- Konstantin Paustovskidən sonra Sizə zəhmət vermərəm.
Tərcümə çətin
işdi. Mən bacaran döyül...
Rəhmətlik ləzzətlə güldü. Pəncərəyə dirsəklənib dalbadal papiros çəkə-
çəkə: - Aya, - dedi, - hamı elə başlayıb, hamı elə çətinliklə ədəbiyyata gəlib. Mirzə
İbrahimov yazıçı ola-ola ayda bir əsər tərcümə eləyir. Elə bilirsən, ilk vaxtlar
elənən tərcümələrin kimsə ustundə şum aparmayıb? Gözləyəcəyəm, sabahda-
zadda gəl, kitaba bir mən də baxım, sonra başla tərcüməyə.... Bilirsən, Şəmistan,
sənin üzünə demək olmasın, yazı dilin şirindi,
tərcumə ilə məşğul ol ki, həm biliyin
artsın, həm də yazı dilin daha da cilalansın. Rus yazıçılarından başqa dilə ən çətin
tərcumə olunan Konstantin Paustovskidir. Onun əsərləri təmiz və qəliz rus dilində
yazılıb. Sən onu tərcümə eləməyə başlamısansa, demək səndə bu sahədə bacarıq
var... Mən sənin Paustovskidən tərcümənə heç nə eləməmişdim. Onu ancaq jurnal
üçün işləmişdim... Gəl, gözləyəcəyəm.
Başa düşürdüm və anlayırdım ki, Nəriman müəllim ancaq və ancaq məni
həvəsləndirirdi. Fikirləşdim ki, Hüseynbala haqqında kitabı aparacağam, amma
tərcüməni boynuma götürməyəcəyəm.
Kitabı aparıb getdim. Xeyirxah Nəriman
müəllim məni necə dilə tutdu, ərklə
nə dedisə razılaşdım. “Əbədiyyət qabaqladı ölümü” sənədli povesti “Pioner”
jurnalında mənim tərcüməmdə hissə-hissə dərc olundu.
1985-ci ildə isə “Gənclik” nəşriyyatında həmin kitab mənim tərcüməmdə
nəşr olundu. Əlbəttə, bu xeyirxahlıq da unudulmaz ustadım, mehriban qohumum,
qayğıkeş yazıçı Nəriman Süleymanovun sayəsində oldu.
* * *
Nəriman Qocaoğlu 1956-çı ildə kiçik bir hekayə ilə yaradıcılığa başlayıb. Bu
kiçik hekayə sonralar “Balaca atlı” adlı, cəmi 34 səhifəlik kitab oldu. Onda o kiçik
kitab əllərdə gəzirdi. Kəndimizin ilk yazıçısının ilk nübarına, nemətinə hamı
sevinirdi. Biz uşaqlar o kiçik kitabı çöldə quzu otaranda da çantamızda “Ana dili”,
“Hesab” kitabları ilə yanaşı gəzdirib oxuyurduq.
Yazıçı Nəriman Süleymanov bundan sonra kəndimiz Körpülüyə gələndə ona
heyrətlə, həsədlə baxırdıq. Baxırdıq və təəccüb edirdik ki, bu nə təhər yazıçıdı, bu
da elə bizim kimi danışır. Heç dilini dəyişməyib. İlxıçı Həmidlə, traktorçu
Ayvazla, naxırçı Usufnan deyib-gülür. Heç sərçə Səməd kimi özünü dartıb demir
ki, aya, bir az məndən aralı dur, şalvarımın
ütüsünü pozarsan, a zalım.
Kəndimizdəki belə obrazlar yazıçı Nəriman Süleymanovun əsərlərinin
“qəhrəmanı”dır.
Nəriman müəllim belə məzəli söhbətləri eşitməkdən ləzzət alardı:
- Aya, - deyərdi, - Batdaxlı bulağında Mehralı kişi kimin üçün gəmi tərsanəsi
düzəltmək istəyib?..
Belə söhbətlərə cavab alanda Nəriman müəllim gülərdi, sinəsi atdana-atdana
gülərdi. Ürəkdən gülərdi. Təmiz insan kinsiz-küdurətsiz gülərdi.
Sonrakı əsərlərində mənə məlum oldu ki,
Nəriman Süleymanov saatlarla
kəndçilərimizdən söhbət edəndə “Lal”, “Qaraçı qızı”, “Dağ havası”, “Quşlar
yuvalarını unutmurlar”, “Yetər nənə” və başqa əsərlərinə mövzu, obraz
toplayırmış.
Yanvar, 1996-cı il
Mərdəkan.
BİR ŞƏKLİN TALEYİ
İyirmi ilə yaxındır ki, bir nadir fotoşəkli şəxsi arxivimdə saxlayıram. Onu
mənə sənətkar dostum Seyfəddin Məmmədvəliyev verib. O vaxt çox çalışdım ki,
qəzetlərin birində dərc etdirim, mümkün olmadı. Bir bolşevik jurnalist “dostum”
şəkli iki aydan çox redaksiya qovluğunda saxlayıb özümə qaytardı. -
Buradakıların əksəriyyəti Sovet hökumətinin düşmənləri olub, - dedi - dərc
etsək, sənin də başın ağrıyar, bizim də. At getsin...
Mən isə “tənbəllik” elədim, atmadım. Saxladım. Ona görə saxladım ki, bu
nadir şəkildə xalqımızın çox qiymətli oğulları təsvir olunub. Bu günlərdə basırıqda
qalmış qovluqlarımdan birini açanda yenidən həmin şəkillə üzbəüz gəldim. Sanki
şəkildəki qırx bir adam birdən dilə gəldi: “Nə oldu, ay oğul, bolşevik hökuməti də
yıxıldı. Biz yenə də oxucu üzü görməyəcəyikmi?”
O illərdə professor Fatmaxanım Vəkilova ilə tez-tez görüşərdim.
Bu səmimi
ana ilə söhbətimiz çox vaxt Səməd Vurğundan, Firidun bəy Köçərlidən, atası
İsmayıl ağa Vəkilovdan, general Əliağa Şıxlinskidən və başqa görkəmli maarif,
elm xadimlərindən olurdu. Bir dəfə onun ev albomundan Səməd Vurğunun
Moskvada azərbaycanlı ziyalılarla birgə çəkilmiş nadir bir şəkli çıxdı. Onu alıb
“Sovet kəndi” qəzetində dərc etdirdim. Görüşlərimizin birində qırx bir ziyalının
təsvir olunduğu bu şəkli də apardım ki, onları tanımaqda mənə kömək etsin.
Eynəyini taxıb şəklə baxan Fatma xanım kövrələ-kövrələ:
- Bunların əksəriyyəti mənim müəllimlərim olub - dedi. 1927-ci ildə Bakı
Darülmüəllimatında oxuyanda Mədinə xanım Qiyasbəyli, Atababa Musaxanlı,
Hüseyn Cavid, Şəfiqə xanım Əfəndizadə,
Abdulla Şaiq, Böyükağa Talıblı, Əhməd
Cavad, Soltan Məcid Qənizadə, Cabbar Əfəndizadə mənə dərs deyiblər.
Fədakar tədqiqatçımız Salman Mümtazın şəxsi arxivində mühafizə olunan
bu şəkli 1924-cü ildə Əlibəy Hüseynzadə çəkib. Bir qrup Azərbaycan yazıçı və
şairləri Darülmüəəlimatın tələbələri ilə görüşə gəliblər.
Fatmaxanım Vəkilovanın köməkliyi ilə aşağıdakıları dəqiqləşdirə bildik:
Soldan oturanlar Mirzə Əbdülbaqi Əraqi, Əliağa Vahid, Əli Hüseynzadə, Adil
Əfəndiyev, Əhməd Cavad, Cabbar Əfəndizadə, Atababa Musaxanlı, Mikayıl
Rəfili, şair Həmmal, Xəlil...
İkinci
cərgədə Fəna Mirzə Rəhim, Səməd Mənsur, Azər Buzovnalı, Mədinə
xanım Qiyasbəyli, Həbib Cəbiyev, Fuad Köprülüzadə, Böyükağa Talıblı, Şəfiqə
xanım Əfəndizadə,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil
Məmmədzadə, Ağadadaş... (?), Mirzə Cəlal Yusifzadə, Bədrəddin Seyidzadə,
Salman Mümtaz, Süleyman Sani Axundov, Abdulla Şaiq, İsmayıl Hikmət,
Hüseyn
Cavid, Əli Kərimov, Qulam Mirzəzadə, Soltan Məcid Qənizadə, Əhməd Pepinov,
Cəfərov, Seyid Hüseyn.