Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə118/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   114   115   116   117   118   119   120   121   ...   184

 

260


Abdulla, nəhayət ki, qıfılların hamısını açıb qurtardı və içəri keçməzdən qabaq 

yenə də ona tərəf ötəri bir nəzər saldı, əvvəlcə elə bildi ki, o yatıb, hətta ani olaraq 

fikirləşdi ki, bəlkə ölüb, amma sonra hiss etdi ki, nə yatıb, nə  də ölüb. Abdulla 

iyirmi ilin bufetçisi idi, belələrini çox görmüşdü, adlarını bilmirdi, amma sifətdən 

onları tanıyırdı. Bu iyirmi ildə onların çoxu itib-batmışdı, əvəzinə yeniləri gəlmişdi 

– bunlar, elə bil ki, bir-iki illik ömrü olan bir məxluqat idi, gedirdi, əvəzində həmin 

məxluqatın müxtəlif yaşda yeni nəsli gəlirdi. Indi sübh tezdən gəlib «Qırmızı 

qərənfil»in qabağını  kəsdirmiş bu alkoqolik iki-üç il idi peyda olmuşdu,  əvvəllər 

hərdənbir itirdi, amma axır vaxtlar səhərdan-axşamacan bu aralarda sülənirdi; 

deyirdilər ki, guya, əvvəllər yaxşı cərrah imiş; amma bufetçi Abdulla əvvəllər yaxşı 

cərrah,  əvvəllər yaxşı müəllim,  əvvəllər yaxşı  pəhləvan,  əvvəllər, mən nə bilim, 

yaxşı nə olanları az görməmişdi, amma indi onlar hamısı nə cərrah, nə müəllim, nə 

artist, nə pəhləvan, nə də müstəntiq idi, hamısı eyni məxluqat idi. Bufetçi Abdulla 

bəzən bekar vaxtlarında təəccüblə  və bir az da daxili bir fərəhlə fikirləşirdi ki, 

bunların arasında keçmişdə kim desən olanı var, amma keçmişdə bufetçi olanı 

yoxdu; bufetçi yazıq səhərdən-axşamacan stəkanlara araq süzür, bəs, niyə özü 

alkoqolik olmur? Bu da bir sirri-xuda idi... Və ümumiyyətlə, bufetçilərə qarşı ki, 

camaat arasında bu qədər kin-küdurət var idi, bufetçilərə ki, bu qədər yuxarıdan 

aşağı baxırdılar, bunu Abdulla dunyanın ən insafsız işlərindən biri hesab edirdi... 

... Bədən isə yanırdı, yanırdı... O, bu yanğı içində, başını çatladan uğultu içində, 

eyni zamanda, həmin qoxunu da hiss edirdi və o qoxunun doğmalığı, məhrəmliyi də, 

elə bil, bu dəm Gülzarın körpə çağlarındakı kimi, bir körpə  təbəssümü ilə 

gülümsəyirdi... 

Indi Gülzarın neçə yaşı var? On dörd... yox, on beş... yaxşı yadına gətirə 

bilmirdi, amma bu barədə, yəni Gülzarın yaşı barədə fikirləşəndə o doğma, o 

məhrəm, körpə kimi gülümsəyən o qoxu birdən-birə itdi, əvəzində çoxdan bəri 

yadırğadığı  xəcalət hissi ürəyini sıxdı, hətta, həmin xəcalət hissi qısa bir müddət 

ərzində bədəninin o yanğısını da, başının o uğultusunu da, qulağının ağrısını, ayaq 

barmağının o sızıltısını da üstələdi: Gülzarı axırıncı dəfə görməyi yadına düşdü. 

Dəstə-dəstə sərçələr hamısı bir yerdə  pırıltı ilə  ağacların üstündən qalxıb uçdu 

və o uçuşun qəfilliyi də bükülüb-bürmələnib atılmış  qəzetin bayaq süpürgənin 

ağzından diyirlənib gəlib onu tapmasındakı qəfilliyə bənzəyirdi. 

O, gözlərini qaldırıb sərçə dəstələrinin ardınca baxdı, sərçələr binaların damları 

arasında yox oldu və o birdən-birə yenə də qorxdu, sövq-təbii əlini kirli pencəyinin 

cırılmış cibinə tərəf apardı, amma o dəqiqə də başa düşdü ki, yox, bu, altmış qəpiyi 

itirmək qorxusu deyil; bu o qorxudu ki, birdən Gülzar gəlib beləcə onun qabağına 

çıxar, onu beləcə səki üstündə oturmuş, beləcə «Qırmızı qərənfil»lə üzbəüz görər. 

Neçə müddətdən bəri birinci dəfə idi ki, o, belə bir qorxu hissi keçirirdi. 




 

261


Axırıncı  dəfə Gülzarı bir həftə bundan əvvəl gördü. Ya bir ay bundan əvvəl? 

Bəlkə iki ay bundan əvvəl – dəqiq yadına gətirə bilmirdi, çünki bədəninin o yanğısı 

daha tamam dözülməz idi, başının uğultusu tərpənmək, dirçəlmək istəyən bütün 

xatirələri boz bir dumana bürümüşdü. Hər halda, axırıncı dəfə Gülzarı görəndə yaz 

girmişdi, ağaclar yaşıl idi, bəlkə də yox, heç yaz girməmişdi? Hə, hə, deyəsən, qış 

idi, Gülzar əyninə palto geymişdi, qırmızı palto və həmin paltonun qırmızısı bu dəm 

elə bil birdən-birə qərənfil qırmızısına çevrildi, «Qırmızı qərənfil» oldu, sonra elə bil 

o qırmızının üstünə pivə töküldü, qırmızı  əridi, basma kağızda qırmızı mürəkkəb 

ləkəsi kimi yayıldı və yenə pivənin iyi aləmi başına götürdü, sonra o pivə iyinə araq 

iyi qarışdı, şirin çaxır iyi qarışdı və onun bütün bədəni daha artıq bir hərisliklə alışıb 

yanmağa başladı, amma o yenə  də  tərpənmədi, həmin dəm bəlkə özünün də 

anlamadığı daxili, gizli bir həvəslə özündən intiqam aldı. 

Yox, palto deyildi Gülzarın  əynindəki, deyəsən, kofta idi, qırmızı kofta... Heç 

nəyi dəqiq yadına gətirə bilmirdi, amma Gülzarın sifəti indi bütün cizgiləri, xətləri 

ilə tam dəqiq gözlərinin qabağında idi və beynindəki o boz dumana baxmayaraq, 

Gülzarın gözlərindəki dəhşəti tamam aydın gördü. 

Gülzarı gördüyü gün gönorta gedib «Mebel» dükanının qabağında mebel 

daşıyan maşının sürücüsü Ağacəfəri gözləmişdi, sonra özü kimi iki nəfərlə birlikdə 

dörd piano daşımışdı – birini haradasa altıncı  mərtəbəyə qaldırmışdılar, birini 

haradasa dördüncü mərtəbəyə, o birilərini də  şəhərin hansı  tərəfindəsə neçənci 

mərtəbələrəsə qaldırmışdılar, sonra da Ağacəfər onların üçünə bir yerdə  zəhmət 

haqqı kimi on manat pul vermişdi, özü isə, təzə piano sahiblərindən neçə almışdı, 

Allah bilirdi, hər halda, hərəsindən yüz əlli, iki yüz manatdan əskik almamışdı. Hələ 

indi yaxşı idi, bəzən Ağacəfər hiss edirdi ki, gəlib «Mebel»in qabağında onu 

gözləyən alkoqoliklərin halı lap pisdi, bu zaman onlara adambaşına  əlli qəpikdən 

artıq vermirdi, pianonu onuncu mərtəbəyə daşıtdırırdı, müştəridən də zəhmət haqqı 

kimi, iki yüz-iç yüz manat alırdı. Bir sözlə, Ağacəfər alkoqoliklərin hesabına əməlli-

başlı pullu adam olmuşdu, yayda ailəsini istirahət eləməkdən ötrü Kislovodska 

göndərirdi, qışda özü məzuniyyətə çıxıb Odessadakı aşnasının yanına gedirdi və bir 

ay Odessanın gözəl restoranlarında kefə baxırdılar. «Mebel» dükanında kassir 

işləyən  Əbülfət başını  aşağı  əyib çeşməyinin yuxarısından bir-bir bu alkoqoliklərə 

baxırdı, Ağacəfərin bunlarla danışığına qulaq asırdı və deyirdi: 

 – Sən lap quldursan e, Ağacəfər! 

Ağacəfər: 

 –  Nə? – deyirdi və  əlini uzadıb onun əmrinə müntəzir dayanmış alkoqolikləri 

göstərirdi. – Alə, bunlardan qul olar? Alkaşdı e, bunlar, alkaş!.. 

Həmin gün Ağacəfərin verdiyi on manata üç dənə araq alıb içmişdilər, pul 

qurtarmışdı, bədən isə yanırdı, bədən araq, şirin çaxır, pivə istəyirdi, bir-birilərindən 

ayrıldılar və o hara getdiyinin fərqinə varmayaraq addımlayırdı – onun ayaqları 

vəfalı it kimi bir şey idi, aparıb hansı bir pivə barınasa, hansı bir qəlyanaltıxanayasa 

çıxaracaqdı  və bu vaxt o birdən-birə Gülzarla rastlaşdı, hansı küçəninsə tinini 

burulanda Gülzarla üz-üzə gəldi. 

Gülzarın yanında bir nəfər rəfiqəsi də var idi. Gülzar onu görəndə donub yerində 

qaldı. Rəfiqəsi də dayanıb gizlədə bilmədiyi bir maraqla gah ona, gah da Gülzara 

baxdı. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə