266
– Böyük bəy! – dedi. – Ağa Məhəmməd şah Qacar
Qarabağa hücum eləyəndə
mənim babam Güzdəkli Bayandur sənin babanı bütün əhli-əyalı ilə birlikdə ölümdən
qurtarıb. Bunu bütün Qarabağda bilməyən yoxdu.
Böyük bəy:
– Bunu mən də bilirəm. – dedi. – Sən də yaxşı bil ki, Həsənalı kişi,
ikinci
dəfə belə bir hadisə baş versə, Güzdəkli Bayandurun nəvəsinə öz borcumu
qaytarram! Oğlunu buraxsam, bütün mahalda biabır ollam, tay-tuşlarım mənə tənə
eləyib gülər. Oğlun mənim ad-sanıma, əsil-nəcabətimə toxunub! Oğlun cəzasına
yetməlidi!
Solaxay Həsənalı daha
qəzəbini boğa bilmədi, kişinin ağzı-gözü əyildi:
– Əsil-nəcabət böyük sözdü, bəy! – dedi. – Mənim babalarım üstündə
durduğumuz bu torpağın yolunda canlarından keçib! Amma sənin babaların bu
torpağı qəsb eləməyə gələnlərin qabağına düşüb bələdçilik eləyib!
Bu sözlər Böyük bəyi sarsıtdı və bəy bir müddət donuq nəzərlərlə Solaxay
Həsənalıya baxdı, sonra boğuq səslə:
– Bir də ayağın mənim evimə dəyməsin! – dedi.
Solaxay Həsənalı əlini qapıya atdı:
– Mənim oğlum bir stəkan bulaq suyu deyil, birnəfəsə başına çəkəsən!
– Əlindən gələni əsirgəmə, Solaxay Həsənalı!
– Baxarıq!
– Baxarıq!
Solaxay Həsənalı bəyin qapısını ardınca çırpıb iri addımlarla birinci mərtəbəyə
düşdü, həyətə çıxdı və yaşına yaraşmayan bir çevikliklə həyətdə yiyəsini
gözləyən
kəhər atın belinə sıçrayıb, çapıb getdi...
...Fəxrəndə xanım yataq otağının pəncərəsindən çapıb gedən atlını gördü və
çiyninə, döşünə tökülmüş uzun saçlarını yığmadan başını darayan qulluqçu qızı
kənara itələyib yataq otağından çıxdı, uzun yataq libasının ətəkləri ayağına dolaşa-
dolaşa Böyük bəyin otağına girdi və hiddətindən alışıb yana-yana:
– Niyə buraxdın onu? – soruşdu. – Evdəki qulluqçu-nökərin hərəsinə bir qızıl
onluq bağışlamışam ki, ağızlarını mumlasınlar, amma bütün Şuşa əhli bu saat
Şahnazın ovçuya qoşulub qaçmasından danışır. Sənin bacın Yunis bəyi də tay-tuş
yanında xar elədi! Niyə salamat buraxdın bu quzğunu, it atasını?!
Böyük bəy arvadına yaxınlaşıb əllərindən tutdu:
– Sakit ol, Fəxrəndə xanım, – dedi. – Solaxay Həsənalı mənim qapıma
təvəqqəyə gəlmişdi. Qapıya gələn adamı yola salmağı da bacarmaq lazımdı.
Fəxrəndə xanım sakitləşə bilmirdi:
– Ərəbzənki kimi yaraq-yasağın
içində idi, demirdin vurar səni, bizi başsız
qoyar?
Böyük bəy gülümsədi:
– Vurmadı ki!..
Fəxrəndə xanım:
– Yumşaqsan, Böyük, çox yumşaqsan, – dedi. – O gədə ölməlidi! Eşitdinmi?
Bu ləkə qanla yuyulmalıdı. Yoxsa bəylər, ağalar bir tərəfə,
heç nökər-qulluqçunun
da gözünə baxa bilmərik, camaatın üzünə çıxa bilmərik. Qoy görsünlər ki, Böyük
bəyə sataşmaq nə deməkdi!
267
– Sakit ol, Fəxrəndə. Sənin sözündə bir həqiqət var. Mən kəndləri gəzib əlsiz-
ayaqsızlara kömək edirəm. Kəndlilərin zəhmətini asanlaşdırmaq üçün maşınlar
gətirdirəm. Mil düzünə su çəkdirmək istəyirəm. Ancaq, görünür, biz bir əlimizdə
kitab, digərində qılınc tutmalıyıq.
–
Allaha çox şükür, – dedi. – Nəhayət, qəti bir fikrə gəlib çıxdın.
– Fəxrəndə, mən hiss eləyirəm ki, hər tərəfi inqilab əhvali-ruhiyyəsi bürüyüb.
Qəzetlərdən də bunu hiss eləyirəm, Bakıdan, Peterburqdan aldığım xəbərlərdə də
bunu görürəm, lap elə bu – Solaxayın danışığında da bunu hiss elədim. Bu, dəhşətli
işdi, Fəxrəndə.
Böyük-kiçik olmayandan sonra, hörmət də götürüləcək, aləm qarışıb
məzhəb itəcək. Bu gün mənim bacımı götürüb qaçmağa cəsarət eləyən rəiyyət,
sabah bütün zadəgan sinfinin üstünə çomaq qaldıracaq. Bunun qarşısını almaq
lazımdı.
Fəxrəndə xanımın gözləri mehribanlaşdı, bir az doluxsundu:
– Allaha çox şükür, Böyük, – dedi. – Çox şükür Allaha!..
... Kəhər at isə Şuşadan çıxıb Topxana meşəsinə girdi, kol-kosların, ağacların
arasından çapdı, dərə keçdi, təpə aşdı...
...Qaçaq Bahadırın gözətçilərindən biri qaya arxasından çıxıb
onlara tərəf
çapan atlını gördü, beşaçılan tüfəngi belindən aşırıb fit çaldı. Bir neçə gözətçi qaçaq
qayaların arxasından başını qaldırıb atlıya tərəf baxdı və birdən qaçaqlardan biri
ayağa qalxdı, əlini gözünün üstünə qoyub atlıya bir də baxdı, sonra:
– Əyə, Solaxay Həsənalıdı! – dedi. – Biriniz düşün aşağı, kişiyə bələdçilik
eləyin. Biriniz də Bahadıra xəbər verin, qonağı gəlib.
Solaxay Həsənalı kəhər atın yalına yatıb çapırdı.
IX
Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri
də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağ-
bağat arasından görünən Şuşa evlərinin kirəmit damları da
bu dəm lal sükut içində
idi.
Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu.
Qaçaqlar Böyük bəyin imarətini dövrəyə aldı...
Və elə bil, bu qəfil nal səslərini, at fınxırtısını gözləyirmiş kimi, zirzəminin bir
küncündə oturub belini divara söykəmiş Nicat yerindən sıçradı, qulağını zirzəminin
qapısına söykədi, qulaq asdı...
...Qaçaqlardan biri atın üstündən Böyük bəyin həyət hasarına atıldı, hasardan
həyətə tullandı, darvazanın lomunu çəkib çıxartdı, darvazanın enli qapıları taybatay
açıldı və çiyninə yapıncı salmış, yaraqlı-yasaqlı Qaçaq Bahadır içəri birinci çapdı;
qalan atlılar da başçılarının dalınca Böyük bəyin həyətinə çapdı...
...Və bu dəm Qüdrət özünü hövlnak zirzəminin üstündən yerə atdı:
– Qaçaqlardı! – qışqırdı. – Qaçaqlar gəlib! – Sonra əlindəki beşatılan tüfənglə
həyətə dolmuş qaçaqların qaraltısına dalbadal atəş açdı.
Ara qarışıb, məzhəb itdi.
Böyük bəyin adamları kimisi zirzəminin damından, kimisi birinci, ikinci
mərtəbənin aynabəndindən, kimisi də pəncərələrdən qaçaqları gülləyə tutdu.