268
Atlar kişnədi, qaçaqlar tüfəng oynatdı, kimi ikinci mərtəbənin aynabəndindən,
pəncərələrindən başı üstə yerə gəldi, kimi atdan yıxıldı.
Böyük bəyin
imarətinə vurnuxma düşmüşdü, qulluqçular çığırışa-çığırışa ora-
bura qaçdı, nökərlər əlinə tüfəng aldı. Böyük bəy özü təpiklə vurub yataq otağının
qapısını açdı, elə gecə paltarında da ikinci mərtəbənin həyət pəncərəsinə tərəf atıldı,
əlindəki tüfəngin qundağı ilə pəncərə şüşəsini vurub sındırdı və tüfəngi döşünə sıxıb
dalbadal atmağa başladı.
Çörəkçi Gözəl arvad çarpayısının üstündə oturub dili-dodağı əsə-əsə
pıçıldayırdı:
– Allah, sən saxla!.. Allah, sən saxla!..
Fəxrəndə xanım əynindəki gecə köynəyində, uzun saçları döşünə-başına
tökülmüş halda özünü o pəncərəyə, bu pəncərəyə vururdu, səsi gəldikcə qışqırırdı:
– Qüdrət! Qüdrət! O gədəni vur! Öldür ovçunu, Qüdrət! Qoyma diri qala onu!
Öldür onu, Qüdrət! Qüdrət!..
Fəxrəndə xanım özünə yer
tapa bilmirdi, elə bil, qəfəsə salınmış heyvan idi,
bütün gözəlliyini, qadınlığını, xanımlığını yadından çıxarmışdı, əl-ayağına dolaşan
nökər-qulluqçuların arasından özünü o pəncərəyə, bu pəncərəyə atırdı, səsi
boğulanacan qışqırırdı:
– Qüdrət! Qüdrət! Öldür ovçunu! Öldür!..
Qüdrət isə, əlbəttə, xanımın sözlərini eşidirdi, amma böyük tut ağacının enli
gövdəsi yanında yerə sinib zirzəminin qapısına tərəf atılmağa macal tapmırdı –
qaçaqların gülləsi, elə bil,
dolu idi, zirzəminin həndəvərini dəlik-deşik edirdi.
Böyük bəy gülləsi qurtarmış tüfəngi hiddətlə yerə çırpdı.
Güllə səsləri yavaş-yavaş seyrəldi və bu zaman Nicatın var gücü ilə zirzəminin
qapısını döyəcləməyi aydınca eşidildi.
Qaçaq Bahadır zirzəmiyə tərəf çapdı, atdan sıçrayıb qapının qıfılına iki güllə
sıxdı, sonra iki güclü təpiklə qapını açdı, var səsilə:
– At çəkin bura! – bağırdı, sonra zirzəmidən özünü çölə atan Nicata: – Atlan!
– dedi və özü də atının belinə sıçradı.
Nicat zirzəminin qabağına at çəkib gətirən qaçağa məhəl qoymadı, yüyürüb
özünü Böyük bəyin imarətinə saldı, əlini çırpa-çırpa, təpiklə qapıları bir-bir açdı:
bütün otaqlar bomboş idi və nəhayət, Nicat çarpayıda oturub öz-özünə:
– Allah, sən saxla!.. Allah, sən saxla!.. – pıçıldayan çörəkçi Gözəl arvadı
gördü.
– Şahnaz hardadı?
Qorxudan gözləri bərələ qalmış Gözəl arvad:
–
Burda yoxdu, qadan alım, – dedi. – Kəndistana göndəriblər onu, dərdin
ürəyimə! Dünən axşam yola saldılar onu!
Və bu zaman at nallarının səsi aləmi ağzına götürdü. Qaçaqlardan biri
darvazadan həyətə çapdı:
– Kazaklar!
Qaçaq Bahadır atı birbaşa Böyük bəyin imarətinə çapdı, atlı-atlı da pilləkənləri
qalxıb dəhlizə girdi, ona tərəf yüyürən Nicata:
– Tez elə! – qışqırdı və yenə də çapıb dəhlizdən həyətə düşdü.
Nicat imarətdən çıxıb yəhərli atın belinə atıldı, yüyəni qaçaqdan aldı və Qaçaq
Bahadırın ardınca çapdı.
269
Bahadır darvazadan birinci çıxdı,
sonra Nicat, sonra da o biri qaçaqlar çapıb
darvazadan çıxdı.
Otuz-qırx kazak atlısı qaçaqların ardınca düşdü və atışma təzədən qızışdı,
qaçaqlardan, kazaklardan bir neçəsi Şuşanın küçələrinə sərilib qaldı...
Böyük bəy özünü Qüdrətin çəkib gətirdiyi atın üstünə atdı:
– Atlanın! Kim salamatdısa atlanın! – dedi. – Hamısını qırmaq lazımdı!
Yurdlarını kor qoymaq lazımdı!
Qaçaqlar isə onları qovan kazakları bir-bir yerə sərə-sərə Topxana meşəsinə
tərəf üz qoymuşdu...
...Böyük bəyin seçmə atları özlərini kazaklara çatdırdı və atışma daha da
şiddətləndi, daha da qızışdı.
Böyük bəy ayağını üzəngiyə basıb, atın belində dikəldi:
– Qüdrət! – qışqırdı. – Qüdrət, min qızıldı ovçunun başı! Min qızıldı qiyməti!.
...Ehtirasdan və hiddətindən bığlarını gəmirən Qüdrətin xallı atı, axır ki,
kazaklardan və Böyük bəyin atlılarından ayrıla bildi, irəli çıxdı, dalbadal çapan
Qaçaq Bahadırla Nicata yaxınlaşmağa başladı.
Qaçaq Bahadır hərdən arxaya güllə atırdı, amma Qüdrət gah sola, gah sağa
burulub bu güllələrdən yayınırdı: Nicat silahsız idi.
Bu dəfə Qüdrət qabaqdakı atlıları gülləyə basdı və birdən-birə də Qaçaq
Bahadırın çapdığı atın qabaq ayaqları büküldü və at boynu
üstə çevrilib yerə sərildi,
ağzından qan açıldı. Qüdrətin gülləsi ciyərini deşib keçmişdi, amma Qaçaq
Bahadırın belə işlərdə, görünür, səriştəsi çox idi, bir göz qırpımında sıçrayıb ayağa
qalxdı, sol əli ilə yapıncını boynundan qoparıb yerə atdı, sağ əli ilə tüfəngi qaldırdı,
gözünün birini qıyıb
tələsmədən, arxayın nişan aldı və Qaçaq Bahadırın tətiyi
çəkməyi ilə az qala çapıb ona çatmış Qüdrətin başının geri getməyi bir oldu: Qaçaq
Bahadırın gülləsi Qüdrətin düz alnının ortasını deşib, beynini göyə sovurdu.
Qüdrət bir motal tuluğu kimi yerə düşüb qaldı. Xallı at bu vurhavurdan baş
götürüb çapdı.
Kazaklar Qaçaq Bahadırı atsız gördü; atsız gördü, yəni köməksiz gördü,
«qolu-qanadı sınmış» gördü, quzğun kimi üstünə çapdı və Qaçaq Bahadır da eyni
təmkinlə, eyni arxayınlıqda ayaq üstə dayanıb təkəlli tutduğu tüfəngi atırdı.
Kazaklardan biri
yerə sərildi, ikincisi, üçüncüsü yerə sərildi, amma kazaklar da
çox idi və indicə Qaçaq Bahadıra yetişəcəkdilər.
Yasavul:
– Jivım! – bağırdı. – Jivım yeqo!
Və bu dəm Nicatın atı şahə qalxdı və Nicatın dartdığı yüyənin tarımlığından
iki dal ayağı üstə geri döndü və atın geri dönməsi ilə də Nicatın geriyə, Bahadıra
tərəf çapmağı bir oldu.
Qaçaq Bahadır əvvəlcə əlindəki tüfəngi Nicata atdı, sonra özü Nicatın
qabağına yüyürə-yüyürə bir göz qırpımında atın tərkinə atıldı və bu müddətdə
Nicatın əlindəki tüfəng iki dəfə dalbadal açıldı və az qala,
onlara çatan iki kazak da
bir-birinin ardınca yerə sərildi...
...Qaçaqlar özlərini Topxana meşəsinə verdilər və sıx, uca ağaclar arasında
görünməz oldular...
Yasavul: