Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə115/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   111   112   113   114   115   116   117   118   ...   184

 

254


Küçə bomboş idi və bu bomboş küçədə o büzüşüb tindəki səkinin üstündə 

oturmuşdu, bir də ki, sərçələr idi: dəstə-dəstə  sərçələr küçə boyu bitmiş yaşıl 

akasiya, tut, çinar ağaclarına qonub bir civilti salmışdılar ki, səsi küçəni başına 

götürmüşdü və  sərçələrin o civiltisi, elə bil ki, keçmiş günlərdə açılan səhərlərdən 

xəbər vermək, keçmişdə qalmış  və indi, demək olar ki, tamam unudulmuş bir ab-

havadan demək istədi, amma o gözəl sərçələrin civiltisi bir neçə andan sonra onun 

başındakı  uğultu içində  əriyib yox oldu. Bir az keçdi, tək-tük adamlar binalardan

həyətlərdən çıxdı, tələsə-tələsə onun yanından addımlayıb keçdi; heç kim ona fikir 

vermirdi, çünki sübh tezdən «Qırmızı  qərənfil»in qabağında oturub gözlərini 

qəlyanaltıxananın bağlı qapısındakı iri qıfıllara zilləyən adamlar, daha doğrusu, 

alkoqoliklər, görünür, bu küçədə bir o qədər də  təəccüblü bir hadisə deyildi, hər 

halda, heç kim onun yanında ayaq saxlamırdı. Elə, bil o da bu səkinin daşı, küçənin 

asfaltı kimi bir şey idi; ona baxan da gözucu baxıb keçirdi və  həmin gözucu 

baxışlarda bir anlıq iyrənmə, çiyrinmə ifadəsi var idi. O bu cür gözucu baxışlardakı 

həmin ikrah dolu ifadəyə adət etmişdi, həmin baxışlar ona təsir etmirdi, elə bil, belə 

də olmalıdır, bunda heç bir təhqiramiz şey görmürdü və ümumiyyətlə, dünyada onun 

üçün təhqiramiz heç nə qalmamışdı. 

Əyninə paltarının üstündən dəmiryolçular kimi sarı rəngli qolsuz pencək geymiş 

süpürgəçi qadın küçənin yuxarı başında göründü və küçəni süpürə-süpürə yavaş-

yavaş aşağıya tərəf gəlməyə başladı, sonra birinci trolleybus küçədən ötdü, maşınlar 

artmağa başladı; indi yay idi və küçədən ötən maşınlar onu narahat etmirdi, çünki 

küçələr quru idi; qışda, payızda sulu qar yağırdı, yağış yağırdı  və o beləcə  gəlib 

«Qırmızı qərənfil»in, yaxud başqa bir qəlyanaltıxananın qabağında oturanda yoldan 

ötən maşınlar onun üst-başına palçıq sıçradırdı. 

O, yenə  də  səksənib  əlini pencəyinin cibinə saldı  və yenə  də cibindəki xırda 

pulları ovcuna yığıb saymağa başladı. «Qırmızı  qərənfil»in müdiri və bufetçisi 

Abdulla ağına-bozuna baxan adam deyildi, alkoqoliklərin hamısını tanıyırdı və tələb 

eləyirdi ki, pullarını göstərsinlər, elə ki, pulları olmadı, itələyib qəlyanaltıxanadan 

çıxarırdı, başqalarının stəkanlarındakı, parçlarındakı artıqları da içməyə qoymurdu, 

alkoqoliklərin gözlərinin qabağında artıqları bufetin yanındakı  əlüzyuyana 

boşaldırdı; hərdən də – ayda, iki ayda bir dəfə – onlardan birinin əlinə vedrə verirdi, 

bütün səhəri, günortanı əsgi ilə qəlyanaltıxananı, bufetin içini, arxa tərəfdəki balaca 

mətbəxi, içki və ərzaq yığdığı zirzəmini tərtəmiz yudurdurdu və bundan sonra yüz 

qram araq, yarım parç pivə verib qovurdu. Bufetçi Abdulla belə bir qəti əqidədə idi 

ki, alkoqoliklər çox sırtıq məxluqdu, adamı ki, bir balaca üzüyumşaq gördülər, çıxıb 

oturacaqlar başında. 

Süpürgəçi qadın küçəni süpürə-süpürə yavaş-yavaş ona tərəf gəlirdi, amma bu 

onu narahat etmirdi, çünki bütün bufetçiləri tanıdığı kimi, «Qırmızı qərənfil» kimi 

qəlyanaltıxanaların yerləşdiyi küçələrdəki süpürgəçilərin də, xidmətçilərin də 

hamısını tanıyırdı, bilirdi ki, hansı davakardır, hansının ürəyi yumşaqdır və indi ona 

tərəf gələn bu arvadın da ürəyiyumşaq adam olduğunu bilirdi, bu arvaddan 

qorxmurdu. 

Süpürgəçi qadın küçəni süpürə-süpürə  gəlib onun yanına çatdı  və  həmişəki 

kimi, özünü saxlaya bilməyib: 




 

255


 – Yenə gəlmisən, ay bədbəxt oğlu bədbəxt? – dedi. – Yenə gəlib kəsdirmisən 

buranı? Ay anası ölmüş, ay bacıları qan ağlayan, ay yazıq, gəlmisən yenə? Səni də, 

axı, yəqin bir istəyən var, küçə iti döyülsən axı sən, adamsan də, səni də doğan bir 

ana olub da, ay bədbəxt, səni doğan o qara günün daşını indi hansı başına salsın o 

arvad? Niyə bu günə salmısan özünü, itsən sən? Axı, adamsan, ay külbaş, ay bəxti 

qara, it döyülsən axı?! – Arvad, elə bil, öz-özü ilə danışırdı. – Mənnən pis olub sənin 

həyatın? Mənnən çətin olub? Əlimə süpürgə alıb çörəkpulu qazanıram, ay yazığın 

balası, sənin, Allah bilir, hər şeyin olub, niyə it gününə salmısan özünü, it döyulsən 

sən axı!.. – Süpürgəçi qadın qurumuş böyürtkən kolu kimi qalın süpürgəsinə baxa-

baxa kövrəldi və bu dəfə  də qarğış eləməyə başladı: – Allah bu arağı  çıxaranın 

atasını gorbagor eləsin!.. Allah dünyadakı bütün Abdullaları cəzasına yetirsin!.. Sən 

də ölsən, vallah, bunnan yaxşıdı, ay bədbəxt, anan, bacın üzüqaralıqdan qurtarar... 

Onsuz da, diri-diri ölmüsən... Arvad-uşağın da var bəlkə... Qara gün onlarındı e!.. 

Allah Abdulla kimilərinin də gününü qara eləsin!.. 

Guya ki, bufetçi Abdulla başqalarına güclə araq içirdirdi... 

O, süpürgəçi qadının dediyi sözlərə fikir vermirdi, əslində, heç bu sözləri 

eşitmirdi də. Büzüşüb səkinin üstündə necə oturmuşdusa, eləcə də qalırdı, yerindən 

tərpənmirdi və gözlərini də «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllara zilləmişdi 

və yenə də həmin iri qıfılların dəmirini yüyən kimi, öz dişlərində hiss edirdi. 

Deyinə-deyinə, qarğış eləyə-eləyə qalın süpürgəsini yolun ortasından o baş-bu 

başa apara-apara küçəni süpürən qadın hərdən süpürgənin ucu ilə onun dünən gecə 

hardasa çirkə-palçığa bulaşıb, indi qurumuş şalvarının balaqlarına, dabanları yeyilib 

getmiş, ordan-burdan üstü cırılıb deşilmiş ayaqqabılarına toxunurdu, amma o buna 

məhəl qoymurdu və ümumiyyətlə, bu saat onu heç nə yerindən tərpənə bilməzdi, 

yalnız «Qırmızı qərənfil»in qapısındakı iri qıfıllar açılanda onun da ayaqlarına güc 

gələcəkdi, yerindən qalxıb qəlyanaltıxanaya girəcəkdi, cibindəki altmış qəpiyi 

çıxarıb bufetçi Abdullaya uzadacaqdı, bufetçi Abdulla da əli onun çirkli əlinə 

toxunmasın deyə, bufetin piştaxtasındakı boş boşqaba işarə edəcəkdi, yəni ki, pulu 

bura qoy, sonra pivə şüşələrinin arasından ən yöndəmsizini, ağzından hava 

buraxanını, yaxud şüşəsi çatlamışını, bir sözlə, o pivələri ki, abırlı müştərilərin 

qabağına qoya bilməzdi, onları seçib iyrəndiyini gizlətməyərək, daha doğrusu, 

iyrəndiyini açıq-aşkar nümayiş etdirərək yenə də işarə ilə deyəcəkdi ki, gəl, bunları 

götür. «Qırmızı qərənfil»in qapısındakı iri qıfılların açılmasından başqa, onu bu dəm 

səkinin üstündən daha iki səbəb qaldıra bilərdi: ya milisioner görsə, durub haradasa 

gizlənərdi ki, tüfeyli kimi aparıb ona məcburi iş kəsməsinlər, yaxud məcburi surətdə 

müalicəyə göndərməsinlər (üç dəfə beləcə məcburi müalicəyə göndərilmişdi, amma 

sonradan yenə də içməyə başlamışdı), bir də ki, özü kimi birisinin gəldiyini 

görsəydi, durub qaçardı, çünki altmış qəpiyinə şərik çıxa bilərdilər. Səhər tezdən 

hələ dilinə bir qurtum da içki dəymədiyi vaxt, cibində otuz qəpik, yaxud altmış 

qəpik beləcə oturub qəlyanaltıxananın açılmağını gözləyəndə, o, özü kimilərə qarşı 

çox qəddar olurdu: onlardan gizlənirdi, onları yaxına buraxmırdı və bu ona 

bənzəyirdi ki, uzun müddətdən bəri ac qalmış bir heyvan şikar tapır, bütün olub-

olmayan imkanları ilə, dişi ilə, dırnağı ilə həmin şikarı başqalarından qoruyur, həmin 

şikardan, heç olmasa, bir dişdəm qoparmağa can atan heç kimi yaxına buraxmır. 

Süpürgəçi qadın küçəni süpürə-süpürə qalın süpürgəni yenə  də  səkiyə  tərəf 

aparanda yumaq kimi bürmələnib küçəyə atılmış bir qəzet asfaltın üstü ilə yüngül 

top kimi diyirlənə-diyirlənə gəlib onun ayaqlarının yanında dayandı. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə