Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə33/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   29   30   31   32   33   34   35   36   ...   184

 

75

Allahverdi bir müddət beləcə acıqlı oldu, amma günlərin bir günündə gecə 



yerinə girmişdi Allahverdi, yatmaq istəyirdi, amma yata bilmirdi və necə oldusa 

ayağa qalxıb dərhal dolabın gözünü açdı, Sədəfin məktubunu kağız-kuğuzun 

altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı, 

elə  əl fənərinin işığında bir də oxudu həmin məktubu. Bu dəfə acığı tutmadı 

Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də 

ürəyində bir narahatlıq  əmələ  gəlmişdi, bir nigarançılıq vardı ürəyində, amma bu 

narahatlıq da, bu nigarançılıq da onu sıxıb-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq 

bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin-gizlin oxumaq onun 

ürəyini isindirirdi o gecə. O gecə bir ilıqlıq vardı ürəyində. 

Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb 

təzədən oxuyurdu və  hər dəfə oxuduqca da özünü yaman naqolay hiss eləyirdi

amma ona görə yox ki, Sədəfə  məhəl qoymadığı halda, onun məktubundan gizli 

həzz alırdı, açıq-aşkar gülməli misralar onun ürəyinə yayılırdı. 

Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və 

Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib 

otaqdan çıxdı. 

Daha çisəkləmirdi, amma hava da açılmamışdı  və Allahverdi elə bil yenə  də 

Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: « – Belə də iş olar, dörd gündür 

gün çıxmır ki, syomkamı çəkim qurtarsın...» 

Gün çıxacaqdı  və o, par-par parıldayan aparatını gözünə tutub Sədəfi lentə 

çəkəcəkdi və bütün dünya tamaşa edəcəkdi Sədəfin bulaqdan su gətirməsinə və heç 

kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı. 

Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: «Çox fotogenik qızdır». Sonra 

Allahverdi hiss etdi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var 

ürəyində. 

Məlum oldu ki, məktəbdə hamı  Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır. 

Uşaqlar sinif otağında oturub elə hey təzə  xəbərdən danışırdılar və bu təzə  xəbər 

həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırdı. 

Bir azdan Sədəf gəlib çıxdı  və  uşaqlar onu görəndə bir anlıq lap özlərini 

itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm 

də uçmağa qanadı yox idi, yerə-göyə  sığmırdı. Sonra uşaqlar hay-küylə düşdülər 

Sədəfin canına və başladılar onu sorğu-suala tutmağa. Sədəf də bülbül kimi ötə-ötə 

dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonra 

dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin. 

Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub guya ki, heç 

nəyi vecinə almayan Allahverdiyə baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda 

yazdığı sözləri təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox, 

bir az qürurla. 

Ikinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə 

girdi içəri. 

Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada 

lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu.  

Gülsüm müəllimə  dərs keçirdi, amma Allahverdi heç nə  eşitmirdi və heç nə 

fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır. 




 

76

Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və 



Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Sədəfin gözləri də  həmin gözlər idi, 

hörükləri də  həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi 

görürdü, bu hörükləri də. Sədəf arıq olmağına arıq idi, amma sinəsi yaman dolu idi. 

Sədəfin sifəti qarayanız idi və Allahverdi indi gözlərini bu qarayanız sifətdən çəkə 

bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırdı, elə-

beləcə baxırdı. 

Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə 

illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə 

inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdir, yəni ona elə gəlirdi 

ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda 

qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa qızdır. 

Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini 

titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı 

gözündəki həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib, bu 

məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil, tamam başqa bir adam 

idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı 

ondan ötrü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə. 

Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib 

Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey 

çıxmadı və elə-beləcə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır 

və ancaq bundan sonra gözlərini qızın qarayanız sifətindən çəkib düsturlarla dolmuş 

qara lövhəyə dikdi. 

Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düsturlara tamaşa edirdi, 

dediyi sözlərə qulaq asırdı və bütün varlığı ilə Sədəfin nəzərlərini öz üzərində hiss 

edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı  və bu dəfə  Sədəf gözlərini yayındırıb 

lövhəyə baxdı. 

Allahverdi hiss elədi ki, sifəti od tutub yanır. 

Tənəffüs oldu və tənəffüsdə yenə hamı Sədəfin başına toplaşdı. Sədəf də yenə 

bülbül kimi dil-dil ötdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz 

dikilməmişdi, heç kim bu qədər səbrsizliklə onun ağzından çıxan sözü 

gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap 

başını itirmişdi sevincdən, çünki Sədəf heç vaxt ömründə bu qədər sevincək 

olmamışdı. 

Dərslər beləcə ötdü bir-bir, tənəffüslər də beləcə. Yenə çiskin başladı, sonra 

yenə də kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin halı özündə olmadı. 

Məktəbdən qayıdandan sonra bütün günü Allahverdi otaqdan eşiyə çıxmadı. 

Qəşəm kişinin rayon mərkəzində işi vardı, göydəmir ürgəni minib getmişdi. 

Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı. 

Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payıza baxırdı. Yamac 

başdan-başa heyvalıq idi və  hər heyva ağacında da bir dəstə  sığırçın. Sığırçınların 

civildəşməsi bu boz payızın müşayiəti idi və bir qəmginlik gətirirdi. 

Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə 

Allahverdinin Salman kişiyə acığı tutdu ki, niyə bu gün səhər elə gülümsəyib əllərini 

yellədi. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə