Maili quyu elə quyuya deyilir ki, onun dibi, ağzının dib səviyyəsindəki üfqi müstəvi üzərinə
proyeksiyasına nisbətən istənilən istiqamətdə uzaqlaşmış olsun. Bu zaman quyu ağzının və dibinin
üfqi proyeksiyaları arasındakı ən yaxın məsafə maili quyunun inhirafı yaxud şaquldan uzaqlaşma
məsafəsi adlanır.
Müasir maili quyular quyu ağzından başlayaraq əvvəlcə şaquli qazılır və sonra müəyyən
dərinlikdən sonra layihədə nəzərdə tutulan istiqamətdə əyriləşdirilərək, çökük əyri üzrə neft və qaz
laylarının tələb olunan nöqtəsinə çatdırılır.
Təbiidir ki, belə quyuların şaquli hissələrinin uzunluğu nə qədər çox olarsa, o qədər
əlverişlidir, lakin bu uzunluq maili qazıma texnologiyasının tələbləri ilə uzlaşdırılmalıdır.
Maili quyuların qazılmasında əlverişli geoloji şəraitdən istifadə olunmasının xüsusi
əhəmiyyəti vardır. Layların yerləşməsi şəraiti maili quyunun əyriliyinə və istiqamətinə təsir etdiyi
üçün quyu layihələndirilərkən və onun profili müəyyən olunarkən bu şərait, eləcə də quyuların təbii
əyilmə qanunauyğunluqları nəzərə alınmalı və onlardan istifadə edilməlidir.
Qazılma prosesində geoloji səbəblərdən təbii əyilməyə məruz qalan quyular çox hallarda
nəzərdə tutulan neft və qaz layları ilə görüşmür və nəticədə layihənin məqsədi reallaşmır.
Hal-hazırda quyuların süni (məcburi) əyilməsinə aşağıdakı əsas üsulların tətbiqi ilə nail
olunur:
a) yataqlarda quyuların təbii əyilmə qanunauyğunluqlarını nəzərə almaqla profilin seçilib
layihələndirilməsi. Bu halda, müəyyən sahədə əvvəllər qazılan zaman təbii əyilmiş quyuların faktiki
materialları əsasında qurulmuş profillərə əsaslanaraq quyu layihələşdirilir. Həmin üsul yalnız yaxşı
tədqiq olunmuş yataqlarda tətbiq edilməlidir. Çünki orada quyunun əyriliyini idarə etməyə ehtiyac
olmadığı üçün quyuları təbii əyilməyə uyğunlaşdırırlar. Bu üsulun çatışmayan cəhəti qazıma
həcminin böyüməsi ilə əlaqədar quyuya qoyulan xərclərin artmasıdır. Bundan əlavə, hər bir yataq
üçün əvvəlcədən qazılmış quyulara əsasən əyrilik intensivliyi böyük olan yerlər müəyyən edilməli
və quyu profili layihələndirilən zaman onlar nəzərə alınmalıdır;
b) müxtəlif tip QKAH quruluşunu tətbiq etməklə quyu lüləsinin əyilməsinin idarə olunması.
Bu halda, müxtəlif QKAH tətbiq edib və qazıma rejimini dəyişib, məlum üsulların tətbiqi ilə quyu
lüləsinin hərəkət istiqamətini idarə etmək mümkündür.
Həmin üsulda xüsusi inhirafyaradanlardan istifadə etməklə, quyunu verilmiş istiqamətdə qazımaq
olar, hərçənd ki, bu zaman sürətli qazıma rejimi müəyyən qədər məhdudlaşdırılır.
c) quyuların istiqamətlənmiş inhirafına nail olunması süni inhirafyaradanların tətbiqinə
əsaslanır. Əyri keçirici, ekssentrik nippel, inhirafyaradan tərtibatlar və xüsusi qurğulardan
yataqların konkret texniki-texnoloji şəraitindən asılı olaraq istifadə olunur.
Hazırda neft, qaz və faydalı qazıntılar çıxarmaq üçün maili istiqamətlənmiş quyuların
qazılmasından geniş istifadə edilir (şəkil 8.1.). Neft və qaz quyularının maili istiqamətlənmiş
qazılması qazılma üsulundan asılı olmayaraq, yerin səthindən əvvəlcə şaquli, sonra isə tələb olunan
istiqamətdə əyriləşdirilərək qazılır. Sonralar maili qazıma texniki cəhətdən təkmilləşdirilərək
çoxdibli kut quyuların qazılması üçün baza oldu.
Birlüləli maili quyuların qazılması ilə maili quyuların potensial imkanları tükənmir. Quyu
lüləsinin məhsuldar qat içərisində üfqi qazılması əvvəlcə kut qazımanın, sonra isə çoxdibli
quyuların qazılması üçün geniş imkanlar yaratdı.
Kut qazıma dedikdə, məhdud ölçülərə malik meydança üzərindən ağızları bir-birinə yaxın
olan maili quyuların qazılması başa düşülür. Bu quyuların dibi isə yatağın işlənmə şəbəkəsinə
uyğun olaraq, məhsuldar layın verilmiş (əvvəlcədən müəyyən edilmiş) nöqtələrində yerləşir.
Şəkil 8.1 Maili quyuların qazılmasının tətbiqinə aid misallar
1-dənizdə qurulmuş əsaslardan qazma;2-dənizdə yerləşən yataqların sahildən qazılması;3-kəsilib düşmüş
zonalardan neft sahələri yerləşən istiqamətlərdə quyuların qazılması;4-yataqların yerləşdiyi sahələrin üzərində
qazma qurğusunun yerləşdirilməsi mümkün olmayan yerlərdə maili quyunun qazılması;5-monoklinal tipli neft
laylarına qazıma;6-açıq fontanların və yanğınların ləğv olunması üçün qazılan köməkçi quyular;7-qəza zamanı
kənara çıxmaq;8-duz kümbəzlərinin yuyulması qorxusu olan rayonlarda maili quyuların qazılması; N-neft; S-su; Q-
qaz;
D-duz
Kut qazımanın tətbiqinin zəruriliyini (vacibliyini)
aşağıdakı şəraitlər tələb edir: texniki cəhətdən möhtəşəm
tikililər və müdafiə əhəmiyyətli obyektlər altında yerləşən
yataqları açmaq lazım gəldikdə; texnoloji-yatağın işlənmə
şəbəkəsinin pozulmaması xatirinə təbii əyilmə ilə mübarizə
çətin olduqda; geoloji-su hövzələri altında kəskin relyefə malik
sahələrdə, çox laylı yataqlarda, qış mövsümündə böyük qar
örtüyü gözlənən hallarda kut qazımadan istifadə etmək
əlverişlidir.
İki lülənin ardıcıl, iki lülənin paralel və üçlüləli qazıma
kut qazımanın müxtəlif kateqoriyalarındandırlar.
Kut qazıma meydançasının hazırlanması üçün görülən
işlərin həcmi, bir quyu üçün fərdi özüldə görülən işlərin həc-
mindən bir qədər çoxdur. Lakin kut qazımada görülən işlərin
həcminin həmin meydançadan qazılacaq quyuların sayına olan
nisbəti çox kiçik olub, iqtisadi cəhətdən əlverişlidir.
Vətənimzdə və xarici ölkələrdə kut qazıma təcrübəsi
göstərir ki, bu üsulla qazıma tikinti və montaj (quraşdırma)
işlərinin xeyli azaldılmasına, yol tikintisi və su təchizatı ilə
əlaqədar xərclərin, elektrik xətlərinin və rabitənin yaradılması
xərclərinin xeyli azaldılmasına imkan verir, istismar edilən
quyulara xidməti sadələşdirir, daşınmalı yüklərin həcmini
ixtisar etmək mümkün olur.
Ümumiyyətlə, kut üsulu ilə qazıma mədən tikintisinə
sərf ediləcək xərcləri ixtisar etməyə, istismar prosesinin və
xidmətlərin avtomatlaşdırılmasına, neft və qaz yataqlarının
mənimsənilməsi və istismarı zamanı ətraf mühitin mühafizə
edilməsinə yaxşı imkan yaradır.
Kut qazımada bir meydança üzərindən qazılacaq
quyuların minimal sayı 2 ola bilər. Neft mədənlərində kut
qazımada adətən 16
24 quyunun qazılması qruplaşdırılır,
bəzən bu rəqəm 30-dan çox da olur (şəkil 8.2). Xarici ölkələrin
təcrübəsi göstərir ki, kut qazıma üsulu ilə bir meydança
üzərindən 60-dan çox quyu qazımaq mümkündür. Məsələn,
Dostları ilə paylaş: |