Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   126   127   128   129   130   131   132   133   ...   145

 
317
Taleyran yüngülcə təzim edərək: 
Zat-aliləri, siz danışıqlar mizinin arxasında da döyüş meydanındakı general 
Bonapartsınız… 
Napoleon gülümsədi: 
– Məni üzümə çox tərifləməyin, Taleyran,– dedi və diqqətlə xarici işlər nazirinin 
gözlərinin içinə baxdı.– Məni arxamca tərifləyin…  
Taleyran gözlərini  Napoleonun nəzərləri altından çəkdi və yenə yüngülcə təzim 
edərək getmək istədi: 
– Icazənizlə… 
– Dayanın, Taleyran! – Napoleon onu saxladı  və  əllərini arxasında çarpazlayıb 
otaqda var-gəl etməyə başladı. – Dayanın… 
Napoleon otaqda var-gəl etdikcə, Taleyran nigarançılıq dolu nəzərlərlə ona 
baxırdı. 
Nəhayət, Napoleon eləcə var-gəl edə-edə və Taleyrana baxmayaraq dilləndi: 
– Fətəli şaha mənim adımdan məktub hazırlayın. 
– Fətəli şaha? – deyə Taleyran təəccüblə soruşdu. 
– Bəli! 
– Nə məzmunda? 
– O, Xəzər dənizini rusların üzünə bağlasın. Rusiya Cənubi Qafqazı götürsə, 
bununla kifayətləməyəcək, Iranın  şimal bölgələrini də  ələ almaq istəyəcək. Fransa 
Iran ilə Rusiya əleyhinə gizli müqavilə bağlamağı  təklif edir. Iran Rusiya ilə 
müharibəyə başlasa, biz hər vasitə ilə  Fətəli  şaha kömək etməyə hazırıq. Məzmun 
aydındır? 
Taleyran cavab vermədi. 
Napoleon hirslə: 
– Taleyran, – dedi.– siz istəmirsiz ki, mən güclü olum! Mən bunu bilirəm, 
Taleyran! Çünki siz Fransanı yox, özünüzü düşünürsünüz! Siz zəif hökmdarın 
yanında qüdrətli nazir olmaq istəyirsiniz! – Napoleon daha da sürətlə var-gəl etməyə 
başladı.– Mən niyə sizə dözürəm, Taleyran? Necə bilirsiz? 
Taleyran: 
– Mən başqa şey barədə düşünürəm, zat-aliləri…– dedi. 
– Hansı başqa şeylər barədə? Hə? 
– Üzr istəyirəm, zat-aliləri, mən…– Taleyran özünü saxladı  və sözünün ardını 
demədi. 
Napoleon bir anlıq ayaq saxlayıb ona baxdı: 
– Cəsarət etmirsiz deməyə?! 
Taleyran cəsarət etdi: 
– Mən siyasi əxlaq barədə düşünürəm, zat-aliləri… 
– Nə?– Napoleon heyrətlə xarici işlər nazirinə baxdı.– Siyasi əxlaq barədə 
düşünürsüz? – Və sürətlə addımlayaraq düz Taleyranın qarşısında dayanıb gözlərini 
altdan yuxarı onun sifətinə zillədi.– Sizin siyasi əxlaqdan danışmağa haqqınız çatır?! 
Taleyran təzim edib: 
– Icazənizlə…– dedi və çevrilib axsaya-axsaya qapıya tərəf getdi. 
Napoleon onun ardınca: 
– Məktubu gözləyirəm, Taleyran!– dedi. 
Taleyran otaqdan çıxdı. 


 
318
 
11. 
 
Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü… 
Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı. 
Və Saday bəy atın belində dodaqlarını sıxıb, gözlərini kip qapamışdı və dünyanı 
görmək istəmirdi… 
 
12. 
 
Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı. 
Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və  kənizlər xan qızını 
bəzəyirdilər.  
Tuba xanım Ağabəyim Ağanın yanında oturmuşdu və  qızının  əlini  əlinə alıb 
oxşayırdı. 
– Elə ki, çətin vaxtların oldu, elə ki, ürəyin qısıldı, məni yadına sal, qızım, məni 
gətir gözlərinin qabağına. – Tuba xanım deyirdi.– Mən Avar hakimi Ümmə xanın 
bacısı kimi həyatımda birinci dəfə Dağıstandan çıxıb Qarabağa, xan atana zövcə 
gələndə, səndən kiçik idim… Indi görürsən, maşallah, hər  şey qaydasındadı…– 
Uzaq günlərin xatirəsi Tuba xanımın gözlərinə  işartı  gətirdi, qadını gülümsətdü. – 
Bu sözləri ki, indi mən sənə deyirəm, Ağabəyim, bu sözləri beləcə, o vaxt, məni 
Qarabağa yola salanda rəhmətlik anam Çiçəkbanu mənə deyirdi… Çiçəkbanu, sənin 
nənən, bilirsən, çərkəz xanı Sabutay xanın qızı idi, çərkəz ellərindən Dağıstana 
gəlmişdi… Allah qoysa, heç bilməyəcəksən ki, vaxt necə keçdi, sən də qızını uzaq 
ellərə yola salanda, ona bu sözləri deyəcəksən… Yaxşıdı, pisdi, amma xanzadə, 
şahzadə xanımların taleyinə belə yazılıb… 
 
13. 
 
Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə  Şuşadan arana doğru 
üzüaşağı bir karvan gedirdi… 
… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə 
yara-yara irəliləyirdi… 
 …  Ağabəyim Ağa iki kənizi ilə  bərabər faytonda oturmuşdu.  Əbülfət ağa at 
belində faytonun yanınca gedirdi. 
Ağabəyim Ağa başını qaldırıb Şuşa dağlarına baxdı və: 
– Əbülfət, – dedi.– Görəsən biz bir də bu yerlərə qayıdacağıq? 
Əbülfət ağa gülümsəyib: 
– Əlbəttə!..– dedi. 
Ağabəyim Ağa eləcə Şuşa dağlarına baxa-baxa: 
– Sən qayıda bilərsən, bəs mən?– soruşdu. 
 Əbülfət ağa: 
– Kim bilir, bacı? – dedi.– Iran qüdrətli məmləkətdi… Bəlkə  sən bu yerlərin 
şahbanusu kimi haçansa təzədən bu yerlərə baş çəkdin?! 
Ağabəyim Ağa: 


 
319
– Yox, Əbülfət, istəmirəm…– pıçıldadı. – Istəmirəm… Bu yerlərin  şahbanusu 
olmaq istəmirəm… Bu yerlərin şahbanusu olmasın, Əbülfət… 
Guya ki, dünyanın işləri Əbülfət ağadan asılı idi… 
… Bu dəm Saday bəy isə dağın başında dayanıb get-gedə yolu burulub gözdən 
itən karvanın ardınca baxırdı… 
 
14. 
 
9 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.  
 
Ibrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün 
ağa da onun yanında idi. 
Xidmətçi bərkdən elan etdi: 
– Naxçıvan xanı əlahəzrət Kəlbəli xan! 
Kəlbəli xan içəri girdi, Ibrahim xanla qucaqlaşdılar, Axund Mirmöhsün ağa ilə əl 
tutuşdular. 
Xidmətçi yenə də bərkdən elan etdi: 
– Irəvan xanı əlahəzrət Məhəmməd xan! 
Məhəmməd xan da içəri daxil oldu və o da Ibrahim xanla qucaqlaşdı, Axund 
Mirmöhsün ağa ilə əl tutuşdu. 
Xidmətçi dişarı çıxdı. 
Ibrahim xan: 
– Qarabağa təşrif buyurmağınız məni çox şad edib, qardaşlar, – dedi.– Dünən 
xəbər çatdı ki, gəlirsiniz. Xoş gəlib, səfa gətiribsiniz. Bütün Qarabağ sizin öz doğma 
el-obanızdı. Buyurun, əyləşin. 
Qonaqlar taxtlara sərilmiş döşəkcələrin üstündə əyləşdilər. Ibrahim xan da onlarla 
üzbəüz əyləşdi. Axund Mirmöhsün ağa bir az kənarda oturdu. 
Ibrahim xan: 
– Necəsiniz?– soruşdu.– Nə var, nə yox? Çoxdandı görüşmürük… 
Kəlbəli xan: 
– Necəliyimiz, güman edirəm ki, cənabınıza yaxşı  məlumdu,– dedi və bir başa 
mətləbə keçdi.– Məhəmməd xan qardaşımızla qərar verdik ki, səninlə 
məsləhətləşməyə gələk, Ibrahim xan. Cavad xana da sifariş göndərmişik ki, münasib 
bilsə, məşvərət üçün təcili bura gəlsin. Sizin, bir ağsaqqal kimi, qapınızın həmişə 
bizim üzümüzə açıq olduğunu biz yaxşı bilirik, Ibrahim xan. 
Ibrahim xan: 
– Təşəkkür edirəm, – dedi. 
Kəlbəli xan: 
– Məsələ vacib, zaman məhduddur, – deyə sözünə davam etdi.– Padşah 
Aleksandrın böyük generalı Sisianov daha gəlib Tiflisdə əyləşib.  
Məhəmməd xan əsəbi halda dilləndi: 
– O, bizim Irəvan xanlığından da, Naxçıvan xanlığından da tələb edir ki, rus 
padşahına tabe olaq!.. 
Ibrahim xan: 
– Mən bunu iki gün bundan qabaq eşitmişəm,–dedi.– Bəs siz nə fikirdəsiniz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə