A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
33
Həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması, fərdi
məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv
edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə
edilmişdir. Qaydalara əsasən, informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra
onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin
yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilir. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya
sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi lisenziyalaşdırılan fəaliyyət növlərinin
siyahısına daxil edilmişdir və bu sahədə fəaliyyətin lisenziyalaşdırılması Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə tapşırılmışdır.
Bundan başqa, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq
müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası
ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya Vergilər Nazirliyi vasitəsilə
həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
Qeyd edilən səlahiyyətlərə baxmayaraq, bu sahədə əlaqələndirmənin aparılması ilə bağlı
səlahiyyətlərin olmaması fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulması
hallarına qarşı kompleks mübarizənin aparılmasında çətinliklər yaratmaqdadır. Azərbaycan
Respublikasının Əlavə Protokola qoşulacağı təqdirdə öz üzərinə fərdi məlumatların mühafizəsi üzrə
vahid müstəqil qurum yaratmaq öhdəliyi götürəcəyi və ölkəmizdə yaxın gələcəkdə bu cür qurumun
fəaliyyət göstərəcəyi gözlənilir.
Bu baxımdan nəzarət qurumlarının yaradılmış olduğu və fəaliyyət göstərdiyi bir sıra ölkələrin
təcrübəsinə nəzər salmaq, onların üstün və çatışmayan cəhətlərini araşdırmaq faydalı olardı.
Beynəlxalq təcrübə
Aİ ölkələri: Şəxsi məlumatların mühafizəsi və bu cür məlumatların sərbəst axını ilə əlaqədar
fərdlərin mühafizəsi üzrə Direktivə uyğun olaraq Aİ ölkələrinin hər biri öz ərazisində bir milli nəzarət
qurumu təyin etməli olsa da, Avstriya, Niderland kimi ölkələr ümumi səlahiyyətlərə malik bir fərdi
məlumatların mühafizəsi qurumu və sektorlar üzrə (məsələn, səhiyyə, poçt və ya
telekommunikasiya) bir neçə nəzarət qurumu təyin etmişdir. Almaniya və İspaniyada bir milli
nəzarət qurumu və regional və federal səviyyədə onunla eyni funksiyaları yerinə yetirən bir neçə
nəzarət qurumları fəaliyyət göstərir. Xatırladaq ki, Əlavə Protokol AŞ üzv‐dövlətlərinə milli hüquq
sisteminin xüsusiyyətlərindən asılı olaraq bir və ya daha çox nəzarət qurumu yaratmaq seçimi verir.
Bir çox Aİ ölkələrində (məsələn, Rumıniya) fərdi məlumatların mühafizəsi üzrə qurumun təsis
edilməsinə qədər şəxsi həyatın toxunulmazlığı hüququna hörmət edilməsinə nəzarət Ombudsman
təsisatlarına həvalə olunsa da, Finlandiya kimi bəzi üzv‐dövlətlərdə hələ də bu funksiyanı
Ombudsman həyata keçirir.
Struktur səviyyəsində bəzi ölkələrdə nəzarət qurumlarının müstəqil olmaması Aİ‐də narahatlıq
doğuran məsələlərdəndir. Litva, Latviya, Estoniya, İrlandiya və Birləşmiş Krallıqda nəzarət qurumları
məmurlarının öz vəzifələrini müstəqil şəkildə yerinə yetirə bilməməsi onların təyin edilməsi
proseduru ilə əlaqələndirilir. Maliyyə müstəqilliyi və ixtisaslaşmış peşəkar heyət nəzarət qurumları
üçün yalnız fərdi məlumatların effektiv mühafizəsi üçün deyil, həmçinin hökumətdən asılılığın
aradan qaldırılması üçün vacib amillərdir. Belə ki, Avstriya, Bolqarıstan, Rumıniya, Kipr, Fransa,
Yunanıstan, İtaliya, Latviya, Niderland, Portuqaliya və Slovakiya kimi ölkələrin nəzarət qurumlarının
məhdud iqtisadi və insan resursları səbəbindən öz funksiyalarını lazımi qaydada həyata keçirə
bilmirlər.
Operativ səviyyədə üzv‐ölkələrdə nəzarət qurumlarının təhqiqat aparmaq, fərdi məlumatların
işlənməsi zamanı müdaxilələr həyata keçirə bilmək, hüquqi məsləhət vermək və prosessual
fəaliyyətə cəlb oluna bilmək kimi səlahiyyətlərə malik olmaması narahtalıq doğurur. Məsələn,
34
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Avstriya, Macarıstan və Polşada nəzarət qurumları fərdi məlumatı qeyri‐qanuni işləyəndən bu cür
fəaliyyəti dayandırmaq xəbərdarlığı ilə bağlı qərarını həyata keçirmək hüququndan məhrumdur.
Belçika və Almaniyada isə nəzarət qurumu məlumatın silinməsi, məhv edilməsi və ya işlənilməsinə
qadağa qoyulması kimi hüquqlara malik deyil. Birləşmiş Krallıq və Fransada nəzarət qurumunun
mümayəndələri məhkəmə orderi olmadan fərdi məlumatların işləndiyi binalara daxil ola bilməz.
Bundan əlavə, qanunverici üçün konkret tələb nəzərdə tutulmadığından əksər Aİ ölklərində şəxsi
həyat və fərdi məlumatların mühafizəsinə təsir göstərən qanunvericlik aktları hazırlanarkən nəzarət
qurumunun mümkün rəy və tövsiyələri nadir hallarda nəzərə alınır.
Almaniya: Almaniya Federativ Respublikası sadəcə əyalətlərdən deyil, hər birinin orijinal suveren
hüquqları və qanunvericilik öhdəlikləri olan 16 torpaqdan ibarət federal dövlətdir. Dövlətin ali
səlahiyyətləri federal və torpaq hökumətləri arasında bölünmüşdür. İdarəçiliyin bu cür federal
sistemi öz təsirini fərdi məlumatların mühafizəsinə nəzarətdədə göstərir. Almaniyada fərdi
məlumatların mühafizəsi üzrə qanunlar və tənzimləmələrlə uyğunluğa nəzarət etməyə məsul olan
müxtəlif qurumlar mövcuddur.
Almaniyada inzibati tapşırıq və fəaliyyətin əksər hissəsi dövlət səviyyəsində həyata keçirilir və fərdi
məlumatların mühafizəsi sahəsində qanunlarla uyğunluğa nəzarət dövlət hakimiyyətinin
səlahiyyətidir. Bu funksiya müstəqil nəzarət qurumlarına ‐ fərdi məlumatların mühafizəsi üzrə
müvəkillərə həvalə edilmişdir. Fərdi məlumatların mühafizəsi üzrə Federal Müvəkkil dövlət
qurumları və təşkilatları, o cümlədən yerli hökumət qurumları üzərində nəzarət hüququnu həyata
keçirir. 1978‐ci ildə təsis edilmiş Federal Müvəkkil vəzifəsinə namizəd Almaniya Federal Hökuməti
tərəfindən irəli sürülür, Parlament tərəfindən beş il müddətinə seçilir. 2006‐cı ildə Alman
İnformasiya azadlığı Aktının qəbul edilməsindən sonra Federal Müvəkkil Fərdi məlumatların
mühafizəsi və informasiya azadlığı üzrə Federal Müvəkkil adlanmağa başlamışdır. Federal hökumət
nəzarəti altında federal qurumlar və digər dövlət orqanlarının fərdi məlumatların mühafizəsi üzrə
qanunlar və tənzimləmələrinə riayət Federal Müvəkkil tərəfindən nəzarət olunur. Federal nazirliklər,
Federal Məşğuliyyət Agentliyi və digər federal agentliklər, Federal Sərhəd Polisi və Almaniya Federal
Polisi Fərdi məlumatların mühafizəsi üzrə Federal Müvəkkilin nəzarətindən azad olan dövlət
təşkilatlarıdır. Federal Müvəkkil ildə iki dəfə öz fəaliyyəti barədə hesabat verir.
Əksər torpaqlarda nəzarət fərdi məlumatların mühafizəsi üzrə müvəkkillər tərəfindən həyata
keçirilir. Məsələn Şimali Rayn Vestfaliya torpağında dövlət sektoru üzərində nəzarət Şimali Rayn
Vestfaliya Fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə Müvəkkilə məxsusdur.
Sözügedən torpaqda dövlət qurumlarına nazirliklər, gənclər üçün rifah ofisləri, polis idarələri,
məktəblər, bələdiyyə xəstəxanaları, əmanət bankları, Sənaye və Ticarət Palataları və s. daxildir. Fərdi
məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə Müvəkkil həmçinin Şimali Rayn
Vestfaliyada inzibati funksiyalar həyata keçirən təsisatlar olaraq parlamentə, məhkəmələrə,
prokurorluq orqanlarına nəzarət edir.
Özəl sektorda fərdi məlumatların mühafizəsi üzərində nəzarət torpaqların səlahiyyətinə aid olsa da,
telekommunikasiya və poçt xidmətləri şirkətləri istisna təşkil edir. Bu cür şirkətlərə nəzarət hüququ
federal hökumət tərəfindən təyin edilən Fərdi məlumatların mühafizəsi üzrə Federal Müvəkkilə
məxsusdur. Biznes şirkətinə onun mənzil‐qərərgahının yerləşdiyi bölgə üzərində yurisdiksiyaya
malik olan qurum tərəfindən nəzarət edilir.
Böyük Britaniya: Böyük Britaniyada 1984‐cü ildən fəaliyyət göstərən İnformasiya Müvəkkilinin
Ofisi (İMO) rəsmi informasiyanın açıqlığını və fərdi məlumatların mühafizəsini təşviq edən müstəqil
qurumdur. İMO fərdi məlumatları toplayan, istifadə edən və saxlayan təşkilar və fərdlərə nəzarət
etmək üçün cinayət mühakiməsi, qeyri‐cinayət məcburi tədbirləri və auditdən istifadə edir. O,
həmçinin məlumatı işləyənə pul cəriməsi bildirişi göndərmək hüququna malikdir. İşin hallarından
asılı olaraq İMO bu tədbirlərin kombinasiyasından da istifadə edə bilər. Bunlardan başqa İMO:
təşkilatlara İMO‐nu müəyyən müddət ərzində informasiya ilə təmin etmək tələbini özündə əks
etdirən informasiya bildirişləri göndərmək;