94
Ştatları birləşdirirdi. Lakin 1942-ci ilin mayına kimi qarşılıqlı kömək barədə 20
illik ingilis-sovet paktı barədə danışıqlar aparıldı.
7 dekabr 1941-ci ildə yaponların Pörl-Harbora hücumu Çörçillin gözündə
müharibənin bütün perspektivini dəyişdirdi. Nəhayət o, Vaşinqtona (Kolumbiya
mahalı) yollandı və Ruzveltlə birlikdə ingilis-amerikan razılaşmalarını
möhkəmləndirdi. Müharibənin bütün təhlükələrinə qarşı birləşmiş komandanlıq
yaradıldı. Təməl strategiya razılaşdırıldı ki, Almaniyanın məğlubiyyəti
Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət daşıyacaqdır. Böyük alyans
artıq mövcud idi. Çörçill özünü onun memarı hesab edə bilərdi. Onun qorunub
saxlanması Çörçillin sonrakı üç il yarımlıq dövr üçün başlıca marağına çevrildi.
Onunla Ruzvelt arasındakı ehtiram və bağlılıq həlledici əhəmiyyətə malik
idi. Çörçill təkbaşına, Stalinin aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin”
1942-ci ildə açılması təklifindən imtina etdi. 1942-ci ilin avqustunda Moskvaya
uçub Stalinlə görüşdü və onun narazılığının ağırlığını xeyli müddət daşımalı oldu.
8 avqustda Çörçill Moskvaya səfərinin yekunları barədə Britaniya parlamentində
çıxış edərkən demişdi: “Rusiyanın bəxti gətirmişdir ki, aqoniya vəziyyətində
olanda onun başında belə bir sərt rəhbər dayandı. O, belə ağır, çətin dövrlərə
yarayan görkəmli şəxsiyyətdir. Bu adam tükənməz dərəcədə cəsarətli, hökmlü, öz
rəylərində açıq və hətta sərtdir. Lakin o, yumor hissini də qoruyub saxlamışdır, bu
isə bütün adamlar və xalqlar üçün, xüsusilə böyük adamlar və böyük xalqlar üçün
vacibdir. Stalin özünün soyuqqanlılığı, müdrikliyi ilə, həm də hansısa bir
illyuziyasının tamamilə olmaması ilə mənə yaxşı təsir bağışladı. Mən ümid edirəm
ki, onu inandırmağa müvəffəq oldum ki, bu müharibədə biz sədaqətli və etibarlı
silahdaşlar olacağıq, ancaq bu, nəhayət
etibarilə, sözlə deyil, işlərlə sübut edilir”.
1945-ci il noyabrın əvvəlində Çörçill İcmalar Palatasındakı nitqində
demişdi: “Mən bu həqiqətən böyük insan barədə yüksək heyranlıqdan başqa
şəxsən
hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin atasıdır, dinc dövrlərdə ölkənin
taleyini
idarə etmiş, müharibə dövründə isə qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu
sözləri o, Stalinə ünvanlamışdı.
Tədqiqatçılar güman edir ki, Çörçillin Stalinə münasibəti kəskin qaydada
neqativ idi. Stalin barədə tərifli sözləri isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə
söyləmişdir, o vaxt isə situasiya tam başqa cür idi.
Çörçill vətənə atəş altında döndü. İyun ayında Şimali Afrikadakı Tobruk,
onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim oldu. 1942-ci il Kabinet sola
tərəf bəzi dəyişikliklərə məruz qaldı.
Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni
bir görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada keçirildi. Stalin
Moskvada qalmağın vacib olduğunu əsas götürərək konfransda iştirak etmədi.
Ruzvelt və Çörçill müttəfiqlərin qoşunlarının 1943-cü ilin iyulunda Siciliyada
sahilə çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi, onun xeyrinə
idi. Ruzvelt İtaliya, Yaponiya və Almaniyanın danışıqsız təslim olmasını və
ideologiyanın məhv edilməsini tələb etdi. Bu ideologiya ilə digər xalqların işğal və
qul edilməsi məqsədindən irəli gəlirdi. Beləliklə, müttəfiqlər hansısa bir alman
hökuməti ilə, hətta Hitler
devrilsə belə, barışıq imkanını istisna etdilər.
95
Çörçillin uzun müddətli səfəri, bura Tripoli və Əlcəzair daxil idi, onu
sətəlcəmlə xəstələndirdi. May ayında o, yenidən Vaşinqtonda idi, avqustda isə
Kvebekdə oldu, burada o, “Overlord” planı üzərində işləyirdi, bu La-Manşı
keçməklə hücum demək idi. Eşidəndə ki, amerikanlar 1944-cü ildə Birmaya
müdaxilə planlaşdırırlar, o, qorxdu ki, birləşmiş resurslar “Overlordun” uğurlu
olması üçün adekvat olmayacaqdır. 1943-cü ilin noyabrında Qahirədə o, Ruzveltlə
Aralıq dənizindəki sonrakı hücumların prioritet əhəmiyyət daşıdığını sübut edirdi.
28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ, Böyük Britaniya və ABŞ
hökumət başçılarının konfransı keçirildi. Burada Almaniyaya qarşı müharibədə
birgə hərəkətlər etmək və müharibədən sonrakı əməkdaşlıq məsələləri müzakirə
edildi.
Tehranda “böyük üçlüyün” ilk görüşündə Çörçill Ruzveltin birləşmiş ingilis-
amerikan cəbhəsinə tərəfdarlığını saxlamaqda uğursuzluğa düçar oldu. Ruzvelt
Stalinlə özəl qaydada məsləhətləşməsinə baxmayaraq, Çörçillə təklikdə
görüşməkdən imtina edirdi. Onların bütün dostluğu ilə yanaşı, burada həmçinin iki
Qərb liderinin arasında rəqabət elementi də var idi və Stalin bundan məharətlə
istifadə edirdi.
Ümumiyyətlə Stalin bolşevizmə nifrətinə, inqilabi Rusiyaya müdaxilənin
təşəbbüskarı olduğuna görə Çörçillə o qədər də loyal
münasibət bəsləmirdi və daim
onu cırnatmağa səy göstərirdi. Tehran konfransında Ruzveltlə daha yaxşı
münasibət quran Stalin Çörçilli hövsələdən çıxartmaq imkanını da əldən
buraxmırdı. Baxmayaraq ki, Çörçill sovet ordusunun Stalinqraddakı böyük
qələbəsinə görə kralın hədiyyəsi olan qılıncı ona təntənəli şəraitdə təqdim etmişdi
və xoş sözlər söyləmişdi, Stalin yenə də ona sataşmaqdan əl çəkmirdi. Sovet
səfirliyində Stalin iki dövlət rəhbərinin şərəfinə ziyafət verdikdə, birdən bəyan etdi
ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq üçün qələbədən sonra 50 min yüksək
rütbəli alman hərbi cinayətkarını güllələmək kifayət edəcəkdir. Çörçill buna öz
etirazını bildirdi ki, məhkəməsiz heç kəsi cəzalandırmaq, güllələmək olmaz. Bu
ədalətə ziddir və ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində
israr etdi. Çörçill bildirdi ki, o, buna razılıq verə bilməz, çünki parlament
qarşısında məsuliyyət daşıyır. Bu vaxt Ruzvelt söhbətə qarışıb, Çörçilli
hiddətləndirmək üçün istehza şəklində bildirdi ki, 50 min yox, 49 min alman hərbi
xadimini güllələmək kifayətdir. Bu vaxt Çörçill bildirdi ki, özünün güllələnməsinə
razı olar, ancaq belə ədalətsizliyə razılıq verməz. O, incik halda zalı tərk edib,
qonşu otağa keçdi, bura isə qaranlıq idi. Az sonra kiminsə əlinin çiyninə dəydiyini
hiss etdi, bu SSRİ-nin Xarici işlər naziri V.M.Molotov idi. Sonra Stalin də ona
yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət süfrəsinin arxasına qaytardı.
Çörçill bu hadisəni özünün məşhur fundamental əsəri olan “İkinci Dünya
müharibəsi” kitabında təsvir etmişdir.
Tehran konfransında Avropanın cənubuna müttəfiqlərin hücum yürüşü
barədəki təklif məsələsində də Çörçill təklikdə qaldı. Bu səfərdən də o, sətəlcəmlə
qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü ilin yanvarında tam sağaldı. May
ayında o, təklif etdi ki, D-Day (desant günü) hücumunu döyüş kreyserindən
müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə bildi.