Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   81   82   83   84   85   86   87   88   ...   151

– Nə üçün sən, heç olmasa, bir saatını özünə ayırmırsan?  Nə qədər istəsən, boş vaxtın var! Oh, 
mərhəmətli allah, yəni sən bir düyməni də tikə bilmirsən?! 
Amma Klara Tredqold bu məzəmməti eşidəndə, sadəcə,  gülürdü: 
– Leora, hesab edirəm ki, sizin, doğrudan da, çox gözəl kürəyiniz var, amma etiraz etməsəydiniz, 
paltarınızı arxadan bərkidərdim… Nə qədər ki, başqaları gəlib çıxmayıblar… 
Bir dəfə gecə saat ikiyə qədər uzanan əyləncədən sonra – missis Şlemil madam Lyusildən yeni bir paltar 
geyinmişdi, Cek Brandic isə (gündüzlər "Qarğıdalı tozu" şirkətinin kommersiya direktoru və sədr müavini) 
iftixarla fin polkası sədaları altında rəqs edirdi – Martin Leora ilə Səhiyyə Şöbəsindən götürdüyü 
avtomobillə evə qayıdır və bağırırdı: 
– Li, nə üçün sən öz geyiminin qayğısına qala bilmirsən? Axı sən bu gün və dünən səhər göy paltarını 
təzədən düzəltməyə hazırlaşırdın. Amma  belə başa düşürəm ki, sən bütün gün ərzində əlini də əlinə 
vurmamısan, ancaq oturmusan və oxumusan, sonra da bu yöndəmsiz paltarında məclisdə peyda olursan. 
– Zəhmət çək, maşını saxla! – Leora qışqırdı. 
O, heyrət içində maşını dayandırdı. Maşının fənərləri tikanlı məftillərdən düzəldilmiş kiçik hasara, məyus-
məyus yolun çınqılı ilə uzaqlara qaçan ayıpəncəsi koluna düşərək, onları çox böyük göstərirdi.  
Leora soruşdu: 
– Sən istəyirsən ki, mən hərəmxana gözəli olum? Mən bacarardım. Dəblə geyinən qız da ola bilərdim. 
Amma heç vaxt özümə əziyyət verməmişəm. Ah, Kürən, mən daha səninlə mübahisə etmək istəmirəm. 
Ya necə varamsa eləyəm – sənin dəlisov pinti arvadın, ya da heç nə. Sənə kim lazımdır: Klara Tredqold 
kimi əsl hersoginya, yoxsa mən, elə bir qadın ki, hara yola düşəcəyimiz, neyləyəcəyimiz onun üçün 
əhəmiyyətli deyil… Tüpürüm hər şeyə, təki həmişə əl-ələ tutaq… Həmişə heç nə səni qane etmir. Bu artıq 
məni təngə gətirib. Özün seç. Sənə kim lazımdır? 
– Mənə səndən başqa heç kim lazım deyil. Amma doğrudanmı, başa düşə bilmirsən… Mən vəzifəpərəst 
deyiləm, bununla belə, istəyirəm ki, biz hara düşürüksə düşək, hər yerdə yüksəklikdə olaq. Başa 
düşmürəm, nə üçün biz nədəsə bu cənablardan geri qalmalıyıq? Mənim əzizim, onların hamısı, təkcə 
Klaradan başqa, sonradan varlanmış hesabdarlardılar.  Biz isə əsl kondotyerik . Sənin Fransan… Nə 
zamansa biz ora gedəcəyik və Fransa prezidenti bizi körpüdə qarşılayacaq! Nə üçün kiməsə nəyisə bizdən 
daha yaxşı etmək imkanı verək? Hər şeyin öz texnikası var! 
Onlar pas atmış tikanlı məftillərlə dolu bu darıxdırıcı yerdə düz bir saat danışdılar.   
Növbəti gün Orxideya onun yanına laboratoriyaya gəldi və qız təəccüblə soruşdu: "Ah, doktor Martin, 
doğrudanmı, siz daha heç vaxt bizə gəlməyəcəksiniz?" Martin onu elə sevincək, elə cəld öpdü ki, hətta 
yarıyetkin qız belə başa düşə bilərdi ki, bu kişi üçün heç bir əhəmiyyət daşımır. 
 



 
Martin görürdü ki, ehtimala görə bu yaxınlarda şöbənin direktoru olacaq. Bir gün Pikkerbo ona dedi: 
"Sizin işiniz tamamilə qənaətbəxşdir. Mənim balam, sizdə yalnız bir şey çatışmır: insanlarla yola getmək 
üçün əsl ruh yüksəkliyi və onlarla dostcasına rəftar etmək bacarığı. Amma bəlkə də, üzərinizə daha 
yüksək məsuliyyət qoyulsa, bu da öz-özünə düzəlsin". 
Martin çalışırdı ki, "ruh yüksəkliyi ilə yola getsin", amma özünü təntənəli ziyafətə Sarı balet trikosunda  
gəlməyə məcbur edilmiş adam kimi hiss edirdi.  
– Lənət şeytana, mən direktor olanda nə olacaq? – deyə o  əziyyət çəkirdi, – maraqlıdır, görəsən, belə 
olur ki, insan uğur əldə edir, amma bundan ürəyi bulanır? "Yaxşı, nə qədər ki, məni qısnamayıblar, 
şöbədə, heç olmasa, münasib bir doğum, ölüm, xəstələnmə statistikası sistemi qurum. Təslim 
olmayacam! Döyüşəcəyəm! Müvəffəqiyyət qazanacağam!" 
 
 
XXIII FƏSİL 
 

 
Bu, Nautilus vətəndaşlarına gözə çarpan dozada ruh yüksəkliyi verilməsi ilə bağlı idimi (elə qüvvətli ki, 
onlardan heç biri artıq xəstələnməyə cəsarət etməsinlər), yoxsa doktor Pikkerbo seçkiqabağı kampaniya 
ilə əlaqədar öz populyarlığını bir azca təravətləndirməkmi istəyirdi – hər halda, səbəb nə olursa olsun, 
sevimli doktorun təşkil etdiyi Sağlamlıq Yarmarkası bütün gözlənilənləri ötüb keçdi. 
O, şəhər muxtariyyətindən smetadankənar məbləğ aldı, bütün kilsələri və assosiasiyaları əməkdaşlığa 
cəlb etdi. Ən əsası, qəzetlərdən həftədə üç dəfə "mədhiyyə" çap etməklə bağlı vəd qopartdı. 
Pikkerbo zədələnmiş ağacdan düzəldilmiş səyyar məbədi aradan götürtdü – orada bir müddət əvvəl 
müqəddəs cənab Billi Sandi icmanın bütün günahlarını bağışlayırdı. O, bir çox yeni atraksionlar hazırlatdı. 
Boyskautlar  hər gün burada manevr keçirməli idilər. JXST-nin köşkü qurulmuşdu,  tanınmış keşişlər və 
digər fizioloqlar alkoqolun zərərini subut etmək üçün bura dəvət olunmuşdular. Gözəl ağ kostyum 
geyinən Martin üçün qurulmuş köşkdə cihazlarla fokus göstərmək təklif edilirdi. Nikotin əleyhidarı olan 
Çikaqolu bir xanım hər yarım saatdan bir siçanlara tərkibində toz halına salınmış tütün olan iynə 
vurmaqla, onları öldürməyi öz öhdəsinə götürmüşdü. Artıq altı yaşına çatmış Akasiya və Qladiola 
Pikkerbo əkizləri əhaliyə dişləri necə təmizləmək lazım gəldiyini göstərməli idilər və doğrudan, bu işin 
öhdəsindən bacarıqla gəlirdilər… Amma onların bir səhvi oldu. Belə ki, altmış yaşlı fermerlə qarşılaşan 


qızlar ondan mehribanlıqla soruşdular: "Siz dişinizi hər gün təmizləyirsiniz?" O, isə hamının eşidəcəyi 
tərzdə cavab verdi: "Yox, amma mən hər gün sizin dalınıza vuracağam ki, bir də belə sual verməyəsiniz… 
Bəlkə, elə indi başlayım?!" 
Atraksionların hamısı maraqlı idi. Amma gün ərzində heç biri cəmi qırx dollara sağlam həyat tərzini təbliğ 
edən Yevgenika  ailəsi kimi maraq doğurmadı.   
Ailə atadan, anadan və beş uşaqdan ibarət idi – elə gözəl və elə güclü idilər ki… Onların yeddisi də bu 
yaxınlarda keçirilən "Şatokva" turnesində mükəmməl akrobatik nömrələrlə çıxış etmişdilər. Heç biri 
həyatları boyu içki içmir, siqaret çəkmir, səkilərə tüpürmür, ağzına gələni danışmır, ət yemirdi. Pikkerbo 
körpü üzərində ən gözəl köşkü onlar üçün ayırmışdı. Köşk bu yaxınlara kimi xeyriyyəçi, müqəddəs cənab 
Sandi üçün  çıxış səhnəsi rolunu oynayırdı.  
Şablon eksponatlar da var idi – diaqramlarla, bayraqlarla, günün siyasi məsələsinə dair çap olunmuş 
vərəqlərlə bəzədilmiş köşklər... Doktor Pikkerbo  "Sağlamlıq" okteti  deyilən qrup yaratmışdı və onlarla 
birlikdə mahnılar ifa edirdi. Hər gün mühazirələr oxunurdu. Onların da əksəriyyətini ya Doktor Pikkerbo, 
ya da onun dostu, futbol məşqçisi və gigiyena üzrə professor doktor Bisseks oxuyurdu.   
Bir çox məşhurlara, o cümlədən də Qustav Sondeliusa və ştatın qubernatoruna "xalqa müraciətlə çıxış 
etmək" üçün dəvətnamələr göndərilmişdi. Amma onlardan heç biri məhz bu həftə gəlmək üçün boş vaxt 
tapa bilmədilər. 
Yarmarkanın açılışı yaxşı keçdi, çoxlu əhali toplaşmışdı. Birinci gün kiçik bir anlaşılmazlıq oldu. Çörəkçi-
qənnadçı  assosiasiyası doktor Pikkerbo ilə pəhriz köşkündəki "Piroq çox ye – pioreyaya hazır ol!" plakatı 
ilə bağlı möhkəm fikir mübadiləsi apardı. Amma "lazımınca düşünülməmiş" və "sağlamlığa ziyan vuran 
plakat" elə buradaca rədd edildi… Bundan sonra yarmarkanı şəhərin bütün bulka dükanlarında reklam 
etməyə başladılar. 
Bütün iştirakçılar xoşbəxt idi, yalnız Martindən başqa. Pikkerbo onun üçün əsl laboratoriyadan heç nə ilə 
fərqlənməyən səciyyəvi bir laboratoriya qurmuşdu. Amma içində su kəməri yox idi və yanğın təhlükəsinə 
görə oddan istifadə etmək də qadağan edilmişdi. Bütün gün ərzində o, kolbanın birindən o birinə qırmızı 
mürəkkəb məhlulu tökür, mikroskopla boş şüşəni diqqətlə gözdən keçirir və çayda mikroblara rast 
gəlinərsə, onları necə öldürmək mümkün olduğunu öyrənmək istəyən vətəndaşların suallarına cavab 
verirdi. 
Leora onun köməkçisi rolunu oynayırdı. O, tibb bacısı kostyumunda çox ciddi və qəşəng görünürdü. 
Ərinin xəlvəti lənətləmələrinə gülərək, onu bərk qəzəbləndirirdi. Onlar növbətçi yanğınsöndürənlə gözəl 
münasibət qurmuşdular. Bu, yaxşı bir oğlan idi, yanğınsöndürənlərin yanında yaşayan pişiklər haqqında 
maraqlı əhvalatlar danışır və bakteriologiya haqqında suallar vermirdi. O, onlara harada gizlicə siqaret 
çəkmək mümkün olduğunu söyləmişdi: "Təmizliklə yanğının qarşısını ala bilərsən" eksponatının 
arxasında (eksponat yanğın yarana biləcək nöqtələri göstərən qırmızı oxları olan çirkli və təmiz ev 
maketlərindən ibarət idi) qırılmış pəncərəsi olan divar oyuğu var idi, papirosun tüstüsü oradan sorulub 
çıxırdı. Martin və Leora, bir də darıxan yanğınsöndürən gün ərzində azı on dəfə bu sığınacağa baş çəkir və 
həftəni birtəhər başa vura bilirdilər. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə