Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   78   79   80   81   82   83   84   85   ...   151

– İş orasındadır ki, böyük ehtimalla mən bizim seçki dairəsinin nümayəndəsi kimi Vaşinqtona konqresə 
gedəsi olacağam. 
– Doğrudan? 
– Hə, mənim balam, deyəsən, yerli sakinlərin beyninə salmağa çalışdığım o həqiqəti indi bütün millətə 
çatdırmalı olacağam.  
Martin kifayət qədər yaxşı bir "təbrik edirəm sizi" söylədi. O elə təəccüblənmişdi ki, təbriki çox alovlu 
səsləndi. Martin hələ də konqress üzvlərinin ağıllı və mühüm adamlar olması ilə bağlı köhnə inamının bir 
parçasını beynində qoruyub saxlayırdı.  
– İndicə Respublikaçılar Partiyasının bizim dairədən olan bir neçə görkəmli nümayəndəsi ilə yığıncaqda 
idim. Mənim üçün bu, tam gözlənilməz oldu. Ha-ha-ha! Ola bilsin, ona görə mənim üzərimdə dayanıblar 
ki, bu il namizədliyini irəli sürmək üçün layiqli adamları yoxdur? Ha-ha-ha! 
Martin də güldü. Pikkerbo, deyəsən, bir az fərqli cavab gözləyirdi, amma özünü tox tutdu və nitqini 
davam etdirdi: 
– Mən onlara dedim: "Centlmenlər, sizi xəbərdar etməliyəm ki, Vaşinqtonda  yüzmilyonluq xalqımızın 
həyat yollarında rəhbər tutacağı qanunları hazırlayan insanların  nadir keyfiyyətlərinə malik deyiləm. 
Bununla belə, centlmenlər, – dedim, – bütün təvazökarlığıma baxmayaraq, sizdən bu gözlənilməz və ola 
bilsin ki, layiq olmadığım şərəfi qəbul etmək qərarı versəm, bilin ki, məni buna vadar edən bir şey var.  
Konqress indi ölkəmizin inkişafının tələb etdiyi məsələlərin planlaşdırılması və həyata keçirilməsi üçün 
daha mütərəqqi alimlərə və həqiqi iş adamlarına möhtacdır. Eyni zamanda, Vaşinqton dəliqanlılarını 
səhiyyə nazirliyinin yaradılmasının vacib və təxirəsalınmaz iş olduğuna inandırmaq kimi yüksək bir vəzifə 
mövcuddur ki..." 
Martin bu məsələyə necə baxırsa-baxsın, Respublikaçılar Partiyası həqiqətən də konqressə Pikkerbonun 
namizədliyini irəli sürdü. 
 

 
Pikkerbo seçkiqabağı kampaniya üçün getdikdə, şöbənin idarə olunması bütünlüklə Martinin üzərinə 
düşdü. O da səltənətinin ilk günlərindəcə zülmkar və radikal adam kimi tanınmağa başladı. 
Bütün Ayova ərazisində qoca Klopçukun Nautilus yaxınlığında yerləşən fermasından daha  səliqəli  və 
daha yaxşı təchiz olunmuş ferma yox idi. O, kafellə döşənmiş, çox gözəl işıqlandırılmışdı; südsağan 
maşınlar ideal vəziyyətdə saxlanılır, şüşələr diqqətlə qaynadılırdı. Klopçuk isə sanitar müfəttişliyini və 
tuberkulin yoxlamasını həmişə xoş üzlə qarşılayırdı. O, süd istehsalı sənayesinin fəhlələri ilə kənardan işçi 
qüvvəsi tutmaq hüququ uğrunda mübarizə aparır və Həmkarlar İttifaqına yüksək vergi ödəyərək, həmişə 
də qələbə qazanırdı. Bir dəfə Martin, Pikkerbonun müavini kimi, Nautilusun Professional İttifaqların 


Mərkəzi Şurasının iclasında iştirak edəndə, şuranın katibi ona etiraf etdi ki, Klopçukun ferması kimi əldə 
etmək istədikləri başqa bir müəssisə yoxdur.  Amma onlar uğur qazanacaqlarına, demək olar ki, ümid 
etmirlər.  
