Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə117/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   113   114   115   116   117   118   119   120   ...   184

 

258


O yenə  də gözucu «Qırmızı  qərənfil»in qapısına baxdı, sonra gözlərini  əlinə 

zillədi, elə bil ki, qəzet hələ də əlində idi və yenə də onun ürəyindən bir qorxu keçdi 

ki, birdən cibindəki altmış qəpiyi itirmiş olar, amma bu dəfə pulları cibindən çıxarıb 

saymadı, öz-özünü həmin nigarançılıq içində saxladı və bu, elə bil ki, onun özünün 

özündən aldığı bir intiqam idi. 

Hər şey ilk qədəhdən başladı və o ilk qədəhi haçan içmişdi? – bunu heç vaxt, 

hətta, cərrah işlədiyi və içməyini başqalarından gizlətdiyi, içkinin iyi gəlməsin deyə 

üz-gözünə  ətir vurduğu vaxtlar belə yadına gətirə bilmirdi; sonra içməyini daha 

gizlədə bilmədi, sonra heç gizlətmək istəmədi də, bəxtindən şikayət etdi, həyatdan 

şikayət etdi, ağlaya-ağlaya özünün təqsirkar olmadığını, həyatın təqsirkar olduğunu 

tanıyıb-tanımadığı adamlara uzun-uzadı danışmağa başladı və tanış-biliş tələsik bir 

bəhanə tapıb ondan ayrılmağa, ondan canını qurtarmağa çalışdı, onu görəndə yolunu 

dəyişdi, gizləndi, sonra uzun-uzadı danışmağa vaxtı  və  həvəsi qalmadı, tanış-

bilişdən əvvəlcə beş manat, sonra üç manat, sonra bir manat, əlli qəpik, iyirmi qəpik 

borc istədi, sonra daha «borc» sözünü də demədi, elə-eləcə pul istədi; işdə əvvəlcə 

cərrahlıqdan kənar edildi, xırda feldşer işlədi, sonra işdən tamam çıxarıldı və gedib o 

qarovulçu köşkünü tapdı; söz verdi, təzədən içdi, müalicə olundu, təzədən içdi, 

evdən getdi, Səfurə yaxınların, qohumların tənəsi altında (« – Niyə o alkoqolikin 

nazı ilə oynayırsan? Ərdi sənə bəyəm? Atadı bəyəm uşağınız üçün? Bədbəxt eləyib 

sizi, neyləyirsən onu? Qoy, öz cəzasıdı, it kimi ölsün küçələrdə!..») axtarıb onu 

tapdı, yenə getdi, hardasa itdi və Səfurə yenə onu axtarıb tapıb evə qaytardı, yenə 

getdi və daha Səfurə onu axtarmadı, geri qaytarmadı. 

O, elə-eləcə  səkinin üstündə oturub gündən və çirkdən qapqara qaralmış  əlinə 

baxırdı  və onun başı yenə  də  uğuldamağa başlayırdı, sərçələrin civiltisi yenə  də 

eşidilməz olurdu, bütün bədənindən gəlib keçən o yanğı yenə  də yandırırdı  və bu 

zaman o çox zəif taqəti daxilində bir-iki dəfə gücünü toplamaq istədi, çalışdı ki, 

həmin sərçə civiltisi kəsilməsin, «Qırmızı  qərənfil»in qapısına tərəf baxmasın, 

cibindəki altmış  qəpiyin itəcəyindən qorxmasın, amma özünü saxlaya bilmədi, 

«Qırmızı  qərənfil»in hələ  də bağlı qapısına baxdı, bir-iki dəfə udqundu, ağzı sulu 

olsa da, hətta arabir dodaqlarının qırağından tüpürcək axsa da, onun ağzı da bütün 

içi kimi, beyni kimi yanırdı, pivə istəyirdi. 

Süpürgəçi qadın küçədə öz sahəsini süpürüb qurtarmışdı, çıxıb getmişdi və 

küçənin, səkinin asfaltın üstündə qalın süpürgənin izi qalmışdı: süpürgə asfaltın 

üstündəki narın tozu xırda və sıx xətlərlə daramışdı və bu təmiz küçədəki bu izdə də 

bu dəm həmin dəstə-dəstə sərçə civiltisinə bənzəyən nəsə var idi. 



 

259


O yenə də iri qıfıllara baxdı, sonra asfaltın üstündəki süpürgə izlərinə baxdı və 

birdən-birə əvvəllər tez-tez yadına saldığı, uzun müddətdən bəri isə tamam unutduğu 

bir baxışı xatırladı  və başındakı  uğultuya, bədənindəki yanğıya, qulağının, ayaq 

barmağının ağrımasına baxmayaraq, həmin baxışı aydın gördü, həmin baxışın çox-

çox uzaqlarda qalmış  əhvali-ruhiyyəsini yüngülcə  də olsa, yenidən hiss etdi: 

yeddinci, ya səkkizinci sinifdə oxuyurdu, yay vaxtı idi, atası Naxçıvana ezamiyyətə 

getmişdi, onu da özü ilə aparmışdı və Ilan dağını da onda görmüşdü, sonra Bakıya 

qayıtmışdılar və həmin qısa səfər onun ürəyinə qəribə bir coşğunluq gətirmişdi, o, 

doğulub böyüdüyü Bakı küçələrinə də, yaxşı tanıdığı adamlara da, öz yoldaşlarına 

da elə bil ki, nəsə yeni gözlərlə baxırdı, ona elə  gəlirdi ki, nəsə gözəl bir ərəfə 

qarşısındadı, bunun nəyin ərəfəsi olduğunu bilmirdi, amma o ərəfə hissi ürəyinə bir 

hərarət, bir ilıqlıq gətirirdi, elə bil ki, içində təzə-tər söyüd yarpaqlarını oxşayan bir 

yaz mehi əsirdi və belə günlərin birində Bakının dağlıq məhəlləsində yaşayan bir 

yoldaşıgilə gedəndə küçədən ötən cavan bir qızın oğrun baxışlarını ömründə ilk dəfə 

öz üzərində hiss etdi; həmin qız ondan iki-üç yaş böyük olardı, ağappaq və qolsuz 

koftası dolu və sağlam bədənini pərçim örtmüşdü, elə bil ki, qızın bədəni, dolu 

döşləri ağappaq qolsuz koftanı cırıb-dağıdıb özünü göstərmək istəyirdi, qaraşın sifəti 

və qapqara gözləri var idi və gizli bir ehtirasla, maraqla işıldayan o qara gözlər ona 

oğrun bir nəzər saldı, sonra qız gözlərini yerə dikdi, hətta, deyəsən, bir balaca 

qızardı da, onun yanından ötüb keçdi və o bir də heç zaman həmin qızı görmədi, 

amma ilk dəfə öz üzərində hiss etdiyi o oğrun baxışlardakı gizli ehtirasın, marağın 

işıltısı yaddaşında hopub qaldı, hətta institutu qurtarandan sonra da o qızı 

xatırlayırdı, o baxışları yenidən görürdü və həmişə də o baxışların əhvali-ruhiyyəsi 

daxili bir nikbinlik, daxili bir coşğunluq gətirirdi. 

O, asfaltın üstündəki süpürgə izlərinə baxa-baxa həmin uzaq baxışları tamamilə 

qəflətən xatırladı  və bu zaman bayaq hiss etdiyi doğma, məhrəm qoxunu yenidən 

duydu, onun əlləri, bədəni yenə  də  həyəcanla titrədi, bu, bədənindəki o dözülməz 

yanğının titrəyişi deyildi, yenə də o doğmalığın, o məhrəmliyin gətirdiyi titrəyiş idi. 

Küçədən maşınlar tez-tez ötməyə başladı, gedib-gələn adamlar çoxaldı, 

süpürgənin asfalt üstündəki izləri tapdanıb yavaş-yavaş itməyə başladı  və bufetçi 

Abdulla da əlindəki bir dəstə açarı oynada-oynada gəlib çıxdı, özündən qat-qat 

aşağıda dayanmış iyrənc bir məxluqa baxırmış kimi, ona ötəri bir nəzər saldı, sonra 

«Qırmızı qərənfil»in qapısındakı yekə qıfılları bir-bir açmağa başladı. 

O, Abdullanın gəlməyini görməmişdi, amma açılan qıfılların səsini eşidirdi və 

başa düşürdü ki, Abdulla gəlib «Qırmızı  qərənfil»in qapısını açır. Onun bütün 

bədəni, bütün varlığı «Qırmızı  qərənfil»ə can atırdı, amma o, Abdullaya tərəf 

baxmırdı, qalxıb «Qırmızı  qərənfil»ə  tərəf getmirdi və başındakı  həmin uğultu, 

bədənindəki həmin yanğı içində, elə bil, özü özündən yenə də intiqam alırdı və bu 

daxili intiqam elə bil ki, onun gücünü artırırdı, ona taqət verirdi (bədən isə yanırdı, 

yanırdı...). 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə