178
Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından,
Ordubad
əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
innabınacan ağac əkdirib bağ saldırmışdı və hər dəfə yay qurtaranda özü də, arvadı
da söz verirdilər ki, gələn yay mütləq Bilgəhə köçəcəklər, amma elə ki, yay gəlib
çıxırdı, o söz də yaddan çıxırdı, Əhməd Ağayeviç məzuniyyət götürə bilsəydi, bir
yerdə, götürə bilməsəydi, özü Bakıda qalırdı, ailəsi isə ya Antalyada, ya Karlovı-
Varıda, ya da başqa bir yerdə – sovet hökumətindən sonra azadlıq idi və kim hara
istəyirdi, ora da gedirdi – istirahət edirdilər və illər də beləcə ötüb-gedirdi.
Bilgəhdəki bağ Əhməd Ağayeviçin klassik daşınılmaz əmlakına çevrilmişdi və
o əmlakın etibarlı gözətçisi də Vasili Kuzmiç idi.
Həmin gün idarədə iş çox gərgin keçdi (haçan gərgin olmurdu ki?)
və Əhməd
Ağayeviç işdən sonra bir az yeyib-içib istirahət etmək, həm də Cavanşirin klarnetinə
qulaq asmaq üçün dostlarıyla «Şən həyat» restoranına getdi və içkini çox xoşlamasa
da, Cavanşir onun şəxsi sifarişi ilə klarnetdə elə bir «Segah» çaldı ki, Əhməd
Ağayeviçin heç xəbəri olmadı neçə qədəh konyak içdi.
Cavanşir klarnetin ağzını tavana tutub sidq-ürəkdən «Segah» çalırdı və o
«Segah» Əhməd Ağayeviçi «Şən həyat» restoranından çıxarıb haralara apardı?– o
yerin adı yox idi, amma görünməz-bilinməz bir uzaqlıqda olan o məkan çox kövrək
və çox qəmgin bir yer idi, orda Əhməd Ağayeviç həyatın ötüb-getdiyini və sonun
yaxınlaşdığını tükürpəşdirən bir aydınlıqla hiss edirdi, o məkanda bir əlacsızlıq var
idi, yaşanmış ömrün və ümumiyyətlə, həyatın, dünyanın mənasızlığı oranın hər
tərəfinə hopmuşdu və Əhməd Ağayeviçi «Şən həyat» restoranında nəfəs almağa
qoymurdu.
Hamı Əhməd Ağayeviçi sərt, hətta daşürəkli
və təhlükəli bir adam kimi
tanıyırdı, amma heç kimin xəbəri yox idi ki, axır vaxtlar, hərdən, gecə yuxuya
getməzdən əvvəl, bəzən də hansısa bir iclasda, rəsmi konsertdə birdən-birə xəyal
Əhməd Ağayeviçi – bu «sərt, daşürəkli və təhlükəli» adamı həmin o naməlum,
amma tamam qüssəli məkana aparırdı və Əhməd Ağayeviç o məkanda özünü, elə
bil, hava əvəzinə kədər doldurulmuş bir çəkisizlik içində hiss edirdi, həyatın
amansız bir sürətlə sona doğru getməsi, 3 ildən, 5 ildən, lap 15 ildən – onda 75-76
yaşı olacaqdı – sonra heçə dönəcəyi, torpaqda çürüyəcəyi onu dəhşətə gətirirdi,
pulları da, arvadının çox nadir daş-qaşları da, hətta oğlunun məktəbi bitirəndə aldığı
qızıl medalı, qızının bəstələdiyi və iki ilin içində bütün
Azərbaycanda məşhur olan
mahnıları da tamam mənasız bir şeyə çevrilirdi və yaxşı ki, bu duyğular tez də
keçib-gedirdi, yoxsa ki, onlara dözmək mümkün deyildi, amma bu dəfə – «Şən
həyat» restoranındakı bu axşam Əhməd Ağayeviçin düşüncələri, hissiyyatı o kədərli
məkandan geri qayıda bilmirdi, elə bil, yapışıb orada qalmışdı, qopa bilmirdi və bu
azmış kimi, Əhməd Ağayeviç növbəti qədəhi içəndə, mədəsi bu qədər konyaka
öyrənmədiyi üçün, az qaldı ürəyi bulansın, onu soyuq tər basdı, ayağa qalxıb tualet
bəhanəsi ilə eşiyə çıxdı.
«Şən həyat» restoranı Pirşağıda, dəniz kənarında idi
və Əhməd Ağayeviç tualetə
yox, sahilə getdi, əyilib dənizin dayaz qum sahilindən bir ovuc durulmuş su götürdü
və o suyu sifətinə çırpdı, amma su ilıq olduğu üçün Əhməd Ağayeviçin əhvalına heç
bir sərinlik, heç bir təravət gətirmədi, əksinə, ilıq dəniz suyunun damcıları sifətindən
axıb boğazından ağ köynəyinin altına süzüldükcə, ürəyi daha artıq sıxılmağa başladı,
179
elə bil, o adi dəniz suyu da damcı-damcı o kədərli, qəmli-qüssəli, uzaq məkandan
(əslində naməkandan!) damırdı.
Klarnet ağzını tavana yox, elə bil, həmin məkandan (naməkandan) düz Əhməd
Ağayeviçin üzünə (ürəyinə... içinə...) tuşlayıb
deyirdi ki, ay səfeh insan, yox, daha
da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh Əhməd Ağayeviç, hər şeyin var, otuz
ildi cürbəcür vəzifələrdəsən, pulun var, yaxşı övladların var, nəvən var, ev-eşiyin
var, amma nə olsun? bunun mənası nədi? hər şeyin var, amma öz içində, öz
ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki, üstünə çıxıb
özünü boğulmaqdan xilas edəsən və Əhməd Ağayeviç hiss etdi ki,
bu saat bu
aydınlıq gecədə, dənizin kənarında arvad kimi hönkürüb ağlayacaq, tez geri çevrilib
iri addımlarla «Şən həyat» restoranına qayıtdı.
Cavanşirin klarneti bu dəfə hansısa bir xalq mahnısı çalırdı və süfrə arxasında
oturmuş dostlar ləzzətlə ona qulaq asırdılar, amma Əhməd Ağayeviçin indi, hətta
Cavanşirin klarnetinə də qulaq asmağa taqəti yox idi və: «– Gərək gedib bağa baş
çəkim...»– bəhanəsi ilə dostlardan ayrıldı və qəribəsi də bu oldu ki, «Şən həyat»
restoranından çıxıb maşına minəndə, doğrudan da, sürücüyə dedi:
– Bilgəhə sür!
Sürücü (tatar balası Şövkət):
– Oldu! – dedi və fikirləşdi ki, dünyada kiminsə sürücüsü olmaqdan da əbləh bir
iş yoxdu.
O isti iyun günü Şövkətin qızının 10 yaşı tamam olurdu və axşamdan bəri «Şən
həyat» restoranının qabağında Əhməd Ağayeviçi gözləyən sürücünün evə gedib
qızını hələ yatmamış görmək ümidi tamam boşa çıxdı.
Maşın gün istisindən yumşalıb dalğalanmış əyri-üyrü asfalt yolla «Şən həyat»
restoranından uzaqlaşdıqca, elə bil, o «Segah»ın səsi də yavaş-yavaş Əhməd
Ağayeviçin qulağından uzaqlaşırdı, arxada qalırdı, hətta Əhməd Ağayeviç fikrindən
keçirdi ki, əvvəllər kolxozlara «Şən həyat» adı verirdilər,
indi isə restoranlara və
gülümsədi də, sonra fikirləşdi ki, bu gecə vaxtı nə var Bilgəhdə, bəlkə geri – Bakıya
qayıtsın, amma bu vaxt, elə bil, kimsə qəflətən Vasili Kuzmiçin sifətini Əhməd
Ağayeviçin gözlərinin qabağına gətirdi və Əhməd Ağayeviç bu rus kişisinin
sifətində heç vaxt görmədiyi bir əzab, iztirab gördü, hiss etdi.
Elə bil, uzaqdan yenə də o «Segah»ın sədaları yavaş-yavaş eşidilməyə başladı
və Əhməd Ağayeviç ürəkdən gələn səmimi bir tənə və peşmançılıqla fikirləşdi ki,
beş ildən artıqdı bu bədbəxt rus kişisinə həftədə otuz beş, qırx mindən artıq pul
vermir. Otuz beş, qırx minə üç kilo ət almaq olardı, vəssalam. Yaxşı, ət yeməsin bu
bədbəxt oğlu,
nə zirzibil keçir əlinə, onu yesin, bir həftə otuz beş, qırx minə necə
yaşamaq, geyinmək, siqaret çəkmək olar? Axı, it deyil, pişik deyil, insandı bu
bədbəxt oğlu Vasili Kuzmiç... Günə nə qədər düşür? Beş min... Insanla belə rəftar
eləyərlər? Bu adamın, bu bədbəxt oğlu Vasili Kuzmiçin sənin ona verdiyin o puldan
başqa bir gəlir yeri yoxdu. Onu o cür ac saxlamağının günahını Allah elə bilirsən,
bağışlayacaq sənə? Elə bilirsən, bunun altını çəkməyəcəksən?
Əhməd Ağayeviç Bakıda təzə qəbiristanlıqda (köhnə qəbiristanlığın arxasında)
geniş bir sahə almışdı,
orada ağac əkdirmişdi, oranı mərmər üzlüklü hasara almışdı
və indi, «Şən həyat»dan çıxıb Bilgəhə getdiyi bu dəqiqələrdə həmin qəbiristanlıq
sahəsi onun gözlərinin qabağına gəldi və elə bil, gözəgörünməz bir əl Əhməd
Ağayeviçin boğazından tutub onu boğmağa başladı: ay səfeh oğlu, səfeh, ora nə