Суал 1: Тәглид нәдир



Yüklə 1,68 Mb.
səhifə3/4
tarix26.09.2017
ölçüsü1,68 Mb.
#2192
1   2   3   4

Cavab: Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.

Sual 109: Orucu nələr batil edir?

Cavab: Doqquz şey orucu batil edir: 1. Yemək və içmək; 2. Cima (cinsi yaxınlıq); 3. İstimna (özündən məni xaric etmə); 4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 6. Başı bütövlüklə suya batırmaq; 7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 8. Axıcı şeylərlə imalə etmək; 9. Qusmaq.

Sual 110: Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?

Cavab: Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.

Sual 111: Oruc tutmuş şəxs yuxuda möhtəlim olarsa (ondan məni xaric olarsa), orucu batil olarmı?

Cavab: İnsanın özündən asılı olmadan məni xaric olarsa, onun orucu batil deyil.

Sual 112: Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?

Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.

Sual 113: Əgər bir şəxs bilmədən suya yıxılaraq başı tam suya batarsa, onun orucu batildirmi?

Cavab: Özündən ixtiyarsız suya yıxılan və başı bütünlüklə suya batan insanın orucu batil deyil.

Sual 114: Boynunda cənabət qüslü olan kəs ramazan ayında oruc tuta bilərmi?

Cavab: Ramazan ayında cünub olduğu halda oruc tutmaq istəyən kəs bilərəkdən qüsl verməyib vaxtın darlığını gözləsə və təyəmmüm edib oruc tutsa, onun orucu qəbuldur amma günah işlətmişdir.

Ramazan ayında gecə cünub olan kəs bilsə ki, yatsa sübhədək oyanıb qüsl verə bilməyəcək, yatıb yuxuya qalsa orucu batildir. O adam həm qəza orucu tutmalı, həm də kəffarə verməlidir.

Oruc tutan şəxs gündüz möhtəlim olsa, dərhal qüsl verməyi vacib deyil.

Sual 115: Oruc halda imalə etmək olarmı?

Cavab: Oruc vaxtı imalə etmək orucu batil edir. Amma müalicə üçün şamlardan istifadə etməyin eybi yoxdur. Amma qidalandırıcı şamlardan istifadə etmək olmaz.

Sual 116: Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?

Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.

Sual 117: Orucun neçə qisim kəffarəsi olur?

Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.

Sual 118: Ramazan ayında hansı hallarda təkcə qəza orucu vacib olur?

Cavab: On halda yalnız qəza orucu vacib olur:

1. Oruc tutmuş şəxs bilərəkdən qussa;

2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa;

3. Oruc tutmağı niyyət etməsə;

4. Cənabət qüslü verməyi yaddan çıxarsa;

5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra mə’lum olsa ki, azan olubmuş;

6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu mə’lum olsa;

7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu mə’lum olsa;

8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb;

9. Saf havada qaranlığa görə məğrib olduğunu tə’yin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur).

10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).

Sual 119: Əgər bir şəxs xəstəlik səbəbindən Ramazan ayında oruc tuta bilməsə və növbəti ilin Ramazan ayınadək sağalmasa, qəza orucu tutmalıdırmı?

Cavab: Növbəti ramazan ayınadək xəstəlik sağalmasa, tutmadığı orucların qəzasını tutmaq vacib deyil, amma hər gün üçün fəqirə on sir (bir sir yetmiş beş qramdır) təam verməlidir.

Sual 120: Qəza oruclarını bir neçə il tə’xirə salan şəxs nə etməlidir?

Cavab: Orucların qəzası tutulmalı və hər gün üçün fəqirə on sir təam verilməlidir.

Sual 121: Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?

Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.

Sual 122: Səfərə çıxan şəxs oruc tuta bilərmi?

Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yə’ni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.

Sual 123: Oruc tutmaq kimlərə vacib deyil?

Cavab: Dörd halda oruc tutmaq vacib olmur:

1. Qocalıq və məşəqqət səbəbindən;

2. Susuzluqdan əziyyət çəkən xəstələr;

3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;

4. Uşaq əmdirən və südü az olan qadınlar;

Sual 124: Ayın əvvəli (fitr bayramı) hansı yolla tə’yin olunur?

Cavab: Ayın əvvəli beş yolla tə’yin olunur: 1. İnsan özü ayı görsə; 2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 3. İki adil kişi ayı gördüklərini desələr; 4. Aydan otuz gün keçmiş olsa; 5. Şər’i hakim ayın başlaması barədə hökm versə.

Sual 125: Şər’i hakimin hökmü yalnız onun müqəllidlərinəmi aiddir?

Cavab: Əgər şər’i hakim hökm etsə ki, ayın əvvəlidir, ona təqlid etməyənlər də uyğun hökmə əməl etməlidir.

Sual 126: Oruc tutmaq nə vaxtlar vacibdir?

Cavab: Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.

Sual 127: Hansı günlər oruc tutmaq haramdır?

Cavab: Fitr və qurban bayramları günləri və Şəbanın sonuncu günü ilə Ramazanın birinci gününün başlaması mə’lum olmadıqda.

Sual 128: Hansı günlər oruc tutmaq məkruhdur (bəyənilmir)?

Cavab: Aşura günü, ərəfə və qurban olduğu bilinməyən gün oruc tutmaq məkruhdur.

Sual 129: Hansı günlər oruc tutmaq müstəhəbdir (bəyənilmişdir)?

Cavab: Aşağıda qeyd olunan günlərdə oruc tutmaq daha çox tapşırılmışdır:

1. Hər qəməri ayın birinci, sonuncu cümə axşamı günləri və ayın onuncu günündən sonra gələn ilk çərşənbə günü;

2. Hər ayın on üçü, on dördü və on beşi;

3. Rəcəb və Şəban aylarının bütün günləri;

4. Novruz bayramı günü;

5. Zilqə’də ayının iyirmi beşinci və iyirmi doqquzuncu günü;

6. Zilhiccənin birinci və doqquzuncu günləri

7. Qədir günü (zilhiccənin on səkkizinci günü);

8. Məhərrəmin birinci və üçüncü günü;

9. Həzrət peyğəmbərin (s) mövludu günü (rəbiül-əvvəlin on yeddinci günü);



10. Məb’əs günü (rəcəbin iyirmi yeddinci günü)

Sual 130: Ardıcıl şəkildə yoxsullara yardım əli uzadan şəxs də xüms verməlidirmi?

Cavab: Xümsü verilməmiş malı istifadə etmək olmaz.

Sual 131: Hansı şeylərə xüms verilməlidir?

Cavab: Yeddi şeyin xümsünü vermək vacibdir: illik mənfəət; mə’dən; xəzinə; harama qarışmış halal mal; suya batmaqla əldə edilmiş cavahir; döyüş qəniməti; zimmi kafirin müsəlmandan aldığı torpaq.

Sual 132: İllik mənfəət nə deməkdir?

Cavab: İllik mənfəət dedikdə insanın özünün və ailəsinin illik xərclərini ödədikdən sonra artıq qalan mənfəət nəzərdə tutulur. Bu mənfəətin xümsü, yə’ni beşdə biri verilməlidir.

Sual 133: Nələrə xüms düşmür?

Cavab: Hədiyyəyə, qadının aldığı mehriyyəyə, xüms verən kəsdən qalmış irsə, kafirdən və ya xümsə əqidəsi olmayan adamdan ələ gələn mala, satış üçün alınmış malın il ərzindəki qiymət artımına, il boyu alınmış ehtiyac duyulan şeylərə, fəqirin xüms, zəkat, sədəqə kimi aldığı məbləğə.

Sual 134: Həddi-buluğ olduğu gündən xüms verməmiş müsəlmanın vəzifəsi nədir?

Cavab: İllik gəlirdən alınmış, ehtiyac duyulmayan və alındığı gündən bir il ötən şeylərin xümsü verilməlidir. İnsan bilsə ki, ev-eşik və sair ehtiyac duyulan şeyləri şə’ninə uyğun olaraq, qazancı olan ildə almışdır, həmin şeylərin xümsünü vermək lazım deyil. Amma il arası və ya il tamam olduqdan sonra alındığı bilinməyən şeylərin xümsü vacib ehtiyata əsasən verilməlidir.

Sual 135: Harama qarışmış halal mal nə deməkdir?

Cavab: İnsan öz malının hansı hissəsinin halal, hansı hissəsinin haram olduğunu müəyyənləşdirə bilmirsə, o, harama qarışmış halal mal sayılır.

Sual 136: İnsan öz malının müəyyən hissəsinin haram olduğunu bilirsə, nə etməlidir?

Cavab: Əgər həmin malın əsil sahibini tanımırsa, onun tərəfindən sədəqə kimi paylamalıdır. Bu iş vacib ehtiyata əsasən, şər’i hakimdən icazə almaq lazımdır. Əgər haram malın əsil sahibi tanınırsa, malı sahibinə qaytarmaq lazımdır.

Sual 137: Xüms kimə verilməlidir?

Cavab: Xüms iki hissəyə bölünür: İmamın malı və seyidlərin malı. Amma hər iki istiqamətdə xümsü sərf etmək üçün cəmeüş-şərait müctəhidin icazəsinə ehtiyac var.

Sual 138: İllik mənfəətdən il arasında minik avtomobili alınarsa, onun xümsünü vermək lazımdırmı?

Cavab: Əgər avtomobil qazanc məqsədi ilə alınmamışdırsa, xümsünü vermək vacib deyil.

Sual 139: Xüms günü (ili) günəş, yoxsa ay təqvimi ilə müəyyən edilməlidir?

Cavab: Xüms gününü günəş təqviminə əsasən tə’yin edin.

Sual 140: Hansı şeylər üçün zəkat ödənməlidir?

Cavab: Doqquz şeyin zəkatı vacibdir: Buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, dəvə, inək, qoyun.

Sual 141: Əgər bir şəxsin bir inəyi və ya iki qoyunu varsa, zəkat ödəməlidirmi?

Cavab: Zəkatın vacib olması üçün sadalanan şeylər nisab həddində olmalıdır. Yə’ni zəkatı vacib olan doqquz şeyin hər biri nisab həddinə çatdıqda, onun zəkatını vermək vacib olur. Bə’zi nisab hədləri ilə tanış olaq: beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil.

Sual 142: Zəkat kimə verilməlidir?

Cavab: Zəkat fəqirə, miskinə, imam və imamın naibi tərəfindən zəkat toplamaq əmr olunmuş kəsə, zəkat vasitəsi ilə İslama meyl edəcək kafirə, qulların azad olunmasına, borcunu ödəyə bilməyənin borcunun ödənməsinə, Allah yolunda müəyyən işlərə, yolda qalmış müsafirə xərclənə bilər. Zəkatı müctəhidin icazəsi olmadan da sərf etmək olar.

Sual 143: Bir şəxs neçə dəfə Həcc ziyarətində olmalıdır?

Cavab: Şərtlər ödəndikdə hər bir müsəlmana ömrü boyu cəmi bir dəfə həcc ziyarətində olmaq vacibdir.

Sual 144: Həcc ziyarəti kimlərə vacibdir?

Cavab: Həcc ziyarətinin vacib olması üçün aşağıdakı şərtlər ödənməlidir:

1. Yol azuqəsi və səfərdə ehtiyac duyulan şeylər, eləcə də nəqliyyat mövcud olmalıdır;

2. İnsan sağlam olmalı və həcc ziyarətini yerinə yetirməyə qüdrəti çatmalıdır.

3. Yolda maneə olmamalıdır;

4. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır;

5. Həccə gedən şəxs ehtiyacını ödəməli olduğu kəslərin xərclərini ödəyə bilməlidir;

6. Həcc ziyarətindən qayıtdıqdan sonra dolanışıq xərclərinin əldə olunmasında çətinlik çəkməməlidir.

Sual 145: Hansı şeylərin alqı-satqısı batildir?

Cavab: Alqı-satqısı batil olan şeylər beş qisimdir:

1. Spirtli içkilər kimi murdar şeylər;

2. Qəsb olunmuş şeylər;

3. Mal sayılmayan həşərat kimi şeylər;

4. Qazancı haram olan qumar və musiqi aləti kimi şeylər;

5. Sələm qatqılı müamilələr;



Sual 146: Az yaşlı uşaq alış-veriş edə bilərmi?

Cavab: Alıcı və satıcı üçün müəyyən şərtlər tə’yin olunmuşdur. Alıcı və satıcı həddi-büluğ olmalı, ağıllı olmalı, ciddi alış-veriş məqsədində olmalı, kimsə tərəfindən məcbur edilməməli, satdığı şeyin və ya ödədiyi məbləğin sahibi olmalıdır. Körpə uşaq yalnız uşaq üçün adi sayılan bə’zi şeyləri sata bilər. Ciddi alış-verişdə isə uşaq alıcı ilə satıcı arasında vasitə rolunu oynaya bilər.

Sual 147: Hansı hallarda müamiləni pozmaq, malı və ya pulu geri qaytarmaq olar?

Cavab: On bir halda müamiləni pozmaq olar:

1. Alış-veriş səhnəsini tərk etməmiş;

2. Aldadılmış olduqda;

3. Alqı-satqı zamanı müamilənin pozulması barədə şərt kəsildikdə;

4. Satıcı malını, alıcı pulunu olduğundan üstün göstərdikdə;

5. Alıcı və ya satıcı qeyd olunmuş şərti pozduqda;

6. Malda və ya pulda eyib olduqda;

7. Satılmış malın bir hissəsinin satıcıya aid olmadığı bilindikdə;

8. Satıcı malın görünməyən bir xüsusiyyətini dedikdə və sonradan bu xüsusiyyətin olmadığı aşkarlandıqda;

9. Müştəri aldığı malın pulunu üç gün ərzində ödəmədikdə və satıcı da həmin malı təhvil vermədikdə;

10. Heyvan alan şəxs üç gün müddətində onu qaytarmaq istədikdə;

11. Satıcı satılmış malı təhvil verə bilmədikdə.



Sual 148: Hansı hallarda malı geri qaytarmaq olmaz?

Cavab: Əgər alqı-satqı zamanı malın eybi mə’lum olarsa və alıcı bununla razılaşarsa, sonradan malı geri qaytara bilməz.

Sual 149: Nələrə baxmaq haramdır?

Cavab: Haram baxış yeddi qisimdir.

1. İstər ləzzət məqsədi ilə, istərsə də belə bir məqsədsiz, kişinin naməhrəm qadının bədəninə baxması;

2. Ləzzət məqsədi ilə kişinin naməhrəm qadının üzünə və əllərinə baxması;

3. Üz və əllər istisna olmaqla qadının naməhrəm kişinin bədəninə baxması;

4. Ləzzət məqsədi ilə həddi-büluğ olmamış qızın üzünə, bədəninə və saçına baxmaq;

5. Ləzzət məqsədi ilə kişinin kişi bədəninə baxması;

7. Ləzzət məqsədi ilə qadının qadın bədəninə baxması.

Sual 150: Halal-haramlığı mə’lum olmayan bank, müəssisə və bu kimi başqa yerlərdə namaz qılmaq olarmı?

Cavab: Əgər həmin məkanın qəsbi olması mə’lum deyilsə, namaz qılmaq olar.

Sual 151: Tapılmış malla necə rəftar etmək lazımdır?

Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır.

Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.



Sual 152: Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?

Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.

Sual 153: Tapılmış malı sahibi bilinənədək saxlamaq olmazmı?

Cavab: Mal tapıldıqda ilk həftədə gündə bir dəfə, sonra bir ildə həftədə bir dəfə cəmiyyət arasında bu barədə e’lan etmək lazımdır. Əgər bir il ərzində malın sahibi tapılmasa, vacib ehtiyata əsasən mal həmin şəxs tərəfindən sədəqə verilməlidir və ya sahibi üçün saxlanılmalıdır.

Sual 154: Heyvan hansı qaydada kəsilməlidir?

Cavab: Heyvanın kəsilməsinin beş şərti var:

1. Heyvanı kəsən şəxs müsəlman olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;

2. Heyvanın başı dəmir alətlə kəsilməlidir;

3. Başı kəsilən heyvanın bədəni üzü qibləyə olmalıdır;

4. Heyvanın kəsilməsi məqsədi ilə «Bismillah» deyilməlidir;

5. Heyvan kəsildikdən sonra hərəkət etməlidir ki, diri olduğu bilinsin.



Sual 155: Hansı heyvanları ovlamaq olar?

Cavab: Ovlanan heyvan ceyran və ya dağ keçisi kimi vəhşi olmalıdır, qaçmağa və ya uçmağa qadir olmalıdır, əti halal olmalıdır.

Sual 156: Ovlanmış heyvanın əti nə zaman pak və halal sayılır?

Cavab: Ovlanmış heyvanın ətinin pak və halal olmasının beş şərti var:

1. Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi parçalayıcı olmalıdır;

2. Ovçu həddi-büluğ və yaxşını pisdən ayıra bilən yaşda müsəlman olmalıdır;

3. Ov silahı və ov üçün istifadə olunmalıdır;

4. Silah işə salınmazdan qabaq Allahın adı çəkilməlidir;

5. Ovçu heyvana çatdığı zaman heyvan ölmüş olsa və ya heyvanı kəsməyə vaxt olduğu halda o kəsilmədən ölsə, haramdır.



Sual 157: Hansı ətlər haramdır?

Cavab: Yeddi halda ət haram sayılır;

1. Qızılquş kimi caynaqlı quşlar;

2 Diri heyvandan qoparılmış ət parçası;

3. İnsanın “vəty” etdiyi (cinsi yaxınlıq) heyvan;

4. Pulsuz balıqlar;

5. Donuz, dovşan, fil kimi əti haram heyvanlar;

6. Qanadı çıxmadığından uça bilməyən çəyirtkə;

7. Diri heyvanın qarnından çıxmış ölü bala.



Sual 158: Əti halal olan heyvanlarda nələri yemək haramdır?

Cavab: Əti halal olan heyvanlarda on beş şeyin yeyilməsi haramdır: 1. Qan; 2. Peyin; 3. Tənasül üzvü, (erkək heyvanda); 4. Sidik məxrəci (dişi heyvanda); 5. Vacib ehtiyata əsasən balalıq; 6. Vəzilər (təbii olaraq heyvanlarda 10 ədəd vəzi mövcuddur: 2 ədəd boğaz nahiyəsində, 2 ədəd kürək sümüklərinin altında, hər iki tərəfdə üç dənə olmaqla 6 ədəd də bud və paçalarda. Lakin qeyri-təbii olaraq ona bədənin müxtəlif nahiyələrində də rast gəlinir); 7. Xayalar; 8. Kəllə beyində yerləşən noxudcuq; 9. Onurğa sütunu arasında yerləşən ilik; 10. Onurğa sütununun iki tərəfində yerləşən “şah damar” (xəmirçək) ; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Gözün hədəqəsi; 15. Dırnaqarası piy.

Sual 159: At əti halaldırmı?

Cavab: At, eşşək və qatır əti məkruhdur.

Sual 160: Yemək zamanı nələr müstəhəbdir?

Cavab: Yeməkdən qabaq hər iki əli yumaq, yeməkdən sonra əlləri yumaq və qurulamaq, ev sahibinin hamıdan qabaq yeməyə başlayıb hamıdan sonra qurtarması, yeməkdən qabaq «Bismillah» demək, sağ əllə yemək, üç və ya çox barmaqla yemək, çox adamın oturduğu süfrədə öz qarşısından yemək, tikələri kiçik götürmək, süfrədə çox oturub yeməyə tələsməmək, yeməyi yaxşı çeynəmək, yeməkdən sonra aləmlərin Rəbbinə həmd etmək, barmaqları yalamaq, yeməkdən sonra dişləri təmizləmək, süfrədən kənara səpələnən qidanı yığıb yemək, günün başlanğıcında və gecənin başlanğıcında yemək, yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üstünə aşırmaq, yeməyi duzla başlayıb duzla qurtarmaq, meyvə yeməkdən qabaq onu yumaq.

Sual 161: Yemək yeyərkən nələr məkruhdur?

Cavab: Tox halda yemək, çox yemək, yemək zamanı başqalarının üzünə baxmaq, qaynar yemək, yeməyi və içkini üfürmək, süfrəyə çörək qoyulduqdan sonra başqa şeyləri gözləmək, çörəyi bıçaqla kəsmək, çörəyi yemək qabının altına qoymaq, əti sümükdən tam təmizləmək, meyvəni soymaq, meyvəni tam yeməmiş atmaq.

Sual 162: Su içərkən nələr məkruhdur?

Cavab: Suyu çox içmək, yağlı xörəkdən sonra su içmək, gecə ayaq üstə su içmək, sol əllə su içmək, qabın sınıq yerindən və tutacağı tərəfdən içmək.

Sual 163: Su içərkən nələr müstəhəbdir?

Cavab: Suyu soraraq içmək, gündüz suyu ayaq üstə içmək, su içməzdən qabaq «Bismillah» sonra isə «Əlhəmdulillah» demək, suyu üç nəfəsə içmək, susayıb içmək, suyu içdikdən sonra İmam Hüseyn (ə) və onun əhli-beytini yad etmək və onların qatillərinə lə’nət oxumaq.

Sual 164: Nəzir nədir?

Cavab: İnsan özünə vacib edir ki, Allah xatirinə bir xeyir iş görsün və ya Allah xatirinə bəyənilməmiş bir işi tərk etsin.

Sual 165: Hansı nəzirlər düzgün deyil?

Cavab: Beş halda edilən nəzir batildir:

1. Məcburi şəkildə nəzir etmək;

2. Əsəbi şəkildə ixtiyarsız olaraq nəzir etmək;

3. Ərdən icazəsiz qadının nəzir etməsi;

4. Mümkünsüz işləri nəzir etmək;

5. Haram və məkruh işin görülməsinin, vacib və müstəhəb işin tərk edilməsinin nəzir olunması.



Sual 166: And neçə növdür?

Cavab: And iki növdür?

1. Yaxşı bir işə görə içilən and. Məsələn, oruc tutmaq.

2. Pis bir işi tərk etmək üçün içilən and. Məsələn, siqareti tərk etmək.

Sual 167: Hansı andları pozduqda kəffarə vermək vacibdir?

Cavab: Bilərəkdən ixtiyari şəkildə andı pozmağın kəffarəsi var. Andını pozan şəxs ya bir bəndə azad etməli, ya on fəqiri doydurmalı, ya da üç gün oruc tutmalıdır.

Sual 168: Həqiqi andın neçə şərti var?

Cavab: And içən şəxs həddi-büluğ, ağıllı olmalı, şər’i hakim ona öz malını sərf etməyi qadağan etməməlidir. And məqsədi və azad şəkildə içilməlidir.

Hansı işin görüləcəyinə and içilirsə, həmin iş haram və ya məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etmək üçün and içmək olmaz.

Allahın müqəddəs zatından qeyrisinə and içmək olmaz. Məsələn: «And olsun Allaha!».

Andı yazmaq və ya qəlbdən keçirmək olmaz. And dilə gətirilməlidir. Amma lal adam işarə ilə and içə bilər. Anda əməl etmək mümkün olmalıdır.



Sual 169: And içmək nə dərəcədə düzgündür?

Cavab: Doğrudan and içmək məkruh, yalandan and içmək isə haram və böyük günahdır. Amma insan özünü və ya bir müsəlmanı zalımın şərindən qurtarmaq üçün and içərsə, eybi yoxdur. Bə’zən belə hallarda and içmək vacib olur.

Sual 170: Vəqf nə deməkdir?

Cavab: Vəqf müsəlmanın sahib olduğu bir şeyi öz mülkündən çıxararaq, birdəfəlik ümumi istifadəyə verməsidir. Vəqf edərkən vəqf siğəsi oxumaq vacib deyil. Vəqf edən şəxsin «bu şeyi vəqf etdim» deməsi kifayətdir. Vəqfin öz tə’yinatı var. Məsələn, hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə istifadə etmək olmaz.

Sual 171: Vəsiyyət nədir?

Cavab: Vəsiyyətdə insan sifariş edir ki, onun ölümündən sonra onun üçün hansısa işlər görülsün. Məsələn, insan vəsiyyət edə bilər ki, onun ölümündən sonra malik olduğu kitablar kitabxanaya verilsin. İnsan öz malının yalnız üçdə birini vəsiyyət edə bilər.

Sual 172: Ağlını itirmiş adam vəsiyyət edə bilərmi?

Cavab: Vəsiyyət edən şəxs ağıllı, həddi-büluğ, azad, malını sərf etməkdə ixtiyar sahibi olmalıdır.

Sual 173: İrs varislər arasında necə bölünür?

Cavab: Əgər varis bir nəfərdirsə (məsələn, oğul və ya qız) meyitin bütün malı ona çatır. Əgər varis bir neçə oğul, yaxud bir neçə qızdırsa, meyitin malı onların arasında bərabər bölünməlidir.

Əgər varis bir oğlan və bir qızdırsa, mal üç hissəyə bölünür. Onun iki hissəsi oğula, bir hissəsi isə qıza verilir.

Əgər varis bir neçə oğlan və bir neçə qızdırsa, mal elə bölünür ki, oğlanlar qızlardan iki qat artıq irs alsınlar.

Əgər oğuldan ata-anaya irs qalmışsa, bu irs üç hissəyə bölünür, iki hissəsi ataya, bir hissəsi anaya çatır.



Əgər vəfat edənin ata-anası, bacı və qardaşı qalmışdırsa, irs dörd hissəyə bölünür, ata-ananın hərəsinə bir pay verilir, oğula qızdan iki qat artıq pay bölünür.

Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə