179
qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bundan qabaq
öz həyatını dəqiq qrafik üzrə qurduğu kimi, indi onun, Zaurun
da həyatını bu cür dəqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya,
mənzil, evlənmə, övlad… Doğrudur, bəzən görürsən
gözlənilməz hadisələr də olur, məsələn: ikinci dünya
müharibəsi. Qrafik müəyyən dərəcədə pozulur. Amma hər
halda ikinci dünya müharibəsi də, ağır yaralanması da Məcid
Zeynallının çox gənc yaşlarında müəyyənləşdirdiyi həyat
cədvəlini — qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə
gedən dümdüz yolu dəyişə bilməzdi. Və bu dümdüz yol üzrə
gedən hərəkəti Məciddən sonra onun oğlu Zaur davam
etdirməli idi. Sonra isə, inşalllah, Zaurun oğlu qədəm qoymalı
idi bu yola…
***
Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur
jurnalları vərəqləyirdi ki, birdən Zivər xanım:
—Bura bax, — dedi, —qulağıma cürbəcür sözlər çatır ha…
Zaur "Oqanyok"dakı krossvordu gözdən keçirərək
laqeydcəsinə:
—Nə sözlər?
—Səni tez-tez bir xanımla görürlər.
"Oqonyok"u bir qırağa qoydu:
—Nə xanımla?
—Nə bilim, nədir onun adı — Nərminədi, Təhminədi nədi…
Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır.
Özünü ələ alıb:
—Nədir ki? — dedi.
—Yaxşıdır yenə sifətində bir az həya qalıb, — dedi anası,
— bir gözümün içinə düz bax görüm.
Zaur güclə gülümsündü və anasının gözlərinin içinə baxdı.
—Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu
gəzdirirsən?
"Aman Allah, hər şeyi yerli-yataqlı çatdırıblar".
180
—Bilmirsən ki, yerin qulağı var?… Heç ağlın var, heç bir
beynivə vurursan? Ərli arvaddır axı… Sənin Tanka-
mankalarından deyil…
—Kimdir bu xəbərləri sənə çatdıran?… Camaatın işi-gücü
qurtarıb…
—Yox, görünür sənin işin-gücün qurtarıb… Heç
əməllərindən utanıb eləmirsən… Bura bax, gör nə deyirəm, sən
day balaca uşaq deyilsən. Bığlı, saqqallı yekə kişisən... Mən
heç vədə sənin işlərinə qarışmamışam ki, hə, de də,
qarışmamışam, yox? Amma bu səfər, bax, deyirəm, aç
qulaqlarını yaxşı-yaxşı eşit, gör nə deyirəm. Nə qədər ki,
atovun qulağına çatmayıb, biryolluq bu işdən əl çək. Bildin?
Məsələnin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: nə
ultimatumdur bu belə, o südəmər körpə-zaddır bəyəm? Amma
dinmədi... Bəlkə elə Zivər xanım da gərək söhbətini burada
xətm eləyəydi. Sözünü bununla qurtarsaydı Zivər xanım, hər
şey bəlkə ayrı cür olardı. Amma Zivər xanım harın arvad idi,
içində hikkəsindən qaynayırdı və dilini dişləyib demək
istədiklərini ürəyində saxlaya bilməzdi. Və dediyi sözlər də
bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər xanım üz-
gözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir
şey haqqında danışırdı:
—İndi də sənə ilişib, — dedi, — idarəvizin bütün kişiləriylə
fırıldaq çıxarıb doyub, indi növbə sənə çatıb?!
Zaur yerindən sıçradı:
—Bəsdir, — dedi, — ayıbdır səninçün, bu cür sözlər
danışmaq... onun-bunun ara söhbətlərini təkrar eləmək
yaraşmaz sənə...
Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil
barmağını dişlədi, sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o
hələ Zaurun özünə də tam aydın deyildi. O vaxt, Zaurla
Təhminənin əlaqələri, Zaurun fikrincə, qeyri-ciddi, yüngül bir
şey olduğu vaxtda Zivər xanım qadınlıq və analıq intuisiyası ilə
bu əlaqələrin ciddiliyini dərk eləmişdi.
181
Kinayəylə:
—Ara söhbətləri?! —deyə təkrar elədi. — Əcəb ara
söhbətləridir! Bütün şəhər danışır da bu söhbətləri... Bircə
sənin kimi uşağı ələ salıb aldada bilərlər ki, bütün bunlar ara
söhbətləridir, boş qeybətlərdir... Bütün şəhər bilir ki...
—Bütün şəhər... Anget paylamısan bütün şəhərə?
—Anket-zad lazım deyil... Hamı bilir də... Özü də onunçün
təfavütü yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e,
dədəsi yerindədir, əşi sizin idarədə işləyir, nədir o
köpəkoğlunun adı, balaca dazbaş kişidir e, burnunda da ziyil
var...
Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də
salsaydılar Zaur Dadaşın adını çəkməzdi...
Zivər xanımın özünün yadına düşdü:
—Hə, Dadaş, deyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir,
həyasızın qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də
babatsan — bu, Zivər xanımın Təhminə haqqında dediyi
birinci və axırıncı yaxşı söz oldu: "babatsan" — cavan ərin
var... Amma di gəl, gör kimnən eşqbazlıq eləyir — qoca idbar
kişiynən...
Zaur dəqiqləşdirməyə çalışdı:
—Deməli, belə çıxır ki, eşqbazlıq eləməyi günah deyil,
günahı ondaymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir?
—Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq
eləyir — öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun
başına ki, bu cür arvadı evində saxlayır. Amma, bax, səndən əl
çəksin. Yoxsa, allaha and olsun, onun başına bir oyun açaram
ki, öz adını da yadından çıxarar. — Zivər xanım Təhminəyə nə
edəcəyini daha da dəqiqləşdirərək əlavə elədi. — Gözlərini
çıxararam o it qızının...
Zaur anasının xasiyyətinə bələd idi, bilirdi ki, anası dediyini
eləyəndir, bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm
toxunmuşdur. Zaur məsələni daha da gərginləşdirmək
istəmirdi, odur ki:
182
—Sən allah boşla görək, ay ana, — dedi. — Aramızda heç
nə yoxdur. Bir idarədə işləyirik, tay-tuşuq, bəlkəm indi işdən
çıxanda bir-iki dəfə onu maşınla aparmışam, vəssalam... Nə
böyük bir məsələ imiş ki bu? Əgər belə ürəyinə salırsansa,
yaxşı, söz verirəm ki, bir də onu maşınıma mindirməyim, qoy
trolleybusla getsin. — Həmişəki kimi yarızarafat tərzində
danışırdı, amma elə bil daxili bir nigaranlıq hissi keçirirdi,
nədənsə ona elə gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə
buna görə, özünə vicdanı qarşısında bəraət qazandırmaqçün
Təhminəni müdafiə eləmək istədi:
—O ki qaldı Dadaş, — dedi, — səni yüz faiz əmin edə
bilərəm ki, bu, yalan sözdür, böhtandır, vəssalam. Mən lap
yəqin bilirəm, Dadaşla onun arasında heç bir şey olmayıb, ola
da bilməz.
—Sən hardan bilirsən? Özü sənə deyib?
—Yox, özü deməyib. İntəhası mən də həmin o idarədə
işləyirəm və çörəyi burnuma yemirəm axı... Bu söhbət ağ
yalandır. Amma Zivər xanım heç cür razılaşmaq istəmirdi.
—Tək Dadaşdır bəyəm? Odey bizim qonşu da neçə vaxt
onunla "dostluq" eləyib.
Zaur:
—Hansı qonşu? — deyə xəbər aldı və hiss elədi ki, bütün içi
donub buz bağlayır.
—Alyanın oğlu da... Spartak... Alya danışırdı, deyir, yazıq
gedəyə aman vermirdi. Telefonumuzu, deyir, day yerindən
çıxardırdı. Gecə bilməz, gündüz bilməz, zəngi zəngə calayır...
Ciyəriyanmış hardan zəng vururmuş görəsən, öz evindən? Bəs
əri balqabaq harada itib qalıbmış?.. Əh...
İçi elə bil don bağlamışdı Zaurun, elə bil beyni ağırlaşmış,
qıc olub qalmışdı, yavaş-yavaş özünə gəldikcə bircə istək
hakim kəsişirdi qəlbinə: bu saatca Təhminəylə görüşsün,
lapdan, aman, macal vermədən soruşsun Spartak barəsində və
cavabından asılı olaraq ya münasibətləri birdəfəlik qırılsın, ya
da... Sanki anasının səsini də artıq eşitmirdi. Anası elə hey
Dostları ilə paylaş: |