10
İnstitut təsis edildi, burada tələbələr erməni və azərbaycan bölmələrində təhsil
alırdılar. Vilayətin paytaxtına dəmir yolu çəkildi. Xocalıda aviasiya reyslərinə yol
açan hava limanı istifadəyə verildi. Ermənistanla nəqliyyat əlaqəsinə imkan verən
Şuşa-Laçın yolu yenidən tikildi. Bir sıra sənaye müəssisələri işə salındı.
Üzümçülük və şərabçılıq sürətlə inkişaf etdirildi. Stepanakertdə və Şuşada geniş
miqyasda tikinti-quruculuq işləri aparıldı. Bütün bunlar və həmçinin aparılan
səmərəli ideoloji iş muxtar vilayətdə mənəvi iqlimin saflaşmasına xeyli şərait
yaratdı. Yarasalar işıqdan qaçan kimi qatı millətçilərin də ciyərləri saf hava ilə
nəfəs almağa yaramırdı, ona görə də onlar vilayəti tərk edib, isti yuvaya
yiyələnmək niyyəti ilə Yerevana üz tutdular. Axı onların bir hissəsi həm də sui-
istifadə hallarına yol verdiklərinə görə rəhbər vəzifələrdən uzaqlaşdırılmışdılar,
əvvəlki nüfuz dairələrini itirmişdilər.
Lakin vilayətdəki sabitlik, əmin-amanlıq erası uzun sürmədi. 1985-ci ildə
ölkə rəhbərliyinə gəlmiş Mixail Qorbaçovun siyasi həyatı demokratikləşdirmək
ideyası Dağlıq Qarabağda separatçı ünsürlərin çirkab köpüyü kimi baş
qaldırmasına münbit şərait yaratdı. Vilayətdəki qatı millətçilər ölkəni fəlakətə
aparan dalğanın detonatoru rolunda çıxış etməyə başladılar. Bu vaxt millətçi
liderlər də Yerevandan geri dönmüşdülər ki, separatizm hərəkatına birbaşa
rəhbərlik etsinlər. Getdikcə səsi yüksələn xora azmış oğul kimi geri qayıdan və daş
karxanasına direktor təyin edilmiş Arkadi Manuçarov dirijorluq edirdi. Vilayətin
rəhbərliyi isə millətçiliyə qarşı əvvəlki mübarizəsini zəiflətmiş, heçə endirmişdi və
əslində prosesə nəzarəti itirməklə hadisələrin quyruğunda sürünürdü.
Qatı erməni millətçiliyi öz aqressiv planlarının əlamətlərini 1987-ci ildə
büruzə verməyə başlamışdılar. Həmin il Heydər Əliyevin Sov. İKP MK Siyasi
Bürosunun tərkibindən və SSRİ hökumətindəki rəhbər vəzifədən uzaqlaşdırılması
ilə onların təxribat yönlü hərəkətləri üçün münbit şərait yaranmışdı və bu vaxta
qədər davam edən məxfilik pərdəsi yırtılmış, sərsəm iddialar açıq-aşkar müstəviyə
keçirilmişdi. Akademik Aqanbeqyanın Parisdəki Dağlıq Qarabağın Ermənistana
aid olması barədəki provokasiya xarakterli çıxışı separatizm üçün onu dəstəkləyən
qüvvələrin şüurunda yaşıl işıq yandırmışdı. Zori Balayanın azərbaycan xalqına
qarşı nifrət və kinlə mayalanmış “Ocaq” adlı kitabı erməni millətçiliyinin əlavə
ideoloji təminatına çevrilmişdi. Belə bir şəraitdə Mixail Qorbaçovun bilavasitə
bələdçiliyi və iştirakı ilə Azərbaycana təzyiqlər artırdı. Ermənistan nə sahədəsə
tənqid ediləndə “birləşmiş qablar” qanunun icrası kimi Azərbaycan da paralel
olaraq əslində əsassız ittihama məruz qalırdı. Azərbaycan KP MK birinci katibi
Kamran Bağırovun bu təzyiqləri dəf etmək cəhdləri uğur qazanmırdı. Artıq
respublika partiya rəhbərliyinin daxilində də müəyyən çaşqınlıq və qıcqırma
əlamətləri nəzərə çarpırdı. Hələ öldürülməmiş ayının dərisindən xəz çuxa
geyinmək arzusunda olanlar boşalması gözlənilən birinci katib postunu tutmaq
üçün yollar və vasitələr axtarırdılar.
Bir qədər sonra hadisələr daha gərgin fazaya daxil oldu. 1988-ci ilin
fevralında vilayətin paytaxtının mərkəzi meydanında mitinqlər başladı. İlk mitinq
baş verən ərəfədə mən Qubaqlı, Zəngilan, Cəbrayıl rayonlarında ezamiyyətdə idim,
Mərkəzi Komitənin aqrar məsələlər üzrə katibi kimi kənd təsərrüfatı işlərinin
11
vəziyyəti ilə tanış olurdum. Axırıncı gün Cəbrayıl rayon partiya komitəsində
müşavirə keçirərkən Azərbaycan KP MK-nın birinci katibi, mərhum Kamran
Bağırov məni telefona çağırdı və göstəriş verdi ki, təcili Stepanakertə gedim.
Söhbətin gedişində orada vəziyyətin yaxşı olmadığını da qeyd etdi.
Vilayət partiya komitəsində məndən bir az əvvəl buraya gəlmiş Mərkəzi
Komitənin ideoloji iş üzrə katibi Ramiz Mehdiyevlə görüşdüm. Biz gecəni birinci
katibin kabinetində keçirdik. Gecə saat 4-ə yaxın vilayət qəzetində vəziyyəti təhlil
edən məqaləni dərc etməkdən redaktorun imtina etdiyini xəbər verdilər. Məqalədə
“Azərbaycan” sözünün işlədilməsinin əhalini guya hiddətləndirəcəyini əsas
gətirərək redaktor belə mövqedən çıxış etmişdi. Bundan əvvəl isə o, vilayət partiya
komitəsinin ideoloji iş üzrə katibi işləmişdi. Onun belə təslimçi mövqeyi hiddət
doğurmaya bilməzdi, o, əslində əhalidən deyil, artıq bütün məsələlərə nəzarət edən
qatı millətçilərdən qorxurdu, çünki onlar “xain” damğası yapışdırmaqla onu şantaj
edə bilərdilər.
Bu gecə bizə çox həqiqətləri anlatdı. İyrənc epizod isə Azərbaycanın
ərazisinin parçalanmasına yönələn təhlükənin ilk nişanəsi idi.
Mitinqlər artıq vilayət paytaxtının həyatının başlıca atributuna çevrilmişdi,
adamlara işləməyə də imkan vermirdilər. Bu vaxt Moskva heç bir ciddi tədbirə əl
atmağa icazə vermirdi, çıxış yolunu vilayət rəhbərliyini dəyişdirməkdə gördü. Bu,
əslində qəti addımlardan qaçmaq yolu olmaqla vəziyyətə müsbət təsir göstərmədi.
Az sonra Azərbaycanda və Ermənistanda rəhbərliyin dəyişdirilməsi baş verdi,
“xilas kəməri” kimi düşünülən həmin tədbir də heç bir faydalı bəhrə vermədi. Bir
qayda olaraq kosmetik əməliyyatlar zahiri təsir bağışlayır, mahiyyət isə elə bir
korreksiyaya məruz qalmır. Azərbaycanda yeni rəhbərlik səmərəsiz güzəştlər
yolunu tutmaqla səhvləri daha da dərinləşdirdi. Mərkəzi Komitənin birinci katibi
Əbdürrəhman Vəzirov problemə nüfuz etmək əziyyətinə qatlaşmırdı, adekvat
addımlar əvəzinə palliativlərə, bəzən hətta primitiv effekt yaradan tədbirlərə
üstünlük verirdi. Onun “süvari hücumu” ilə məsələni bir andaca həll etmək inamı
gerçəkliklə üzləşdikdə iflasa uğradı. Bu isə çox güman ki, Moskvanı razı salmamış
deyildi.
Şovinistlər başqa millətlərin, xüsusən qonşu xalqların timsalında düşmən
obrazı yaratmadan keçinə bilmirlər. Onlar bu “düşmənə” hər an xətər
toxundurmağa, ziyan vurmağa çalışırlar. Lakin bu münasibətin mahiyyətinə nüfuz
etdikdə görürük ki, xətər, bəla birinci növbədə şovinistlərin mənsub olduğu xalqa
dəyir. Alman şovinizminin bu xalqı hansı fəlakətlərə sürüklədiyi əyani bir
sübutdur. Qatı millətçilər əks qütbdə hesab etdikləri milləti izqoy vəziyyətinə
salmağa çalışsalar da, əslində özünə böyük bədbəxtlik uçurumu yaratmış olur.
“Miatsum” şüarı vasitəsilə və mistik xoşbəxtliyə çatdırılacağı vədi ilə Qarabağ
ermənilərini aldadanlar, onların bir hissəsini zombilərə çevirənlər hər iki tərəfdən
olan yüz minlərlə adamı fəlakətli günlər yaşamağa məcbur etdilər. Yer üzərində
cənnətlə üzləşəcəklərini güman edənlər səfalətli həyatın bütün nümunələri ilə tanış
olmaq imkanı qazandılar, Dante cəhənnəminin doqquz dövrəsindən keçdilər.
Eldorado xəyalı ilə yaşayanlar ehtiyacın, yoxsulluğun, evsiz-eşiksizliyin eybəcər
sifətləri ilə üzləşməli oldular.
Dostları ilə paylaş: |