“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
430
Levon Cavaxyan
Kirvə
Biz müharibəyə getmədik, müharibə bizə gəldi. O vaxtacan firavanlıq, əmin-amanlıq
hökm sürürdü. Saat 17-də radio ―Danışır Bakı!‖ deyəndə sevincimiz yerə-göyə sığmazdı.
Səsini axıracan qaldırardıq. O dalğa bizim təsəlli yerimizdi. Ordan yanıqlı bir səs, ürək
parçalayan, qəmli-qüssəli muğam sədası gələrdi…
- Bu toy kimin toyudu belə? – soruşardı Aşxen nənəm. Onu qınamaq olmazdı. Bizim
kənddə ancaq toylarda mahnı oxunurdu.
O hava radiodan daşıb çıxar, evə dolar, çölə yayılar, küçələr boyu axıb, meydanı bürüyər,
Azərbaycanı addım-addım dolaşardı. Dünya SSRİ adlı böyük bir dövlətdi.
Xoşbəxtlik
dedikləri isə, kommunist ahəngli qüssəylə dolu, yanıqlı bir muğamdı. Yayın damlardakı
kirəmitlərə hopmuş istisi yavaş-yavaş öləziyər, qızartdaq toz ayaq altından ahəstəcə
havaya qalxar və o dərdli, yanıqlı muğamın doğma qüssəsi burula-burula, behişt ətri kimi
axıb, bal kimi süzülüb, keyimiş beynimizə dolardı. Kommunizm yolundaydıq...
Aşot babam hərdən öz məxməri bariton səsiylə: ―Həyatımız itkin bir mahnıdır‖ - deyərdi.
Bizim kənd mahnı-nəğmə söhbətində ən usta adam kimi onu tanıyırdı. Əlini qulağının
dibinə verib, bəlkə dünyanın qulağına çatsın deyə, ucadan bayatı çağırardı. Səsi də
Şınoğun suyu kimi çağlardı.
Onun türklərin Ayrımından Həsən adlı bir kirvəsi vardı. Mahnısı da oralardan gəlirdi.
Onların münasibəti əsl dostluqdu. Babam Həsənə ―özünü dağdan at‖ desəydi, atardı.
Amma babam ona ―dağdan atıl‖ demirdi. Onu dağ başına qaldırırdı.
1988-in fevralıydı. Dağlardan təpəsi aşağı enmək vaxtı gəlmişdi. Müharibə özünü
yetirəndə biz də boş dayanmamışdıq, mitinqlər keçirirdik. Müharibənin
özündən qabaq
sorağı gəlib çatdı: Sumqayıtda qırğın olmuşdu. Biz 32 qurbanın şəkillərini götürüb
Dzidzernakapertə çıxdıq. Tarix təkrarlanırdı. Sonra Bakı qırğınları oldu. ―Nə vaxta qədər
qırılacaqdıq?!‖ Mən onda Təhsil Nazirliyində işləyirdim. Bizim binaya bitişik, neçə ildən
bəri işləməyən Azərbaycan teatrı vardı. Baltanı götürüb, xalqımın intiqamını almağa
getdim. Rəhbərlik imkan vermirdi: mən baltanı qaldırırdım, onlar altdan aşağı çəkirdilər.
―Olmaz, qoymarıq‖- deyirdilər. Moskva belə tərbiyə eləmişdi...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
431
Əvvəlcə ―olmaz, qoymarıq‖ deyənləri ―sındırdım‖. Sonra qapıya cumdum. Baltanı
qaldırıb alnının ortasına dalbadal vurdum... Qapı hönkürürmüş kimi cırıldadı, geriyə aşdı.
İçəri rütubət qoxuyurdu, bomboş salon, boş kreslolar vardı orda... Məyus olmuşdum bir
az, istəyimə çata bilməmişdim. Hardasa, Hind cəngəllikləriylə qarşılaşan Makedoniyalı
İskəndər kimiydim həmin an. O, dünyanın o biri başına gedib çıxdığı kimi, mən də teatr
salonunda səhnənin arxasına atdım özümü. Bizim qəhrəmanlıq xəyallarımıza bura çox
dedikcə dar gəlirdi. Ancaq sonralar başa düşdüm ki, uzaqbaşı, bağlı bir qapıyla
döyüşürmüşəm. İndi utanıram buna görə. Amma onda utanmırdım. Onda qəhrəmandım
mən. Ta öz adamlıq halıma dönənə qədər. Qəhrəmanlıq dəmləri gedər-gəlməzdə qaldı.
İnsan, adətən, şərə qarşı cəsarətlə mübarizə aparır. Ancaq şər hansı tərəfdəydi?! Gəl indi
bundan baş aç görək!...
Xoş halına sadəcə insan ola bilənlərin! ―Bəxtəvər qəhrəmanların başına‖ demirəm mən.
Qoy vətən fəxr eləsin onlarla... Mənim qəhrəmanlarımsa adi, sadə insanlardır. Əsl insan
üçün düşmənçilik sədləri yoxdur. Onun vətəninin ərazisi ürəyi ilə vicdanının olduğu
yerlərdir. Vay bu ərazidən çıxanların gününə! Bizim kirvə elələrindən deyildi, amma
neyləmək olardı: getdi!... Mənim hekayəm də elə bundan danışır…
Aşot babamın Ceyranından kənddə bircə dənəydi. Onun qədər süd verən tapılmazdı,
ancaq onun kimi təpik atan da yoxdu. Ceyranın gölə bənzər gözlərində bir dənizlik qüssə
vardı. O, qüssəli gözlərilə dünyanı seyr edə-edə qabağındakı otu rahatca yeyəndə bu
qəmgin halından hədsiz narazı olduğu kimsənin ağlına gəlməzdi. Axşamüstü şişman
cəmdəyini, tox qarnını aramla yırğalayaraq, astadan mələyə-mələyə örüşdən qayıdardı.
Adamlar onu adi bir inək bilib, yanından arxayınca keçib gedərdilər. Ancaq həmin
anlarda onun içində bir inəkmi mürgüləyirdi, yoxsa bir buğamı oynayırdı, burası qəliz
məsələydi. Dumanlı nəzərlərilə bir anlıq ötüb-keçənləri süzərdi. Qara, nəmli burun
pərələrindən qaynar buğ qalxardı. Birdən başını aşağı, sinəsinə əyər, iti buynuzlarını irəli
verib adamların üstünə yeriyərdi. Kişilər birtəhər özlərini qoruyardılar. Allah
göstərməsin, qabağına çıxan qadın olsaydı... Bir andaca buynuzlardan sallaşıb qalar,
həyasıyla ağrısı bir-birinə qarışardı. Heç o yan-bu yana yer qalmazdı: ətəyi başına keçər,
bədəni arxaya qanrılar, çılpaq ayaqlarısa havada yellənərdi…
Yazıq babamın gözünə yuxu getmirdi. Onun öhdəsindən gəlməkçün çox əlləşmişdi...
Dəyənəyilə inəyin qızartdaq belini odlayırdısa da, xeyri olmurdu. Ceyran müti
bir halda
dayanır, sevgi və qüssə dolu gözlərini sahibinə zilləyirdi. Hər zərbədən sonra astadan
səslənir, boynunu uzadıb babamın üzünü yalamaq istəyirdi. Çarəsizlikdən, babamın
əlindəki dəyənək havadan asılı qalırdı. Di gəl, dilsiz-ağızsız heyvanı başa sal!... Yox,
bıçaq çəkməyə əli gəlməzdi. Ən yaxşısı satmaqdı. Amma belə dəli heyvanı kim alardı?...
Yenə kirvəsi Həsən yetdi dada.