Martin tez-tez gecədən xeyli keçmiş xəstələrinin yanına qayıdırdı, amma iki dəfə missis
Lenionla birlikdə
aradan çıxa bilmişdi. Buna səbəb təkcə istidə alışıb–yanan xəstələr haqqında düşünməkdən qaçmaq
istəyi deyildi. Onlar həm də Tvifordların bezikdirici ev qayda-qanunlarından uzaqlaşmağa çalışırdılar. Üz
tutduqları məkan isə daşlı sahildə özünə yer eləmiş balaca gölməçə idi.
Ləpədöyənin rahatladıcı uğultusu altında, sıldırım qayanın üstündə oturmuşdular. Martinin beynində
əlillər evinin ağardılmış divarları və diaqrammlar alışıb-yanır, gözləri önündə divarlardakı çatlar gün işığı
kimi parlayır, tauna tutulmuş zəncilərin şişmiş, dəhşət dolu sifətləri ora-bura yırğalanırdı. Tvifordun
oğlanlarından birinin faqla dolu ampulanı necə basıb əzdiyi və palatada necə dözülməz isti olduğu yadına
düşürdü. Amma bu əsəbi gərginlikdə laqundan əsən külək və ləpədöyənin
uğultusu onlara sərinlik
gətirirdi. Martin missis Lenionun ağ paltarının onun dizinin ətrafına çırpıldığını görüncə başa düşürdü ki,
elə o da gərginlikdən yorulub. Martin qaşqabaqlı halda ona tərəf çöndü və Lenion danışmağa başladı:
– Mən elə qorxmuşam, elə tənhayam ki... Tvifordlar özlərini qəhrəman kimi aparırlar, amma
daşürəklidirlər. Özümü elə qəribə hiss edirəm ki, sanki, kimsəsiz bir adaya atılmışam.
Martin onu öpdü və qadının çiyninə tərəf əyildi. Lenionun paltarının qolunun yumşaq ipəyi Martini
həyəcanlandırdı. Amma birdən Lenion kənara dartındı:
– Yox! Axı sizin üçün heç bir əhəmiyyət daşımıram. Sizdə sadə bir maraq oyanıb.
Ola bilsin ki, bu mənim
üçün yaxşıdır… Amma bu günlük...
Martin onu da, özünü də inandırmağa çalışdı ki, Lenion həddindən artıq çox məna daşıyır, amma
yorğunluq əl-ayağını bağlayırdı. Martinlə bu qadının cazibəsi arasında xəstəxana çarpayıları və böyük bir
yorğunluq, bir də Leoranın sakit siması dayanmışdı. Hər ikisi susurdu, o, qadının əllərini ovucları arasında
gizlətdiyi vaxt yanaşı oturmuşdular. Həyəcandan uzaq idilər və bir-birlərini anlayırdılar. Bu an nədən
istəyirsən sərbəst danışa bilərdilər.
… Martin qadının otağının astanasında dayanmışdı, onlar evə yollananda Martin qapının arxasında
qadının necə yumşaq hərəkət edəcəyini təsəvvüründə canlandırırdı.
"Yox, – özünə hirslənirdi, – Bacarmıram. Coys… onun kimi qadınlar… Bu, mənim işimin və Linin xətrinə
imtina etdiklərimin milyondabiridir. Vəssalam. Amma burada iki həftə yaşayaramsa… Səfeh. Bircə qapını
döymək xəyalına düş, oho, gör necə hirslənir! Amma, hər halda…"
O, Coysun qapısının altından uzanan işıq selini görürdü. Arxasını qapıya çevirdikdə və asta-asta öz
otağına yollandıqda belə, bu sel gözlərinin qarşısından getmirdi…
3
Sent-Hubertdə telefonlar çox pis işləyirdi. Penrit Komasında isə telefon yox idi. Liman
həkimi öz
zamanında bundan məyus olmazdı, çünki adətən onu qonşuya zəng edərək xəstə yanına çağırırdılar. İndi
isə, taun yayılandan bəri Mərkəzi stansiya tamamilə pozulmuşdu və Martin iki saatını boş-boşuna
keçirdikdən sonra, Leora ilə telefonla əlaqə saxlamaq fikrindən əl çəkdi.
