Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   116   117   118   119   120   121   122   123   ...   145

 
288
olsun! Dörd ildi at belindən düşmürəm, dağlar, daşlardı məskənim, Böyük bəyin 
adamları izləyiblər məni ki, vursunlar. Kaş elə vuraydılar! 
Solaxay Həsənalı ayağı ilə qapını vurub açdı, əl-ayağa dolaşanları o tərəf-bu 
tərəfə itələyib həyətə  çıxdı, qapı  ağzında gözləyən atın belinə  sıçrayıb bir cavan 
oğlan kimi çapdı və Böyük bəyin həyət darvazasından çıxıb getdi... 
...Valeh komissarın otağına girdi: 
– Yoldaş komissar, üç gün bundan əvvəl üzə çıxıb, guya ki, bizim tərəfə keçən 
qaçaq Şahmar günün günorta çağı Hüseyn bəyin evinə basqın eləyib, bütün qiymətli 
şeyləriylə  bərabər, iki uşaq anası cavan arvadını da kəbinli-kəbinli zorla götürüb 
qaçırıb. 
Elə bil, hələ də özünə gəlməyən Nicat Ovçuoğlu bir biganəliklə: 
– Bəs Hüseyn bəy özü hardaymış? – soruşdu. 
– Hüseyn bəy biz gələndə qaçıb. Harda olduğu məlum deyil!  
Və bu vaxt elə bil ki, Nicatın bütün hirsi, kini bir vulkan kimi püskürdü: 
– Yerin dibində  də olsa, qaçaq Şahmarı tutub tribunala vermək lazımdı! 
Güllələmək lazımdı belələrini camaatın gözü qabağında! Aydındı? 
Valeh tələsik: 
– Bəli, yoldaş komissar, – dedi, – aydındı! 
Nicat bir balaca özünə gəlib: 
– Bahadırdan nə xəbər var? – soruşdu: 
– Qaçaq Bahadır bu saat öz dəstəsilə Topxana meşəsindədi... Qara camaat 
onun xətrini istəyir, yoldaş komissar... 
– Bilirəm. Hazırlaş, sabah sübh tezdən onunla görüşməliyik. 
– Neçə atlı götürək? 
– Ikimiz gedəcəyik, sənlə mən. Qorxmursan? 
– Mən yox, yoldaş komissar, sizin həyatınız üçün təhlükəli olar. Hər halda, 
qaçaq qaçaqdı... Bələdçi də götürməyək? 
– Bələdçi? – Nicat Ovçuoğlu gülümsədi. – Topxana meşəsində mənə bələdçi 
lazım deyil, Valeh... 
VII 
Şahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə 
tökülmüşdü və bu dəm Nicatın  əli onun saçlarında gəzirdi.  Şahnaz başını Nicatın 
geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, 
o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı. 
Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla: 
– Mən sənin  əzablarını hiss edirəm, Nicat, – dedi. – Bütün yoldaşların, 
dostların kimi, atan da məni düşmən hesab edir. Burax məni çıxım gedim... 
Nicat tamamilə qeyri-şüuri: 
– Hara gedəsən? – soruşdu. 
– Uzaqlara... Heç kəsin məni tanımadığı bir yerə...  
Nicat onun saçlarını qatışdırdı: 
– Uşaqsan sən?.. Yat. Atamdan da incimə. 


 
289
– Heç kəsdən incimirəm mən... Amma çıxıb getmək istəyirəm... Baş götürüb 
qaçmaq istəyirəm... Suçlu adamlar kimi heç kəsin üzünə baxa bilmirəm... Elə bil, 
nədəsə, təqsirkaram. Bilmirəm nədi bu, Nicat... Adamların baxışı  məngənə kimi 
sıxır ürəyimi... Istəmirəm ki, atanla da düşmən kəsiləsən mənim üstümdə... 
Nicat: 
Vaxt gələr, – pıçıldadı, – atam da başa düşər öz səhvini. Inqilabın mənasını, 
qanunlarını hamıya birdən başa salmaq çətin işdi. Qınama atamı. Çar üsul-idarəsi, 
ağalıq dünyası sümüklərinə  qədər yandırıb-yaxıb onu... Fikirləş  də, bir... – Nicat 
yavaş-yavaş qızışırdı. – Öz vətənimizdə vətənsiz idik. Ana dilimiz belə işə keçmirdi. 
Dövlət işlərinə yaxın buraxmırdılar bizi. Bizim nə xarici siyasətdən xəbərimiz 
olurdu, nə də daxili siyasətdən. Milli vüqarımızı ayaqlar altına salıb tapdalayırdılar. 
– Indi sizin yaratdığınız təzə dövlətdə bunların hamısına son qoyulacaq? 
–  Şübhəsiz! Çünki biz deyirik: bütün cinayətlərin, haqsızlıqların kökü bir 
sinfin o birisinin üzərindəki ağalığıdı. Biz zəhmətkeş xalqla birlikdə elə bir cəmiyyət 
quracağıq ki, orada kim zəhmət çəkirsə, o da yaxşı yaşasın. Hər bir vətəndaş öz 
hökumətinin nə elədiyini, nə işlə məşğul olduğunu bilsin. Örtülü qapılar dalında heç 
nə həll edilməsin. Istismara son qoyulacaq, Şahnaz! 
Şahnaz xanım bir müddət heç nə demədi, sonra pıçıldadı. 
– Kaş sənin bu gözəl arzuların bir xam xəyal olmayaydı, Nicat!.. 
Nicat dərin bir inamla: 
– Vaxt gələcək, özün görəcəksən öz gözlərinlə bu arzuların həqiqət olduğunu. 
VIII 
Topxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı 
atlı çapa-çapa özünü meşəyə verdi. 
Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi. 
Mirzə bəy: 
– Ağlım  kəsmir Bahadırdan bizə bir xeyir gələ! – dedi. – Böyük bəy nahaq 
göndərdi onun üstünə bizi!.. 
Yunis bəy: 
– Qorxursan? – soruşdu.  
Hümmət bu sualdan qımışdı. 
Mirzə bəy: 
– Qorxan gözə çöp düşər deyiblər, Yunis bəy! – dedi. – Mən gədə-güdədən 
qorxan oğullardan deyiləm! Pişikdən qorxan yuvasından çıxmaz! 
Yunis bəy: 
– Tanıyıram səni! – dedi.  
Bəylər çapa-çapa meşədə görünməz oldu...  
...Və bu çən-çiskin altında iki atlı da çapa-çapa yuxarı başdan Topxana 
meşəsinə girdi. 
Valeh: 
– Yoldaş komissar, qaçaq Bahadırı tanıyırsız siz? – dedi. 
Nicat Ovçuoğlu: 
– Uşaqlıq yoldaşımdı mənim, – dedi. 
Hər iki atlı çapa-çapa meşədə görünməz oldu. 


 
290
...Topxana meşəsi sükut içində idi və meşənin bu sükutunda bu dəm, elə bil ki, 
bir əbədilik vardı, amma birdən-birə qəfil bir səs bu sükutu pozdu: 
– E-he-he-hey!.. 
Topxana meşəsi bu səsə əks-səda verdi və bu əks-səda hər tərəfi bürüdü. 
Bəylər aşağıdan çapa-çapa yuxarı  qalxırdı  və onlar irəlilədikcə o ağacın 
dalından, bu daşın dibindən bir qaçaq qalxıb tüfəngini tuş tuturdu. 
Bəylər qaçaqların düşərgəsinə yaxınlaşanda, başında motal papaq, çiynində 
yapıncı bir qaçaq Bahadırı səslədi: 
Bəylər gəlib, Bahadır! 
Qaçaq Bahadır mağaradan çıxıb bəyləri ayaq üstə qarşıladı. 
Yunis bəy atı irəli sürdü: 
– Məni tanıyırsan, Bahadır, düşmənik sənlə! Dost başa baxar, deyiblər, 
düşmən ayağa. Indi gözüm gözündədi sənin! Böyük bəy yollayıb bizi! Turşsu 
meşəsindədi Böyük bəy, atlılarıyla birgə. Bolşeviklər taxtabiti kimi, eli-obanı 
bürüyüb, Bahadır. Dinsiz, imansızdılar! Hörmət-izzət aradan götürülüb! Namus, 
qeyrət ayaq altına düşüb! Vətənin, millətin yaman günüdü! Olub-keçənləri yaddan 
çıxarıb Böyük bəy! Sən də unut! Igid igidə xor baxmaz! Turşsu meşəsinə çağırır 
səni Böyük bəy, dəstənlə bir yerdə. Bolşeviklərə divan tutmaqdan ötrü! Millət 
uğrunda! Qeyrət, namus, kişilik yolunda! 
Qaçaq Bahadır yaxınlaşıb Yunis bəyə baxdı, sonra Mirzə  bəyə baxdı, sonra 
yaxınlaşıb o biri bəylərə bir-bir baxdı, Hümmətə baxdı, sonra iti addımlarla geri 
qayıdıb atının belinə sıçradı. 
Topxana meşəsində milçək uçsaydı, səsi eşidilərdi. 
Qaçaq Bahadırın atı şahə qalxdı və Qaçaq Bahadır çapıb Yunis bəylə üz-üzə 
durdu. 
– Tanıyıram səni, Yunis bəy, – dedi Qaçaq Bahadır. – Igidliyinə sənin sözüm 
yoxdu!  
 Sonra Qaçaq Bahadır atın ağzını döndərdi və at yenə də şahə qalxdı. 
Qaçaq Bahadır qışqırdı: 
– Atlanın! 
Qaçaqlar bir göz qırpımında atların belinə sıçradı. 
Qaçaq Bahadır dedi: 
– Qaçaqlar! Bir hökumətlə ki, bunlar vuruşur, – əlini uzadıb Mirzə  bəyi 
göstərdi – o hökumət sizin hökumətdi demək! 
Yenə milçək uçsaydı, Topxana meşəsində səsi eşidilərdi. 
Qaçaq Bahadır dedi: 
– Qaçaqlar! Illərdən bəri arvad-uşaqdan ayrı düşmüsüz, gecə-gündüz at 
belində mürgüləmisiz, ürəyiniz doludu dərdlə, innən belə istəmirəm ki, qocalıb 
əldən düşənə  kimi  at  belində qalasız! Məqam yetişib, gün çatıb! Torpaq gözləyir 
sizi! Arvad-uşaq gözləyir sizi! Gedin yeni hökumətdən aman istəyin! Dağılın, gedin 
ev-eşiyinizə! 
Araya sükut çökdü. Mirzə  bəy açıq-aşkar bir istehza ilə Yunis bəyə baxdı. 
Gözlərini Qaçaq Bahadırdan çəkməyən Hümmət tüfəngə  əl atdı. Yunis bəy onun 
əlindən yapışdı. 
Yaşlı bir qaçaq irəli çapıb: 
– Bəs sən? – soruşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə