14
Xocalı isə dəhşətli taleyinə görə faşistlərin məhv etdiyi Gernika, Koventri,
Oradur kimi şəhərlərin faciəvi siyahısına daxil oldu.
Hakimiyyətin “interim” dövrü bədbəxtliklərin davamı ilə varislik hüququ
qazandı. 1992-ci ilin mayında təbiətin özünün istehkamlandırdığı Şuşa şəhəri işğal
edildi. Xalq Cəbhəsinin bir il davam edən hakimiyyətinin ilk günlərində Laçın
rayonu, idarəçiliyinin sonuna yaxın isə Kəlbəcər rayonu Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edildi. 1993-cü ilin iyul-oktyabr aylarında isə əlavə beş
rayon bu müdhiş taleyi yaşamalı oldu. Bu müharibə ümumilikdə Azərbaycan
ərazisinin 20 faizinin itirilməsi və bir milyona yaxın əhalinin qaçqına və məcburi
köçkünə çevrilməsi ilə nəticələndi. Ermənilər uzun illər ərzində arzu etdiklərinə
bundan xeyli əvvəl çatdılar – Ermənistanda demək olar ki, heç bir azərbaycanlı
qalmadı. Din müxtəlifliyini də öz düşmənçilik silahı kimi istifadə edənlər “rahat”
nəfəs ala bilərdilər ki, onların yaşadıqları ərazilərdə az sayda kürdlər istisna
olmaqla müsəlmanlardan əsər-əlamət qalmamışdı. Hətta ən quduz səlibçilər də
Yaxın Şərqdə özlərini belə aparmamışdılar, işğal etdikləri torpaqlarda bol insan
qanı axıtsalar da, heç vaxt əraziləri qeyri-dinə mənsub olan insanların
yaşamadıqları məkana çevirməmişdilər. Azərbaycanda isə hazırda otuz minə qədər
erməni yaşayır və onlar, elan olunmamış bir qaydada kiçik siyasi hüquqlar istisna
olunmaqla, bütün vətəndaş hüquqlarından bol-bol istifadə edirlər.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ adlanan yerüstü behiştdə elə bil ki,
ağır kabus dayanmışdı. Bu kabus öz kini və nifrəti ilə həmin ərazinin doğma
insanlarının həyatına qənim kəsilmiş, onları cəhənnəm əzablarına düçar edəcəyi
andını içmişdi. Bu hadisələrdən iki onillikdən artıq bir müddət keçmişdir, bu
dövrdə Qarabağ savaşı barədə çox sayda
xatirələr, sənədli və bədii əsərlər yazılmış,
onlardan bəziləri ekran və səhnə həyatını da yaşamışdır. Bunlar adamlarımızın
yaddaşının bir daha mürgüləməməsi üçün çalınan təbil rolunu oynamaqla
gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə kömək etmişdir. Lakin heç bir
xatirə və ya təsvir bu faciəli dövrdə yaşamış insanların çəkdiyi ağrıları və kədərləri,
on minlərlə azərbaycanlıların düçar olduğu bədbəxtlikləri, keçirdikləri təhlükə
hisslərinin dəhşətini ifadə edə bilməz. Düşmənlə vuruşda canını Vətən yolunda
qurban verənlərin ruhu hələ də rahatlıq tapmır: çoxları xəyanətkara, bir andaca
özünü düşmənə çevirən dünənki buqələmun dostlara təslim olmaqdansa, həyatdan
getmək kimi acı aqibətlə razılaşmışdılar.
Müharibə həmişə faciə mənbəyi olmuşdur, qanla qidalanan Moloxdur.
Xəyanətdə yoğrulmuş müharibənin dəhşətləri isə daha ağrılıdır, axı sənin öz
evində
kürəyinə xəncər sancırlar. Sərsəm millətçi ideyaların təsiri altında öz torpağında
dünənə qədər ən azı zahiri mehribanlıqda yaşayan adamların onların taleyinə qılınc
zərbəsi vurmasına, ölkəsinin müqəddəs yerlərini xarabazara çevirməsinə heç bir
izah da tapa bilmirsən. Vətənindəki müharibə vətəndaş müharibəsi olmasa da,
onun eybəcər prinsiplərindən istifadə etməsi ilə seçilir. Özünü saxta qaydada
“qardaş” adlandıranlar insan qanına susamaqla yanaşı, əcdadlarımızdan yadigar
qalmış torpaqlara sahib olmağa can atırlar. Beləliklə həm də xalqın keçmişinə,
bütövlükdə tarixinə ağır zərbə vurmuş olurlar. Kardinal Rişelyenin sözlərini bir
qədər dəyişdirərək “Xəyanət onların bütün böyük işlərinin ruhudur” desək heç də