137
Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir
inanandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi
və s.
Əsərin məzmun və janr xüsusiyyətindən əlavə folklor
motivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın,
obrazın işləndiyi bəzi misralara diqqət yetirək:
“Yol getmək”, “yeddi gün” və “su” anlayışları:
Yedi gün getdilər qızğın çöl boyu,
Qurtardı zavallı Xeyirin suyu.
Sudan yoldaşına vermədi xəbər,
Bir kəlmə dinmədi, danışmadı Şər.
“Göz” anlayışı:
Şər dedi o gövhər ikicə gözdür,
Bu ondan, o bundan daha əzizdir.
Gözünü satmasan bunu yaxşı bil,
Bu sudan içməyin heç mümkün deyil.
“Yarpaq” anlayışı:
Dedi ki, “O yüksək ağacdan varın,
Gedin tez bir neçə yarpaq qoparın.
Suyu çıxanadək əzin yarpağı,
Sürtün yarasına sözümün sağı,
Bu əlac olunsa, xəstənin yenə,
Fər gələr, nur gələr kor gözlərinə.
Yaman olursa da əgər göz dağı,
Şəfadır dediyim ağac yarpağı.
“Xilaskar” anlayışı:
Yolun kənarında bir çeşmə vardı,
Soyuqdu el suyu ordan alardı.
Qız o şirin sudan gəlib doldurdu,
Sonra evlərinə getməyə durdu.
Birdən qulağına gəldi uzaqdan,
Yaralı xəstədən qopan ah-fəğan.
138
Eşidib o yana qız tez yüyürdü,
Gəlib qan içində bir gənci gördü.
Hər şeydən əvvəl hekayətin süjet xətti, təhkiyə tərzi
xalq nağılları, əfsanə və rəvayətləri ilə üzvi vəhdət, daxili
bağlılıq təşkil edir. Əsərdə yol, su və göz obrazları ilk
baxışda şərti anlayışlar təsiri bağışlasa da, əsas obrazların
daxili aləminin açılması, ideyanın oxucuya çatdırılması
baxımından özül rolunu oynayır. Qəhrəmanların yol getməsi,
yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadi-
səylə rastlaşması, yola tədarük görülməsi, səfərə çıxma və
qayıdış, üç yol ayrıcına çatmaq və sair bir çox süjetli folklor
nümunələrinin dramatizmini təmin edənə amillərdəndir və bir
az dolayısıyla ömrün əslində yol, insanın yolçu olmasını,
ömür yolunun hamar olmadığını, keşməkeşlərin, nəticə
çıxarmağa vadar edən çətinliklərin labüdlüyünü diqtə edən
fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssəməsidir,
suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyati
əhəmiyyətindən başqa insan dərdinin və kədərinin tər-
cümanıdır. Təsadüfi deyil ki, folklorda hər üç anlayış
haqqında kifayət qədər deyimlərə və yaxud söyləmələrə rast
gəlirik. Əsərdə əsas surətlərin xarakterinin açılmasında
mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol
oynayır.
“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə
səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri
səndəl ağacının yarpağından hazırlanmış məlhəmin köməyi
ilə sağalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi
ilə. Bu təsviri biz “Hatəmin nağılı” adlı nağılda, “Məlik
Dücar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında
müşahidə edirik. “Hatəmin nağılı”nda İbrahimin atasının
gözləri, “Məlik Dücarın nağılı”nda Məlik Dücarın gözləri,
“Kitabi-Dədə Qorqud” dastanlarında Buğacın yarası
yarpaqlardan və yaxud dağ çiçəklərindən hazırlanmış
məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman
və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və
139
etiqadına, xalq hikmətinə – folklora söykənir. “Koroğlu”
dastanında da Alı kişinin gözlərini ənənəvi olaraq Qoşa-
bulağın suyu, yəni təbii vasitə sağaltmalı idi.
Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlar-
dan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi
gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik
təfəkküründə uğurlu rəqəm statusu qazanmış, bir çox şifahi
ədəbiyyat nümunələrində müxtəlif çalarlarda işlənmişdir.
“Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy
eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı”
ifadələri və sair bu qəbildəndir.
Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dara,
çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir
olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən
göyərçin və yaxud başqa canlılar şəklində təqdim olunur.
Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd
quşu oynayır. “Məlik Dücar” nağılında xilaskar rolunu
göyərçinlər oynayır. “Xeyir və Şər” bu cəhətdən də xalq
nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı –
xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu
kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması
təsadüflə bağlı olur.
Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri
məzmununda ifadə edən parçalar da diqqət çəkəndir.
Yaxşılığa qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi
Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır:
Süfrəndən bu çörək yediyim qədər,
Sənə şükr eyləyə bilsəydim əgər,
Haqqını verməyə yaradan tarı,
Mənə kömək əli verəydi barı.
Ayrılıq gəlsə də çox ağır mənə
İcazə ver, artıq, gedim vətənə.
Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan
sonra insanlıq naminə günahkarın günahını əfv etmək milli
dəyərlər sistemində mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi
140
həmişə təqdir olunmuşdur. Şər aman istədikdə, Xeyir adına
uyğun hərəkəti ilə insanlıq fövqünə yüksəlir:
Nələr bacarırsan, mənə durma et,
Et ancaq özünə, adına nisbət.
Xeyir bu nöqtəni eyləyincə yad,
Tez onu ölümdən eylədi azad.
“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləş-
məsi onların süjet xəttində olan oxşarlıqda və yaxud
paralellikdə özünü göstərir. “Məlik Dücarın nağılı”nda padşah
Məlik Dücarı öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya
aparır. Məlik Dücar susuzluqdan əzab çəkir. Padşah ətrafda
olan yeganə bulağı bir qarıya tapşırır və su istəyənin gözünü
çıxarıb sonra su verilməsini tapşırır. Sonra susuzluqdan ölmək
dərəcəsinə çatan Məlik Dücarı həmin bulağa göndərir. Məlik
Dücar əlacsız qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda
da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır.
Burada da Məlik Dücarın gözləri şəfaverici yarpağın məlhəmi
ilə sağalır.
“Hatəmin nağılı”nda Hatəm atasının gözlərinin
dərmanının qarovulçuları divlər olan bir bağdakı ağacın
yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra
həmin bağı tapıb yarpaqları əldə edir və atasının gözləri
həmin yarpaqların köməyi ilə şəfa tapır.
“Mərd və Namərd” nağılı həm süjet baxımından, həm
də surətlərin xarakterik xüsusiyyətləri baxımından, cüzi
fərqlər nəzərə alınmazsa, “Xeyir və Şər” nağılı ilə paralellik
təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi,
bu oxşar motivlərin əksəriyyəti çox qədim ənənələrlə bağlı
olan ilkin çağların nağılları ilə bağlıdır.
“Xeyir və Şər” nağılı süjetli folklor nümunələrində
olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir
və bu da xalq nağıllarında ənənəvi sonluqla səsləşmənin bir
nümunəsidir.
Dostları ilə paylaş: |