39
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
təklif edilmiş, əks halda ipotekaya xitam veriləcəyi bildirilmişdir. Tələbkar 20 aprel 2011‐ci il
tarixli məktubla hərracın təşkilatçısına müraciət edərək hərracın müvəqqəti dayandırılmasını, 1
sentyabr 2011‐ci il tarixli məktubla isə təklif üzrə hərəkətlərin bərpasını xahiş etmişdir. Bundan
sonra 8 sentyabr 2011‐ci il tarixində “Külək” MMC tərəfindən hərrac keçirilmiş və hərracın qalibi
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – “KredAqro” BOKT) olmuşdur. Həmin
tarixdə də sifarişçi Masallı rayon İcra Bölməsi ilə hərracın qalibi arasında hərracın yekunları üzrə
əmlakın alqı‐satqısı barədə müqavilə imzalanmışdır.
Masallı rayon Məhkəməsinin 15 yanvar 2013‐cü il tarixli qətnaməsi ilə Z.Səmədovun iddiası təmin
edilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2013‐cü il tarixli qətnaməsi ilə cavabdeh “KredAqro”
BOKTnin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı rayon Məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2013‐cü il tarixli
qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün
həmin məhkəməyə göndərilmişdir.
Müraciətdə qeyd olunur ki, hərrac təşkilatçısı tərəfindən üç dəfə hərrac keçirilmişdir.
Qanunvericilikdə təkrar hərracın keçirilməsi nəzərdə tutulsa da, onun ikinci hərracla
yekunlaşması, yaxud bundan sonra da hərrac keçirilməsinin mümkünlüyü müəyyən edilməmişdir.
Bu isə məhkəmə təcrübəsində qeyri‐müəyyənliyə səbəb olduğundan, həmin məsələni tənzimləyən
“İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsinin şərh edilməsinə zərurət vardır.
Müraciətdə həmçinin göstərilir ki, “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsinə əsasən ipoteka
saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka
predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddədən göründüyü kimi, ipoteka
saxlayanın hərəkətsizliyi ipotekaya xitam verilməsinin əsas şərti kimi göstərilmişdir. Lakin ipoteka
saxlayanın müəyyən olunan müddətdən sonra ipoteka predmetini əldə etmək istəyi olduğu halda,
ipotekaya xitam verilməsinə səbəb olub‐olmaması həmin Qanunda tənzimlənməmişdir.
Bundan başqa, “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində ipotekaya xitam verilməsinin
halları göstərilmişdir. Lakin həmin maddədə “təkrar hərrac baş tutmamış elan edildikdən sonra
ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə” müddəası ipotekaya
xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.
Beləliklə, müraciətedənin fikrincə, “İpoteka haqqında” Qanunun 43.4‐43.8 və 48‐ci maddələrinin
tətbiqi məhkəmə təcrübəsində müəyyən çətinliklərə səbəb olduğundan onların şərh edilməsi
zərurəti yaranmışdır.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, ipotekanın yaranması
əsaslarını, tərəflərin hüquq və vəzifələrini, borcun və digər mülki hüquqi öhdəliklərin ipoteka
hesabına ödənilməsi qaydalarının qanunvericilik baxımından açıqlanmasını vacib hesab edir.
Mülkiyyət hüquq münasibətlərilə yanaşı, öhdəlik hüquq münasibətləri də əmlak hüquq
münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst
yerdəyişməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM)
385.1‐ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə
müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər
göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ vardır.
Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 30 dekabr
2008ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq,
onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM‐də kreditorla müqayisədə
borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən
öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM‐in 460‐cı maddəsinə
əsasən girov (ipoteka) belə üsullardan biridir.
MM‐in 269.1‐ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov
40
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa
öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə
yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma
təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir.
Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın
yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin
ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla
tənzimlənir.
Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
(MM‐in 317.1‐ci maddəsi).
“İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən
33‐cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,
ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları,
hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri
“İpoteka haqqında” Qanunun 42 və 43‐cü maddələri ilə tənzimlənir.
Həmin Qanunun 43.1‐ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı
olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina
etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə
ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın
təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi
informasiya vasitəsində məlumat dərc etdirir.
“İpoteka haqqında” Qanunun 43.3‐43.5‐ci maddələrinə əsasən hərracın baş tutmaması barədə
elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla
müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka
saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3‐cü maddəsində nəzərdə tutulmuş müqavilə
baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar
hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42‐ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2‐ci maddəsində
nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
“İpoteka haqqında” Qanunun 43.7 və 43.8‐ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1‐ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan
edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz
az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra
30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən normaları
baxımından hərracın təkrar keçirilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
“İpoteka haqqında” Qanunun 43‐cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu
Qanunun 42‐ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə
tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2‐ci maddəsində nəzərdə tutulmuş
səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar
keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15
faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1,
43.1.3 və 43.1.4‐cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki
nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol
imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə
alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti
dəyişməmiş saxlanılır.