deyəsən, aedesin… sarı qızdırma daşıdığını yadında saxlaya bilmədiyinə görə ona necə hirsləndiyini
xatırladı… və qaranlıqda öz-özünə güldü.
Sonra yadına düşdü ki, Martin ona daha bir faq inyeksiyası vurmağı bərk-bərk tapşırıb.
"Lənət şeytana, yenə də yaddan çıxartdım. Yaxşı, sabah mütləq edərəm".
"Sabah edərəm… Sabah edərəm…" – o, Martinin qolları arasında gizlənməyi necə arzuladığını başa
düşərək yavaş-yavaş yuxuya getdi, bu sözlər isə həmin an beynində zəhlətökən nəqarət kimi uğuldayırdı.
Səhəri gün (o, yenə də özünə iynə vurmağı yaddan çıxartdı) qulluqçular və eşikağası adi vaxtlarda
olduqlarından daha əsəbi görünürdülər. Leora onları sorğu-suala tutmaqla sakitləşdirməyə çalışdı və
öyrəndi ki, Oliver Marçend – onların hamısının ümid bağladığı həkim ölüb.
Günün günorta çağı eşikağası eşitdi ki, bacısını izolyatora götürüblər və bacısı uşaqlarını yerbəyer etmək
üçün Blekuoterə yola düşdü. …Geri qayıtmadı. Heç kim onun başına nə gəldiyini bilmədi.
Axşama tərəf ətrafında gərginliyin daha da artdığını hiss edən Leora Martinin laboratoriyasına yollandı.
Ona elə gəlirdi ki, bu otaq Martinin inadcıl, coşqun ruhunu qoruyub saxlayır. Leora taun mikrobları olan
kolbalardan uzaqda oturdu, sonra stolun üsütündəki axıra qədər çəkilib qurtarmamış papirosu götürdü –
Martinin papirosunu – və yandırdı.
Onun dodağında kiçik bir çat var idi və bilmirdi ki, bu səhər öz pinti əli ilə tozu silən qulluqçu (burada,
laboratoriyada, xəstəlik əleyhinə istinadgahda) kolbanı aşırıb və maye yerə tökülüb. Papiros quru
görünsə də, üzərində böyük bir qoşunu öldürməyə yetən taun mikrobu vardı.
İki gün sonra Leoraya dəhşətli bir tənhalıq hissi hakim kəsilmişdi, o, avtomobil tapmaq və Martinin
yanına qaçmaq üçün piyada Blekuoterə getmək istəyirdi. Sonra gecənin bir yarısısındı qızdırma, başağrısı
içərisində, ayaqları və əlləri buza dönmüş halda yuxudan ayıldı. Səhəri gün qulluqçular onu görəndə baş
götürüb evdən qaçdılar. Beləliklə, zəifliyin hakim kəsildiyi Leora evdə kimsəsiz, telefonsuz və tənha
qaldı.
Bütün günü, uzun gecəni susuzluqdan qurumuş dodaqları ilə kömək istədi; həsrət çəkə-çəkə yatağında
tənha uzandı. Bir dəfə su dalınca mətbəxə yollandı. Yataq otağının döşəməsi, sanki, dalğalanan dəniz idi,
zülmət içində qıvrılırdı… O, mətbəxin astanasında bu dalğalanmaya davam gətirməyib yıxıldı, bir saat
hıçqıraraq sakitcə üzüqoylu qaldı.
"Lazımdır… lazımdır… xatırlamıram nə" – onun səsi dumanlanmış beynində əks-səda verirdi.
Leora ağrı içərisində və ağrıya qalib gələrək ayağa qalxdı, qulluqçulardan birinin qaçanda yaddan
çıxardığı köhnə paltoya büründü və qaranlıqda səndələyərək kömək axtarmaq üçün evdən çıxdı. Əsas
yola çatanda yenə yıxıldı, yaralı heyvan kimi hasarın altında tərpənməz qaldı. Ağzı üstə sürünərək güclə
yenidən geri, evə qayıtdı və şüuru dumanlanana qədər Martinin xiffəti içərisində ağrını yaddan çıxardı.
Özünü itirmiş, tənha Leora Martinin mehriban qollarına sığınmadan uzaq səfərə yola düşməyə cəsarət
etmirdi. Hər çıqqıltıya diqqət kəsilərək gözləyirdi… Əldən düşənə qədər diqqət kəsilərək...
"Sən gələcəksən! Bilirəm ki, gələcəksən, mənə kömək edəcəksən! Sən gələcəksən! Martin! Kürən!" – o
hönkürürdü.
Sonra qıc oldu və bu, onun əl-ayağını bağladı. Artıq ağrı yox idi, qaranlıq ev başdan-başa sakitləşmişdi.
Bu sakitlik içində yalnız onun xırıltısı və çətinliklə gələn nəfəsi eşidilirdi.
5
Sandelius kimi Coys Lenion da hamıya faq vurmaq üçün Martini razı salmağa çalışırdı.
– Yox, siz nə qədər məni sıxışdırsanız da, soyuqqanlı və sərt olacağam. Mən Qotlibin sədaqətli əsgəriyəm.
Heç nə məni xəyanət etməyə vadar edə bilməz. Hətta daşqalaq edəcəyinizlə hədə-qorxu gəlsəniz belə,
mümkün deyil, – Martin özünü öydü.
O, Coysa Leora haqqında danışırdı.
– Bilmirəm, bir-birinizin xoşunuza gələcəksinizmi? Həddindən artıq fərqlisiniz. Siz dəhşətli dərəcədə
dürüstsünüz. Hər zaman haqqında danışdığınız "yüksək cəmiyyət"i sevirsiniz. Leoranın isə o cəmiyyət heç
vecinə də deyil. O, kənarda qalmağı xoşlayır. Ooooo, heç nə onun gözündən yayınmaz, amma çox
danışmağı sevmir. Mən heç kimdə onunkuna bənzər bir həssaslıq görməmişəm – qeyri-səmimiliyi
instinktlə duyur. Ümid edirəm ki, bir-birinizi qiymətləndirəcəksiniz. Onu bura gətirməkdən qorxmuşdum,
amma indi Penritə gedirəm. Elə bu gün onu gətirəcəyəm.
Martin Tviforddan maşın götürdü, çox gözəl əhval-ruhiyyədə Blekuoterə, oradan da Penritə yollandı.
Taun taundur, amma axşamlar darıxmayacaqdılar. Tvifordun oğlanlarından biri elə də lovğa deyildi, o,
Coys və Martin, bir də Leora – birlikdə qayalar arasında nahar etmək üçün laquna gedəcəklər və birlikdə
mahnı oxuyacaqlar…
Martin bunqaloya çatdı və qışqırdı:
– Li! Leora! Çıx! Gedirik!
Qaçıb yuxarı çıxdığı vaxt aynabənd yarpaqlarla və tozla örtülmüşdü, giriş qapısını isə külək oynadırdı.
Əks-səda onun səsini sakitlik içərisində gurultu ilə ümidsiz ahəngdə əks etdirirdi. Martin özünü itirdi. Evə
tərəf atıldı, yemək otağında heç kimi tapmadı, mətbəxdə də heç kəs yox idi, yataq otağına tələsdi.
Çarpayıda, mığmığalara qarşı qurulmuş torun üstündə Leoranın bədəni uzana qalmışdı – həddindən artıq
zəif, həddindən artıq sakit... Leoranı səslədi, onun çiynindən tutub silkələdi, dayandı və ağladı.
Onu sevdiyinə və burada elə onun öz təhlükəsizliyi üçün qoyduğuna inandırmağa çalışaraq Martin divanə
bir səslə danışırdı…
Mətbəxdə rom var idi, özünə bir neçə stəkan rom süzməyə getdi. Rom təsir göstərmədi.
Axşama yaxın hündür, küləkli və üzü dənizə olan bağçaya çıxdı. Çala qazdı. Leoranın yüngül, soyumuş
bədənini qaldırdı, öpdü və çalaya endirdi. Bütün gecəni veyil-veyil dolaşdı. Evə qayıdanda və Leoranın
yumşaq bədəninin cizgilərini qoruyub saxlayan paltarlarını görəndə onu dəhşət bürüdü.
O, özündən çıxdı.
Penrit Komasını tərk etdi, Tvifordları atıb getdi və baş həkimin kabinetinin arxasında olan otağa çəkildi.
Orada Martinin çarpayısının yanında hər zaman içki şüşəsi olurdu.
Ölüm ilk dəfə idi ki, qapısını döymüşdü, ona görə də Martin özündən çıxmışdı: "Ah, cəhənnəm olsun
sınaqlar!" – Stoksun ümidsizliyinə rəğmən faq istəyən hər kəsə onu vurmağa başladı.
Yalnız Sent-Svitendə – təcrübə uğurla başladığı yerdə – vicdanı onu faqı hər kəsə vurmaqdan saxlaya
bildi, amma təcrübəni davam etdirməyi Stoksa həvalə etdi.
Stoks Martinin özündə olmadığını görürdü, amma yalnız bircə dəfə onu tərk edilmiş işinə qaytarmağa
cəhd göstərdi… cavabında bu sözü eşitdi: "Sizin elminizdən mənə nə?"
Stoksun özü Tvifordla birlikdə təcrübəni davam etdirməli oldu və Martinin aparmalı olduğu qeydləri
yazmağa başladı. Axşam, sübh tezdən on dörd, on beş saat işlədikdən sonra, Stoks motasikllə Sent-
Svitenə gəlirdi. Onun bu ləyaqətsiz silkələnmədən zəhləsi gedirdi, heç dolambac dağ yolları ilə saatda
altmış mil sürətlə getməyi də təhlükəsiz saymırdı, amma bu, vaxta qənaət edirdi. Gecəyarısına qədər
Stoks Tvifordla məsləhətləşir, ona səhəri günlə bağlı göstərişlər verir, bacarıqsız aparıldığı qeydləri
səliqəyə salır və bütün bu müddət ərzində qaş-qabaqlı mülayimliyinə mat qalırdı.
Bununla belə, Blekuoterdə baş həkimin kabinetində Martin səhərdən axşama kimi sotq görünməyən
növbəyə dayanan qorxuya düşmüş vətəndaşlara peyvənd edirdi. Stoks ondan bu işi, heç olmasa, başqa
həkimə həvalə etməyi və Sent-Svitinə bir balaca diqqət ayırmağı xahiş edirdi, amma Martin özünün
keçmiş qürurunu ayaq altda tapdalayaraq və öz işinin pozulmasına yardım edərək acı bir məmnunluq
hiss edirdi.
O, assistenti əvəz edən tibb bacısı ilə birlikdə boş kabinetin ortasında dayanırdı. İnsanlar – ağlar, zəncilər,
hindular – çiyin-çiyinə qarışıq bir növbədə dayanmışdılar. Özü də bütöv bir məhəllə boyunca… Hər sırada
on adam, sanki, edamdan əvvəl səssizcə dayanıblarmış kimi susurdular. Onlar tibb bacısına yaxınlaşır və
həyəcanlı halda əllərini uzadırdılar. O, isə pasienti yanında dayanmış Martinə ötürməmişdən əvvəl yaxşı-
yaxşı sabunlayır, su ilə yuyur və spirtləyirdi. Martin kəskin hərəkətlə dirsəkdən yuxarı dərini tutur, iynəni
sancır, onlar dartındıqda isə ayrı-ayrı sifətləri bir-birindən seçmədən söyüş söyürdü. Çıxıb gedərkən
minnətdarlıqla kəkələyirdilər: "Allah sizdən razı olsun, doktor!" Amma o, eşitmirdi.
Bəzən bu prosesdə Stoks da iştirak edir və qayğılı halda diqqətlə Martinə baxırdı. Faqın dəyərinin
yoxlanılması üçün öz məhəllələrində nəzarət altında oturmalı olan Sent-Svitenli əməkçilərini növbədə
görəndə isə xüsusilə əsəbiləşirdi. Bəzən sevincək, qaqqıldayaraq və öz köməyini təklif edərək cənab
Robert Ferlemb də gəlirdi. Ledi Ferlemb hamıdan əvvəl peyvənd aldı, onun dalınca isə bitib-tükənməyən
alqışlar söyləyən, cır-cındır içində olan qabyuyan qadın...
Dostları ilə paylaş: |