313
bilməyəcək, Sultan Səlimin «Nizami-cədid"i də onların dadına yetməyəcək. Artyun
paşa bu fikirdədir ki, biz hələ üzə çıxmamalıyıq,
həmişəki kimi öz işimizi
görməliyik. Qoy Osmanlı zəifləsin, qoy müsəlmanlar bir-birini qırsın, qoy türklər
özləri özlərinə qənim kəsilsin!.. Qoy, Rusiya öz ordusuyla öz sözünü desin!.. Qoy,
Avropa hörümçək kimi, öz intriqalarını hörsün!.. Bütün bu hadisələrdə Allah
bizimlədir! Cənablar, uzağı əlli-altmış ildən sonra biz öz sözümüzü deyəcəyik.
Artyun paşa inanır ki, Böyük Ermənistanın yaranması prosesi elə bu əsrdə – X1X
yüzildə başlayacaq! Sadəcə olaraq, biz situasiyanı nəzarətə götürməyi və bundan
effektli istifadə etməyi bacarmalıyıq.
O zaman tarix sübut edəcək ki, sərhədləri
dənizdən dənizə qədər uzanacaq Ermənistan dövləti bizim xam xəyallarımızın
bəhrəsi deyil!
– Cənablar! Cənablar! Bir az realist olun! Siz düz yolda deyilsiniz! Bu yolun
sonunda millətimizi bədbəxtçiliyə apara bilərsiniz! Bu yol qan gölməçələrindən
keçir, cənablar! Doğrudanmı siz bunu görmürsünüz? Biz başqalarına xəyanətlə öz
millətimizi xoşbəxtliyə apara bilmərik, cənablar! – Bu sözlər köhnə kilsədəki o gecə
yığıncağında çox qəfil və çox da yad səsləndi və bu sözləri deyən adam həyəcanını
gizlədə bilməyib ayağa qalxdı. – Ayılın,
cənablar, ayılın!
Aşot Karapetyan:
– Siz kimin qanının təəsübünü çəkirsiniz, cənab Petros Dəlləkyan?– soruşdu.–
Türklərin? Siz bizi kimlərə xəyanətdə suçlayırsınız? Türklərə?
Petros Dəlləkyan:
– Yox!– dedi.
– Bəs kimə?
– Ona! – Dəlləkyan barmağını yuxarı qaldırıb bir də təkrar etdi. – Ona!
Zirzəmiyə narahat bir sükut çökdü və bu sükutu Vanya yüzbaşı pozdu:
– Ara, Petros ağa, sənin bu gecə vaxtı, bu soyuqda burda nə işin var? Ara, niyə
isti yorğan-döşəyində yatmırsan? Türklərin ürək dostusan, get dostluğunu elə də!
Istəyirsən, get, lap özünə sünnət elə! – Vanya yüzbaşı ləzzətlə güldü.
Petros Dəlləkyan:
– Siz tərbiyəsiz adamsız, Vanya yuzbaşı!– dedi.
Vanya yüzbaşı eləcə ləzzətlə gülə-gülə:
– Ara, məzhəb haqqı düz deyirəm!– dedi.
Mesrop Hamparsumyan maraqla Vanya yüzbaşıya baxdı və yanında oturandan
yavaşca soruşdu:
– Vanya yüzbaşı budu?
– Bəli.
– Mən belə adamlarla bir yerdə qala bilmərəm! – Bu sözləri də barmağı ilə Vanya
yüzbaşını göstərərək Petros Dəlləkyan deyib, iti addımlarla mağaradan çıxdı.
Mesrop Hamparsumyan onun ardınca baxa-baxa:
– Bizim millətimizin bədbəxtliyi ondadır ki, aramızda belələri də var…– dedi.–
Ancaq türklər bizim analarımızı, bacılarımızı öz hərəmxanalarına yığanda, heç onu,–
Hamparsumyan barmağını yuxarı qaldırdı, – fikirləşmirlər! Bizi eşşək kimi işlədib,
özümüzü
də adam yerinə qoymayanda, gülüb bizi ələ salanda heç ondan
qorxmurlar!.. Bizim petros dəlləkyanlarımızın belə hümanizmi, yatanda, türklərin
heç yuxusuna da girmir!..
Vanya yüzbaşı bərkdən deyindi:
314
– Ara, bura lap buzxanadı!..
Bu dəfə də hamı Vanya yüzbaşıya baxdı.
– Ara, bizim canımız bu xaraba Alban kilsəsinin zirzəmisindən nə vaxt
qurtaracaq?
Aşot Karapetyan dedi:
– O zaman ki, Vanya yüzbaşı, biz bu Alban kilsəsini öz kilsəmiz edəcəyik və
katalikos özü gəlib burada bizim balalarımıza xeyir-dua verəcək!
Vanya yüzbaşı:
– Vax!. – dedi. – Ara,
Aşot ağa, siz buranı elədiz erməni kilsəsi, mən dedim
olmaz? Ha?
Mesrop ağa, sən allah, de görüm, Artyun paşanın canı-başı
salamatdımı?
Mesrop Hamparsumyan məclisin gedişatından açıq-aydın bir narazılıqla:
– Yaxşıdı…– dedi.
– Sən məzhəb, Mesrop ağa, məndən – Vanya yüzbaşıdan ona çoxlu salam de! Biz
onunla köhnə dostuq!
Hamparsumyan:
– Bilirəm…– dedi.
– Ara, görürəm, sən hər şeyi bilirsən… Ha–a? Türklər demişkən, maşallah
olsun!.. Artyun paşaya mənim adımdan deyərsən ki, buralarda hər şey qaydasındadı,
heç nədən narahat olmasın.– Vanya yüzbaşı əlini arxasına aparıb belini dikəltdi. –
Ağalar! Fətəli şah Ibrahim xanın qızı Ağabəyim Ağaya elçi düşüb. Oğlu Əbülfəti də
girov tələb edir. Xanın əlacı yoxdu, razılıq verəcək. Biz bu vəziyyətdən ağılla,
bacarıqla istifadə etməliyik. Sisianovu başa salmaq lazımdı ki, Ibrahim xan Rusiya
əleyhinə Iran ilə gizli sövdalaşma aparır, Qarabağı Iran himayəsinə salmaq istəyir,
ona görə də onunla qohum olur. Ağalar! Ibrahim xan ağıllı, tədbirli,
hiyləgər bir
hakimdi. Məzhəb haqqı, adam heç inana bilmir ki, türkdən belə ağıllı adam çıxsın!
Nə qədər ki, o sağdı, biz millətimiz naminə Qarabağda istədiyimizi edə
bilməyəcəyik. Nüfuzlu adamdı, zəhmli adamdı, dünya görüb, onunla zarafat eləmək
olmaz. Azərbaycanın bütün xanlıqları onunla hesablaşır. Nə qədər ki, o sağdı,
Qarabağ xanlıq olaraq qalacaq. Biz çalışmalıyıq ki, Qarabağ Rusiyanın bir əyalətinə
çevrilsin. Bizdən başqa
bütün Qafqazda bu türklərin, bu müsəlmanların arasında
rusların kimi var ki, ona arxalansınlar? Heç kimi. Ona görə də biz rusların özündən
də yaxşıca istifadə etməliyik. Qoy, bizi axmaq hesab eləsinlər, qoy, elə bilsinlər ki,
bizim əlimizlə türklərin arasında öz işlərini görürlər, amma biz, öz işimizi görək.
Onda
tarix görəcək ki, axmaq kim imiş!.. Ara, məzhəb haqqı, bura buzxanadı. Mən
də uzun danışdım… Haykanuş xalanız təkdi isti yorğan-döşəkdə, məni gözləyir,
mən getdim…– Vanya yüzbaşı bu sözləri deyə-deyə ayağa qalxdı.– Ağalar, yeni
görüşümüzəcən!
Mesrop Hamparsumyan:
– Vanya dayı,– dedi.– Mən Petros Dəlləkyanın sözlərindən nigaran qaldım…
Ondan gözüm su içmir…
– Ara, Petros ağadı da… Sən Artyun paşaya de ki, heç nədən narahat olmasın…–
Vanya yüzbaşı yenə ləzzətlə güldü.– Petros ağanı mən özüm sünnət edərəm…
Və Vanya yüzbaşı zirzəmidən çıxdı, ehtiyatla addımlaya-addımlaya pilləkanları
qalxdı və soyuqdan çuxasının içində büzüşərək köhnə kilsə xarabalığından