288
olsun! Dörd ildi at belindən düşmürəm, dağlar, daşlardı məskənim, Böyük bəyin
adamları izləyiblər məni ki, vursunlar. Kaş elə vuraydılar!
Solaxay Həsənalı ayağı ilə qapını vurub açdı, əl-ayağa dolaşanları o tərəf-bu
tərəfə itələyib həyətə çıxdı, qapı ağzında gözləyən atın belinə sıçrayıb bir cavan
oğlan kimi çapdı və Böyük bəyin həyət darvazasından çıxıb getdi...
...Valeh komissarın otağına girdi:
– Yoldaş komissar, üç gün bundan əvvəl üzə çıxıb, guya ki, bizim tərəfə keçən
qaçaq Şahmar günün günorta çağı Hüseyn bəyin evinə basqın eləyib, bütün qiymətli
şeyləriylə bərabər, iki uşaq anası cavan arvadını da kəbinli-kəbinli zorla götürüb
qaçırıb.
Elə bil, hələ də özünə gəlməyən Nicat Ovçuoğlu bir biganəliklə:
– Bəs Hüseyn bəy özü hardaymış? – soruşdu.
– Hüseyn bəy biz gələndə qaçıb. Harda olduğu məlum deyil!
Və bu vaxt elə bil ki, Nicatın bütün hirsi, kini bir vulkan kimi püskürdü:
– Yerin dibində də olsa, qaçaq Şahmarı tutub tribunala vermək lazımdı!
Güllələmək lazımdı belələrini camaatın gözü qabağında! Aydındı?
Valeh tələsik:
– Bəli, yoldaş komissar, – dedi, – aydındı!
Nicat bir balaca özünə gəlib:
– Bahadırdan nə xəbər var? – soruşdu:
– Qaçaq Bahadır bu saat öz dəstəsilə Topxana meşəsindədi... Qara camaat
onun xətrini istəyir, yoldaş komissar...
– Bilirəm. Hazırlaş, sabah sübh tezdən onunla görüşməliyik.
– Neçə atlı götürək?
– Ikimiz gedəcəyik, sənlə mən. Qorxmursan?
– Mən yox, yoldaş komissar, sizin həyatınız üçün təhlükəli olar. Hər halda,
qaçaq qaçaqdı... Bələdçi də götürməyək?
– Bələdçi? – Nicat Ovçuoğlu gülümsədi. – Topxana meşəsində mənə bələdçi
lazım deyil, Valeh...
VII
Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə
tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın
geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında,
o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.
Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
– Mən sənin əzablarını hiss edirəm, Nicat, – dedi. – Bütün yoldaşların,
dostların kimi, atan da məni düşmən hesab edir. Burax məni çıxım gedim...
Nicat tamamilə qeyri-şüuri:
– Hara gedəsən? – soruşdu.
– Uzaqlara... Heç kəsin məni tanımadığı bir yerə...
Nicat onun saçlarını qatışdırdı:
– Uşaqsan sən?.. Yat. Atamdan da incimə.
289
– Heç kəsdən incimirəm mən... Amma çıxıb getmək istəyirəm... Baş götürüb
qaçmaq istəyirəm... Suçlu adamlar kimi heç kəsin üzünə baxa bilmirəm... Elə bil,
nədəsə, təqsirkaram. Bilmirəm nədi bu, Nicat... Adamların baxışı məngənə kimi
sıxır ürəyimi... Istəmirəm ki, atanla da düşmən kəsiləsən mənim üstümdə...
Nicat:
– Vaxt gələr, – pıçıldadı, – atam da başa düşər öz səhvini. Inqilabın mənasını,
qanunlarını hamıya birdən başa salmaq çətin işdi. Qınama atamı. Çar üsul-idarəsi,
ağalıq dünyası sümüklərinə qədər yandırıb-yaxıb onu... Fikirləş də, bir... – Nicat
yavaş-yavaş qızışırdı. – Öz vətənimizdə vətənsiz idik. Ana dilimiz belə işə keçmirdi.
Dövlət işlərinə yaxın buraxmırdılar bizi. Bizim nə xarici siyasətdən xəbərimiz
olurdu, nə də daxili siyasətdən. Milli vüqarımızı ayaqlar altına salıb tapdalayırdılar.
– Indi sizin yaratdığınız təzə dövlətdə bunların hamısına son qoyulacaq?
– Şübhəsiz! Çünki biz deyirik: bütün cinayətlərin, haqsızlıqların kökü bir
sinfin o birisinin üzərindəki ağalığıdı. Biz zəhmətkeş xalqla birlikdə elə bir cəmiyyət
quracağıq ki, orada kim zəhmət çəkirsə, o da yaxşı yaşasın. Hər bir vətəndaş öz
hökumətinin nə elədiyini, nə işlə məşğul olduğunu bilsin. Örtülü qapılar dalında heç
nə həll edilməsin. Istismara son qoyulacaq, Şahnaz!
Şahnaz xanım bir müddət heç nə demədi, sonra pıçıldadı.
– Kaş sənin bu gözəl arzuların bir xam xəyal olmayaydı, Nicat!..
Nicat dərin bir inamla:
– Vaxt gələcək, özün görəcəksən öz gözlərinlə bu arzuların həqiqət olduğunu.
VIII
Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı
atlı çapa-çapa özünü meşəyə verdi.
Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
Mirzə bəy:
– Ağlım kəsmir Bahadırdan bizə bir xeyir gələ! – dedi. – Böyük bəy nahaq
göndərdi onun üstünə bizi!..
Yunis bəy:
– Qorxursan? – soruşdu.
Hümmət bu sualdan qımışdı.
Mirzə bəy:
– Qorxan gözə çöp düşər deyiblər, Yunis bəy! – dedi. – Mən gədə-güdədən
qorxan oğullardan deyiləm! Pişikdən qorxan yuvasından çıxmaz!
Yunis bəy:
– Tanıyıram səni! – dedi.
Bəylər çapa-çapa meşədə görünməz oldu...
...Və bu çən-çiskin altında iki atlı da çapa-çapa yuxarı başdan Topxana
meşəsinə girdi.
Valeh:
– Yoldaş komissar, qaçaq Bahadırı tanıyırsız siz? – dedi.
Nicat Ovçuoğlu:
– Uşaqlıq yoldaşımdı mənim, – dedi.
Hər iki atlı çapa-çapa meşədə görünməz oldu.
290
...Topxana meşəsi sükut içində idi və meşənin bu sükutunda bu dəm, elə bil ki,
bir əbədilik vardı, amma birdən-birə qəfil bir səs bu sükutu pozdu:
– E-he-he-hey!..
Topxana meşəsi bu səsə əks-səda verdi və bu əks-səda hər tərəfi bürüdü.
Bəylər aşağıdan çapa-çapa yuxarı qalxırdı və onlar irəlilədikcə o ağacın
dalından, bu daşın dibindən bir qaçaq qalxıb tüfəngini tuş tuturdu.
Bəylər qaçaqların düşərgəsinə yaxınlaşanda, başında motal papaq, çiynində
yapıncı bir qaçaq Bahadırı səslədi:
– Bəylər gəlib, Bahadır!
Qaçaq Bahadır mağaradan çıxıb bəyləri ayaq üstə qarşıladı.
Yunis bəy atı irəli sürdü:
– Məni tanıyırsan, Bahadır, düşmənik sənlə! Dost başa baxar, deyiblər,
düşmən ayağa. Indi gözüm gözündədi sənin! Böyük bəy yollayıb bizi! Turşsu
meşəsindədi Böyük bəy, atlılarıyla birgə. Bolşeviklər taxtabiti kimi, eli-obanı
bürüyüb, Bahadır. Dinsiz, imansızdılar! Hörmət-izzət aradan götürülüb! Namus,
qeyrət ayaq altına düşüb! Vətənin, millətin yaman günüdü! Olub-keçənləri yaddan
çıxarıb Böyük bəy! Sən də unut! Igid igidə xor baxmaz! Turşsu meşəsinə çağırır
səni Böyük bəy, dəstənlə bir yerdə. Bolşeviklərə divan tutmaqdan ötrü! Millət
uğrunda! Qeyrət, namus, kişilik yolunda!
Qaçaq Bahadır yaxınlaşıb Yunis bəyə baxdı, sonra Mirzə bəyə baxdı, sonra
yaxınlaşıb o biri bəylərə bir-bir baxdı, Hümmətə baxdı, sonra iti addımlarla geri
qayıdıb atının belinə sıçradı.
Topxana meşəsində milçək uçsaydı, səsi eşidilərdi.
Qaçaq Bahadırın atı şahə qalxdı və Qaçaq Bahadır çapıb Yunis bəylə üz-üzə
durdu.
– Tanıyıram səni, Yunis bəy, – dedi Qaçaq Bahadır. – Igidliyinə sənin sözüm
yoxdu!
Sonra Qaçaq Bahadır atın ağzını döndərdi və at yenə də şahə qalxdı.
Qaçaq Bahadır qışqırdı:
– Atlanın!
Qaçaqlar bir göz qırpımında atların belinə sıçradı.
Qaçaq Bahadır dedi:
– Qaçaqlar! Bir hökumətlə ki, bunlar vuruşur, – əlini uzadıb Mirzə bəyi
göstərdi – o hökumət sizin hökumətdi demək!
Yenə milçək uçsaydı, Topxana meşəsində səsi eşidilərdi.
Qaçaq Bahadır dedi:
– Qaçaqlar! Illərdən bəri arvad-uşaqdan ayrı düşmüsüz, gecə-gündüz at
belində mürgüləmisiz, ürəyiniz doludu dərdlə, innən belə istəmirəm ki, qocalıb
əldən düşənə kimi at belində qalasız! Məqam yetişib, gün çatıb! Torpaq gözləyir
sizi! Arvad-uşaq gözləyir sizi! Gedin yeni hökumətdən aman istəyin! Dağılın, gedin
ev-eşiyinizə!
Araya sükut çökdü. Mirzə bəy açıq-aşkar bir istehza ilə Yunis bəyə baxdı.
Gözlərini Qaçaq Bahadırdan çəkməyən Hümmət tüfəngə əl atdı. Yunis bəy onun
əlindən yapışdı.
Yaşlı bir qaçaq irəli çapıb:
– Bəs sən? – soruşdu.
Dostları ilə paylaş: |