Şöhrətli generalımız Səməd bəy Mehmandarovun 1918-20 - ci illərdəki
fəaliyyəti xalqımız qarşısında əvəzsizdir. Onun Milli Ordunun yaradılmasmdakı
müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına
müraciəti, əsgər və
zabit heyəti qarşısında ata nəsihətli (həmin il Səməd bəy Mehmandarovun 63 yaşı
vardı - Ş.N.) çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə yaxın
əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.
Səməd bəy Mehmandarov haqlı olaraq yazırdı ki, düşmənə qarşı mübarizə
tədbirlərindən biri də xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Bu
vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə
zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, milli hissi oyatmalıyıq... Xalq
arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı,
qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik.
1918-1920-ci illərin arxiv qovluqları açıldıqca bizə məlum olur ki, Milli
Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, hərb tariximizi
zənginləşdirən Əliağa Şıxlinskinin rəhbərliyi ilə onların silahdaşları general Həbib
bəy Səlimovun, Məmməd bəy Sulkeviçin, Şahzadə Əmir, Kazım Mirzə Qacarın,
Clavad bəy Şıxlinskinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy
Qaytabaşının misilsiz faliyyəti olmuşdur.
Port Arturda, Birinci Cahan savaşında və 1918-20-ci
illərdə şərəfli döyüş
yolu keçən general Səməd bəy Mehmandarovun haqqında araşdırmalar apardıqca o
illərin sənədlərində və qəzetlərində onun çıxışlarına, nitqlərinə rast gəlmək olur.
Tarixi sənədlərdən xəbərsiz olan bəzi tədqiqatçılar keçərək yazırlar ki, niyə
Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Həbib bəy Səlimovun və başqa
sərkərdələrimizin Napaleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri hərbi-elmi
əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər damğası vururlar.
Yetmiş altı ildən sonra belələrinə general Səməd bəy Mehmandarovun Azərbaycan
Hərbiyə məktəbinin ikinci buraxılışıda, 1926-cı il sentyabrın 15-də elədiyi
tarixi
çıxış cavab verir.
Həmin il Azərbaycan Hərbiyyə məktəbində Səməd bəy Mehmandarov
topçuluqdan rusca, Əliağa Şıxlinski isə Azərbaycan dilində mühazirələr
oxuyurdular.
AZƏRBAYCAN HƏRBİ MƏKTƏBİNİN
2-ci BURAXILIŞI HAQQINDA
15 sentyabr 1926-cı il
Yoldaşlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi təbrik edirik.
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu müstəqil yolda
sizi çətin və məsul iş gözləyir. Həmin işin bacarıqla və vicdanla yerinə yetirilməsi
sizin tabeliyinzdə olan adamların döyüş hazırlığı səviyyəsindən asılıdır. Öz xidməti
və döyüş təcrübəmdən istifadə edərək sizin üçün
bu əlamətdar gündə həmin iş
haqqında bir neçə söz demək istəyirəm.
Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaşlar, həmişə möhkəm
yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də olsa, tam bilik vermir,
gəncləri gələcək özünütəkmilləşdirməyə hazırlayaraq buraxır.
Bu cəhəti biz hərbi
qulluqçular, xüsusilə yadda saxlamalıyıq, çünki ümumiyyətlə hərbi işdə, əsasən də
qüdrətli mübarizə vasitəsi olan artilleriyada öz əksini tapan hərbi texnika böyük
müvəffəqiyyətlərə nail olmuşdur.
Texnika və taktika bir-birilə ayrılmaz surətdə əlaqədardır və texnikanın
inkişafi taktika sahəsində böyük dəyişikliklərə səbəb olur. Daimi yeni hərbi-texniki
kəşflər sayəsində artilleriya atəşinin gücü ilbəil artır, döyüşün üsullarını və taktiki
xüsusiyyətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyişdirir. Buna görə
də müasir tələblərdən geri qalmamaq üçün, yoldaşlar,
siz yorulmadan öz
üzərinizdə ciddi çalışmalı geri qalmamaq üçün cari hərbi ədəbiyyatı diqqətlə
izləməlisiniz. Başqa sözlə, yenə də öyrənmək lazımdır. Bu tələblərə əməl etsəniz
siz öz yerinizə layiq olacaqsınız və tabeliyinizdə olanların hüsnürəğbətini
qazanacaqsınız.
Texnikanın inkişafı və artilleriya atəşinin artan gücü ilə yanaşı, mən
deməliyəm ki, irəli getmək coşqunluğu ideyası ilə ruhlanan qoşunlarda əsas amil
insandır, texnika isə ikinci dərəcəlidir, çünki texnikanı da insan idarə edir.
Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaşlar,
mən demişdim
ki, hərbi iş yaradıcı işdir, bu işdə təcrubə və praktikanın böyük əhəmiyyəti vardır,
bu təcrübə və praktika bir çox nəzəri müddəaları üstələməlidir. Bunu deməklə mən
nəzəriyyənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənəd nəzəriyyəsi həmin
praktikadan doğmuşdur. Əgər bu belədirsə onda bacarıq, təcrübə və praktikanı
hansı vasitələrlə mənimsəmək olar?
Müharibə dövründə bacarıq və təcrübə şəxsi praktika ilə, sülh dövründə isə
sülh və müharibə dövrlərində göstərişlərini rəhbər kimi qəbul etdiyimiz
nizamnamələrini əsaslı surətdə öyrənməklə, taktiki tapşırıqla çölə çıxmaqla,
ikitərəfli manevrlərlə, komanda
heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə
və başqa üsullarla qazanılır. Bunları mən geniş izah etməyəcəyəm, öyrənilməsinə
böyük əhəmiyyət verdiyim hərb tarixi üzərində dayanacağam.
Hərb tarixini öyrənmək dünyagörüşünü genişləndirir, tənqidə qabil olan
adamın zəkasını, fərasətini və bacarığını inkişaf etdirir. Hərb tarixini öyrənməklə
siz ovcunuzun içi kimi bu və ya o tərəfin səhvini görürsünüz.
Görürsünüz ki, nə
etmək olar və nə etmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb
vəziyyətdən baş çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər qərar qəbul
etmək vərdişləri qazanırsınız. Hərb tarixini öyrənməklə siz qoşunların müharibədə
çəkdikləri əziyyətlərin qarşısını almağa təminat verirsiniz.
Mən belə fikirləşirəm ki, hərb tarixini öyrənməyin əhəmiyyətini başa
düşmək üçün bu deyilənlər də kifayətdir.
Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr etdiyiniz sahədə
müəffəqiyyət qazanmağınız üçün hərb tarixi kitabı hər
bir hərbi qulluqçunun
stolüstü kitabı olmalıdır.
Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiş rəislərinizi sevindirəcək, çünki
onlar sizin müvəffəqiyyətlərinizdə öz zəhmətlərinin və öz məsləhətlərinin bir
hissəsini görəcəklər.