Amma məyus deyildi, çünki üç-dörd gündən sonra Penritə gedəcəkdi. Martin Leoranın bura gəlməsi ilə
bağlı Tviforda işarə vuranda, o, laqeyd halda razılıq vermişdi. Leora ilə Coys Lenion dostlaşarsa, Coys
daha tənhalıqdan xilas yolunu Martində axtarmayacaqdı. Nə olar… o, buna razıdır, bunu arzulayır…
demək olar ki, arzulayır…
4
Penrit dağlarının
yüksəkliyində, ağacların alaqaranlıq kölgəsi altındakı Komada Leora Martinin yoxluğunu
daha çox hiss edirdi. İlk dəfə onunla Zenitdə rastlaşdıqdan bəri (o vaxt Leora xəstəxana palatasının
döşəməsini yuyurdu) o qədər nadir hallarda ayrı düşürdülər ki…
Günlər bitib-tükənmək bilmirdi, cırıltı eşidən kimi Leora Martinin gəldiyi ümidi ilə ayağa qalxırdı… Onun
darıxdırıcı axşam və qorxulu gecə boyunca qayıtmayacağı, burada – yanında olmayacağı, səsinin,
əllərinin toxunuşunu daha duymayacağı fikri qadını əldən salırdı.
…Nahar çox qəmgin keçdi. O, adətən Martin institutda işlədiyi vaxtlarda tək yemək məcburiyyətində
qalırdı, amma
o vaxt bilirdi ki, səhər açılan kimi Martin yanına qayıdacaq – mütləq qayıdacaq. Dalğın
halda mətbəx stolunun arxasında əyləşərək nəsə yeyir və axşam qəzetində "Yumor səhifəsi"nə göz
gəzdirirdi. Bu gün o, sanki, iyirmi qonağa qulluq göstərirmiş kimi qarşısında ora-bura qaçan eşikağasına
baxıb gərnəşə-gərnəşə qalmışdı. Çox darıxdırıcı gün idi…
Leora gözlərini çəkmədən Blekuotorun aşağıda qaralan damlarına tamaşa edə-edə eyvanda əyləşmiş və
isti qaranlıqda "üfunətin" necə ona tərəf sürünərək gəldiyini aydın şəkildə hiss edirdi.
O, Sent-Svitin hansı istiqamətdə uzandığını bilirdi. Bu şəhər palma daxmalarından gələn və dağın döşü ilə
sürünən həmin o qorxaq sayrışmaların arxasında yerləşirdi. Leora diqqətini onlara cəmlədi, düşündü ki,
görəsən, hansısa möcüzə nəticəsində Martindən bir işarə almaq olarmı. Amma onun da Leoraya tərəfə
baxdığı təəssüratı yaranmadı ki, yaranmadı. Leora artırmada uzun müddət sakitcə oturdu… Görüləcək
heç bir işi yox idi.
Gecə də yata bilmədi. Çarpayıda, mığmığalara görə vurulmuş tordan içəri sızan lampa işığında
oxumağa
çalışdı, bacarmadı. Deyəsən, torda deşik var imiş, mığmığalar oradan içəri girirdilər. Leora işığı
söndürərək tərpənmədən uzandı, amma yenə də özünü yatmağa vadar edə bilmədi, çünki
təhlükəsizlikdə olmadığını duyurdu. Ona elə gəlirdi ki, komanın döşəmə taxtası
yavaş-yavaş bir-birindən
aralanır… Sonra mığmığaların taun mikroblarını daşıyıb-daşımadığını xatırlamağa çalışdı. Aydın şəkildə
hiss edirdi ki, hətta bu cür xırda məsələlərdə də Martindən asılıdır. Öz dünyagörüşü haqqında isə heç
danışmağa da dəyməzdi. Birdən Martinin hansı ağcaqanadın – anolefesin , yoxsa steqomiyanın, ya da