76
və nailiyyətini rəmzləndirən günün 50 illik yubileyinə qədər yaşamaq istəyirdi.
Onların bu istəyi uğurlu oldu. Cefferson 4 iyul 1826-cı ildə, günorta saat 1-dən bir
qədər əvvəl öldü. Adams isə bir neçə saat sonra öldü, onun son sözü deyilənlərə
görə belə olmuşdu: “Cefferson hələ sağdır”. Cefferson Montiçelloda dəfn edildi.
Qəbir daşı üzərindəki epitafiya belə idi: “Burada Amerikan İstiqlaliyyəti
Deklarasiyasının, dini azadlıq barədəki Virciniya Qanununun müəllifi, Virciniya
Universitetinin atası Tomas Cefferson dəfn edilmişdir”.
Birləşmiş Ştatların bani-atalarından biri də həyatdan getdi. Bu banilər
arasında Tomas Cefferson, heç şübhəsiz, daha çox filosof idi. Platonun vaxtilə arzu
etdiyi Ceffersonun şəxsində öz əksini tapmışdı, dövləti filosof idarə etmişdi.
Simon Bolivar
Xoşbəxtliyə yalnız bir yol mövcuddur, ondan ötəri bizim iradəmizə tabe
olmayan şeylər barədə narahat olmağımızı dayandırmalıyıq.
Epiktet
Great crises produse great men, and great deeds of conrage (ingilis dilində)
– Böyük böhranlar böyük insanlar və böyük igidlik işləri əmələ gətirir.
Con F.Kennedi
Simon Bolivar, sərkərdə və dövlət xadimi olmaqla yanaşı, Latın
Amerikasının altı respublikası ispan ağalığından azad olmaqda məhz ona
borcludur. Həm də o, ispan-amerikan dünyasının meydana çıxardığı ən böyük düha
kimi qiymətləndirilir. Simon Bolivar Amerikada ispan koloniyalarının
müstəmləkəçiliyə qarşı müharibəsinin ən nüfuzlu və məşhur rəhbərlərindən biri
olmuşdur. Venesuelanın milli qəhrəmanı, general idi. Yuxarı Peru ərazisində
yaranan Boliviya respublikası onun şərəfinə belə adlanmışdı. Öz dövründə
beynəlmiləlçi kimi məşhurlaşmaqla, onun nüfuzu ömrünün sonuna qədər xeyli
böyüdü. Avropa tarixində olduqca az sayda şəxsiyyət, Birləşmiş Ştatlar tarixində
isə heç kəs Simon Bolivarın fərqləndiyi kimi gücün və zəifliyin, xarakterin və
temperamentin, peyğəmbərcəsinə baxışın və poetik qüdrətin belə nadir vəhdətini
nümayiş etdirməmişdi. Nəticə kimi onun həyatı və əməlləri öz qitəsinin xalqı
arasında əsl mifik ölçülərə yüksəldi.
Bolivar ispan əsilli Venesuela kübarının oğlu idi, 24 iyul 1783-cü ildə
Karakasda kreol ailəsində anadan olmuşdu. O, varlı olmalı və gələcəkdə yaxşı
vəzifə tutmalı idi. Onun üç yaşı olanda atası öldü, anası isə altı il sonra dünyadan
köçdü. Əmisi irsə yiyələndi və ona müəllim tutdu. O, çətin idarə edilən uşaq idi və
müəllimlərindən yalnız biri ona təsir göstərə bilirdi. Bu Jan Jak Russonun şagirdi
Simon Rodriges idi o, Bolivarı XVIII əsr dünyasının liberal fikirləri ilə tanış etdi.
Bu baxışlar ona dərin və uzun müddətli təsir göstərdi.
Bolivar 16 yaşına çatanda Avropaya göndərildi ki, orada təhsilini
tamamlasın. O, üç il İspaniyada yaşadı və 1801-ci ildə ispan kübarının qızına
evlənib, onunla birlikdə Karakasa qayıtdı. Gənc gəlin nikahdan bir il keçməmiş
sarı qızdırmadan vəfat etdi. Onun faciəli ölümü Bolivara böyük təsir göstərdi və
bu, onun çox cavan yaşında siyasi karyeraya qatılması üçün bir səbəb oldu.
77
1804-cü ildə Napoleon öz karyerasının zirvəsində olanda Bolivar Avropaya
döndü. Parisdə o, öz dostu və müəllimi ilə görüşdü və Simon Rodrigesin təzələnən
bələdçiliyi altında Lokk, Hobbs, Buffon, d`Alamber və Helvetsi kimi rasionalist
mütəfəkkirlərin əsərlərini öyrənməyə girişdi. Üstəlik o, Volteri, Monteskyeni və
Russonu oxuyurdu. Axırıncı ikisi onun siyasi düşüncələrinə çox dərin təsir
göstərdi, ancaq Volter onun həyat fəlsəfəsini daha güclü surətdə rəngləndirdi.
Parisdə o, həmçinin alman Aleksandr fon Humboldtla görüşdü. Bu adam yenicə
İspan Amerikasına olan səfərindən qayıtmışdı və Bolivara dedi ki, o, inanır ki,
ispan müstəmləkələri müstəqillik üçün yetişmişlər. Bu ideya Bolivarın
təxəyyülündə kök saldı və 1805-ci ildə Romaya səyahəti vaxtı Monte Sakro
yüksəkliyində dayanaraq and içdi ki, öz ölkəsini azad edəcəkdir. Romada o,
Napoleona İtaliya kralı tacı qoylan təntənəli mərasimi müşahidə etdi.
Bu vaxt onun intellektini bir təcrübə də zənginləşdirdi: o, Napoleona 1804-
cü ildə fransızların imperatoru kimi şərəfləndirilməsini başa çatdıran qeyri-adi bir
hadisəni müşahidə etdi. Bolivarın imperatora münasibəti sadə bir adamın
nailiyyətlərinə valehliklə, həm də Napoleonun inqilab ideyalarına xəyanət etməsi
barədə rəyinin qəflətən baş verən dəyişməsi arasında dalğalanırdı. Bolivarın
xarakterində şöhrət arzusu daimi amillərdən biri idi və burada azacıq şübhə ola
bilərdi ki, bu, Napoleon tərəfindən qızışdırılmasın. Buna baxmayaraq, Napoleonun
nümunəsi bir xəbərdarlıq xarakteri daşıyırdı və Bolivar bunu nəzərə almalı oldu.
Sonrakı dövrlərdə o, daim təkid edirdi ki, “Xilaskar” titulu digər başqa titulların
hamısından yüksəkdir. O, bu titulu nə kral, nə də imperator adı ilə
dəyişməyəcəkdir. 1807-ci ildə o, Birləşmiş Ştatlardan keçməklə Venesuelaya
döndü.
Birləşmiş Ştatlarda o, şərq şəhərlərində olmuşdu.
Latın Amerikasının müstəqillik hərəkatı Bolivarın vətənə dönməsindən bir il
sonra başlamışdı. Bu, Napoleonun İberiya yarımadasına müdaxiləsi ilə əlaqədar
idi. İspan xalqı müdaxiləçilərə müqavimət göstərirdi və legitim kralın yoxluğu
ərzində xunta dövlət hakimiyyətini öz əlinə keçirmişdi. Napoleon da həmçinin
ispan müstəmləkələrinin dəstəyini almaq cəhdində tam uğursuzluğa uğramışdı, o,
onların özlərinin qulluqçularını hakimiyyətə gətirmək hüququnu müdafiə edirdi.
Ana ölkənin nümunəsini əsas götürərək, onlar devrilmiş İspaniya kralı adından
idarə etmək üçün xuntanın yaradılmasını istəyirdilər. İspan sakinlərindən çoxu isə
bu hadisələrdə ancaq İspaniya ilə əlaqələrin kəsilməsi imkanlarını görürdülər.
Buenos-Ayresdə 1810-cu ildə hərbçilərin qiyamı qalxdı, nəticədə yerli
inqilabi xunta – xalq yığıncağı hakimiyyəti öz əlinə götürdü və ispan vitse-kralını
devirdi. 1808-ci ildən başlayaraq Amerikadakı ispan müstəmləkələrində
müstəqillik əldə etmək uğrunda üsyanlar baş verirdi. I Napoleonun Pireney
yarımadasına müdaxiləsi və qardaşı Jozef Bonapartın İspaniya kralı elan edilməsi
onların yayılmasına, genişlənməsinə səbəb oldu. İspaniyadakı hadisələr Latın
Amerikasında liberal istiqamətli xunta hərəkatını meydana çıxardı. Bu proses həm
də onunla gücləndi ki, İspaniyanın fransızlar tərəfindən işğalı, ispan qoşunlarının
Amerikaya göndərilməsini dayandırdı.