların pozulması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini
tələb edir. Lakin bu maddə Tərəflərdən birmənalı olaraq öz ərazilərində Konvensiyanın II və III
fəsillərində və Protokolda təsbit olunmuş prinsipləri reallaşdıran tədbirlərin uyğunluğuna nəzarət
edən qurumlarının yaradılmasını tələb etmir.
Əlavə Protokolun 1‐ci maddəsi ikili məqsəd daşıyır. Bu maddə bir tərəfdən Tərəflərdən fərdi
məlumatların işlənməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının müdafiəsinə töhvə verən bir və
ya daha çox nəzarət qurumu yaratmağı tələb etməklə fərdin effektiv qorunmasını həyata keçirmək
məqsədi güdür. Müxtəlif hüquq sistemlərinin spesifikliyini tənzimləmək üçün birdən daha çox
qurumun yaradılması zəruri ola bilər. Bu qurumlar Konvensiyanın prinsiplərini reallaşdıran daxili
qanunvericiliyə əməl edilməsini təmin edən hüquq‐mühafizə və digər qurumların səlahiyyətlərinə
xələl gətirmədən öz vəzifələrini icra edə bilərlər. Nəzarət qurumları fərdin xeyrinə təxirəsalınmaz
və effektiv tədbirlər həyata keçirə bilmək üçün zəruri texniki və insan resurslarına (hüquqşunaslar,
kompüter ekspertləri və s.) malik olmalıdır.
Digər tərəfdən bu maddə artıq yaradılmış nəzarət qurumlarının fəaliyyətini tənzimləyən qanunların
daha mükəmməl harmonizasiyasına nail olmaq məqsədi daşıyır. Prinsip etibarilə, Konvensiyanın
bütün Tərəfləri öz daxili qanunvericiliklərində bir və ya bir neçə nəzarət qurumunun yaradılmasını
nəzərdə tutmalıdırlar. Lakin milli hüquq sisteminin xüsusiyyətlərindən asılı olaraq onların tərkibi,
səlahiyyətləri və fəaliyyət üsulları ayrı‐ayrı dövlətlərdə bir‐birindən əhəmiyyətli dərəcədə fərqli
ola bilər. Harmonizasiya yalnız Tərəflərdə məlumatların qorunması səviyyəsini təkmilləşdirmək
deyil, həmçinin Konvensiyada təsbit edilmiş əməkdaşlıq sisteminə xələl gətirmədən onlar arasında
daha sıx əməkdaşlığa nail olmaq məqsədi daşıyır.
Tərəflər nəzarət qurumlarına öz vəzifələrini yerinə yetirmək üçün verilməli olan səlahiyyətlər
məsələsində kifayət qədər müstəqilliyə malikdirlər. Əlavə Protokola əsasən onlara ən azı təhqiqat
və müdaxilə hüquqları, o cümlədən prosessual fəaliyyətə cəlb olunmaq və ya müvafiq müddəaların
pozulmasını səlahiyyətli məhkəmə qurumunun diqqətinə çatdırmaq hüququ verilməlidir.
Nəzarət qurumu məlumatı işləyəndən fərdi məlumatların işlənməsi ilə bağlı informasiya tələb
etmək və onu almaq kimi təhqiqat səlahiyyətlərinə malik olmalıdır. Bu informasiya xüsusilə nəzarət
qurumuna Konvensiyanın 8‐ci maddəsinə uyğun olaraq daxili qanunvericilikdə nəzərdə tutulmuş
hüquqlarını həyata keçirmək istəyən şəxs tərəfindən müraciət edildikdə əldə edilə bilən olmalıdır.