Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   12   13   14   15   16   17   18   19   ...   151

Fransın ingilis dilində külliyyatı, Keln kilsəsinin fotoşəkilləri, hörgülü çay stolu və onun üzərində 
universitetdə heç kimin anlaya bilmədiyi bir qurğu olan samovar, bir də açıqcalarla dolu albom…  
Madelinanın anası metodist kilsəsinə getsə də, boy-buxunlu, ağ saçlı dul hersoginya və Baş küçə sakini 
idi. Moqalisdə tələbələrin jarqonu onu dəhşətə gətirirdi. O, doğma şəhəri, kilsə məclisləri və qadın 
klubunun iclasları üçün darıxırdı. Bu il xanımlar orada pedaqogika məsələləri ilə məşğul olacaqdılar və o, 
universitet həyatı ilə tanış olmaq üçün belə bir imkanı əldən verdiyinə görə təəssüflənirdi. 
İndi artıq öz evi olduğu üçün Madelina qonaqlıq verməyə başlamışdı: axşam saat səkkizdə şokaladlı tortla 
qəhvə, toyuq salatı və pti-je . Madelina bu qonaqlıqlara Martini də dəvət edirdi, amma o, özünün 
ecazkar təcrübələrlə dolu axşamlarına qısqanclıqla yanaşırdı. Madelina onu ilk dəfə yanvar ayında 
tovlayıb böyük yeni il gecəsinə gətirdə bildi. "Elan" oyunu oynadılar; bu oyunun qaydalarına görə, 
tamaşaçılar reklam təsvir olunmuş canlı tabloları şərh etməli idilər; sonra qrammofon musiqisinin 
sədaları altında rəqs edildi və ziyafətə gələnlər necə gəldi yox, çoxlu salfetlərlə bəzədilmiş balaca stollar 
arxasında şam etdilər. 
Martin belə gözəlliyə öyrəşmədiyindən qonaqlığa həvəssiz gəlmişdi, özünü qaşqabaqlı aparırdı, amma 
şam yeməyi və gözəl qadın paltarları ona yaxşı təsir bağışladı. O gördü ki, çox pis rəqs edir; hətta dəbdə 
olan "boston" rəqsini gözəl oynayan məzun-tələbəyə paxıllığı da tutdu. Elə bir güc, elə bir istedad, bilik 
yox idi ki, Martin Erousmit onun həsrətində olmasın. O, var-dövlət hərisi deyildi, əvəzində isə istənilən 
bir qabiliyyətə acgöz tamahkarlıqla can atırdı. 
O, öz iradəsinin ziddinə gedərək başqalarına valeh olurdu, amma bu hiss onun Madelina qarşısında 
məftunluğunun içərisində itib-batırdı. İndiyə kimi Martin qızı ancaq küçədə, həm də ciddi kostyumda 
görmüşdü, indi isə onun qarşısında qədd-qamətli, sarı ipəklər içində üzən "məclis Madelinası" peyda 
olmuşdu. O, şən görünmək üçün qonaqları tələsdirəndə Martinin gözünə nəzakət və təbiilik simvolu kimi 
görünürdü. Nəzakət qaydaları isə mütləq idi, çünki qonaqların arasında doktor Norman Bramfit də vardı. 
Həmin gecə doktor Bramfit orijinallıq və yaramazlıq oyunu oynayırdı. O, özünü elə göstərirdi ki, guya, 
Madelinanın anasını öpmək istəyir, yazıq qadın isə həddindən artıq utanırdı. O, şeytan sözü işlədilən 
olduqca ədəbsiz bir zənci mahnısı oxuyur və bir qrup tələbə qıza izah edirdi ki, Jorj Sandın məhəbbət 
macəralarına onun istedadlı kişilərə göstərdiyi təsirə görə haqq qazandırmaq olar. Tələbə qızların 
sıxıldığını görəndə isə  əməlli-başlı at oynadır və eynəyini parıldadırdı. 
Amma Madelina onun öhdəsindən yaxşıcana gəldi: 
– Doktor Bramfit, siz həddindən artıq savadlısınız və ilaxira və sairə, bəzən ingilis ədəbiyyatı 
mühazirələrində sizdən dəhşətli dərəcədə qorxuram; amma hərdənbir də yaman yaramaz oğlan 
olursunuz. İmkan vermərəm ki, qızlarıma sataşasınız. Durun şərbət gətirməyə kömək edin, sizə yaraşan iş 
elə budur. 
Martin qıza pərəstiş etmək, kiçik mətbəxdə onunla ikilikdə qalmaq imkanı əldə etdiyinə görə Bramfitə 
nifrət edirdi. Madelina! Yalnız o, Martini başa düşür! Burada isə hər kəs ona can atırdı; doktor Bramfit 
onun üstünə, az qala, evlənməyə işarə ola biləcək sözlər yağdırır, qız isə almaz kimi şəfəq saçırdı; yox,  
Martin, qıza sahib çıxmağa borclu idi... 


Süfrəni bəzəmək üçün kömək edən Martin fürsət tapan kimi inilti dolu səslə dedi: 
– Aman Allah, siz o qədər füsunkarsınız ki! 
– Məni qəşəng hesab etdiyinizə görə çox şadam.  
O, yer üzünün ən gözəl qızılgülü Martinə iltifat göstərirdi! 
– Sabah axşam sizə gəlmək olarmı? 
– Mmmm…bilmirəm, mən… Hə, etiraz etmirəm. 
 

 
 "Qəhrəman" adlandırılması mümkün olmayan, özünü həqiqət axtarıcısı hesab edən, amma bütün həyatı 
boyu həm ilişən, həm büdrəyən, həm də hər bataqlıqda batıb qalan gənc bir adamın bioqrafiyasına 
baxdıqda deyə bilmərik ki, Martinin Madelina Foksa münasibəti təmiz idi. Düzdü, o donjuan deyildi, 
illərlə əməkhaqqı gözləməli olacaq zavallı bir tibb fakültəsi tələbəsi idi. Aydındır ki, Martin evlənmək 
təklif etməyə hazırlaşmırdı. O, bir çox eyni hala düşmüş zavallı və ehtiraslı gənc adamlar kimi, sadəcə, 
qopardılması mümkün olan şeyləri istəyirdi.  
Madelinanın mənzilinə can atanda Martin macəra gözləyirdi. O, xəyalında qızın necə yumşaldığını təsvir 
edir, onun əllərinin  yanaqları boyu necə sürüşdüyünü hiss edirdi. Özünü qınayırdı: "Özünü axmaq yerinə 
qoyma! Bəlkə də, heç nə yoxdur. Boşla görək, özünü həyəcanlandırma, sonra ümidin boşa çıxar. O, yəqin 
ki, ötən axşam yol verdiyin hansısa diqqətsizliyə görə səni məzəmmət etmək istəyir. Ola bilsin, 
yuxuludur, dəvət etdiyi üçün heyifslənəcək. Vəssalam!".  Amma özü, bir anlıq olsa belə, düşündüklərinə 
inanmırdı. 
Zəngi çaldı, qapını açdılar, o, qızın əlindən tutmaq arzusu ilə alışıb-yanaraq onun ardınca yaraşıqsız 
dəhlizdən keçib irəli addımladı. İşığa bürünmüş qonaq otağına daxil oldu və Madelinanın anasını gördü – 
piramida kimi yenilməz, günəşsiz qış kimi soyuq qadını…  
Yəqin ki, o çıxıb getmək və Martini döyüş meydanında tək qoymaq lazım gəldiyini anlayacaqdı.  
Amma qadın getmədi. 
Morqalisdə qonaq gəlmiş gənc adam orada saat ondan sonra qala bilməzdi, amma Martin saat səkkizdən 
on ikiyə on beş dəqiqə qalmışa qədər missis Foksla mübarizə apardı; qadınla iki dildə danışdı: gah 
mənasız şeylər haqqında ucadan söhbət saldı, gah da səssiz, amma qəzəbli formada protest bildirdi… O 
zaman ki Madelina… Madelina orada idi, onun yanında əyləşmişdi və çox gözəl görünürdü. Amma missis 
Foks yenilmir, Martinin danışdığı həmin səssiz dildə də qonağa cavab verirdi; və beləcə, onların yorucu 
mübahisəsindən otaqda əməlli-başlı boğanaq əmələ gəlmişdi; halbuki bu iki adam başqa bir şey deyil, 
hava haqqında, universitet və Zenitlə tramvay rabitəsi barədə danışırdılar.   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə