Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə32/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   28   29   30   31   32   33   34   35   ...   184

 

73

 –  Şükürün qızı  səhəngi çiyninə alıb bulaqdan su gətirəcək, Nadir də onu 



çəkəcək kinoya. – Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar 

etdi. – Deyir ki, yaman kinoya düşən qızdır. – Sonra da Salman kişi başını bulaya-

bulaya xırda gözlərini qıyıb gülümsədi. 

Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə 

adamdırlar bu şəhərlilər, bu boyda kənddə  qız tapmadılar, gedib Şükürün caydaq 

qızını kinoya çəkirlər. 

Salman kişi «Şükürün qızı» dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən 

ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə – uşaqlıqda, qonşu 

kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi 

də həmin bu məktəbdə oxuyurdular. 

Sədəf nə  əlaçıydı, nə  də gözəl idi, hətta təhər-töhürsüz idi bir balaca və 

Allahverdi birdən-birə  eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə 

dübarə sual verməkdən özünü güclə saxladı. 

Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni 

vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, bunu, ancaq Allahverdi özü 

bilirdi, çünki bu yay günlərin bir günündə Sədəf ona məktub vermişdi və Allahverdi 

də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi. 

Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə  xəbər barədə fikirləşirdi və 

daha üşümürdü; fikirləşirdi və onu açıq-aşkar heyrət bürüyürdü, həm də  nədənsə, 

sıxılırdı, səbəbini özü də bilmirdi. 

Salman kişinin bayaqkı sözləri onun qulaqlarından getmirdi: «– Deyir yaman 

kinoya düşən qızdır». Daha doğrusu, Allahverdi bu saat bu sözləri elə bil 

kinooperatorun öz dilindən eşidirdi: «Çox fotogenik qızdır». Bu sayaq eşidirdi, 

çünki kənddə qaldığı dörd gün ərzində «fotogenik» sözü kinooperatorun ağzından 

düşmürdü və Allahverdi də gedib lüğətə baxıb bu sözün mənasını öyrənmişdi. 

Deməli, «fotogenik qızı» axır ki, tapıb kinooperator. 

Hələ üstəlik, elə bil, həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də: 

«– Şəhərdə yaşasaydı, kinoya çəkilməli birinci qız olardı Sədəf». 

Və Allahverdi, gəlib gözlərinin qabağında dayanmış  Sədəfin qarayanız 

sirsifətinə, arıq bədəninə, hacıleylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb 

qana bilmirdi. 

Allahverdi qayıdıb evə  gələndə  Qəşəm kişi hinin ağzını açıb toyuq-cücəni, 

hinduşkaları  həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə 

ayaqyolunun qapısını yağlayırdı ki, açılıb-örtüləndə cırıldamasın. 

Ayna arvad artırmanın altında samovara od salmışdı. 

Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə 

saçlarını qurulamırdı, bütün başını silkələyirdi. 

Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə 

fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun. 

Allahverdi məhrəbanı  əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı 

boylandı və samovarın yanında dayanmış anasına acıqlı-acıqlı dedi: 

– O dudkeşi götür qoy ağzına də, gözümüz çıxdı ki!.. 

Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi 

və  dəftər-kitabını  yığdığı dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim 

xəstələnib, yenə bu gün birinci dərs olmayacaq, tələsmək lazım deyil həmişəki kimi; 

bir neçə an elə-beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib 

lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü. 



 

74

Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb  əlində tutduğu dördkünc 



bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu 

bir də oxudu ürəyində: 

 

«Şanlı məktub! 



Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə  məktub 

yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra, 

heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da, mən 

yanıb külə dönürəm, Allahverdi. Hara baxıramsa, səni görürəm. Yuxuda da həmişə 

səni görürəm. Fikrim özümdə olmur, Allahverdi, birdən elə bilərsən mən bütün 

oğlanlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir 

yerdə söhbət eləsək, hamısını  sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi. 

Mənə cavab yaz. 

 

Mən ki, səni görəndən bəri, 



Açdı ürəyimin incə telləri. 

Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi. 

Unutma dediyim bu sözlərimi. 

 

Mənə gülmə, Allahverdi. Heç kimə  də heç nə demə ki, mənə gülsünlər. Bu 



məktubu da yandır. 

Sədəf». 


 

Məktubdakı yazının üstünə bir damcı da düşmüşdü – bir gilə göz yaşı – və göy 

mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı 

göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, Sədəf özü bilərəkdən salıb, lap 

adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxlu-

çoxlu oxuduqca, inanmışdı ki, doğrudan da, göz yaşıdır bu. 

Sədəf bu məktubu ona verənə  qədər buradakı mətləb Allahverdinin heç ağlına 

gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqaları bu cür baxmırdı heç 

vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə  qızarırdı, elə bil lap özünü 

itirirdi, amma Allahverdi heç cürə fikirləşməzdi ki, hal-qəziyyə bu yerdədir. 

Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi 

və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı 

Sədəfə  və bu məktubu da yandırmadı, bir-iki gün cibində  gəzdirdi, bilmədi ki, nə 

eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında 

gizlətdi. 

Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə  də söz demədi, səhəri 

gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdü-

qızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar 

ki, danışmırdılar, təkcə  hərdənbir, o da dərs zamanı – bir-birilərinə bir söz 

deyəydilər, ya yox – vəssalam. 

Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çaşbaş qalmışdı, amma 

sonra yavaş-yavaş acığı tutmağa başladı və ürəyində Sədəfi səfeh bildi. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə