170
ovcundakı cızıqlara çəkdi və dedi:
—İstəyirsən falına baxım?
—Baxa bilərsən?
—Əlbəttə. O biri əlini də aç görüm.
Zaurun hər iki əlini əlləri arasına aldı, uzun-uzadı
ovuclarının içinə tamaşa elədi.
—Sağ əl keçmiş və indiki vaxtdır. Ona görə ki, sağ əl
fəaldır, işdədir, olmuş və indi bu saat olacaq işləri göstərir. Sol
əl isə gələcəkdir, hələ olacaq hadisələri xəbər verir, odur ki,
hələ hərəkəti azdır, passivdir... Bax, bu xətlər xoşbəxtlik,
yalqızlıq, kədər xətləridir... Bu gözləmədir, bu xətt isə qəribə,
gözlənilməz işlərə qadir olub-olmamağını göstərir. Görək indi
səndə necədir? Bax bu, şöhrət xəttidir, səndə var bu xətt. Bu
xətt Ay xəttindən başlanır, yəni real həyatdan daha çox
fantaziyalara qapılırsan... Amma bu xətt də real həyat xəttinə
qovuşur. Bunu görürsən, bax, bu xətt... Aha... İşə bax, iki, ya
üç uşağın olacaq — hər halda ikisi mütləq oğlan uşağıdır...
—Yəni bunu da təyin eləmək olur?
—Bəs necə? Elə bilirsən halvaymış səninçün... Bax, bu xətti
görürsən — sənin bir bacarığın varmış — bütün hisslərini,
düşüncələrini işə, zəhmətə yönəldə bilirsənmiş... Şüurun
dəqiqdir, müstəqimdir, bir balaca, lap belə cüzi dərəcədə
xəyala, fantaziyaya meyl edirsən... Lap qoca yaşlarınacan ömür
sürəcəksən və axıra qədər də həyatı sevəcəksən... Dövlətin çox
olmayacaq. Başqa şəhərə köçüb eləməyəcəksən... Aha,.. bu xətt
mübarizə xəttidir, amma o heç bir başqa xəttə qovuşub eləmir.
Bax, bu da Venera kəməridir —sevmək və aldanmaq bacarığı...
Bu xətt də yarıda qırılır... Bütün xətlər elə bil yarımçıqdır e,
Zaurik!
—Dad yarımçıq əlindən...
—Dalına qulaq as... Ən çətin sınaqdan orta yaşlarında
keçəcəksən... Ömrün haçalanacaq — bax, görürsən, bu
haçalanmış xətt — tale xəttidir — haçansa iki od arasında
qalacaqsan... Sinnə dolduqca xasiyyətin daha mülayim olacaq,
171
amma zəhmin, zabitən artacaq... Kaş sənin sinli çağını, zəhmli-
zabitəli vaxtını görəydim. Zaurik, heç səni bu sifətdə təsəvvür
edə bilmirəm...
—Yaxşı, mənim məsələmi bildik. İndi öz falına bax.
—Yox, nə danışırsan, qorxuram, heç vaxt öz falıma
baxmaram, qoymaram da ki, başqası baxsın. Bir dəfə
baxdırmışam, bəs eləyib.
—Baxdırmısan, nə çıxıb ki?
—Demirəm.
—Yaxşı, de görək, ürəyimizi çəkmə...
—Yox, yox...
—Özün bil...
Zaur təkid eləmədi və həmişə olduğu kimi indi də inadından
vaz keçən kimi Təhminə özü razılaşdı:
—Yaxşı, deyərəm, ancaq bircə şərtlə, — dedi, — bu sirri
heç kəsə verməyəsən. Bir sən bil bunu, bir də mən. Ovcumun
içinə bax, bu xətti görürsən, burada qırılır, görürsən?
—Hə...
—Bilirsən niyə qırılır burda?
—Yox.
—Bu mənim ömrümdür. Qırılması da ölüm. Erkən ölüm...
Bir qoca falçı vardı, o baxıb falıma, o dedi...
—Utanmırsan, ali təhsilli qızsan, başını belə cəfəngiyatla
doldurursan.
Elə bil eşitmədi Zaurun sözlərini:
—Bəzən düşünürəm, Zaur, — dedi. — Birdən, doğrudan da,
bütün bu sən demiş cəfəngiyat düz oldu, necə deyərlər, çin
çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında
qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə bilər...
Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım
gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm,
kim mənimçün yanacaq? Ərim? Tutalım bir ay, üç ay
heyfsiləndi, sonra hər şeyi unudacaq gedəcək... Başqa kim —
qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki
172
həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də
iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç
gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın
ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan, elə deyil?..
Hər şeyi unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax
həmin bu eyvanı da... Düz demirəm?
—Səfeh-səfeh danışmaqdan yorulmadın? Nədi elə başına
qara-qura fikirlər salırsan, gah ayrılmağımızdan dəm vurursan,
gah ölümdən. Gəl yanıma...
Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan
yaşamayan mənzilin səliqəsizliyi vardı — güncdə sement
qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və
rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan
hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın
rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına
döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
—Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı
dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür
bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə
görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə
onsuz — Zaursuz yaşaya bilmir. Buna lap qəti əmin olmuşdu
Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox
gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs
göstərməyəcəyəm, desə, deyəcəyəm ki, "balam, özün qərar
vermədin, axır görüşümüzdür?". Özü məni axtaracaq, özü
tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
—Amma səni o bağa aparmağımın bir səbəbi də var idi,
dedi: — Bu səbəbi heç vaxt bilməyəcəksən.
—Nə səbəbdir ki?
— Demirəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü
Dostları ilə paylaş: |