Martin fəhlə hərəkatına qarşı xüsusi bir rəğbət hiss etmirdi. Bir çox laboratoriya guşənişinləri kimi o da 
hesab edirdi ki, fəhlələr jilet tikilməsində və lingə qaldırmaqda tədqiqat vaxtı onların yaşadığı sevincdən 
daha az sevinc duyurlarsa, bunun səbəbi onların təbiətən qüsurlu və tənbəl olmasındadır. 
Klopçukun yanına tez-tez, sadəcə, zövq almaq üçün gedirdi. Amma iş vaxtı elə bir fakta diqqət yetirdi ki, 
bu onu karıxdırdı: sağıcılardan birinin davamlı olaraq boğazı ağrıyırdı. O işçini yoxladı, ondan götürdüyü 
yaxını əkdi və gemolitik streptokokklar  aşkar etdi. Martin təlaş içində yenidən fermaya cumdu və analiz 
apararaq, üç inəyin nəcisində streptokokk aşkarladı. 
Pikkerbo balaca şəhərlərdəki seçki dairələrində xalq sağlamlığını təmin etdikdən sonra Nautilusa 
qayıdanda, Martin təkid etməyə başladı ki, xəstəliyə tutulmuş sağıcı karantinə göndərilsin, Klopçukun 
ferması isə infeksiya yoxa çıxana qədər bağlanılsın. 
– Bu ki cəfəngiyatdır! Axı bu ferma şəhərdə ən təmiz yerdir, – Pikkerbo güldü, – səs-küy qaldırmaq nəyə 
lazımdır? Həm də streptokokk epidemiyasının heç bir əlaməti yoxdur! 
– Peyda olacaq, özü də tezliklə! Üç yoluxmuş inək var. Bu yaxınlarda Boston və Baltimorda nə baş 
verdiyini yadınıza salın. Mən Klopçuku şöbəyə dəvət etmişəm, biz onunla bu məsələni müzakirə 
edəcəyik. 
– Siz ki bilirsiniz, mən necə məşğulam, yaxşı, qoy belə olsun… 
Klopçuk saat on birdə gəldi. Onun üçün bu məsələ əməlli-başlı faciəyə çevrildi. O, Polşanın ucqar bir 
yerində anadan olmuşdu, Nyu-Yorkda, az qala, acından ölürdü, Vermontda, Oqayoda, Ayovada sutkada 
iyirmi saat işləmişdi və budur, nəhayət, bu gözəlliyi – öz süd fermasını yaratmışdı. 
Fermer qamətini bir az bükərək dayanmışdı. Sifətindəki qırışlar, elə bil, daha da dərinləşmişdi. 
Gözlərində yaş titrəsə də, əlindəki şlyapanı büzüşdürərək, qəti etiraz edirdi: 
– Doktor Pikkerbo, həkimlər nə deyirlərsə, onu da edirəm. Mən süd işini yaxşı bilirəm! Amma birdən-birə 
bu cavan oğlan gəlib deyir ki, mənim bir işçim soyuqlayıb. Bu nə deməkdir? Deməli, mən balaca uşaqları 
yoluxmuş südlə zəhərləyirəm? Mənim bütün həyatım fermamla bağlıdır, indiyə qədər bazara bir damcı 
da pis süd çıxartmamışam. Bunu etməkdənsə, özümü asaram. Cavan oğlan sadəcə kələk gəlir. Mən onun 
haqqında məlumat toplamışam. Aydınlaşdırmışam ki, o, Həmkarlar İttifaqlarının Mərkəzi Şurasının 
cavanları ilə dostluq edir. Onların iclaslarında olur. Onlar isə çoxdandır ki,  mənim ayağımın altını 
qazırlar! 
Martinin qorxmuş qocaya yazığı gəlirdi, amma bu vaxta kimi onu satqınlıqda ittiham edən olmamışdı. O, 
qaşqabağını sallayaraq dedi: 


– Doktor Pikkerbo, şəxsi qərəzlə bağlı deyilmiş ittihamı siz sonra da aydınlaşdıra bilərsiniz. İndi isə 
gəldiyim nəticələrin yoxlanılması üçün ekspert çağırmağınızı təklif edirəm. Çikaqodan Lonqu, ya da 
Minneapolisdən Brenti – kim olursa olsun. 
– Mən… mən… – səhiyyə təşkilatından olan Kiplinq və Billi Sandi Klopçukdan heç də az dilxor deyildilər, – 
Əminəm ki, Mart, bizim ümumi dostumuz, heç də sizi ittiham etmək istəmir. O, həyəcanlıdır və bu o 
qədər təbiidir ki… Heç kimi narahat etmədən, streptokokka yoluxmuş oğlanı sağaltmaq imkanımız 
yoxdurmu? 
– Çox yaxşı, seçkiqabağı burada təhlükəli bir epidemiyanın yayılması sizə əl verirsə, gəlin elə belə də 
edək? 
– Siz çox gözəl bilirsiniz ki, mən bu məsələdən qaçmaq üçün hər şey edərdim… Amma bir şeyi özünüz 
üçün aydınlaşdırmalısınız ki, bunun seçkiqabağı kampaniya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, şəhərin 
xəstəliklərdən qorunması sahəsində qəti qərarlar verməklə, mən həmişə öz borcumu mükəmməl şəkildə 
yerinə yetirirəm. 
Pikkerbo öz nitqini başa vuraraq Çikaqoya, bakterioloq doktor D.K.Lonqa teleqram göndərdi. 
Doktor Lonqun elə bir görkəmi var idi ki, sanki, bütün yolu soyuq vaqonda gəlmişdi. Martin ömründə 
Almus Pikkerbonun poetik meyillərindən və təmtəraqlı filantropiyasından  bu qədər uzaq bir adam 
görməmişdi: hiyləgər, dürüst, dodaqları dartılmış, qulaqları qısılmış, burnunun üstündə pensne və saçları 
da düz biçimdə… O, sakitcə Martinə qulaq asdı, laqeydliklə Pikkerbonu dinlədi, buz kimi görkəmilə 
Klopçuka sözünü deməyə aman verdi, müayinə apardı və nəticə çıxartdı: "Doktor Erousmit, görünür ki, 
öz işini mükəmməl bilir, təhlükə şübhəsiz ki, var, fermanı bağlamağı təklif edirəm, mənim qonorarım yüz 
dollardır, təşəkkür edirəm, yox, narahat olmayın, qalmayacağam, axşam qatarına çatmalıyam". 
Evə, Leoranın yanına gələndə, Martin bar-bar bağırırdı: 
– Lap xiyar şorabası kimi lütfkar idi, amma, aman tanrım, Leora, hər cür boşboğazlıqdan uzaq olan 
işgüzarlığı ilə o, məndə elmi işə qayıtmaq üçün vəhşi bir istək oyatdı. Humanist filantroplardan 
bacardıqca uzaq…  Onların başı insanlığa sevgi haqqında söhbətlərə o qədər qarışıb ki, rahatca insanlara 
ölmək üçün imkan verirlər! O, mənim heç xoşuma gəlmədi, amma… Maraqlıdır, görəsən, indi Maks 
Qotlib neyləyir?  Qoca dəlisov alman! Yəqin ki, musiqi, ya da Allah bilir nə haqdasa hansısa ağıllı 
insanlarla söhbətləşir. Sən qocayla görüşmək istərdin? Hə, heç olmasa, iki-üç dəqiqəlik? Sənə 
danışmışam ki, onunla birlikdə necə gözəl triponosom rəngləyirdim? Aha, deməli, danışmışam... Hə, onu 
deyirdim axı… O, fikrini söylədi, fermanı bir müddətə bağladılar və məsələ bitdi.  
Martin necə amansızcasına Klopçukun könlünü qırdığını başa düşmürdü. O görürdü ki, Klopçuku müalicə 
edən Ervinq Uoters görüşdükləri vaxt onunla soyuq davranır və dodaqaltı mızıldanır: "Bunun nə xeyri var, 
Mart, daima təhlükə siqnalı vermək nəyə lazımdır?" Amma bilmirdi ki, Nautilusun sakinləri arasında 
Erousmitin "fəhlə ittifaqlarından olan quldurlardan rüşvət alması" ilə bağlı gizli söz-söhbətlər yayılıb. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə