Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə34/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   30   31   32   33   34   35   36   37   ...   219

 112 

bir-bir ora tökülür, sonra hansı  mərdümazarsa dibinə  əhəng 

töküb qurutdu bu şah tutu... 

...meynələr, elə bil üzlərini sığal üçün yumşaq, soyuq, narın 

qumlara sürtən salxımlar, qoralar, bütün üzümlərdən kiçik olan 

kişmiş üzüm, üzümlərin  ən  şirini ağ  şanı, qara şanı, avqustun 

axırlarına bal kimi şipşirin şirinləşən sarıgilə, sübh obaşdandan 

şehli  əncirlər, yaşıl qabığının içində qarpız rəngli qızartdağ 

əncirlər, bağımızın sərhədindəki qamışlıq. Atam qarğılardan 

irili-xırdalı səbətlər hörürdü, bu ustalıq ona uşaqlığından, səbət 

toxuyub sataraq ailələrinə  əl tutduğu balacalıq dövründən 

qalmışdı, səbətlərin dibinə tənək yarpaqları düzür, içinə üzüm 

yığıb qonum–qonşuya, tanış-bilişə pay göndərirdik... gecələr 

cırcırama səsləri, il-ildən ürüyüb-artan ağcaqanadlar, yuxarı 

açıq eyvanda sırayla düzülmüş  ağ miçətkənlər, atam gecə  əl 

fənərini yandırıb hardansa deşik tapıb milçətkənin içinə 

soxulmuş hünüləri ovlayırdı... uzaq qonşuların qapılarından 

gələn – gözlərimizi deşən 200-lük, 300-lük elektrik lampaları, 

elektrik qatarının fit səsi, dənizin uğultusu, sanatori 

reproduktorundan eşidilən köhnə, nimdaş tanqolar, bazar 

günləri gündüz 2-dən 3-dək bütün ətrafı  xəfif duman kimi 

bürüyən muğamlar, muğamların elə bil dəm alan mayeləri, 

oynaq təsnifləri, rəngləri, yenidən aramlı, uzandıqca uzanan 

avazları, zil zəngulələri, qəfilcə qopub qəfilcə  də yatan dəli 

küləklər, atamın, anamın cavanlığı, nənələrimin sağ olduğu 

günlər, gecələrin nağılları, böyür söhbətləri,  Ənvərgilin 

bəstəboylu, zərif qamətli anaları - İmmi xala, o biri bağ 

qonşumuz – Əvəz Sadıqgilin ailəsi, onun oğlu və kürəkəni adaş 

Azərlərlə oynadığım futbol, voleybol, şahmat, nərd,  Əvəz 

əminin məzəli zarafatları, arvadı  Əfruz xalanın  şirin Ordubad 

ləhcəsi, onların "gül-adlı" qızları – Gülarə, Gülər, Gülnar, 

Gülyaz, qəflətən gecə  gələn hay-küylü qonaqlarımız, kömürlü 

manqallar, soyuq qalmaqçün quyuya salladılmış qarpızlar, 

qovunlar, günü isti mətbəxdə keçən anamın arada qısaca bir 

vaxt tapıb istirahət etdiyi nimdaş, prujinləri cırıldayan, dəmiri 



 113 

paslı çarpayı, atamın  əlində milçəkləri vurmaqçün bükdüyü 

qəzetlər... ulduzlu, aylı gecələr, kəndirdə quruyan dəniz 

geyimlərimiz, qumların gündüzlər yalın ayaqlarımızı yandıran 

hərarəti, çimərliyin duzlu gölməçələri, dənizin insanı məst edən 

genişliyi, gözəlliyi, ləngəri, çimməkdən sonrakı susuzluq və şor 

suyun çayı; ilk gənclik çağlarımda Buzovnadan Mərdəkana – 

Zemfiragilin bağlarına piyada getdiyim boş, adamsız sahil 

yolu... Fikirlər, xəyallar, ümidlər... ömrümüzün yay çağı... 

haylı-küylü günləri... Buzovna bağımız... 

81-ci ilin 27 mart günündə Buzovna bağımız bomboş, 

kimsəsiz, unudulmuş, atılmış yurd yeri kimi həzin və 

qüssəliydi. Ya da bəlkə mənə elə gəlirdi. 

Bəlkə də mən o gün bağa atamın gözləriylə baxırdım. Axı, 

sanki atam Buzovnayla vidalaşmağa gəlmişdi. Bəlkə özünün də 

ürəyinə dammışdı ki, illər boyu qurub tikdiyi, becərib 

bəslədiyi, hərdən küləyindən, qumundan-tozundan 

gileyləndiyi, amma sevdiyi, ömrün neçə acı-şirin xatirəsiylə 

bağlı bu bağı son dəfə görür. 

Meynələri gözdən keçirirdi, bağbanın işini bəyənirdi, 

diblərini yaxşı  işləyib-deyirdi. Sonra yenə susub uzun-uzun 

dalğın-dalğın bağa baxırdı. Nə düşünürdü bu anlar? 



Küləklər harda yatır, görəsən! 

Buludlar hardan yığır göz yaşını 

Hava ayaz olanda! 

Çaylar harda dincəlir, görəsən! 

İldırımlar niyə belə tez sönür! 

Ən uzaq ulduzlardan o yana 

nə var, kim var, görəsən! 

...Qulağı çəkilmiş kimi idi bağ. 

Qulağı çəkilmiş kimi idi Buzovna. Səssiz-səmirsiz... Elə bil 

narın külək bağı silib-süpürüb dincəlmişdi, qumları hasarlar 

dibinə yığıb daramışdı. 

İlıq mart mehi qumlara ehmalca sığal çəkir, meynə 

yarpaqlarını üsulluca tumarlayır, otları, çiçəkləri həzin-həzin 



 114 

oxşayırdı. Öz dilində – meh dilində onlara nə isə danışırdı. 

Dəniz dəniz dilində, yağış yağış dilində danışan kimi... 

Nə qayıq var, nə bulud, 

nə qağayı izdihamı var bu gün. 

Qum təpəciklərindən 

sahil də düyün-düyün. 

ip kimi uzanmışdır. 

dənizin qırağında... 

...Dənizin yaxasında 

köpüklü dalğalardan 

düymə-düymə xal qonub 

titrəyən üfüqlərə 

Elə bil ki, dənizin 

Bugünkü tənhalığı 

Onun gurultusundan 

qopub düşüb bu yerə. 

İndi, il yarım sonra, 82-nin payızında bu yazını yazmaq üçün üç 

gündür ki, bura, Buzovna bağına çəkilmişəm. Təktənhayam. 

Sentyabrın 19-da gəlmişəm, bu gün 22-də bu yazının birinci 

hissəsini gecə  səhərə  qədər işləməli olsam da, qurtarmaq 

istəyirəm. 

Sabah səhər Bakıya qayıtmalıyam. Bakıda yazını qurtarmaq 

imkanı olmayacaq. 

Məsələ onda deyil ki, ölçüb-biçib gündə bir-iki saat yazı-

pozuya ayıra bilmirəm – bu yazı elə yazı deyil ki, onunla 

işarası, vaxtarası, bir-iki saat məşğul olasan. Bu yazı  mənim 

bütün vaxtımı, bütün gecə-gündüzümü, bütün fikirlərimi, 

varlığımı istəyir məndən..  

Çöl dünyasından, hamıdan – görüşlərdən, sözlərdən, hər 

çeşid işgüzarlıqdan, hər cür adiliklərdən tamamilə ayrılmağı, 

büsbütün İçəri dünyana qapılmağı tələb edir. 

Özün olmağı tələb edir. 

Tək bir özün. Bir də onlar – xatirələri, səsləri, sifətləri. 

Addım səsləri 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə