Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   118   119   120   121   122   123   124   125   ...   145

 
294
– Gəncə-Qarabağ bəyləri dəmiryol xəttini dağıtmaq istəyirlər. 
Şahnaz xanım ərinin qollarının arasından çıxdı. 
– Gəncə-Qarabağ  bəyləri... Başçıları Böyük bəylə  Həmid bəy, hə? Biri 
qardaşım, biri də xalam oğlu. Ərim də onların üstünə gedir... Kimsə ölə bilər, vurula 
bilər, qanına qəltan olar, ya qardaşım, ya ərim, hə?.. 
Nicat: 
– Böyük bəy düşməndi, Şahnaz... – dedi. 
Şahnaz xanım çığırdı: 
– Yox! Böyük bəy qardaşımdı mənim!..  
 
XI 
 
Qızıl  əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı 
qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı,  əl 
qumbaraları partlayırdı. 
Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya 
dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi. 
– Böyük bəy! – qışqırdı Yunis bəy. – Həmid bəy otuza yaxın atlısıyla qaçıb 
canını qurtardı. Bir azdan keçəcək Arazı. 
Böyük bəy  əl saxlayıb hiddətdən alışıb-yanan gözləriylə altdan-yuxarı Yunis 
bəyə baxdı: 
Nə deyirsən, Yunis bəy, mən də qaçıb canımı qurtarım?! 
– Yox, sən Həmid bəy deyilsən! Amma qırğına vermək olmaz bu qədər 
camaatı! Gözləyənləri var evdə-eşikdə! 
– Bəs bizim, bəs bizim, bəs bizim gözləyənlərimiz yoxdu?!  
Və bu zaman qumbara partladı və hər tərəf toz-torpaq içində görünməz oldu. 
Böyük bəyin bağırtısı da eşidilməz oldu, sonra yavaş-yavaş sakitlik çökdü, toz-
torpaq yatdı, üz-gözü çirkin-pasın içində olan Böyük bəy ətrafa baxdı. 
Yunis bəy arxası üstə qayalığa çırpılıb qalmışdı və onun cəsədi qıpqırmızı qan 
içində idi, bir az aralıda isə atı yerə sərilmişdi. 
Böyük bəy sürünə-sürünə Yunis bəyə yaxınlaşdı, başını qaldırıb dizlərinin 
üstünə qoydu, bir müddət bu cavan, yaraşıqlı  oğlanın sifətinə baxdı, sonra tozlu-
torpaqlı ovcu ilə Yunis bəyin gözlərini qapadı... 
...Valeh qaça-qaça: 
– Yoldaş komissar! – qışqırdı. – Böyük bəy mühasirədən çıxa bilmədi! 
Bizimkilər onu diri tutublar! 
Şəfqət bacısı Nicatın yaralı qolunu sarıyırdı. 
XII 
Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam 
kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu 
daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi. 
Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi
ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı,  Şahnaz xanımın pəncərəsi ağzında 
dayanıb xısın-xısın: 


 
295
– Şahnaz! Şahnaz! – deyə səslədi. 
Şahnaz xanım çarpayısından dik atılıb qulaq asdı. 
– Şahnaz! Şahnaz! 
Şahnaz xanım  əynindəki gecə köynəyiylə, döşü-başı açıq özünü artırmaya 
atdı: 
– Kimsən? 
– Aşağı düş.  
Şahnaz xanım bu səsi tanıdı: 
– Fəxrəndə xanım? 
Fəxrəndə xanım çadranı başından atıb soyuqqanlıqla: 
– Sus... – dedi. – Səs salma! Tez ol, aşağı düş...  
Şahnaz xanım tələsik çiyninə  şal salıb tələm-tələsik, səssiz-səmirsiz aşağı 
düşdü, həyətə çıxıb Fəxrəndə xanımla üzbəüz durdu. 
Fəxrəndə xanımın kinli, alışıb-yanan gözləri macal tapıb  Şahnaz xanımı bu 
gecə qaranlığında təpədən dırnağa qədər nəzərdən keçirdi. 
–  Ərə getmək düşüb sənə!.. – dedi Fəxrəndə xanım. – Qardaşın həbsxanada 
tribunal dustağıdı, sən də onun düşməniylə eyş-işrətlə məşğulsan! 
– Böyük bəyi tutublar? Heç olmasa, salamat qalıb, Allaha çox şükür!.. – Sonra 
elə bil ki, yadından çıxartdı ki, kimlə danışır, tələsik də soruşdu: – Nicat da 
salamatdı görəsən? 
Fəxrəndə xanım yandı-yaxıldı: 
– Komissar arvadı! – dedi. – Nə insafınız var, nə mürvətiniz! Sən yana-yana 
məndən qan düşmənimizin halını soruşursan!  Ərin çölün düzündə  Kəriş  bəy kimi 
adamları güllələdir!.. Bu nə zəmanədi, Allah!.. – Sonra Fəxrəndə xanım özünü ələ 
aldı. – Qardaşını istəyirsən sən, bilirəm. O da səni istəyir. Bir tikə körpə vaxtından 
sənə ata da o olub, ana da. Başın ağrıyanda sənin, boğazından onun çörək keçməyib. 
Indi onu da güllələyəcəklər, Şahnaz! Bura gətirirlər, Qala türməsinə, sonra da Ivanın 
birinin gülləsinə qurban olacaq... 
Şahnaz xanım soyuqdanmı, həyəcandanmı tir-tir əsə-əsə, elə bil, öz-özünə 
dedi: 
– Gərək yerə qoyaydı silahı... 
– Böyük bəy ovçu Həsənalının oğluna baş  əysəydi, yeddi arxadönənlərinin 
ruhu ona lənət oxuyardı! Birinci elə  mən gülləni öz ürəyimə  sıxardım. Amma sən 
Böyük bəy kimi bir qardaşı öldürmək istəyən, xanimanımızı dağıdıb, bizi zəlil 
eləyən bir adamla bir yastığa baş qoyursan! Elə bilirsən istəyir o səni? Səni yox, bax, 
bu  əndamını istəyir o! – Fəxrəndə xanım dəli kimi əl atıb  Şahnaz xanımın gecə 
köynəyinin yaxasını  cırıb qopardı  və  qızın sinəsi, döşləri həmin gecə qaranlığında 
ağappaq ağardı. 
Şahnaz xanım şalı sinəsinə bürüyə-bürüyə, uçuna-uçuna inildədi: 
– Bəsdi!.. Bəsdi!.. 
Fəxrəndə xanım hiddətdən, qəzəbdən titrəyə-titrəyə: 
– Ciyərim od tutub yanır mənim! – dedi. – Ərin Böyük bəyi güllələtsə, mən də 
gedib özümü Xəznə qayasından atacağam,  Şahnaz! Bilirsən ki, eləyəcəyəm bunu! 
Qoy səni barmaqla göstərib desinlər ki, qardaşının qatiliylə gecələr kef çəkən bacı, 
bax, budu! Bizim ruhumuz hər addımda sənin dalınca gəzib lənətləyəcək səni! 


 
296
Şahnaz xanım pıçıltıyla dedi, amma qətiyyətlə dedi, budəmki gücsüzlüyünə, 
taqətsizliyinə yaraşmayan bir qətiyyətlə dedi: 
– Böyük bəyi xilas eləyəcəyəm həbsdən!.. Nəyin bahasına olursa-olsun!.. 
Fəxrəndə xanım bir müddət susdu, bir balaca özünə gəldi, sonra dedi: 
– Səhər saat səkkizdə uçuq kilsənin yanında səndən bir xəbər gözləyirəm. 
Fəxrəndə xanım yenə  də çarşabı başına salıb tələsik addımlarla həyətdən 
çıxdı... 
...Sübh tezdən uçuq kilsə bomboş idi. Fəxrəndə xanım iki arvadla birlikdə 
kilsənin bir küncünə qısılıb gözləyirdi. 
Şahnaz xanım axırı ki, gəlib çıxdı. 
Fəxrəndə xanım səbirsizliklə: 
– Nə oldu? – soruşdu. 
– Nicat Böyük bəyi buraxmağa razı olmadı.  
Fəxrəndə xanım həyəcanla: 
– Razı olmadı?! – dedi. 
Qadınların pıçıltıyla belə danışmaları boş kilsədə əks-səda verirdi. 
Şahnaz xanım: 
– Qulaq as, – dedi. – Bu gün hava qaralandan sonra yaxşı qaçan yəhərli bir at 
göndərərsiz, Qala türməsinin aşağı başındakı uçurumun yanında Böyük bəyi 
gözləsin. 
Fəxrəndə xanım həyəcanla: 
– Qaçıracaqlar onu? – soruşdu.  
Şahnaz xanım tələsik: 
– Çalışacaqlar ki, qaçırsınlar. 
– Kimlər? – Fəxrəndə xanım bir ümidlə, bir həsrətlə xəbər aldı. 
Şahnaz xanım qardaşı arvadının sualını cavabsız qoydu. 
– Bizi burda görməsələr yaxşıdı... – Şahnaz xanım iti addımlarla boş kilsədən 
çıxdı... 
... Yenə gecə idi və yenə  də neçə müddət bundan əvvəlki kimi həmin 
xanəndənin səsi uzaqlardan eşidilirdi: 
 
Deyirlər Qarabağ bir cənnət imiş, 
Bəslərmiş qoynunda mələklərini. 
Məndə qüdrət hanı qələm çalmağa, 
Tərif eləməyə ancaq birini... 
 
Əlbəttə, Nicat bu saat bu uzaqdan gələn səsi eşitmirdi. Nicat elə paltarlı-
paltarlı, yorğun-arğın divanın üstündə uzanıb yatmışdı  və onun sifətindəki bu 
yorğun mehriban təbəssüm bu dəm, elə bil, Şahnaz xanımın yaxınlığından, 
doğmalığından idi. 
Şahnaz xanım divanın kənarında oturub Nicata baxırdı, ərinin üzünü, gözünü, 
qaşını, alnını, saçlarını sığallayırdı və onun baxışlarında kədərlə, qüssəylə bərabər, 
bir fəxarət də var idi; elə bil ki, o bu dəm əlçatmaz bir bəxtəvərliyin, əlçatmaz bir 
gözəlliyin həndəvərində dayanıb təkcə elə baxırdı... 
Xanəndənin o uzaq səsi isə hələ də eşidilirdi: 
 
Deyirlər Qarabağ bir cənnət imiş. 
Bəslərmiş qoynunda mələklərini... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə