56
da caqdı. Çox gec yuxuya getdi, həmin yuxu yenə “köhnə dost”
kimi onun görüşünə gəldi. Yenə nərdivanı göy üzünə dayayıb,
ağacdan armud yığırmış kimi, ən işıqlı ulduzları torbaya toplayır,
sonra da sonu görünməyən su yolu ilə, suyun üzərində hərəkət
edə-edə evlərinə doğru gedir. Bu dəfə yol Mirzə Hüseynin əlindəki
kağız bükülüsü kimi uzandıqca uzanır, amma sonu görünmür ki,
görünmür. Yorğunluğu onu əldən salsa da, o, inadla ağır torbanı
– bütün ulduzları mənzil başına daşımağa çalışırdı. Hərəkət etdiyi
yeganə yolun üzərində uzaqdan yanan şamı görüncə Kürü və
evlərini tanıdı. Həsən işığa və şama doğru irəliləyir, bu an yenə
də yığdığı ulduzlar su üzərinə dağılaraq izaholunmaz bir gözəllik
yaradır: Yuxusunda Zərdab Tiflisə, onların evi isə Tiflisdəki
evlərin ən gözəlinə bənzəyirdi. Təkcə kəndlərindəki doğma
küçə olduğu kimi qalmışdı. Kəndləri işığa qərq olaraq elə geniş
və böyük görünürdü ki… Getdiyi yolsa gah uzanır, gah qısalır,
bitmək bilmirdi. Həsən yorğunluğuna fikir vermədən suyun üzü ilə
irəliləyir, irəliləyir, işığa doğru gedir, ona çatmağa çalışırdı.
Səhər tezdən oyanan Həsən yarıyuxulu gülümsədi: “Qəribə-
dir, yuxularım ən əziz dostum kimi ardımca hətta Tiflisə gəlib
çıxıb”. Tələsik qapıdan çıxmaq istərkən həyətdə gəzişən Fərəc
bəylə rastlaşdı, dünənki məclisə onu da apardığı üçün ürək dolusu
təşəkkürünü bildirdi. Fərəc bəy Həsənə cibxərcliyi verməyə
çalışsa da, Həsən minnətdarlığını bildirib puldan imtina etdi. O,
Fərəc bəyin evindən ayrılaraq yola çıxdı. Yol boyu Həsən qəl bində
bir şeyə təəssüf edirdi: biz niyə Fərəc bəyi uşaq vaxtından görüb
tanımamışıq. Nənəm ondan söz düşəndə niyə həmişə xəlvətə keçib
ağlayırdı? Kaş onu indi görəydi… Təəssüf ki, Zərdabda onu olduğu
kimi heç kim tanımayıb.
* * *
Tiflisdə təhsil illərinin barmaqla sayılacaq günləri qalmışdı.
Bütün tələbələr kimi Həsən də bu günlərdə həyəcanlı idi. O, Tiflis
gimnaziyasını gümüş medalla bitirirdi, az sonra onun Moskva
57
həyatı başlayacaqdı. İndi Kürün qırağında qoyub gəldiyi uşaqlıq
illəri ona yuxu kimi gəlirdi, o günlər yadına düşdükcə daha çox
darıxırdı. Hərdən gözünün önünə sahildə qum topalarından
düzəltdiyi evlər, qalalar gəlir, əli çatmasa da, xəyalən o yerləri
yenidən ziyarət edirdi. Həsən böyüdükcə ailəsi üçün daha çox
darıxırdı. Əmisi Hidayət bəyin onunla həmyaşıd uşaqları, xüsusilə,
söz-sirr yoldaşı Xanlar üçün lap çox darıxırdı. Həmişə çay qırağında
balıqqulaqlarının içindən gələn səsə heyrətlə qulaq asmaları,
çilingağac oynamaqları, ağacların ən uca budağında tez yetişən
meyvələrin nübarını dərməkləri yadına düşdükcə burnunun ucu
göynəyirdi. Mədrəsədə mollaya verdiyi suallara mollanın təəccübü
və uşaqların gizlicə pıqqıldaşıb gülməkləri bir-bir yadına düşürdü.
Atalı, babalı, nənəli günləri, anasının onu əzizləməsi, “Həsənim,
ay Həsənim, hərcə şeydən küsənim”, – deməsi, onlara hər gecə
kitab oxuması, ailələrində qurulan şeir, aşıq məclisləri indicə baş
vermiş kimi gözləri qarşısında can lanırdı. Şamaxı məktəbində
oxuduğu vaxtlarda müəllimlərinin Səlim bəyə onu tərifləmələri, o
məktəbdəki hər şey bircə-bircə yaddaşından boylanırdı.
Həsən fikrini toplamağa, evlərindən ayrıldığı ilk gündən bu
yana əldə etdiklərini, itirdiklərini təhlil etməyə çalışdı. “Atam
sağ olsaydı, çox sevinərdi”, – düşündü, ancaq fikrini axıra qədər
cəmləyə bilmədi.
Gimnaziyanı medalla bitirdiyi üçün onu birbaşa Moskva
Dövlət Universitetinə göndərmək məsələsi həm gimnaziyada,
həm də təhsil idarəsində müzakirə olunmuş və təsdiqini tapmışdı.
Onu fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə qəbul etmiş-
di lər. Tiflisdən Moskvaya göndərilən məzunların içində Həsən
yeganə müsəlman idi. Bu hal Həsəndən ciddi məsuliyyət tələb
etməklə yanaşı, həm də gələcək çətinlikləri dəf etmək üçün əlavə
güc verirdi. Tiflisdə yaşayan azərbaycanlılardan Fərəc bəy, Mirzə
Fətəli və başqa yaxınlar Həsənin uğurlarını bilir, parlaq gələcəyinə
ümid bəsləyirdilər.
Fərəc bəy bir gecə ikilikdə qalarkən Həsənə indiyə qədər
yaşadığı həyatın ən ülvi məqamlarını, həyatda əldə etdiklərini,
58
itirdiklərini, doğmalarının ona fərqli münasibətinin səbəblərini
səmimi danışmışdı.
– Həsən, sən mənim ailəmdən, qanımdan, canımdan biri ol-
maqla, həm də ən gənc və etibarlı dostumsan, – söyləmişdi.
Fərəc bəy Həsənlə söhbət edərkən ona həmişə Rəhim bəyin
gənc, rusca təhsil almış, qürurlu, təmkinli, müdrik gənclik nümu-
nəsi kimi yanaşırdı. Fərəc bəyin onunla son söhbəti isə daha çox
Həsənin – böyük ümidlər bəslənən bu istedadlı gəncin gələcəyi
ilə bağlı olmuşdu. Bu məsləhətlərdən biri də Həsənin gələcək ailə
məsələsi ilə bağlı idi. O, duruxa-duruxa önəmli bildiyi bu məsələ
haqqında Həsənə demişdi:
– Bax, oğlum, sənə nəsihət və məsləhət vermək fikrindən
çox-çox uzaq olsam da, bir şeyi unutmamağını tövsiyə edirəm.
Sənin oxuyub elimiz üçün gərəkli bir mütəxəssis olacağına əmi-
nəm, hər şey biz arzuladığımızdan da yüksək səviyyədə olacaq.
Amma gənclik illərində buraxılmış bir səhv, sonra ömrümüz
boyu bizi izləyir, həyatımız istəmədiyimiz axarda davam edir.
Söh bət gələcək ömür-gün yoldaşı seçimindən gedir. Mən həya-
tım da bir səhv buraxmışam, istəmirəm, sən də belə gənclik səh-
vini təkrarlayasan. İstəyirəm, gələcək seçimində öz dəyərlərinə,
ruhuna uyğun bir xanımla, öz məmləkətimizdən olan birisi ilə ailə
qurasan. Bunu unutma! Ailəni kişi qurur, lakin qadın yaşadır və
qoruyur. Övladları cəmiyyət üçün ilk növbədə analar hazırlayır.
Sevgi gözəl hissdir, lakin gələcəkdə ailə qurduqdan sonra bu
sevgi gözlədiyin nəticəni verməyəcəksə, onun ardınca getməyinə
dəyməz. Əgər həyat yoldaşını səninlə birgə dəyərlər, eyni amal,
əqidə, məslək silahdaşlığı birləşdirməyəcəksə, bugünkü sevgi
gələcək ailədəki, cəmiyyətdəki, ictimai həyatdakı uğurların təmə-
lində dayanmayacaqsa, həyatın müxtəlif sınaqlarından uğurla
çıxmağa, uğur qazanmağa əsas yaratmayacaqsa, onda o ailə, o
evlilik peşmanlığa səbəb olacaq.
İndi sən yaraşıqlı, zəkalı, varlı bir gəncsən. Səni ələ almaq
üçün çoxları çalışacaq. Səhv buraxmamaq üçün sənə yanaşanlara,
səni ələ almaq istəyənlərlə ehtiyatla, ağılla davranmalısan. Mə nim
məsləhətimi, sözlərimi unutma! Mən həyatımda həmişə şöhrətin
Dostları ilə paylaş: |