Sərbəst iş Ad: Vasif Soyad: Ələkbərli Fakültə


Azərbaycan-Nato strateji əməkdaşlığı



Yüklə 48,98 Kb.
səhifə2/6
tarix11.05.2022
ölçüsü48,98 Kb.
#86771
1   2   3   4   5   6
Ələkbərli Vasif 835. Azərbaycan tarixi

2.Azərbaycan-Nato strateji əməkdaşlığı.

Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb. 1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.

Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer Solana ilə görüşüb. 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkə prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər məclisdəki çıxışında Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə xarakterizə edib: "Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik."

1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər edib. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırladıb. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib. 2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib.

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. 2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması əməkdaşlığın əsas sahələridir. 2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun İstanbul sammitində çıxış edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə və danışıqlar ölkəmizin Şimali Atlantika İttifaqı ilə tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Avropaya və Avroatlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə Avroatlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.

"Kooperativ Best Effort-2004" səhra təlimlərinin, 23 iyun 2005-ci il tarixdə N ATO ilə "Fərdi əməkdaşlıq üzrə əməliyyat planına uyğun "İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avro-atlantik Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması" mövzusunda seminarın Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığa necə böyük əhəmiyyət verilməsinin sübutudur.

2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Parisdə, NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyadakı çıxışında prezident Azərbaycanın NATO ilə əlaqələrinin əhəmiyyətindən danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verib. 2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə, NATO-nun mənzil-qərargahında təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə görüşüb.  2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.

"Sülh Naminə Tərəfdaşlıq" ("PARTNERSNIP FOR PEACE") proqramı Şimali Atlantika İttifaqının 1994-cü il yanvarın 10-11-də keçirilən Brüssel görüşündə irəli sürülmüş mühüm təşəbbüsüdür.

SNT proqramında müxtəlif dövlətlərin hərbi planlaşdırma prosesinin və müdafiə büdcələrinin formalaşdırılmasının açıqlığına nail olunması əsas məqsədlərdəndir. Mütəmadi olaraq Azərbaycana səfər edən NATO ekspertləri rəsmi Bakıya sözügedən istiqamətdə texniki yardım göstərəcəklərini bəyan ediblər.

"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əsas məqsədlərdən biri də beynəlxalq əməliyyatların aparılmasını təmin etməkdir. Belə ki, BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin saxlanılması da SNT-nin məqsədlərinə daxildir. Eyni zamanda, sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bunun üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin qüvvələri ilə daha optimal qarşılıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqrama daxildir.

SNT proqramında irəli sürülmüş bir sıra məqsədlərin praktik şəkildə həyata keçirilməsini nəzərdə tutan bu prosesdə MDB ölkələrindən yalnız Ukrayna və Moldova iştirak edir. Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 500-ə yaxın təlim və seminarda iştirak edirlər. Ekspertlərin fikrincə, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır.

Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılır.




Yüklə 48,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə