Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə119/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   115   116   117   118   119   120   121   122   ...   184

 

262


O,  əvvəlcə  ağlamaq istədi, uda bilmədiyi bir qəhər pərçim olub boğazında 

dayandı, Gülzarı qucaqlayıb öpmək istədi, təxminən bir il görmədiyi qızına əməlli-

başlı baxmaq istədi, amma Gülzarın gözlərindəki o qorxunu görəndə, rəfiqəsinin 

baxışlarındakı o marağı görəndə boğazına pərçim olub qalmış o qəhər  əriyib yox 

oldu, bədənindəki içki yanğısına dəli bir kin-küdurət qatışdı, həmin yanğıdan və 

hirsdən titrəyən xırıltılı səsi ilə başqa bir söz tapa bilməyib: 

 – Hara gedirsən? – soruşdu. 

Gülzar cavab vermədi. 

 – Hara gedirsən? 

Gülzar: 


 – Çəkil, – dedi. 

 – Yox, çəkilməyəcəyəm! 

 – Çəkil. 

Onun bütün bədəni araq, şirin çaxır, pivə istəyi ilə alışıb yanırdı və birdən o: 

 – Pul ver, çəkilim, – dedi. 

Gülzarın gözlərindəki dəhşət o zaman yarandı  və  rəfiqəsinin də sifətindəki 

maraq dondu. 

 – Bir manat ver, çəkilim... Əlli qəpik ver!.. 

Gülzar bərkdən hönkürə-hönkürə onu itələyib qaçdı, rəfiqəsi də Gülzarın 

ardınca qaçdı. 

O, əlini atıb arxadan Gülzarın paltarından tutmaq istədi, amma tuta bilmədi və 

müvazinətini itirib səkinin üstünə yıxıldı, alnı asfalta dəyib partladı və o, alnından 

axıb gələn isti qanı burnunda, dodaqlarında hiss etdi və sövq-təbii təəccüb etdi ki, 

bədənində ki, bu qədər yanğı var, bütün bədəni ki, dözülməz bir içki istəyi ilə üşüm-

üşüm üşüyür, necə olur ki, qanı beləcə istidi? Bir müddət eləcə üzüüstə  səkidə 

sərilib qaldı, alnından axan qan laxtalandı, kimsə  əlindən tutub qaldırmaq istədi, 

kimsə onu ayaq altından kənara çəkmək istədi, amma o bütün bunların fərqinə 

varmırdı və heç nə barədə fikirləşmirdi, Gülzarı da yadından çıxartmışdı, hətta, elə 

bil ki, arağı, çaxırı, pivəni də yadından çıxartmışdı, amma yoldan ötənlərdən kimsə 

dedi ki, təcili yardıma zəng eləmək lazımdı və o, beynini bürümüş duman içində bu 

sözləri eşitdi, tərpəndi, qalxdı və ayaqları dolaşa-dolaşa getdi... 

Bufetçi Abdulla özünü saxlaya bilməyib hərdənbir «Qırmızı qərənfil»in içindən 

təəccüblə ona tərəf boylanırdı, zəndlə baxırdı və yenə də öz işi ilə məşğul olurdu: 

pivə parçlarını yuyub səliqə ilə qabağına düzürdü, divar boyu iri soyuducudan 

pamidor, xiyar çıxarırdı, uzun və iti bıçağı ilə doğrayıb boşqablara yığırdı, dünəndən 

qalmış soyutma toyuğu, yumurtanı, kolbasanı piştaxtaya qoyurdu və yenə də, istər-

istəməz, qarşıdakı səki tərəfə baxırdı. Bufetçi Abdulla təəccüb edirdi ki, sübh tezdən 

«Qırmızı  qərənfil»in qabağını  kəsdirmiş bu içki düşkünü niyə durub gəlib pivə 

istəmir? Bufetçi Abdulla təcrübəli adam idi və bilirdi ki, məsələ pulda deyil – 

bunların, onsuz da, çox zaman pulları olmur, dilənçi kimi gəlib pivə dilənirlər, səbəb 

nə isə başqa bir şey idi və bufetçi Abdulla axırda bu qərara gəldi ki, yəqin bu 

bədbəxt sancılanıb-eləyib, yerindən tərpənə bilmir; bunların arasında beləcə qəflətən 

sancılanıb ölənləri Abdulla üç-dörd dəfə görmüşdü. 



 

263


O yenə də qorxdu ki, birdən Gülzar təsadüfən gəlib bura çıxar, ya Səfurə gəlib 

bura çıxar və yerindən tərpənib qalxmaq istədi, amma bədənində heç bir taqət 

qalmamışdı, qalxa bilmədi; başındakı uğultu içində başa düşdü ki, bir azdan hər şey 

yenə  də yaddan çıxacaq, yenə  də gedib «Qırmızı  qərənfil»ə girəcək, altmış  qəpiyi 

verib pivə içəcək, sonra hər şey öz həmişəki qaydasına düşəcək – bunu fikirləşdi və 

Gülzarın gözlərindəki dəhşəti yenə də bütün aydınlığı ilə gördü. 

Bufetçi Abdulla «Qırmızı qərənfil»in qapısı ağzına çıxıb onu çağırdı: 

 – Ey! Ey! 

Bufetçi Abdulla bunlardan heç birinin adını bilmirdi, çağıranda da «ey» deyirdi. 

 – Ey, səninnəyəm, bura gəl!.. 

O, güclə başını çevirib «Qırmızı  qərənfil»ə baxdı  və  həmin yay səhəri bufetçi 

Abdulla onun gözlərində qəribə bir ifadə gördü; bu ifadənin qəribəliyi nədə idi? – 

bufetçi Abdullanın  şüuru bunu dərk edə bilmək səviyyəsində inkişaf etməmişdi, 

amma, hər halda, bu elə bir ifadə idi ki, bufetçi Abdulla daha onu səsləmədi və 

təzədən içəri girdi. 

O, bir müddət «Qırmızı qərənfil»in açıq qapısına baxdı: yəqin zirzəmidən nəsə 

daşımaq lazım idi, yaxud «Qırmızı  qərənfil»i silib-süpürmək lazım idi, amma 

yerindən tərpənmədi və  hətta,  əlini cibinə salıb altmış  qəpiyi götürmək və it payı 

kimi «Qırmızı  qərənfil»in qapısına tərəf tullamaq istədi və  bədəninin yanğısı, 

başının uğultusu, qulağının, ayaq barmağının sızıltısı içində, beynini bürümüş o boz 

duman içində öz-özünün bu istəyinə  təəccüb etdi, sonra başını yuxarı qaldırıb 

günəşə baxdı; onun bədən üzvlərinin hissləri tamam korlanmışdı  və bu dəfə  də 

günəşə baxanda gözlərini qıymadı, açıq gözlə baxdı, sonra gözlərini günəşdən 

çəkəndə bir müddət heç nə görmədi, hər tərəfi basmış qaranlıq içində iri və girdə 

günəş gözlərinin qabağında kölgəli bir ağartı-sarıltı ilə ağarıb-saraldı. 

Həmin yay səhəri onun şüurundan keçən xatirələr adda-budda idi, müəyyən bir 

fikirdən, hadisədən, görümdən doğmurdu, öz-özünə  gəlirdi – o, bu xatirələrin 

qəfilliyinə görə korşalmış bir heyrət hissi keçirirdi və bu dəfə də uşaq vaxtı gördüyü 

Ilan dağı birdən-birə yaddaşında canlandı: gözlərini yumdu və  sıldırım qayalardan 

ibarət hündür, çılpaq Ilan dağı gəlib gözlərinin qabağında dayandı. Ona elə gəldi ki, 

Ilan dağının lap zirvəsinə qalxıb və oradan – göz qaraldan bir hündürlükdən aşağı 

baxır, aşağıda dayanmış atası ilə bərabər, özünü də görür və gözlərinin qabağındakı 

bu görüm onun bütün içini qüssəli, ümidsiz bir həsrətlə doldurdu, ona elə gəldi ki, 

bu həsrət bu dəqiqə onu həmin göz qaraldan hündürlükdən götürüb aşağı çırpacaq, 

bədəni Ilan dağının sıldırım qayalarına dəyib tikə-tikə olacaq, amma qəribədi, belə 

bir qarabasmadan qorxmadı, əksinə, yüngül bir rahatlıq hiss etdi. 

Bədən isə yanırdı  və o, Ilan dağını güclə gözlərinin qabağında saxlamağa, 

bədənindəki yanğını üstələməyə çalışdı  və hiss etdi ki, bu daxili gərginlik onun 

bütün olub-qalan taqətini  əlindən alır, hiss etdi ki, indicə  ağlayacaq və bu dəfə  də 

tamamilə birdən-birə  təxminən bir il bundan əvvəl günün günoprtaçağı kitab 

pasajında ağlamağını xatırladı. Düzdü, çoxdan idi xəcalət hissi keçirmirdi, bu hiss 

tamamilə korşalıb təsirsiz olmuşdu, unudulmuşdu, amma həmin yay səhəri «Qırmızı 

qərənfil»in qabağındakı səkidə oturub təxminən bir il bundan əvvəl kitab pasajında 

ağlamağını yadına salanda nəsə çox narahat bir hiss keçirdi və bəlkə heç özü də başa 

düşmədi ki, bu xəcalət hissidi. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə