182
Surxay Gözlə-Gəlirəm Məmməd kişinin dəfnindən sonra o kiçik
qəbiristanlıqdan qayıdanda Kolxoz kişinin qəbrinin yanında ayaq saxladı və Kolxoz
kişinin kubik başdaşına baxa-baxa:
– Nətərsən, ay ağsaqqal?– soruşdu və elə bil, hiss etdi ki, o «ağsaqqal» sözü
qəbrin içində də Kolxoz kişinin xoşuna gəldi.
XXV
Gülzar arvad otağın açıq pəncərəsindən uzaqlara baxa-baxa sızıldayırdı və elə
sızıldaya-sızıldaya da, elə bil, özü özündən soruşdu:
– Hardadı, görən, indi o profesır?
Səyyarə:
– Hankı professor, ay nənə?– soruşdu.
– O bizim evdə qalan də...
Səyyarə təəccüblə qaynanasına baxdı:
– Bizim evdə qalan?
– Hə də... Onda sən hələ bizə gəlməmişdin... Yayda Bakıdan gəlmişdi arvad-
uşağıynan. Ikinci mərtəbəni onlara kirayə vermişdik... Deyirdi ki, Şuşa Isveçrədir...
Deyirdi ki, gərək Şuşanın qədrin biləsiz...
Səyyarə:
– Sən də, ay nənə... – dedi. – Indi neynirsən o kişini?
Gülzar arvad:
– Yapışajam yaxasınnan, – dedi. – Deyəjəm, yaxşı, biz bilmədik Şuşanın qədrin,
bə, sən niyə bilmədin Şuşanın qədrin, a köpəy oğlu?! Hıy?!
Səyyarə, sulanmış gözləri də səsi, nəfəsi kimi sızıldayan qaynanasının hərdən
beləcə yaddaşı ilə qabaq-qabağa durmağına öyrənmişdi:
– Eh, ay nənə... Indi hərə öz hayındadı... – Sonra göz görəti Səyyarənin
gözlərinə işıq gəldi (Əbilinin gələcək futbol məşhurluğunu xatırlayanda həmişə də
belə olurdu, arvadın gözlərinə beləcə işıq gəlirdi). – Qoy bir, Əbili başlasın
oynamağa, nə var ki, səni aparajam Isveçrəyə!..
Səyyarənin bu sözləri arvada elə təsir elədi ki, az qaldı, hansısa professorun
əvəzinə gəlininin yaxasından yapışsın, gəlinini söyüb biabır eləsin:
– Isveçrəni neynirəm, az, mən? – Sonra qışqırdı: – Şuşanı ver mənə!.. Şuşanı!..
Elə bil, Şuşanı ermənilər yox, Səyyarə tutub saxlamışdı və heç kimi də ora
buraxmırdı...
XXVI
O dəhşətli, o ağlasığmaz, inanılmaz hadisə iyunun 1-də baş verdi – birdən-birə,
qəflətən baş verdi və o xəbərin həqiqiliyinə inanmaq mümkün deyildi.
Buzovna Fəhlə Yataqxanasının həyətindən cənazəsi qaldırılan 17-ci şuşalı, belə
bir aqibəti sidq-ürəkdən arzulayan Cümü (Qızıl Diş Cümşüd) yox, Eysebio oldu.
O dəhşətli hadisə təkcə yataqxana camaatını, orda-burda məskunlaşmış və o
tükqabardan xəbəri eşidən başqa şuşalıları yox, təkcə Yataqxananın qonşuluğundakı
Buzovna sakinlərini, Eysebionun futbolçu yoldaşlarını, məşqçilərini də yox, elə bil,
bu həyəti, bu həyətdəki o beşmərtəbəli binanı, o iydə ağaclarını, o qoca zeytunu, o
kranı, elə o qazanxananın özünü də canlı bir varlıq kimi sarsıtmışdı, elə bil, Fəhlə
183
Yataqxanasının o həyəti birdən-birə titrəyişlərinin arası kəsilməyən gözəgörünməz
bir zəlzələyə düşmüşdü – o həyət də bu bəd xəbərdən uçunurdu.
Mayın 28-i – bayram günü keçdi, 29-u, 30-u, 31-i də keçdi, Surxay Bayraqdarın
o üçrəngli bayrağı Yataqxananın həyətindəki qazanxananın damında eləcə
dalğalandı, iyunun 1-də Surxay saat 10 radələrində yenə tut ağacı ilə qazanxananın
damına dırmaşıb bayrağı çıxardı və aşağı düşürüb, əvvəlcə evə aparmaq istədi, sonra
fikirləşdi ki, günü günə satmasın, bayrağın təmirini elə indidən başlamaq lazımdır və
ucluqdan başladı – dəmir ucluğu dartıb çıxartdı, bayrağı qəzetə, sonra da səliqə ilə
sellofana büküb, qazanxananın divarının dibində yerə uzatdı, ucluğu təzədən nikel
vurdurmaq üçün, avtobusa minib Mərdəkana getdi – qalayçı Mərdəkanda idi.
Və o dəhşətli hadisə də həmin iyunun 1-də, günorta saat 12 radələrində baş
verdi.
Həmin gün Əbülfət məşq bazasında səhər idmanından sonra elektrik qatarına
minib Buzovnaya gəldi və o saat onun başına toplanmış yeniyetmələr Əbülfətə heç
otaqlarına qalxmağa da imkan vermədilər (sonralar Kamança Tanrıverdi deyirdi: «O
yazığı əcəl girləyirmiş...»), həyətdə yenə gözəl bir futbol başladı.
Cəmilə beşinci mərtəbədəki pəncərədən həyətə baxırdı.
Əbülfətə elə gəlirdi ki, hansı simsiz teleqrafsa, onun gəlməyini o saat Cəmiləyə
xəbər verir, çünki elə həyətə girəndə – hələ futbol hay-küyü (və sevinci) başlamamış
– görürdü ki, Cəmilə o pəncərədən baxır və yüz faiz – buna heç bir şəkk-şübhə yox
idi – Əbülfətin yolunu gözləyir.
Cəmilənin o pəncərədən eləcə onun yolunu gözləməyi Əbülfət üçün futbol
oynamağında məşqlərdən, səhər idmanlarından, baxdığı futbol videolarından qat-qat
artıq bir şey olmuşdu – Cəmilənin onun yolunu gözləməsi Əbülfətin içində elə bir
hissiyyat yaratmışdı ki, onu futbol meydanında eləcə oynadan, hər oyunda gözəl
qollar vurduran da, bax, həmin o hissiyyat idi.
O gün də – 2003-cü il iyunun 1-i – o cür adi (və qeyri-adi) gözəl bir gün idi,
həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı və zərbələrin birindən sonra top
qazanxananın damına düşdü. Əbülfət özü qaçıb bir göz qırpımında tut ağacı ilə
yuxarı dırmaşdı – elə bil, o baxışların altında hər şeyi özü eləmək istəyirdi –
qazanxananın damına atıldı və diyirlənib damın küncündə dayanmış topu götürmək
istəyəndə ayağının altındakı daş qopdu və Əbülfət o daşla bir yerdə qazanxananın
damından yerə yıxıldı.
Əbülfət uzuqoylu o bayrağın üstünə düşdü.
Bayrağın dəstəyinin ucundakı zubul Əbülfətin sinəsini deşib düz ürəyinə
girmişdi...
XXVII
Eysebionun ölüm xəbəri gəlib Bolelşik Bufetçi Ibadullaya çatanda, bu nəhəng
kişi kövrəlib az qaldı, uşaq kimi ağlasın. Həmişə əlində olan böyük əl-üz dəsmalı ilə
peysərinin, sinəsinin tərini silə-silə:
184
– Alə, – dedi. – Allah, elə bil, seçib aparır bir-bir!.. Alə, bilirsən necə futbolist
olaceydi o bədbəxt?! – Sonra şalvarının dal cibinin düyməsini açdı və həmişə xüsusi
xərclər üçün ehtiyatda saxladığı əzik-üzük və tərdən nəm çəkmiş zərfi çıxarıb
içindəki dörd əllilik dollardan birini çıxardaraq oğlu Ağasəlimə uzatdı. – Alaginən.
Get, bir dənə toğlu alginən, apar ver onlara, qoy Eysebio üçün ehsan versinlər...
Ağasəlim əyninə ağ xalat geyib bufetdə müştəriləri yola salmaqda atasına
kömək edirdi və indi, bu istidə təzədən paltarını dəyişməliydi, Zabratla Maştağanın
arasındakı qoyun bazarına gedib heyvan almalıydı, sonra da o heyvanı Buzovnadakı
Fəhlə Yataqxanasına aparmalıydı...
Bolelşik Bufetçi Ibadulla Ağasəlimin narazı sifətinə baxıb təkrar etdi:
– Get, oğlum, get... Qoy, bir savabı da sənə düşsün...
Və Ağasəlim əllilik dolları götürüb bufetdən çıxanda Bolelşik Bufetçi Ibadulla
oğlunun ardınca qışqırdı:
– Alə, alver elə, qoyun böyük olsun!..
Ağasəlim yenə narazı-narazı atasının puçur-puçur tər süzülən sifətinə baxdı,
yəni ki, mən nə vaxtdan bəri pulu göyə sovuran olmuşam?
XXVIII
Əbülfəti iyunun 2-də dəfn etdilər.
Əbülfətin cənazəsini otaqdan götürüb həyətə aparanda, elə bil, dibinə qum
tökmüsən, torba kimi sallanan ətsiz döşlərinin üstündən açıq sinəsini, üzünü cırmaq-
cırmaq etmiş Səyyarə, Yataqxananın dəhlizində onu tutmuş arvadların əlindən
buraxılıb Surxayın üstünə cummaq istəyirdi və batmış səsi ilə qışqırırdı:
– Sən girməliydin o bayrağınla bir yerdə qara qəbirə, sən!..
Arvadlar Səyyarəni güclə saxlayırdılar.
– Səni görüm bayrağınla bir yerdə gorbagor olasan, Surxay!.. Sənə gəldiyim gün
başıma bir qara daş düşəydi mənim!.. Gorbagor olasan səni, Surxay, bayrağınla bir
yerdə!..
XXIX
Molla Fərzəli (Fərzəli müəllim) həyətdə «Fatihə» verdi və Buzovna Fəhlə
Yataqxanasının sakinləri, bu acı xəbəri eşidib gəlmiş başqa Şuşa qaçqınları,
komanda yoldaşları, məşqçilər Əbülfətin cənazəsini qaldırıb Şuşalılar
qəbiristanlığına tərəf üz tutdu.
Cəmilə uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxırdı və uçuna-
uçuna da pıçıldayırdı:
– Əbülfət... Əbülfət... Əbülfət...
Qəbiristanlığa ancaq kişilər gedirdi. Səhərin gözü açılandan Səyyarənin yanında
olan Sona ilə Güllü arvad, heç olmasa, bir stəkan çay içməkdən ötrü otağa girdi və
Sona qızının uçuna-uçuna pəncərənin qabağında dayanıb həyətə baxa-baxa yazıq
Əbülfətin adını pıçıldadığını görüb əməlli-başlı özünü itirdi, səhərdən bəri
Səyyarənin dərdinə ağlamaqdan qızarmış gözləri bərəldi:
– Az, Cəmilə?..
Cəmilənin, elə bil, nə anası ilə nənəsinin otağa girməyindən xəbəri var idi, nə bir
söz eşidirdi, elə o cür uçuna-uçuna pıçıldayırdı:
Dostları ilə paylaş: |