49
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
2. Mənəvi ziyan
39. Ərizəçi mənəvi ziyana görə 50000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
40. Hökumət məbləğin həddən artıq çox olduğunu bildirmişdir. O qeyd etmişdir ki, bu işdə pozuntu
faktının müəyyən edilməsi ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə qənaətbəxş
kompensasiya olacaqdır.
41. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulmuş təminatların
pozulmasına baxmayaraq məhkum edilmişdirsə, o, mümkün olduğu qədər bu müddəaların
tələblərinin pozulmayacağı təqdirdə olacağı vəziyyətə qaytarılmalıdır və mahiyyət etibarı ilə, belə
vəziyyətdə hüquqların bərpasının ən münasib forması ərizəçinin işinə lazımı qaydada, müvafiq
təminatlara əməl olunmaqla yenidən baxılmasını təmin etmək olardı (bax: mutatis mutandis, Qurov
Moldovaya qarşı” (
Gurov v. Moldova, no. 36455/02, § 43, 11 July 2006)). Məhkəmə qeyd edir ki,
hazırkı işdə Azərbaycan qanunvericiliyinə görə (yuxarıda 13‐cü bəndə bax) belə bir imkan
mövcuddur. Belə ki, ərizəçi xahiş edəcəyi təqdirdə Məhkəmənin onun işinə qanun əsasında
yaradılmış məhkəmə”tərəfindən baxılmadığına dair qəbul etdiyi qərarı nəzərə alınaraq həmin işə
hüquqi məsələlər üzrə yenidən baxılmasına nail olmaq mümkündür.
42. Məhkəmə hazırkı işin faktlarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu işdə
pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş
kompensasiyanı təşkil edir. Buna görə də Məhkəmə mənəvi ziyana görə kompensasiya
ödənilməməsini qət edir.
B. Xərclər və məsrəflər
43. Ərizəçi işə Avropa Məhkəməsində baxılması ilə bağlı çəkilmiş xərclərə görə 2000 avro
məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Tələbini təsdiq etmək üçün o, özü ilə vəkili arasında
imzalanmış sazişin sürətini təqdim etmişdir. Bu sazişə əsasən bu haqq Məhkəmə tərəfindən
pozuntunun olduğuna dair qərar qəbul edildiyi halda ödəniləcəkdi. Ərizəçi, həmçinin özü və on
səkkiz ailə üzvünün cinayət işi ilə bağlı ölkə məhkəmələrinin iclaslarında iştirak etmək və başqa
dövlət orqanlarının nümayəndələri ilə görüşmək üçün nəqliyyat xərclərinə çəkdiyini iddia etdiyi
6600 avro və ölkə daxili proseslərlə bağlı poçt xidmətlərinə görə çəkdiyini iddia etdiyi 15048 avro
məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir.
44. Hökumət qeyd etmişdir ki, ərizəçi ilə vəkili arasında bağlanmış saziş ölkədaxili qanunvericiliyə
əsasən hüquqi xidmətlərə görə kontrakt hesab oluna bilməz, belə ki, burada tərəflərin hüquq və
vəzifələri, kontraktın şərtləri göstərilməmiş və o, notarial qaydada təsdiq olunmamışdır. Buna görə
də Hökumət sazişin məcburi xarakterə malik olmadığını, ərizəçinin vəkilə haqq ödəmək vəzifəsinin
olmadığını və buna görə də onun məhkəmə xərcləri ilə bağlı tələbinin rədd edilməli olduğunu
bildirmişdir.
45. Bundan əlavə, Hökumət qeyd etmişdir ki, nəqliyyat xərcləri ilə bağlı tələb müvafiq sübutlarla
təsdiq olunmamışdır və bu xərclərin çəkilməsi zəruri deyildi. Poçt xərclərinə gəlincə, Hökumət qeyd
etmişdir ki, ərizəçi bu tələbini təsdiq etmək üçün ümumi məbləği yalnız təxminən 1 Azərbaycan
manatı olan qəbz təqdim etmişdir. Buna görə də Hökumət bu tələbi 1 AZN məbləğində qəbul edir.
46. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman
kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin
ağlabatan olduğunu sübut edə bilsin.
47. Məhkəmə xərclərinə gəlincə, Avropa Məhkəməsi həyata keçirdiyi proseslərlə əlaqədar ədalətli
təzminatın ödənilməsi ilə bağlı qərar qəbul edən zaman heç də mütləq şəkildə ölkədaxili
qanunvericiliyin hüquqi xidmətlər üzrə kontraktın formasına dair tələbləri ilə bağlı olmur. Məhkəmə
ərizəçi ilə vəkili arasında bağlanmış yazılı sazişi nəzərə alaraq hesab edir ki, bu,
50
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
ərizəçinin işə Məhkəmədə baxılması ilə bağlı məhkəmə xərcləri çəkdiyinin sübutudur. Lakin hazırkı
işdə zəruri olan və ağlabatan iş yükünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan məbləğ
həddindən artıqdır və ərizəçiyə ödəniləcək məbləğdən tutulacaq istənilən vergi də daxil olmaqla
ona 1000 avro məbləğində vəsait ödənilməlidir.
48. İddia olunan poçt xərclərinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilmiş
qəbzlər lazımı qaydada konkretləşdirilmədiyinə və çox zaman tam şəkildə oxuna bilmədiyinə
baxmayaraq, onların məbləği Hökumətin iddialarının əksinə 1 AZN‐dən artıq olmuşdur. Lakin
bununla belə, bu ümumi məbləğ ərizəçinin iddia etdiyi kimi 15048 avro deyil. Hər bir halda
Məhkəmə istər ölkə daxilində işə baxılması ilə bağlı nəqliyyat xərcləri, istərsə də poçt xərcləri ilə
bağlı hesab edir ki, tələblər şişirdilmiş, müvafiq sübutlarla təsdiq olunmamışdır və hazırkı işdə təsbit
edilmiş pozuntu kontekstində onların işə aidiyyəti yoxdur. Bu səbəblərə görə Məhkəmə bu tələbləri
rədd edir.
C. Faizlərin ödənilməsi
197. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə
uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
1. Yekdilliklə ərizəni Ali Məhkəmənin tərkibi ilə bağlı hissədə mümkün və digər hissədə mümkünsüz
elan edir;
2. 6 səs lehinə, 1 səs əleyhinə olmaqla Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu
qət edir;
3. Yekdilliklə qət edir ki, pozuntu faktının müəyyən edilməsi ərizəçinin məruz qaldığı istənilən
mənəvi ziyana görə qənaətbəxş ədalətli kompensasiyadır;
4. Yekdilliklə qərara alır ki,
(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə
minməsindən sonra üç ay ərzində ərizəçiyə çəkdiyi məhkəmə xərclərinə görə, tutulacaq vergi də
daxil olmaqla, 1000 avro (min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud
olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər
gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə
uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq
2013‐cü il 30 may tarixdə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Uampax
İzabel Berro‐Lefevr
Bölmə katibinin müavini
Sədr
Konvensiyanın 45‐ci maddəsinin 2‐ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74‐cü qaydasının
2‐ci bəndinə uyğun olaraq hakim Dedovun xüsusi rəyi bu qərara əlavə edilir.
HAKİM DEDOVUN XÜSUSİ RƏYİ
Mən bu işdə Məhkəmənin qərəzsizlik məsələsi ilə bağlı verdiyi təhlillə razılaşmıram. 28‐ci bənddə
Məhkəmə qeyd edir ki, işə ikinci dəfə baxan Ali Məhkəmə tərkibinin qanun əsasında yaradılmış
məhkəmə hesab edilə bilinib‐bilinməməsi hakimin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən
daha böyük önəm təşkil edir. Sonra Məhkəmə milli Ali Məhkəmənin hakimlərinin tərkibinin
ölkədaxili qanunvericiliyə uyğun olaraq müəyyən edilib‐edilmədiyini araşdırır.