256
O, gözlərini «Qırmızı qərənfil»in qapısından çəkib həmin yumaq kimi bükülüb
atılmış qəzetə baxdı; o bilirdi ki, bu cür bükülüb atılmış qəzetlərin içində, adətən,
heç nə olmur, amma həmin yay səhəri necə oldusa, əlini uzatdı, qəzeti ayaqlarının
altından götürüb yavaş-yavaş yumağını açmağa başladı. Saralıb solmuş bu köhnə
qəzetin içində heç nə yox idi, görünür, kimsə haçansa bu qəzetə nəsə bükmüşdü,
sonra bükdüyünü götürüb, qəzeti də beləcə pərçim bürmələyib tullamışdı.
O indicə açıb içində heç bir maraqlı şey tapmadığı qəzeti qalın süpürgəyə tərəf
atmaq istədi, amma bu vaxt tamamilə ani olaraq gözü həmin köhnə qəzetdəki əzik-
üzük bir şəklə sataşdı, gözünü çəkmək istədi, amma çəkmədi, baxdı və yavaş-yavaş
elə bil ki, başındakı uğultu azaldı, gicgahlarının nəbzi daha da bərkdən vurdu, onun
bütün bədəninə soyuq bir tər gəlməyə başladı, çünki ona elə gəldi ki, əzik-üzük
şəkildəki bu şagird odur, özüdür.
Qəzetdəki şəkildə üç nəfər şagird məktəb kitabxanasında oturub birlikdə
imtahana hazırlaşırdılar, bir qız idi, iki oğlan və indi o, boz bir duman içində hiss
edirdi ki, bu oğlanlardan biri odur – həmin o boz duman içində adda-budda yadına
gəlirdi ki, məktəbdə oxuyanda haçansa qəzetdə beləcə şəkilləri çıxmışdı; şəkildəki
oğlanlara baxırdı və beynində kirəc bağlamış qalın, ağır laylar arasından hiss edirdi
ki, bu, həmin qəzetdi, bu məktəbli oğlanlardan biri də o özüdür.
Məktəb illəri, yeniyetməlik, gənclik çağları onun qəzetdəki əzik-üzük şəkilə
baxdığı anadək tamam unudulmuş, heç vaxt yada düşməyən bir keçmişdə qalmışdı
və elə bil ki, həmin keçmiş qalın-nazik buz layları arasında donmuşdu və indi yavaş-
yavaş tərpəndikcə, buz layları da çatlayır, sınır, xırçıldayırdı.
Uzun müddət duymadığı, hiss etmədiyi, unutduğu bir həyəcan birdən-birə onun
bədəninə bir üşütmə gətirdi və bu üşütmədə, qəribə idi, həm soyuqluq, həm də bir
hərarət var idi və onun o köhnə qəzeti tutmuş çirkli barmaqları, əlləri əsməyə
başladı, hətta elə bil ki, o soyuq və eyni zamanda, hərarətli üşütmə həmin yay səhəri
onun bütün varlığına, həyatına hakim kəsilmiş yanğını da bir müddət üstələdi və bu
dəm o diksinib bir az aralıdakı akasiya ağacına qonmuş bir dəstə sərçəyə baxdı,
quşların haray-həşirli civiltisini eşitdi, sonra birdən-birə onun burnuna çox yüngül
bir qoxu gəldi və o bu qoxuda uzun müddətdən bəri yadırğadığı bir doğmalıq, bir
məhrəmlik hiss etdi; bu qoxu onun yadına nəsə salırdı, amma bunun nə olduğunu
bilmirdi, həmin qoxunu tanımırdı. Diqqətini toplamağa, o qoxunun hardan
gəldiyinə, o mehribanlığın, məhrəmliyin nə olduğunu fikirləşməyə, yadına salmağa
isə taqəti yox idi.
Əlbəttə, ola bilərdi ki, bu qəzet heç həmin qədim, həmin gözəl qəzet deyil, bu
oğlan da o özü yox, tamam başqa bir adamdı, ola bilərdi ki, zənni onu aldadırdı,
yaxud yenə də onu qara basırdı, amma o, bütün gücünü toplayıb, heç olmasa, bu
şübhələri özündən qovmağa çalışırdı, çünki birdən-birə onun ürəyində uzun
müddətdən bəri duymadığı bir istək əmələ gəlmişdi: istəyirdi «Qırmızı qərənfil»in
qapısına tərəf baxmasın, istəyirdi akasiya ağacından gələn o civiltini bir az da
eşitsin; onun ürəyində yaranmış həmin istəkdə bir işıq var idi və o işığın istisi onun
elə bu dəqiqənin özündə də sızıltı ilə yanan, içki istəyən bədəninə yüngül bir hərarət
gətirirdi.
O özündən asılı olmayaraq, «Qırmızı qərənfil»in qapısına ötəri bir nəzər saldı,
sonra yenə akasiya ağacında civildəyə-civildəyə haray-həşir salmış bir dəstə sərçəyə
tərəf baxdı, sonra yenə də qəzetdəki həmin əzik-üzük şəkilə baxmaq istədi, amma
baxmadı, çünki burnuna gələn o qoxunu birdən-birə tanıdı...
257
Süpürcəçi qadın gəlib köhnə qəzet bürməsini onun əlindən aldı və süpürgəsinin
ağzına atdı, bayaqkı kimi sidq-ürəkdən onun halına acıya-acıya, onun belə bir
güzəranının qarasına deyinə-deyinə küçəni üzüaşağı süpürə-süpürə uzaqlaşmağa
başladı:
– Nə olacaq bu qəzetin içində, ay bədbəxt? Pul tapacaqsan? Lap tapsan nə
olacaq? Gedib bir az da çox içəcəksən də, ay bədbəxt oğlu bədbəxt!.. Sonra nə
olacəq? Bir gün də beləcə öləcəksən küçədə... Kimin xəbəri olacaq sənnən? Kim
ağlayacaq səninçün? Kim aparıb basdıracaq səni qara torpağa, ay üzü qara?..
O, süpürgəçi qadının nə dediyini eşitmirdi, sərçələrin civiltisini də eşitmirdi,
çünki burnundan çəkilib getməyən həmin qoxu onu unudulub qədimlərdə qalmış bir
keçmişə dartırdı və hərdən, elə bil, onun beynində fotoaparat işığı kimi, nəsə ani
olaraq yanıb-sönürdü və o, həmin anlarda fotoşəkil kimi keçmişin dəqiq görümlərini
görürdü...
... bələyi açılmış qızı arxası üstə uzanıb ayaqlarını stolun üstünə döyəcləyir...
... Səfurə təzəcə yuyub qurutduğu uşaq əsgilərini ütüləyir...
... sonra o ütünü Səfurədən alıb, beş-altı aylıq qızının əsgilərini, balaca
koftalarını ütüləyir...
... Səfurə kətilin üstündə oturub Gülzarı əmizdirir və açıq pəncərədən düşən gün
şüaları Səfurənin açıq sinəsinə, döşünə bir işıltı gətirir...
... o, Gülzarın balaca çit papağını ütüləyir və bu, o balaca papaqdan gələn
qoxudu...
... balaca papaqdan gələn qoxudu...
... balaca papaqdan gələn qoxudu...
Səfurənin də adı, Gülzarın da adı neçə müddət idi? – bir ay idi, bir il idi? –
silinib onun yaddaşından pozulmuşdu, daha doğrusu, onun, ümumiyyətlə, öz
yaddaşından xəbəri yox idi, çünki nəyi isə yadda saxlamağa vaxtı yox idi, çünki içki
tapmaq ehtirası, içki içmək yanğısı onun bütün vaxtını yeyirdi, gücünü alırdı, nəyisə
yada salmağa, xatırlamağa taqəti yox idi və bütün bunlar barədə, yəni bu vaxtsızlıq
barədə, bu yaddaşsızlıq barədə fikirləşməyə də taqəti və həvəsi yox idi. Səfurə də,
Gülzar da, ağappaq cərrah xalatı, cərrah papağı da uzaq və tamamilə yadlaşmış bir
keçmişdə qalmışdı. Əvvəllər, o vaxtlar ki, düzdü, evdən getmişdi, işdən çıxarılmışdı,
amma, hər halda, tamam küçələrə düşməmişdi, stəkanların, parçların dibindəki
qalığı içmirdi, haradasa qarovulçu işləyirdi, balaca da bir qarovul köşkü var idi,
əlinə keçəni arağa verib o köşkdə içirdi və orda da yıxılıb yatırdı, bax, o zamanlar
həmin o əlçatmaz, ünyetməz keçmiş bəzən ona rahatlıq vermirdi, ayıq vaxtlarında
əzab çəkirdi, özü özünə söz verirdi ki, gedib müalicə olunacaq, daha içməyəcək,
hətta, yeniyetməlik, gənclik çağlarında olduğu kimi, gələcək barədə planlar qururdu,
fikrində Gülzarı yenidən gəzməyə çıxarırdı, teatra, kinoya gedirdilər, fikrində
yenidən Səfurə ilə bir çarpayıda yatırdı və həmin çarpayıdakı ağın kraxmal
təmizliyi, elə bil ki, onun fikrindən, xəyalından çıxıb balaca qarovulçu köşkünə bir
ümid, bir nikbinlik gətirirdi, amma sonra hardansa yenə araq tapılırdı və yenidən
başlanacaq gələcək haqqındakı o planlar, o xəyallar da solurdu, işığını itirirdi.
Süpürcəçi qadın küçəni süpürə-süpürə uzaqlaşdı və arvadın əynindəki sarı çit
pencək də, elə bil, bu dəm bütün aləmi basmış payız xəzəlindən xəbər verdi...