122
Ramin ALLAHVERDİ
AMEA-nın Folklor İnstititunun elmi işçisi
allahverdiyev1983@mail.ru
KLASSİK ƏDƏBİYYATIMIZDA VƏ NİZAMİ
YARADICILIĞINDA NOVRUZ ƏNƏNƏLƏRİ
Novruz bayramı özünün ritual-mifoloji məzmunu ilə
dərin tarixi kökə söykənən mərasimlərdəndir. Bugünün
özündə belə ən arxaik detalları ilə yaşamaqda davam edən bu
milli bayramımız təkcə folklor yaddaşımızda öz çoxşaxəli
əksini tapmamış, eləcə də yazılı ədəbiyyatımızda da dərin
izlər buraxmışdır. Bəzən sual meydana çıxır ki, yaşı
minilliklərlə ölçülən Novruz mərasimlərinin adət-ənənələri,
müxtəlif ayinləri klassik yazılı ədəbiyyatımızda nə üçün geniş
şəkildə əksini tapa bilməmişdir. Nəzərə alsaq ki, islam dini
özündən əvvəlki bütün əski görüşlərə, o cümlədən ritual-
mifoloji görüşlərə qarşı mübarizə apararaq, cahiliyyət dövrü
adı altında bu mifoloji görüşləri əks etdirən bütün adətlərə
qarşı barışmaz mövqe tutmuşdur, onda bu suala müəyyən
mənada cavab tapmış oluruq. Eyni zamanda, xüsusi olaraq
qeyd etmək lazımdır ki, o dövrdə elitar ədəbiyyat sayılan
klassik yazılı ədəbiyyatımızda bütün əsərlər, demək olar ki,
İslam dininin təsiri ilə Allahı və onun sevimli bəndəsi
Məhəmməd peyğəmbəri tərənnüm edən nətlərlə başlayırdı.
Ona görə, bu dövr bədii yaradıcılıqda, şübhəsiz, əski
dünyagörüşləri, mifoloji inamları özündə cəmləşdirən Novruz
mərasimlərinin müsbət bir hal kimi geniş şəkildə qələmə
alınması heç mümkün də deyildi. Dahi Nizami sanki buna
işarə edərək, Novruzla bağlı adətləri öz “İskəndərnamə”sinin
“Şərəfnamə” hissəsində “Pis adətlər, zərdüştlük qalıqları”
başlığı adı altında vermişdir.
Novruz ilə Səddə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.
Ər üzü görməmiş gəlinlər, qizlar
123
Evindən sevinclə dışarı çıxar.
Əllər al xınalı, üzlər bəzəkli,
Hər yandan gəlirdi çoşqun ürəkli
Önündə al-şərab hər üzü lalə
Muğlarla üz-üzə vurar piyalə,
Atəşdən mövludun əfsunlarından
Tüsdüdən don geyər uca asiman (1, 171).
Əlbəttə, burada qız-gəlinlərin bayram gününün ab-hava-
sına uyğun olaraq bəzənib-düzənməsi adəti qeyd olunur,
həmin ayinlər zamanı gur tonqalların yandırılması “tüsdüdən
uca geyər bütün asiman” kimi poetik deyimlə nəzərə
çatdırılır. Poemada bayramı və onun ayinlərini bu cür
təntənəli surətdə tərənnüm edən təhkiyyəçinin timsalında
böyük şairin Novruza və onun adətlərinə olan məhəbbətini
sezmək çətin deyil.
Göründüyü kimi, bununla belə Novruz mərasimi ilə bağlı
müxtəlif ayinlərin, adətlərin keçirilməsi və digər məqamlar ki-
fayət qədər açıq-aydın şəkildə böyük klassiklərimizin əsərlə-
rində özünə bu və ya digər formada yer tapa bilmişdir. Bu ba-
rədə ədəbiyyatşünaslarımızdan F.F.Qasımzadə “Novruz – bahar
bayramı” adlı kitabında Xaqani Şirvaninin şeirlərindən, Nizami
Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun” “Xosrov və
Şirin” poemalarından, Qazi Bürhanəddinin qəzəllərindən,
Kişvərinin yaradıcılığından, M.Füzulinin, M.V.Vidadinin,
M.P.Vaqifin
əsərlərindən, M.Ə.Sabirin satirasından,
M.Müşfiqin “Bayram axşamı” şeirindən, H.Cavidin və başqa
görkəmli şair və yazarlarımızın əsərlərindən müxtəlif nümunə
parçaları gətirməklə Novruz bayramının yazılı klassik və son
dövr ədəbiyyatımızda necə əks olunmasını göstərmişdir. Həm-
çinin müəllif XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan”
ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin öz ya-
radıcılıqlarında Novruz bayramını vəsf və mədh etdiklərini də
qeyd edir. Eləcə də M.F.Axundovun komediyalarında
“Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö
Jordan həkimi-nəbatət və dərviş Məstəli şah – caduguni-
124
məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” dramlarında
Novruz bayramı ilə bağlı məqamların əks olunduğuna da
diqqətimizi yönəldir (2, 41-55).
Ədəbiyyatşünasın da qeyd etdiyi kimi, yazılı ədəbiyya-
tımızda bu bayramın izləri çox aydın şəkildə əksini tapmışdır.
Buna görə, klassiklərimizin ölməz əsərlərindən lazimi nümu-
nələr gətirməklə Novruz mərasiminin klassik
ədəbiyyatımızda öz əksini tapmış bəzi məqamlarını, keçdiyi
keşməkeşli tarix yolunu diqqətdən keçirmək yerinə düşər.
Xaqani Şirvani Novruz bayramının müəyyən adətlərinə
Şirvamşah Mənuçöhr ibn Firiduna, və Şirvanşah Axistana
həsr etdiyi mədhiyyələrində toxunur:
Qoy Novruz özü versin sənə xeyr-dua da,
Ariflər “Amin” desin, əbədi ol dünyada (3, 131).
Novruz Ərza hüsnü var, şah bəxti tək ruh oxşayır,
Halı behişti andırır, falı da “Quran” olsun həm.
Çatmış bahar əyyaminə, şahim səadət naminə,
Novruz tökər mey caminə, yüz il xaqan olsun həm.
(4,
141)
Novruzun şən əhval-ruhiyyəli bayram kimi qeyd
edilməsi Q.Bürhanəddinin şeirlərindən də görünməkdədir:
Novruzdur sənün ilə bir eyş edəm gərək
Ki, dünya əhli görəvü əyad yad ola (5, 35).
Hürufi şairimiz İ.Nəsimi öz qəzəlində Novruzun əsatiri
məzmununa söykənən köhnəliyin təzəliklə əvəz olunmasına
diqqəti yönəldir:
Mövsimi-novruzü neyistan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, aldı üzündən niqab,
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.
125
Köhnə dünya yengi xələt geydi bu mövsümdə uş,
Çöhrəsi dövri bu gün nəqşi-nigar oldu yenə.
Saqiya, cami gətir kim, mən uzatdım tövbəmi,
Köhnə təqvimim mənim bietibar oldu yenə (6, 54).
Burada şair köhnə ilin təzə illə əvəzlənməsinin
doğurduğu Novruz əhval-ruhiyyəsini poetik şəkildə təqdim
edir. Bu qəzəldə daha maraqlı bir məqam şeyxlərin (din
təmsilçilərinin) belə “xoş badəxar olması”, bu bayramın
Nəsiminin dövründə, İslamın və digər dini fəlsəfi təlimlərin
tüğyan etdiyi bir zamanda təmtəraqla qeyd olunduğunu
göstərməklə yanaşı, mərasimin ritual-mifoloji köklərinin
kristal möhkəmliyini bir daha təsdiqləyir.
Dahi şairimiz M.Füzuli isə gündüzlə gecənin bərabər-
ləşdiyi Novruz gecəsini xatırladaraq bu məqamı öz metaforik
təfəkkür süzgəncindən aşağıdakı kimi keçirdib təqdim edir:
Vəslin mənə Novruz gecəsi oldu müyəssər,
Sanki o gecəm gündüz ilə oldu bərabər (7, 139).
Ədəbiyyat tariximizdən nisgilli, kədərli şair kimi tanıdı-
ğımız M.V.Vidadi də Novruz bayramının şən əhval-
ruhiyyəsinə qoşulur və öz “Novruziyyə”sində bunu belə
səciyyələndirir:
Novruzi-bahar oldu, cahan tazətər oldu,
Rəf oldu ələmlər.
Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,
Yandı oda ələmlər....
Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu,
Xoş gəldi bu dəmlər,
Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm,
Sultani-zəmanə?
Bu eydi-mübarəkdə ki dünya xəbər oldu,
Saçıldı dirəmlər (8, 69).
Böyük mütəfəkkirimiz M.F.Axundovun “Aldanmış
kəvakib” povestinin süjet strukturu “Xanbəzəmə” adlı bir
Novruz mərasimini xatırladır. “Xan bəzəmə” mərasimi
Dostları ilə paylaş: |