Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə127/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   123   124   125   126   127   128   129   130   ...   151

Hərdənbir döngələrdən əyri ağızlı maskaya bənzəyən qorxmuş sifətlər boylanırdı və çamadanlarla, 
yeşiklərlə yüklənmiş yorulmuş karvan otelə yaxınlaşdığı, küçə qapısının ağzında dayandığı vaxt dombagöz 
otel sahibəsi onları içəri buraxmamışdan əvvəl pəncərədən baxdı. 
İçəri girərkən küçə fənərinin işığı altında Martin həyatın ilk əlamətlərini gördü: ağlayan qadın və onlarla 
tərpənməz cəsəd yüklənmiş arabanı ötürən karıxmış uşaq. 
– Mən onları öz faqım ilə xilas edə bilərdim, – Martin pıçıldadı. 
Onun alnı buz kimi idi, amma tərdən yapışqana dönmüşdü. Martin mehmanxana sahibəsi ilə otaqlar və 
stolla bağlı söhbət etdiyi vaxt Allaha yalvarırdı ki, Leora asta-asta cırıldayan arabadakı meyit tayasını 
görməsin. 
"Əgər belə bilsəydim, onun bura gəlməsinə imkan verməkdənsə, öz əlimlə boğardım" – o titrəyə-titrəyə 
düşündü.  
Mehmanxana sahibəsi üzrxahlıq etdi: 
– Sizdən, centlmenlər, öz əşyalarınızı yuxarı aparmağı xahiş etməli olacağam. Bizim xidmətçilərimiz…. 
Onlar artıq burada yoxdurlar. 
Martinin boş bir özündənazılıq hissi ilə Nyu-Yorkdan aldığı bambuk əl ağacını hansı tale haqlamışdı, o heç 
vaxt bilmədi. Ümumiyyətlə, onun başında yalnız faqla dolu yeşiklərin necə qorunması ilə bağlı fikir 
dolaşırdı: "Aman Allah! Erousmit, o qədər şadam ki, siz buradasınız" – və çaparaq  uzaqlaşıb getdi… 
Liman polislərindən biri, ingilis-antil jarqonunda, ingilis şivəsi ilə danışan zənci dedi: 
– Ser, mənə qarşı daha əmr varınız? İcazə versəniz, biz getmək evə, cənab, visti stola – doktor Stoks dedi 
gətir, mənə gətirdik. 
Martin o adama key-key baxırdı. Sandelius onun əvəzinə cavab verdi:  
– Təşəkkür edirəm, uşaqlar, təşəkkür edirəm. Bu da sizin funtunuz, bölüşərsiniz. İndi isə gedin, yatmaq 
vaxtıdır. 
Onlar təzim edib yoxa çıxdılar. 
Sandelius yarım saata yaxın bacardığı qədər təzə gələnlərin kefini açmağa çalışdı…  
Martin və Leora yaşıla və qırmızıya boyanmış isti və gözqamaşdıran səhəri qarşılayaraq yuxudan 
oyandılar… Amma şəhər ölümcül halda sakit idi... Oyandılar və başa düşdülər ki, ətrafları yad, hələ 
tanımadıqları torpaqlardır, qarşıda isə onları elə bir iş gözləyir ki, bu iş uzaq Nyu-Yorkdan daha maraqlı 
və sevincli görünürdü. İndi isə meyitxana qoxusu verir. 
 



 
Zənci qadın səhər yeməyinə bənzər bir şey gətirdi və içəri girməmişdən əvvəl astanadan qorxa-qorxa 
onları süzdü. 
Sandelius alşıb-yanan ipək xalatında qonşu otaqdan çıxaraq içəri soxuldu. Bu yaxınlarda o, Martinin 
gözünə beli bükülmüş və eynəkli qoca kimi görünmüşdüsə, indi çox cavan və gümrah təsir bağışlayırdı. 
– Ey, Cılız, əməlli-başlı işləmək lazım gələcək! Mənə ancaq imkan yarat ki, siçovullara girişə bilim! İnçkep 
elə bilir onlara strixnin vasitəsilə qalib gələcək! Axmaq adam! Leora, siz Martindən boşandıqdan sonra 
mənə ərə gələrsiniz, hə? Həəəə… Bu gecə çox yaxşı yatmışam! 
Bir gün əvvəl Martin çətinliklə otağa nəzər sala bilmişdi. Amma indi otağın əcaib-qəraib görünüşü onu 
əyləndirirdi: açıq mavi rəngə boyanmış hündür taxta ləvazimatlar – enli, açıq pəncərə, həyətdə isə 
amansız bürkü və gur palma yarpaqlarının metallik xışıltısı. 
Həyətin hasarının üstündən hündürmərtəbəli çin mağazasının eyvanı və "Mavi Bazar"ın şüşə damı 
görünürdü. 
Martin hiss etdi ki, bu ekzotik aləmdən səs-küy ucalmalıdır, amma ətrafı narazı bir sükut bürümüşdü, 
hətta Sandeluis da səsini kəsmişdi, halbuki, bu insan heç zaman kiçik bir ləzzətdən belə özünü məhrum 
etməzdi. O, yükü boşaltmaq üçün öz otağına getdi, son dəfə Şərqi Afrikada işinə yarayan çesunça 
kostyumu geyindi və Martin üçün gizlicə aldığı probkalı papağı götürərək geri qayıtdı.  
Kətan pencəkdə, göbələyə bənzər probkalı papaqda Martin öz pırtlaşıq şimal otlaqlarından daha çox 
tropik aləmə məxsus idi. Amma o şəkil dəyişmənin sevincini axıra qədər dadmamışdı ki, adanın baş 
həkimi – arıq, qırmızıyanaq, əldən düşmüş, hövsələsiz R.E.İnçkep Cons otağa daxil oldu. 
– Əlbəttə, burada hər kəs sizi qarşılamağa məmnundur, centlmenlər, amma bu məsələyə başımız elə 
qarışıb ki, yəqin, gözlədiyiniz diqqəti görə bilməyəcəksiniz, – o, narazılıq dolu səslə dedi. 
Martin cavab axtarırdı. Amma onun yerinə Sandelius sözə başladı. "Harl-strit"də məşhur mütəxəssis 
olan, əslində isə mövcud olmayan xalaoğlusu haqqında danışdı, izah etdi ki, artıq heç bir şey lazım deyil. 
Martin üçün laboratoriya versinlər, ona isə siçovulları məhv etmək üçün şərait yaratsınlar. Qustav 
Sandelius bəzi ölkələrdə onları xilas etmək üçün icazə versinlər deyə, prokonsulların qılığına girməyə, 
bütpərəstləri yola gətirməyə nail olmuşdu! 
Sandeliusun məharətli əllərində baş həkim yavaş-yavaş adama oxşamağa başladı. O, Leoraya elə baxırdı 
ki, sanki, bu dəqiqə onun qəşəng olduğunu söyləyəcəkdi. Sonra Sondeliusa dedi ki, etiraz etmir, qoy belə 
olsun, öz siçovullarını təhvil verəcək, qoy indi də Sandelius onlarla əlləşsin. Bir sözlə, nahardan sonra 
yenə gələcək və Komissiyanı onun üçün hazırlanmış evə aparacaqdı – təhlükəsiz, rahat guşədə, 
Bleukotorun o tərəfində, dağların arasında yerləşən Pentrit Daxmasına. "Güman edirəm ki, missis 
Erousmit (bu məqamda o nəzakətlə təzim etdi) oranın çox gözəl bunqalo olduğuna əmin olacaq. Bundan 
başqa, orada üç nəfər də olduqca yaxşı qulluqçu var. Eşikağası zənci olsa da, bir vaxtlar orduda aşpaz 
kimi çalışıb". 


İnçkep Cons təzəcə getmişdi ki, qapını döyəcləməyə başladılar və otağa Martinin Uinnemakda tələbə 
yoldaşı olmuş, tibb doktoru, müqəddəs Ayra Xankli girdi. 
Martin bir zamanlar cəsədlər üzərində iş prosesinin şirin saatlarını zəhərləyərək onun ruhunu xilas 
etməyə çalışan azad xristianı – Ayranı unutmuşdu. İndi də onu çətinliklə xatırladı. Yekəpər və ağır çəkili 
Ayra otağa daxil olanda, ağılsız gözləri hədəqəsindən çıxmışdı, səsi isə tutqun idi:  
– Mart, dostum, salam, bu mənəm, Ayra! Mən  burada Yevangelist Maarifçiləri İttifaqının bütün balaca 
kilsələrinə nəzarət edirəm. Ah, Mart, bilsəydin ki, yerlilər necə mürtəddirlər, necə yalan danışır, necə 
ədəbsiz mahnılar oxuyurlar, özləri də hər cür əxlaqsızlığa gedirlər!  Anqlikan kilsəsi isə bu adamların 
günah içində batıb qalmasına icazə verir! Bizdən başqa onları kimsə xilas etməyəcək! Sənin gələcəyini 
eşitdim. Onu da deyim ki, burada az əmək qoymamışam. İndi də kasıb, taunla çarpışan zəncilərə qulluq 
edirəm, onlara ətrafı bürüyən cəhənnəm alovu haqqında danışıram. Ah, Mart, sən bilsəydin! Cahil 
insanların tövbə etmədən əbədi işgəncəyə yollandıqlarını gördükdə ürəyim qan ağlayır. Mən bilirəm, bu 
neçə ildən sonra sən əvvəlki kimi allahsız ola bilməzsən. Mən əllərimi sənə doğru uzadıb yanına gəlirəm, 
əzab çəkənlərin təkcə cismani əzablarını yüngülləşdirməyini deyil, ruhlarını od tutub yanan kükürd 
göllərindən xilas etməyini istəyirəm. Yalvarıram, kömək elə… Allah özü hər kəs üçün göndərdiyi "İncil"i 
söyənləri o gölə atır… 
Və yenə də yalnız Sandelius Ayra Xinklini xətrinə dəymədən yola sala bildi, Martin isə yalnız yerə 
tüpürməklə kifayətləndi: 
– Maraqlıdır, bura gəlmək bu manyakın haradan ağlına gəlib?! Vəziyyət saatbasaat çətinləşir! 
İnçkep Cons qayıdana kimi komissiya şəhərə ilk səyahətinə yollandı… Elmi komissiya əvvəlki tərkibdə idi: 
heç vaxt yorulmaq bilməyən Qustav, şübhələr içində əzab çəkən Martin və səmimi Leora. 
Şəhərdə yerli sakinlərə izah edildi ki, ağ ciyər taunundan fərqli olaraq, bubon taunu zamanı parazit 
yoxdursa, xəstələnmiş adamla inkubasiya dövrü  təmas heç bir təhlükə yaratmır. Amma insanlar buna 
inanmırdılar. Onlar bir-birlərindən qorxurdular,  yad adamlardan isə daha çox ehtiyatlanırdılar.   
Komissiya qorxudan tərk edilmiş küçələrlə addımlayırdı. Binaların pəncərələrinin taxtaları ağarırdı. 
Hərəkət etmək üçün yeganə vasitə içindən ürkmüş bələdçinin boylandığı boş tramvay idi, bələdçi isə 
onları görən kimi sürəti artırdı ki, atılıb minə bilməsinlər. Ərzaq mağazaları və apteklər açıq idi, amma 
onların qaranlıq dərinliyindən qorxu içində boylanan satıcılar baxırdılar. Komissiya balıq dükanına 
yaxınlaşdıqda isə oradakı yeganə alıcı kənara sıçradı və qaçmağa başladı. 
Bir dəfə də hansısa qadın – kim olduğu sonra da aydınlaşmadı – fəryad edə-edə onların yanından keçib 
getdi: "Mənim oğlum… Mənim balacam…" 
Bazara tərəf yollandılar: dəmir tavan altında bazarı tikdirmiş Palata üzvlərinin iddialı adları ilə bəzədilmiş 
yüzlərlə piştaxtalar uzanırdı. O, şən alıcılarla və satıcılarla qaynaşmalı idi, amma bəzək-düzəkli piştaxtalar 
boş qalmışdı. Sadəcə, hansısa bir zənci qadın öz süpürgələrini piştaxtanın üstünə düzməyə cəsarət 
etmişdi, bozumtul cır-cındır içində bir hindu isə var-dövlətinin – tərəvəz qalağının qarşısında çöməlib 
oturmuşdu.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə