43
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZEYNALOV AZƏRBAYCANA QARŞI
(31848/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
2013‐cü il 30 may
Bu qərar Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə
minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Zeynalov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – İzabel Berro‐Lefevr,
Hakimlər
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Kseniya Turkoviç,
Dmitri Dedov,
və Bölmə katibinin müavini Andre Uampax,
2013‐cü il 7 may tarixdə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Əhmədşah Məmmədşah oğlu Zeynalovun
(ərizəçi) “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya)
34‐cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2007‐ci il 9 aprel tarixdə təqdim
etdiyi şikayət (31848/07 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olunmuşdur.
Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, Ali Məhkəmə tərəfindən barəsindəki cinayət işinə baxılan
zaman Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulmuş təminatlara əməl olunmamışdır.
4. 2010‐cu il 10 noyabr tarixdə ərizə Hökumətə göndərilmişdir. Eyni zamanda, ərizənin
mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət olunmuşdur (29‐cu maddənin
1‐ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1935‐ci ildə anadan olmuşdur və Siyəzəndə yaşayır. O fermerdir.
6. Ərizəçi ilə əvvəllər Dəvəçi adlanan rayonun Sədan Bələdiyyəsi (Bələdiyyə) arasında torpaq
sahəsinə mülkiyyət hüququ ilə bağlı baş vermiş mübahisədən sonra ərizəçi barəsində cinayət işi
başlanmışdır.
44
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
7. 2004‐cü il 29 dekabr tarixdə Dəvəçi rayon məhkəməsi ərizəçi barəsində Cinayət Məcəlləsinin
188‐ci maddəsi (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq
sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə) əsasında ittiham hökmü çıxarmış və onu yüz
şərti maliyyə vahidi (550000 köhnə Azərbaycan manatı, 110 yeni Azərbaycan manatına
ekvivalentdir, bu da öz növbəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dərc
edilmiş rəsmi mübadilə məzənnəsinə görə müvafiq vaxtda 84 avroya bərabər olmuşdur) məbləğində
cərimə cəzasına məhkum etmişdir. Məhkəmə qət etmişdir ki, ərizəçi qanunsuz olaraq bələdiyyəyə
məxsus olan 0,8 hektar torpaq sahəsini tutmuş və becərmişdir. Məhkəmə hökmü şahid ifadələri və
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təqdim edilmiş məlumat əsasında
çıxarmışdır.
8. Qeyri‐müəyyən tarixdə ərizəçi 2004‐cü il 29 dekabr tarixli hökmdən şikayət verərək sözügedən
torpaq sahəsinin ailəsinin fermer təsərrüfatına məxsus olan 50 hektarlıq böyük bir torpaq sahəsinin
bir hissəsi olduğunu iddia etmişdir. 2005‐ci il 18 mart tarixdə Apellyasiya Məhkəməsi birinci
instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır.
9. Ərizəçi hüquqi məsələlərlə bağlı şikayət vermiş və aşağı məhkəmələrin faktları qiymətləndirən
zaman səhvə yol verdiklərini iddia etmişdir. 2005‐ci il 9 avqust tarixdə Ali Məhkəmənin hakim
N.H.‐nin da daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin 2005‐ci il 18 mart
tarixli qərarını ləğv edərək işi yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Ali
Məhkəmə, xüsusilə ittiham hökmünün kifayət qədər əsaslandırılmadığını qeyd etmişdir.
10. Apellyasiya Məhkəməsi Ali Məhkəmənin nəticələrini nəzərə alaraq DTXK‐ya və bələdiyyəyə yeni
vəsatət göndərərək torpaq sahəsinin dəqiq yeri, ölçüləri və ona mülkiyyət hüququ ilə bağlı ətraflı
məlumat verilməsinin xahiş etmişdir. Bələdiyyə bildirmişdir ki, rəsmi sənədlərə görə mübahisə
predmeti olan torpaq sahəsi ərizəçiyə deyil, bələdiyyəyə məxsus olmuşdur. DTXK torpaq sahəsinin
yerində təftişini həyata keçirmiş və məhkəməyə sözügedən sahənin bələdiyyə mülkiyyətinin bir
hissəsi olduğunu bildirmişdir. 2006‐cı il 12 iyul tarixdə Apellyasiya Məhkəməsi yeni qərar qəbul
edərək Dəvəçi rayon məhkəməsinin 2004‐cü il 29 noyabr tarixli hökmünü qüvvədə saxlamışdır.
Məhkəmə qət etmişdir ki, ərizəçinin becərdiyi mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus olmuş
və müvafiq qanunvericilik düzgün olaraq tətbiq olunmuşdur.
11. Ərizəçi bu qərardan şikayət vermişdir. 2006‐cı il 10 oktyabr tarixdə Ali Məhkəmənin hakim N.H.
da daxil olmaqla üç hakimdən ibarət tərkibi ərizəçinin şikayətini araşdırmışdır. Məhkəmə qət
etmişdir ki, Apellyasiya Məhkəməsi bütün işə aidiyyəti olan və mümkün sübutları araşdırmış və
maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Buna görə də Ali
Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 2006‐cı il 12 iyul tarixli
qərarını dəyişdirmədən saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
12. 2000‐ci ildə qəbul edilmiş Cinayət Prosessual Məcəlləsinin (CPM) hakimlərin işə baxılmasından
kənarlaşdırılması ilə bağlı müvafiq müddəalarında aşağıdakılar qeyd olunur:
“M a d d ə 1 0 9 . Hakimə etiraz
109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar
olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı
sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını
istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:
109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya
cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə
(hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara
baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və
ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir);