13
silahdaşları da birbaşa məsuliyyət daşıyırdılar. Heç kəsin fəaliyyətini nəyisə nəzərə
alaraq ört-basdır etmək, unutmaq olmaz, ideya mübarizəsini terrora, ekstremizm
tufanına çevirənlər ən azı tarix qarşısında cavabdehliklərini dərk etməlidirlər.
Dünyada mütləq müqəddəslər olmadığı kimi, mütləq əclaflar da yoxdur. Ancaq
qan axıtmaq, dinc insanları qətlə yetirmək – hansı bir ideya naminə həyata
keçirilirsə keçirilsin, ən ağır
cinayətdir, insanlığa qarşı olan cinayətdir.
Qatı erməni millətçiləri özlərini manixeizm təliminin ardıcılları kimi
apararaq dünyanı iki qütbə, xeyirə və şərə, özününkülərə və özgələrə bölürlər.
Qədim İran filosofunun doktrinasına inanc gətirənlər üçün düşmənsiz olan həyat
artıq yaşamaq üçün mümkün olmayana çevrilir. Müasir erməni “manixeistlərinin”,
dostluqdan savayı onlara başqa bir münasibət göstərməyən, öz ölkəsinin ağuşunu
mehribanlıqla açan bir xalqa qarşı belə nankorluqla yanaşmaları faktına təəccüb
qalmaya bilmirsən. Çox pis haldır ki, bəzən xalqın xeyli hissəsi belə xəstəliyə
sirayətlənmiş olur. Əgər ekstremistlər üçün müharibə sənətə, peşəyə çevrilirsə, bu
daha qorxuludur. Klinik vətənpərvərlər müalicə olunmaq əvəzinə məxsus olduqları
xalqa öz dəhşətli xəstəliklərindən pay verməyə çalışırlar. Separatizm küləyi bir
çoxlarının şüurunu qarışdırmaqla, onları qonşuluqda yaşadığı xalqla düşmənçilik
yoluna, müharibə cığırına salır. Onlar bircə şeylə öyünə bilərlər ki, apardıqları
müharibə xalqımıza ağır yaralar vurmuş və bu xoralar indiyədək sağalmamış
qalmışdır. Bu sevinc ibtidai insanın öldürülmüş qurbanın dövrəsindəki ritual
rəqslərini yada salmaya bilmir.
Müharibə, bədbəxtlikdən Azərbaycanı sarsıntılar dövründə haqladı.
Müstəqillik qazanmış ölkənin mərkəzləşmiş ordusu yox idi, yaradılan müdafiə
batalyonları muxtar qaydada vuruşmağa üstünlük verdiyindən qazanılan uğur da az
sonra yoxa çıxırdı. İntizam zəif idi, əməliyyatlar koordinasiya edilmədiyindən
pərakəndə xarakter daşıyırdı. Bəzən adi döyüş qaydalarına əməl edilməməsi ağır
itkilərlə nəticələnirdi. Birinci Dünya müharibəsində belə bir zərb-məsəl yaranmışdı
ki, “tər qanı xilas edir”. Tər axıtmaqla qazanılan səngərlər piyadaların həyatını
düşmən gülləsindən çox vaxt hifz edirdi. Təəssüf ki, döyüşən qruplarda bəzən
səngər qazılması artıq bir iş hesab olunurdu. Məğlubiyyətə baxmayaraq, sıravi
döyüşçülərimizin igidliklə, fədakarlıqla vuruşması üzərinə heç kəs kölgə sala
bilməz. Komandanlığın isə taktiki ustalığı aşağı idi, düşmənin imkanları lazımınca
qiymətləndirilmədiyindən bu ağır nəticələrə gətirib çıxarırdı. Belə bir şəraitdə
erməni quldurları daha da həyasızlaşırdı. 1992-ci ilin fevralında ermənilər
Rusiyanın motorlu atıcı alayının köməkliyi ilə gecə Xocalı şəhərinə hücum edib
qocaları, uşaqları, qadınları, dinc əhalini qırğına məruz qoydu. Yüzlərlə günahsız
insan həyatını itirdi və əsir götürüldü. Bu vaxt respublika prezidenti olan Ayaz
Mütəllibov qırğının miqyasını ört-basdır etdirmək yolunu tutdu və Xocalı dəhşəti
bütün təfərrüatı ilə məlum olduqda o, öz postu ilə vidalaşmaq məcburiyyətində
qaldı. Dəhşətli genosidin təfsilatı aşkarlandıqda, insanların gəzəbi hədd tanımırdı.
Mütəllibovun, istefasından iki ay sonra isə çox şey bəxş edən əvvəlki vəzifəsini
yenidən bərpa etməyə həsr olunmuş misteriyası da uğursuzluqla nəticələndi. Bu
dəfə o, öz əvvəlki sələfi kimi Moskvada sığınacaq axtarmaq labüdlüyü ilə üzləşdi.
Vasitələr məqsədin və şəxsiyyətin həqiqi dəyərini açiq göstərməyə qadirdir. .