Щцруфи шаири сцрури диваныны йени нцсхяляри



Yüklə 56,5 Kb.
tarix19.07.2018
ölçüsü56,5 Kb.
#56936

VATİKANIN APOSTOL KİTABXANASINDAN Hürufi şaİrİ sürurİ dİvanınıN yeni nüsxələrİ ƏLDƏ EDİLMİŞDİR
XV-XVI əsrlərdə yaşamış hürufi şairimiz Süruri barədə əlimizdə çox az məlumat vardır. Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Həbibi, Şahi, Matəmi, Qasımi, Tüfeyli kimi sənətkarlarla bərabər onun da Şah İsmayıl Xətai sarayında fəaliyyət göstərən ədəbi məclisdə iştirak etməsi barədə məlumat vermişdir. H.Araslı Süruridən, müasirlərinin, Füzulinin yaradıcılığna təsir etmiş sənətkar kimi bəhs etmişdir. Osmanlı müəlliflərindən Səhi bəy «Həşt behişt», Qəstəmonulu Lətifi «Təzkireyi-lətifi», Aşiq Çələbi «Məşairüş-şüəra», Qınalızadə Həsən Çələbi «Təzkirətüş-şüəra» adlı təzkirələrində Sürurinin Əcəm diyarından (Azərbaycan və İran) Osmanlı ölkəsinə gəldiyi, adının Süruriyi-Şərqi və ya Süruriyi-Əcəm olduğu, I Sultan Səlinin hakimiyyəti illərində vəfat etdiyi barədə məlumat vermişlər.

Qeyd etmək istərdik ki, son dövrlərə qədər şairin anadilli divanı əldə olmadığından onun yaradıcılığı barədə ətraflı fikir söyləmək mümkün deyildi. Sürurinin surətini əldə etdiyimiz ilk divanı - Vatikanın Apostol kitabxanasından əldə edilmiş nüsxə əsasında artıq onun ədəbi irsi barədə müəyyən elmi fikir söyləmək mümkün olmuşdur. 192 vərəqlik əlyazmanın 184 vərəqinə köçürülmüş 931 beytlik natamam nüsxə əsasında deyə bilərik ki, Süruri Nəsimi ənənələrini davam etdirən, Fəzlullah Nəimiyə Tanrı səviyyəsində sitayiş etdiyini bildirən şair olmuşdur. Füzulinin bir neçə şeirinin onun qəzəllərinə nəzirə olduğunu görürük. Beləliklə, Sürurinin ədəbi irsinin ortaya çıxarılıb tədqiq edilməsini müəyyən mənada ədəbiyyat tariximizdə Nəsimi ilə Füzuli arasındakı boşluğun doldurulması kimi də mənalandırmaq olar.

Süruri divanının Süleymaniyyə kitabxanası nüsxəsində rast gəldiyimiz Nəsimi ruhlu qəzəllərdə Fəzlullaha sitayiş xüsusilə diqqəti cəlb edir. Məsələn:
Fəzli-Həqdən kaşifi-gəncineyi-əşya bizüz,

Alimi-təlimi-elmi-aləmül-əsma bizüz.

Yol bulub Həqdən ələl-ərş istivanın şərhini,

Surəti-Rəhmanə irdük, adəmi-məna bizüz…


Ey Süruri, Fəzli-Yəzdanun bəyanunda bu gün,

İsmi-əzəm vəchimüzdür, camiyi-əşya bizüz.


Şair divanının bir yerində vərəq 25b-də, Fəzlullah mənasını verən hürufilərə məxsus rəmzi işarədən istifadə etmişdir:
Ey Süruri, Fəzl rəbbül-aləminin nuridür,

Surəti-Mehdidəvü İsada oldu müqtəbəs.

Bu beytdəki «Fəzl» sözü xüsusi rəmzi işarə ilə göstərilmişdir.

Sürurinin şeirlərindən, həmçinin, onun şiəməzhəb olduğunu, Həzrət Əlini, imamları mədh etdiyini görürük:


Döngil, Süruri, daməni ali-əbayə kim,

Aləmdə dəstgir ola daim sənə Əli.


Sürurinin İstanbulun Süleymaniyyə kitabxanasında saxlanan divanı 26 vərəqə köçürülmüşdür, 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, 3 mürəbbe daxildir.

Manisa nüsxəsi isə məcmuədir, buraya Sürurinin Azərbaycan türkcəsindəki şeirləri ilə bərabər Nəsimi və Nur Seyid Əli adlı şairin farsca şeirləri də daxil edilmişdir. Əlyazmada katib qeydi vardır. Süruri divanının qurtardığı səhifədə oxuyuruq: «Təmam gəşt in divane-şərif fi yovmi-düşənbə fi mahi-məhərrəm əlhəram min şühuri səneyi-səmanə və səb’in və tis’ə miə fi şəhri-Hələb fi astane Bayram Baba qəddəsə sirruhu əzizül-fəqirül həqir Dərviş Mustafa bəndeyi-Müştəba». Buradan məlum olur ki, Süruri divanının Manisa nüsxəsi hicri tarixlə 978, miladi tarixlə 1570-ci ildə Hələb şəhərində Bayram Baba adlı şeyxin dərgahında Dərviş Mustafa adlı katib tərəfindən köçürülmüşdür. Bu əlyazmadakı Süruri divanının digər nüsxələrində rast gəlmədiyimiz bir sıra şeirlər, o cümlədən, Şah İsmayıl Xətaiyə həsr edilmiş mürəbbe böyük maraq doğurur. Süruri divanının surətləri yeni əldə edilmiş Süleymaniyyə və Manisa nüsxələrindən götürdüyümüz iki şeirini diqqətə çatdırırıq.


PAŞA Kərimov

filologiya üzrə elmlər doktoru

QƏZƏL
Ey könül, gəl dideyi-təhqiq ilə əşyayə bax,

Kəsrəti-surətdə vəhdət göstərən mənayə bax.


Bilmək istərsən kəlamüllahi-natiq şərhini,

Adəmün vəchində minni əlləməl-əsmayə bax.


Can gözün mazağ kühlindən mühəyyəl eyləyüb,

Surəti-Həqq görmək istərsən, rüxi-zibayə bax.


Dilrübalər çöhrəsindən əndəlibi-qüds olub,

Ərş gülzarına pərviz et, güli-rənayə bax.


Olmaq istərsən Məsihanun dəmi ruhül-qüdüs,

Xızri-vəqt ol, cami-Cəmdə badeyi-həmrayə bax.


İstinab eylər dəxi insani-kamildən fəqih,

Görə bilməz surəti-Rəhmanı, ol əmayə bax.


Ey Süruri, aşiyani-ərşə pərvaz eyləməz,

Qülleyi-Qafi-qidəmdən mənzili-Ənqayə bax.



Mürəbbe
Ta kəlamullahi-natiq mühibbi-tənzildir,

Əlləmül-əsmai-hüsnün surəti-təvildir,

Ləşkəri-ərvahə bu söz qüvvəti-təhsildir

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Mətleyi-sübhi-imamətdən doğub xurşidi-zat,

Qərqeyi-nuri-təcəlli oldu xəlqi-kainat,

Çağırur əflakü əcramü cəmadatü nəbat

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Geydi ərş üstündə Rəhman surətin ruhül-əmin.

Lövhi-məhfuzi-ilahi oldu Qurani-mübin,

Zahirən eynül-yəqindür, batinən həqqül-yəqin

Kim, Əlinin Zülfiqarı Şah İsmaildür.


Dilrübalər zülfü qaşü kiprigindən ta əbəd,

Əhli-ixlasə səbəqdir «Qul huvallahu əhəd»,

Anı təhqiq eylə sən həm Həqdən istərsən mədəd

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Anla kim, kövnü məkanın hasili Quran imiş,

İlləti-qayibü qovğayə qəmu insan imiş,

Şah divanında bu söz höccətü bürhan imiş

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

On səkiz bin aləmin olub imamı Mustafa,

Verdi Quran ilə kövneynə nizamı Mustafa,

Dinləgil sidq ilə kim, budur, kəlami-Mustafa

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Alimül-əlavü şərhnameyi-əbrar imiş,

Surəti-mənidə nəqdi-Heydəri-kərrar imiş.

Həm nübuvvət, həm vilayət xətmi bu əsrar imiş

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Çünki rəf oldu hicabi-afitab qıl kəfa,

Zahir oldu sirri - «Rəhmanü ələl-ərş istiva»»

Der Həsən xülqi-Rza ilə Hüseyni-Kərbəla

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Çün imamət gəldi batin aləmindən zahirə,

İsm olub eyni-müsəmma yetdi əvvəl axirə,

Bildi Zeynülabidin dedi Məhəmməd Baqirə

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Hər həqayiq kim, bəyani-müshəfi-natiqdədir,

Nitqi-mütləqdir ki, zati-Həzrəti-Xaliqdədir,

Dinlə ol nitqi ki, zatı Cəfəri-Sadiqdədir

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

Çün əlifdir əvvəlü axirdə sirri-ənbiya,

Pəs əlif tək vahid olmaqdır təriqi-övliya,

Bu təriqi bildi Kazımdan Əli, Musa, Rza

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Hər yana kim, baxdın isə, anda gördünsə Həqi,

Əsfəlü əladə adıdır imami-müttəqi,

Bu hidayətdir Təqidən bizə bürhani-Nəqi

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Ta kəlamüllahi-natiqdir imamət məzhəri,

Künti kənzin həzrəti-şah oldu kani-gövhəri,

Ol cəvahirdən nisar etdi cəhanə Əsgəri

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Qaim oldu qisməti-xilqətdə kövn ilə məkan,

Küntü kənzin kafü nunundan zühur oldu cəhan,

Gəldi şərh etdi Məhəmməd Mehdiyi-sahibzəman

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.


Ta Süruridir kəlamullahi-natiq çakəri,

Oldu Heydər qullarının kəmtərinin kəmtəri,

Zihidayət kim, ana oldu imamın ləşkəri

Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.







Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə