Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə34/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   30   31   32   33   34   35   36   37   ...   184

 

77

Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmağa 



həvəsi vardı. Elə bil öz-özünə  qıraqdan tamaşa edirdi və ona elə  gəlirdi ki, daha 

əvvəlki Allahverdi deyil. Niyə ona belə  gəlirdi, niyə bu cür fikirləşirdi? – baş aça 

bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər 

də, bu ayaqlar da onun idi, intəhası, məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləri-

ayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil. 

O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca 

dolaba yaxınlaşıb aşağı gözü çəkdi və  Sədəfin məktubunu kağız-kuğuzun altından 

götürdü, amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə  kəşf elədi ki

burada yazılanların hamısını  əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin 

cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.  

Allahverdinin heç ağlına da gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib. 

Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə  gəldi ki, səhərə kimi yata 

bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu 

gördü: 


Dan yeri sökülürdü. 

O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, 

narıncı, məxməri... 

Rənglər par-par parıldayırdı. 

Hər tərəfə şüa saçırdı rənglər. 

Allahverdi bu rənglərin içində idi. 

Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi. 

Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur. 

Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən 

ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür. 

Amma yenə Qəşəm kişinin səsi gəldi: 

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana! 

Allahverdi yuxuda da olsa, bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, 

qorxurdu ki, bu rənglər yox olub gedəcək – gümüşü, narıncı, məxməri... 

 – Ə, Allahverdi! 

Allahverdi gölərini açdı  və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu, 

sonra yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq 

Allahverdiyə elə gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdır bu gün. 

 – Ə, noldun? 

 – Dururam!.. 

Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə  də 

artırmanın altında dayanmışdı, çünki yenə  də çisəkləyirdi. Buzov da elə hey 

dartınırdı ki, anasını əmsin, başını elə hey vururdu anasının döşünün altına.  

Çisəkləyirdi, amma bu çisək Allahverdinin ürəyini heç sıxıb-eləmirdi, üşümürdü 

də Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccüblə 

oğluna baxdı – həmişə gözləri yumula-yumula, deyinə-deyinə göydəmir ürgəni 

sulamağa aparan Allahverdinin kefi indi açıq-aşkar kök idi. 

Məlikin kəhər madyanı yenə  də arxın qırağında idi, alapaça dayçası da 

böyründə. Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu: 

– Dünən niyə kinoya gəlməmişdin? 




 

78

Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino 



göstərəcəkdi və o, kənddə yaşadığı bütün müddət  ərzində ilk dəfə bunu yadından 

çıxarıb, kluba getməyib. Allahverdi nə  təəssüfləndi, nə  də heyfsiləndi, çünki hər 

tərəfi basmış bu boz payızdan o tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu 

aləm rəngli idi, cürbəcür rənglər – gümüşü, narıncı, məxməri... 

Allahverdi göydəmir ürgəni çapıb həyətlərinə qayıdanda Qəşəm kişi yenə 

təəccüblə oğluna baxdı və bu dəfə lap dəqiq qət etdi ki, Allahverdinin bu həyətdən, 

bu evdən, bu təsərrüfatdan kənardakı  həyatında  əməlli-başlı bir hadisə baş verib; 

Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavanlıqla bağlıdır. Sonra oğlunun 

balaqları topuğundan yuxarıda qalmış  şalvarına diqqət eləyib fikirləşdi ki

Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb. 

Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və  şəstlə  gəlib Qızıl 

inəyi qabağına qatdı, naxıra qoşmaq üçün təzədən həyətdən çıxdı. 

Allahverdi üzüaşağı düşən kəndarası araba yolu ilə addımlayırdı  və birdən 

fışqırıqla bir oyun havası çalmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən 

bəri – yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyində çalır; həm də başa 

düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır. 

Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir, 

demisini tüstülədə-tüstülədə camışını gətirir. 

Salman kişi, elə bil, Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın 

qarasına deyinməyə: 

–  Ə, belə  də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın 

qarasına, sonra da dedi: – Nadir də çıxdı getdi. 

Allahverdi ayaq saxladı və açıq-aşkar hiss etdi ki, nəfəsi qaralır. Sonra cavabını 

özü lap yaxşıca bildiyi bir sual verdi: 

– Bəs, kino çəkməyəcək? 

– Nə kino, ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi 

əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi: 

– Enib aranda çəkəcək. Deyir, il on iki ay bu dağın kəlləsində oturub gözləyə 

bilmərəm ki, görüm nə vaxt gün çıxacaq... Düz deyir də... 

Allahverdi özünü güclə saxladı ki, soruşsun «Bəs, Sədəf?» 

Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız ot da olacaqdı, 

yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyninə alıb bulaq başında 

kinoya çəkilməyəcəkdi. 

Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sifətini gördü, dünənki sevincdən 

sonra Sədəfin pərtliyini gördü və  Sədəfin bu pərtliyi onun da bütün içindən keçib 

cızdağını  çıxartdı  və özünü güclə saxladı ki, geri dönüb düz elə Salman kişinin 

üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükməsin. 

Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq 

lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, 

bu çox çətin olacaq. Çətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı 

Sədəfdən.  

Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sözləri 

köçürtsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı, 

məxməri... Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə. 

Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta 

girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır 

olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.   



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə