Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə84/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   80   81   82   83   84   85   86   87   ...   151

Natilusda Şəhərkənarı klub vardı – "cəmiyyət" adlandırılan insanlar ora toplaşardı. Amma Aşford-Qrovun 
əhalisi cəmi on, on iki ailədən ibarət bir nəsil demək idi. Onlar Şəhərkənarı kluba qolf oynamağa getsələr 
də, digər üzvlərə yuxarıdan aşağı baxır, yalqız gəzir və özlərini Nautilusdan daha çox Çikaqoya yaxın 
hesab edirdilər. Növbə ilə bir-birlərinə qonaq gedirdilər. Adətən bu cür qonaqlıqlara qrupdan kənar olan 
adamlar dəvət edilmirdilər. Yalnız  böyük şəhərlərdən gələnlərə və Martin kimi nadir adamlar istisna 
edilirdi. Bu, barbarlar şəhərində bir-birinə möhkəm bənd edilmiş balaca bir qarnizon idi. 
Qrupun üzvləri çox varlı idilər və onlardan biri – Montqmeri Maqford öz ulu babası haqqında müəyyən 
şeylər bilirdi. Onlar,  həyətində qazonlar təzə-təzə göyərməyə başlayan tyudorov qəsrlərində, italyan 
villalarında yaşayırdılar. Böyük  avtomobilləri və bundan da böyük zirzəmiləri var idi, halbuki 
zirzəmilərində ingilis arağından, viski, vermut və kəmşirin şampan şüşələrindən başqa heç nə 
saxlanılmırdı. Hər bir qrup üzvünə Nyu-Yorka getmək, orada  "Sent-Reqis", ya da "Plas"da yaşamaq, 
şəhərdən kostyumlar ala-ala, o qədər də böyük olmayan, qəşəng restoranlar axtara-axtara avara-avara 
gəzmək qismət olmuşdu. On iki ər-arvad cütlüyündən yalnız beşi Avropanı görmüşdü. Bir həftəni bütün 
rəssamlıq qalereyalarını gəzmək məqsədilə Parisdə keçirən bu cütlüklər yalnız Monmartrın cazibələri ilə 
tanış olmağa imkan tapmışdılar. 
Qrup üzvləri Martin və Leoranı kasıb qohumları kimi qəbul etdi. Onları qonaqlıqlara dəvət edir, bazar 
günləri şəhərkənarı kluba səhər yeməyinə çağırırdılar. Nə təşkil olunurdusa-olunsun, yekun həmişə bir 
olurdu: avtomobillərdə sürətlə harasa gedir və əməlli-başlı içdikdən sonra israr edirdilər ki, Martin dok 
Pikkerbonu yamsılasın. 
Avtomobillərdən, içkidən və viktrol sədaları altında rəqslərdən başqa, qrupun başlıca əyləncəsi kart 
oyunu idi. Maraqlıdır ki, əxlaq qaydalarına zidd gedən bu mühitdə eşqbazlıq qəbul edilmir, amma cins 
məsələləri aşkar şəkildə müzakirə olunurdu. Qrupun üzvlərindən heç biri göründüyü kimi, 
birarvadlılıqdan geri çəkilmirdi, hamısı nikahda xoşbəxt idi, ya da bədbəxt görünməkdən qorxurdu. 
Amma Martin onları yaxından tanıdıqda, vaxtını Çikaqoda keçirən ərlər,  Nyu-york mehmanxanalarında 
cavan oğlanları qəbul edən arvadlar haqqında bəzi sözlər eşitdi və onların ifrat dərəcədə ciddi ailə 
 
əmin-amanlığının altında hiddətli bir narazılıq gizləndiyini aydın başa düşdü. 
Məlum deyildi ki, nə zamansa Martin astronomiya ilə bağlı hər şeylə maraqlanan Kley Tredqoldu əsl 
centlmen-alim kimi qəbul etmişdi, ya yox, və ya Mont Maqfordun timsalında əslli-nəcabətli aristokratı 
görürdü, ya yox?! Bu mübahisəli məsələ idi. Əsas olan o idi ki, dostlarının avtomobilləri, duşlu vanna 
otaqları, Beşinci Avenyudan alınan geyimləri, idman kostyumları, Çikaqodan olan gənc estetlər 
tərəfindən kifayət qədər gözəl tərtibat verilmiş evləri var idi və bütün bunlar insanı valeh edirdi. 
Martin bu münasibət zamanı sousların və qədim gümüşün mövcudluğunu kəşf etdi. Leoranın paltarı 
daha onun üçün sadəcə geyim deyildi, həm də qadın gözəlliyinin mümkün ifadəçisi idi və Martin hirslə 
müşahidə edirdi ki, onun arvadı öz tualetinə qarşı diqqətsizdir. 
Tənha, nadir hallarda özü haqqında danışan Leora Nautilusda maraqsız həyatını yaşayırdı –  gərgin və 
sakit… Bric-klubun üzvü idi və ara vermədən təkcə kinematoqrafa gedirdi. Amma bir şöhrətpərəst hiss 
ona hakim kəsilmişdi – Fransanı tanımaq. Bu, onun çoxdankı arzusu idi, uzun müddət sirr olaraq 
qalmışdı, amma bir dəfə necə oldusa,  köksünü ötürərək dedi: 


– Kürən, təkcə bir istəyim var, heç olmasa, on ildən sonra Türendə, Normandiyada, bir də Karkassonda 
olum. Bacararıq, necə bilirsən? 
Leora nadir hallarda nəsə istəyirdi. Martin Leoranın Bretani haqqında kitablar oxuduğunu görəndə və 
eşidəndə ki, o, qısa fransız qrammatikası üzərində kəkələyərək "Jau… jaye. Tfu, lənət şeytana, necə də 
çətindir" söyləyir, həyəcanlandı və mütəəssir oldu. 
– Li, əzizim, – o dedi, – Fransaya getmək istəyirsənsə… eşit! Gözəl  günlərin birində biz belimizdə yol 
çantası yola düşəcəyik və sənin qədim Fransanı bir ucundan o biri ucuna kimi gəzəcəyik. 
Leora minnətdarlıq və inamsızlıq dolu səslə cavab verdi: 
– Bilirsən, Kürən, sənin üçün darıxdırıcı olsa, Pasterov institutunun işi ilə tanış olmağa gedərsən. Ah, heç 
olmasa, ömrümdə bircə dəfə!... Hündür ağ hasarların arası ilə gedəydim, balaca yöndəmsiz bir kafeyə 
rast gələydim, yanımdan məzəli qırmızı şarfda və enli göy şalvarda insanların keçib getdiyinə tamaşa 
edəydim. Sən, doğrudan da, elə fikirləşirsən ki, biz gedə bilərik? 
Leora Martinin "şıqlıq" adlandırdığı şeydən tamamilə məhrum olsa da, Aşford-Qrovda qəribə bir 
populyarlığa malik idi. Paltarında həmişə, heç olmasa, bir düymə çatışmazdı. Mehriban missis Tredqold 
onu öz himayəsi altına almışdı. 
Nautilusda həmişə Klara Tredqolda şübhə ilə baxırdılar. Missis Almus Pikkerbo deyirdi ki, o, "şəhərin 
təkmilləşdirilməsi üçün təşkil olunmuş hərəkatda heç vaxt iştirak eləmir". O, qızılgül yetişdirir, çox gözəl 
şlyapalar sifariş verir, öz incə əllərinə badamlı kremlər sürtürdü. Ərinin ədəbsiz söhbətlərini dinləyərək, 
uzun müddət məmnuniyyət içində yaşamış bu qadın uzun illər idi ki, tənhaydı. Leoarada isə özündə də 
olan həmin o səmimi tənhalığı duyurdu. Onlar ikilikdə şüşəbənddə əyləşir, oxuyur, papiros çəkir, bir 
kəlmə belə kəsmədən və bir-birinə bütünlüklə etibar edərək günlərini keçirirdilər.  
Leora qrupun digər qadınları ilə Klara Tredqold qədər yaxınlaşmırdı, amma onların xoşuna gəlirdi, çünki 
öz qüsurları ilə –  siqaret çəkməyi, tənbəlliyi, söyüşə meyli ilə kafir qadın idi. Leora missis Pikkerbo və 
missis Ervinq Uotersi təşvişə salırdı. Qrup hər cür şərtiliyin pozulmasını bəyənirdi, təkcə onların dincliyinə 
və var-dövlətinə təhlükə yaradan bir şey olmasın. Leora dörd il bundan əvvəl De-Moynda ən bərkgedən 
balerina olan, indi isə nifrət hissi ilə ikinci uşağının anadan olmasını gözləyən missis Monti Maqfordla 
birlikdə çay, ya da kokteyl içirdi; cəmiyyət içində həmişə donuz balasına oxşar əri ilə birlikdə ən arxayın 
xanım kimi tanınan dəcəl missis Şlemil isə Leoranın qarşısında axıb gedirdi: 
– Ah, bircə bu adam məni əlləməkdən əl çəksəydi… Yanıma soxulmaqdan… seliyə bulamaqdan! Burada 
hər şey mənim zəhləmi töküb! Yox, qışda Nyu-Yorka gedəcəyəm! Təkcə! 
Balaca uşaq – Leoranın qədim və sakit müdrikliyinə layiq olmayan Martin Erousmit qrupda ona 
münasibətdən razı deyildi. Leora yaxası açılmış paltarı, ya da qarğa yuvasına bənzəyən saçları ilə 
məclisdə peyda olanda, o narahat olur və sonra peşman olacağı sözlərlə onu  pintiliyinə görə məzəmmət 
edirdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə