140
Həmin o tarixi üzqırxma əhvalatını Ağasəfa bütün təfsilatı ilə, uzunuzadı,
hər kəlməsindən sonra
çox mənalı fasilələr verə-verə bir saata zorla danışıb qurtarsa da, Rauf kəmhövsələlik
eləməmişdi, əksinə, məmnun qalmışdı, çünki yaxşı bilirdi ki, bu böyük hörmətdi və çox az-az
adamlar bu hörmətə layiq görülür. O gün isə, Ağasəfa onun üzünü sabunlayanda hamıya
eşitdirmək üçün bərkdən Avtandilə dedi ki, Raufun üzü tükünün codluğu və dərisinin zərifliyi ilə
ona rəhmətlik prezidentin üzünü xatırladır. Aydın məsələdir ki, bu sözlər Raufun canına sarı yağ
kimi yayıldı və həmin gündən o, Ağasəfanı ən nəcib və ən ağıllı adamlardan biri hesab eləməyə
başladı.
Ağasəfa ondan xahiş elədi ki, “qadın məsələsi” barədə fikrini desin. Rauf bir ustad ədası ilə
qımışdı. Çünki o, Ağasəfadan da, Avtandildən də bu məsələdə üstün idi, böyük təcrübəsi var idi.
– Mən səninlə bir o qədər də razı deyiləm... Arıq belə gəldi, kök belə getdi. Nə dəxli, axı
hərəsinin öz yeri var, əsl kişiyə hər cürəsi qəbuldur: qarabuğdayısı da, sarışını da, kökü də, arığı
da.
Bircə dəfə yaşayırıq bu dünyada, gərək hər cürəsini dişinə vurub, dadasan. – Bunu deyib o,
müştəri gözüylə güzgüdəki əksinə baxdı, qayğılı-qayğılı alnını ovuşdurdu və beləliklə də bu
söhbətə bir növ son qoymuş oldu.
Ağasəfa həssas adam idi, dərhal müştərisinin ürəyindən keçəni oxudu və xüsusi bir qayğı ilə
Raufun alnının dərisini ovuşdurub:
– Qırış dərdi çəkməyinə hələ çox var, – dedi. – Bu qırış deyil, qatdır kəsib, qaşqabağuvu tökəndə
əmələ gəlir.
Ağasəfa onun pencəyinin yaxasında olan və olmayan tükləri çırpıb təmizlədi və Rauf oturduğu
rahat kreslodan könülsüz halda durdu. Vestibüldə o, iri bədənnüma güzgünün qabağında
bir an
ayaq saxladı, ordakı gözəl geyimli, boylu-buxunlu, yaraşıqlı kişiyə baxıb xoşhallandı və dən
düşmüş bığlarını tumarlayıb küçəyə çıxdı.
Vaxta hələ vardı, maşının yanında dayandı və gənclik illərini, cavanlıq çağlarında Nizami
küçəsiylə gecə gəzintilərini həsrətlə xatırladı. O vaxtlar bu küçə şəhərin əsas seyrəngah yeri
sayılırdı.
Demək olar ki, hər axşam, şər qarışanda cavanlar “Vətən” kinoteatrının tininə yığılar və
başlayardılar eyni bir marşrutla – bankın binasının yanından sağa burulub dənizçilər klubunun
səkisi ilə Dənizkənarı bulvara və ordan da geriyə gəzişməyə. O illər Rauf hörməti olan, tay-tuş
arasında seçilən oğlanlardan idi. O, heç vaxt başçılıq iddiasında olmamışdı, amma qolunun gücü
və cəsarəti yaşıdları yanında ona xüsusi hörmət qazandırmışdı. Xoşxasiyyətinə, gülərüzlüyünə,
bir ölçü-biçi bilməyən kefcilliyinə görə o, həmişə təzələnən dost-aşnanın diqqət mərkəzində
olardı.
Qızların da o zamanlar Raufdan ötrü ürəyi gedirdi. O da hərdənbir qadın qəlbini, necə deyərlər,
ovsunlayırdı, özü də o, bunun üçün özünü oda-közə vurmurdu, hər şey demək olar, ilk baxışdan
baş verirdi. Qızlarla tanış olanda özlərini onlara qeyri-adi adam kimi göstərməyə çalışan
oğlanlardan fərqli olaraq, o, bu sınanmış fəndə heç vaxt əl atmırdı; yəni onlara təsirli məktublar
yazmaz, cəngavərliyini göstərən hadisələr uydurmazdı. Ömründə qızlara şeir də yazmamışdı.
Hətta onları məftun eləmək məqsədilə telefondan asılıb saatlarla söhbət eləməzdi. Çünki başa
düşürdü ki, özü, yəni sağlam bədəni, gözəl qədd-qaməti, par-par yanan qara gözləri, söhbət
elədiyi xanımdan uzaqdırsa, səsin-danışığın həmin xanıma elə bir təsiri ola bilməz.
141
Rauf sürətlə ötüb-keçmiş gənclik illəri üçün bir də köks ötürüb maşına oturdu və tibb
institutunun yeni binasının qabağına sürdü; Aida adında gözəl bir insanla altının yarısına oraya
görüş təyin eləmişdi.
Bir il idi ki, bu nəcib insan gündəlik ailə qayğıları və aspiranturada təhsillə yüklənmiş vaxtının
həftədə bir neçə saatına qənaət eləyib onunçun ayırırdı. İşini ehtiyatla tutmağı sevən Rauf onun
əri ilə rastlaşmamaq üçün heç vaxt onların evinin həndəvərinə yaxın düşməzdi; Aidanın dediyinə
görə, əri hər şeydən şübhələnən, boş yerə əsib-coşan qısqanc adam idi.
O, Aidaya aldığı hədiyyəni – gümüş qolbağı ilə fransız ətrini – maşının qabaq oturacağına
qoymuşdu, çünki onun fikrincə, görüşün əvvəlində təqdim edilən hədiyyənin axırda verilən
hədiyyədən təsiri qat-qat çox olur, atalar demişkən: daldan atılan daş topuğa dəyər, ya da –
toydan sonra nağara, xoş gəldin, bayram ağa; çox doğru buyurublar, Allah onlara rəhmət eləsin,
müdrik adamlarmış.
Axı doğrudan da, hansı bəxşeyişlə ötüb keçmiş şeylərə təsir göstərmək mümkündür?!
O, bir on dəqiqə gözlədi. Tələbələr axınla institutdan çıxmağa başladılar. Onlardan biri –
ucaboylu, qədd-qamətli, yaraşıqlı bir qız qaça-qaça küçəni keçdi və yan-yörəsinə göz gəzdirib
cəld özünü maşına saldı.
– Hara gedirik? – Oturmağı ilə Raufun üzündən öpməyi bir oldu. – Yenə mikrorayona?
– Yox, dostlarımdan biri məzuniyyətə gedib, evinin açarını verib mənə. Üçgöz otaqdır – şəhərin
düz mərkəzində.
Aida gülümsəyib:
– Üç otağı neylirik, bizə biri də bəsdir, – dedi. Gözü bağlamaya sataşdı. – Bu mənimçündür?
Çox sağ ol! – Bağlamanı açdı, qolbağını götürüb ölçdü. – Gözəldir. Çox sağ ol. İndi gərək
fikirləşib bir şey uyduram ki, hardandır bu mənimçün. Deyərəm institutda bağışlayıblar, özümü
yaxşı apardığıma görə. Bura bax, bu gün mən uzağı doqquzun yarısında evdə olmalıyam. Acığın
tutmur ki?
– Onda mən də elə ailəmin dalınca özümü çatdırram qayınatamgilə – Rauf gözucu ona baxdı.
Aida güzgünü özünə tərəf çevirib pomada və karandaşla onsuz da gözəl hüsnünə misilsiz bir
rövnəq verdi.
– Arvadın qısqancdır?
– Demək olar ki, yox. Sakitləşib daha. Əvvəllər günümüz-güzəranımız yox idi. Üç dəfə çıxıb
gedib evdən. Əslinə qalsa, özü fağır 289 adamdır, di gəl, valideynləri qızışdırırdılar. Ələlxüsus
qayınatam.
İndi o da nisbətən sakitləşib.
– Harda işləyir qayınatan?
– Akademiyada. Alimdir, təxminən akademik kimi bir şeydir.
Amma dəxli yoxdur. – Qayınatası barədə söhbət qanını qaraltdı Raufun. – Başqası olsaydı onun
yerinə, o imkanla dağı dağ üstə qoymuşdu. Amma bu, bircə elə onu bilir ki, camaatın başına ağıl