186
boyu belə olacaq — kəpənək kimi ordan bura, burdan ora
uçacaq... — Dadaş kəskin və sərt danışırdı, amma sonra sakitcə
əlavə elədi: — Yəqin köhnə məhəbbəti yadına düşüb.
Zaur mat-məəttəl qalıb:
—Nə məhəbbət? — dedi.
—Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən.
Məhərrəmov Muxtar. Televiziyada rejissordur nədir...
Bilmirəm, aralarında nə haqq-hesab var, amma yüz faiz
əminəm ki, Təhminəni o dartıb apardı televiziyaya. Diktor
eləyəcək onu. Bu qız guya filosofdur, diplomu var, universitet
qurtarıb, indi gedib diktor olacaq. Ay-hay... Nə olub deynən,
nəyin əskikdi burda?! Maaş kimi maaşın vardı, qonorardan-
zaddan da yazırdıq hərdən, kefin istəyəndə gəlirdin, kefin
istəyəndə gedirdin...
Dadaşın sözləridən açıq hiss olunurdu ki, Təhminədən
yanıqlıdır, möhkəm inciyib onun bu gözlənilməz hərəkətindən.
Yəni, doğrudan, görəsən Dadaş Təhminəni sevirmiş ki, bu
etibarsızlıq ona belə ağır təsir eləyib? İndi nə idi onu
danışdıran?! — İnciklik, yanıq, qısqanclıq, ya da sadəcə
himayədarlıq hissi, — heyfsilənirdi, yanırdı bəlkə Təhminəyə
ki, öz qədrini bilmir, həyatda yerini tapa bilmir... Ya da elə
bütün bu hisslərin hamısı bir yerdə hakim idi Dadaşa? Yaxşı,
bəs bu Məhərrəmov deyilən kimdir belə, bu hardan çıxdı, bu nə
yuvanın quşudur görəsən? Köhnə məhəbbət... Bəlkə "köhnə
tanışım dəvət eləyirdi məni televiziyaya" deyəndə Təhminə
məhz elə o Məhərrəmovu nəzərdə tuturdu. Köhnə tanış. Elə
hara baxsan bunun köhnə tanışlarıdır. Belə də qadın olar, ilahi?
Dadaş yeyib qurtarmışdı, toyuğun sür-sümüyünü yığışdırıb
qəzetə bükürdü. Zaur da ayağa durmuşdu ki, otaqdan çıxsın,
amma bu vaxt Dadaş qəfilcə dedi:
—Zaur, bala, sənin atavı yaxşı tanıyıram, hörmətim var o
kişiyə. Sən də elə mənim oğlum, incimə sözümdən, amma mən
sənə məsləhət eləyirəm: Bir əmi kimi. O arvada baş qoşma.
Zaur heç belə söhbət gözləmirdi, bir an özünü itirdi elə bil.
187
"Deməli, belə, — deyə düşündü. — Deməli, bu xəbər hamıya
yayılıb. Anası düz deyirmiş, yerin qulağı var. Yaxşı, əgər
belədirsə, onda, deməli, Dadaş həmin o Muxtar
Məhərrəmovdan söz salanda hər şeyi bilirdi, — bilirdi Zaurla
Təhminənin münasibətlərini. Elə çıxır ki, acıqcan deyirmiş bu
sözləri Zaura, ondan hayıf çıxmaq üçün, intiqam almaq üçün...
Axı bütün bu şayiələr düzdürsə, onda, deməli, Zaur Dadaşın da
rəqibidir, məqsədinə nail olmuş rəqibi".
—Yaman afətdir o qız. İnan mənə. Mən hər şeyi başa
düşürəm: gözəldir, həddən ziyadə gözəldir, cazibəlidir. Sən də
cavan oğlansan... Amma ondan mümkünsə gen gəz. Səni lopp
eləyib elə udar ki, heç ruhun da inciməz...
Zaur ifadə tərzinə mümkün qədər çox zəhər qataraq:
—Bəs mən elə bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz,
— dedi.
Bu səfər Dadaş tutuldu, amma dərhal özünü ələ aldı və
sakit-sakit sözünə davam elədi:
—Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm.
Yazığım gəlir ona. Bir insan kimi yaxşı cəhətləri də var. Amma
nə olsun? Özü özünü məhv eləyəcək... Onunçün heç bir qanun-
kitab yazılmayıb, — kefi necə istəyir, elə də yaşayır. Dünya-
aləm vecinə deyil... Axı belə də olmaz... Qayda var, adət var...
"Yaxşı, ay kaftar haramzada, bəs sən, sinli, həm də evli kişi
altdan-altdan Təhminəyə maz gedəndə — bu hansı qayda-
qanuna, hansı adət-ənənəyə görə idi, hə? Özü də sənin işçin idi,
tabeliyində idi", — Zaur belə düşündüsə də dinmədi, maddım-
maddım Dadaşın sifətinə baxırdı. Dadaş isə get-gedə daha çox
cuşa gələrək danışırdı:
—Onunçün heç bir təfavütü yoxdur, kimiynən dostluq
eləsin... Kimdir onun tanış—bilişləri? Baza müdirləri, nə bilim
alverçilər, filan... Nə var, nə var, təzə bir parça alacaq, ya şuba,
ya nə bilim, üzük-sırğa...
Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik
duyurdu, axı, hissə qapılıb çılğın etirazlardan başqa nəylə-hansı
188
dəqiq faktlarla, dəlil-sübutlarla bu axının qarşısında dura
bilərdi. Dadaş ancaq gülərdi onun çılğınlığına, "Ürəyi təmiz
uşaqsan, onunçün də aldanırsan, onunçün də səni aldadıb
barmağına dolaya bilib" — deyərdi, deməsə də düşünərdi. həm
də axı Zaur özü əmin deyildi ki, Dadaşın sözləri tək bir quru
böhtandır. Təhminənin hər yerdə tanışları vardı, — doğrudan
da, beləydi bu — ən müxtəlif adamlar, cürbəcür peşə sahibləri
düşməzdi dilindən. Gərək paltarlarını Bakının ən yaxşı
dərzisində tikdirəydi, gərək şəkillərini beynəlxalq konkurslarda
mükafatlar almış məşhur fotoqraf çəkəydi, bərbəri də gərək
şəhərdə birinci bərbər olaydı, diş həkimi də. Nə deyirsən de,
belə şeylərin dəlisiydi Təhminə. Belə şeylər, bu cür həyat tərzi
isə müəyyən adamlarla, əksər hallarda kişi xeylaqlarıyla
əlaqədar idi və belə olan surətdə, bütün bu imtiyazları havayı
qazanmırdı ki, Təhminə. Təmənnasız olunmurdu ona bu
lütfkarlıq — tapılmayan geyimlər, növbəsiz biletlər, qıt
şeylər...
Dünəndən bəri ikinci dəfədir ki, Zaur Təhminə haqqında
dəhşətli şeylər eşidirdi və onu ağrıdırdı eşitdikləri. Amma
məgər üç ay bundan qabaq — yaxınlıqlarından əvvəl də eşidib
qulaqardına vurmurdumu ara-sıra aralığa düşən bu cür
söhbətləri?.. Onda niyə bu söhbətlər Zaurun zərrəcə vecinə
deyildi? Əksinə, bəlkə bu söhbətlər bir növ Zauru
şirnikdirmişdi də. Bəlkə də haradasa, qəlbinin dərinliklərində
fikirləşmişdi ki, əgər Təhminə, doğrudan da, belə
"yüngülməcazdırsa", ayağı sürüşkəndirsə, mən niyə kənarda
qalım? Zaur istədiyinə nail oldu, daha indi ağrımaq, nəyisə
ürəyinə salmaq neyçün? Olan olub, keçən keçib... Mənim nə
borcuma? Təhminə kimdir ki, mənimçün? Üç ayın xoş
xatirələri, vəssalam.
Belə düşünürdüsə də, haradansa xəstə diş kimi hovutqayıb
zoqquldayan ağrını da ovuda bilmirdi. Hər halda Dadaşın
cavabını verməli idi:
—Mən heç bilməzdim ki, — dedi, — siz Təhminə haqqında
Dostları ilə paylaş: |