Maddə 288.
Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə
əlaqədar hədələmə və ya zor tətbiq etmə
288.1. İşin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, andlı
iclasçıları, habelə onların yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər
vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
288.2. Eyni əməllər işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai
istintaqın aparılması, hökmün yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror,
müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, məhkəmə nəzarətçisi, məhkəmə icraçısı,
habelə onların yaxın qohumları barəsində törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
288.3. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və
ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
288.4. Bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və
ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 289.
Məhkəməyə hörmətsizlik etmə
289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—
üç yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 290.
Təqsiri olmadığını bilə‐bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
290.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə
bağlı törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 291.
Qanunsuz_olaraq_cinayət_məsuliyyətindən_azad_etmə'>Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya
təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 292.
Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama
292.1. Bilə-bilə qanunsuz tutma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama—
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
292.3. Bu Məcəllənin 292.1 və ya 292.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 293.
İfadə verməyə məcbur etmə
293.1. Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə
zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq
etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə
eksperti rəy verməyə məcbur etmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.2. Eyni əməllər işgəncə verməklə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 294.
Sübutları saxtalaşdırma
294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların
saxtalaşdırılması—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
294.2. Cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutları
saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
294.3. Ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma,
habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 295.
Bilə‐bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm
ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 296.
Bilə‐bilə yalan xəbərçilik etmə
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya
süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 297.
Bilə‐bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə
vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə
yanlış tərcümə etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə
bağlı törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında
məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar
çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət
məsuliyyətindən azad olunurlar.
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın
qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 298.
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz iyirmi saatdan yüz səksən
saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına
qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Dostları ilə paylaş: |